Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-413/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X2 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(076)-135/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(076)-135/2023 saylı hökmü ilə (hakim Rəşad Mustafayev) xx xxxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Sarıcalı Ə/D Məzrə kəndində qeydiyyatda olan və Biləsuvar rayonu, 11 saylı qəsəbə, 108 saylı evdə yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının başlanğıcının tutulduğu vaxtdan, yəni 5 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(076)-135/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsi və ya CMin 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə 09 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya qapını sındırmaqla qanunsuz daxil olaraq oradan 5 ədəd, hər biri 160 (bir yüz altmış) manat dəyərində “Redmi 10C” markalı mobil telefonlar, 2 ədəd, hər biri 25 (iyirmi beş) manat dəyərində “Ktel” markalı mobil telefonlar, 1 ədəd 60 (altmış) manat dəyərində “Samsunq S3” markalı mobil telefon, 1 ədəd 140 (bir yüz qırx) manat dəyərində 1 ədəd “Samsunq” markalı, RF311 modelli notebook, 1 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində “Philips” markalı elektrik üzqırxan maşın, 2 ədəd, hər biri 20 (iyirmi) manat dəyərində “Kemei” markalı elektrik üzqırxan maşınlar, həmin tarixə olan məzənnə ilə 170 (bir yüz yetmiş) manat dəyərində təşkil edən 100 (bir yüz) ABŞ dolları, həmin tarixə olan məzənnə ilə 166 (bir yüz altmış altı) manat dəyərində 100 (bir yüz) Avro və 1350 (bir min üç yüz əlli) manat nəğd pulu oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2916 (iki min doqquz yüz on altı) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə 22 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına qapını sındırmaqla qanunsuz daxil olaraq oradan 300 manat nəğd pul, bir ədəd 140 (bir yüz qırx) manat dəyərində “Casper” markalı notebook, 1 ədəd 80 (səksən) manat dəyərində “Hiwatch” markalı müşahidə kamerasının aparatı, 200 ədəd, hər biri 4 mmat 10 qəpik dəyərində “Sobranie” markalı siqaretlər, 180 ədəd, hər biri 3 manat 80 qəpik dəyərində “Kent” markalı siqaretlər, 140 ədəd, hər biri 3 manat 20 qəpik dəyərində “LD” markalı siqaretlər, 130 ədəd, hər biri 3 manat 60 qəpik uəyənndə “Winston” markalı siqaretləri oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə 27 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 sığorta agenti kimi fəaliyyət göstərdiyi ofisə qapını sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində “HP” markalı, HP 630 modelli notebooku oğurlayaraq Zərərçəkmiş şəxs3 180 (bir yüz səksən) manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, özünü təqsirli bilmiş, həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur, himayəsində azyaşlı uşağı var. Göründüyü kimi məhkəmə onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxarmışdır. Ona görə də CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsi və ya CM-in 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, himayəsində azyaşlı övladı var, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, cəzanın şərti tətbiq edilməsini və ya ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi və ya ona daha yüngül cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, eləcə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsini və ya CM-in 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız azadlıqdan məhrumetmə cəzasının təyin olunması şəraitində mümkündür və məhkəmə kollegiyası onun cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq şərti tətbiq edilməsi üçün qanuni və hüquqi əsaslar görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanı yüngülləşdirən hallar heç də həmişə müstəsna hal kimi qiymətləndirilə bilməz. Göstərilən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Məhkəmənin qəbul etdiyi müstəsna hallar- törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, cinayəti törədərkən və cinayəti törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Lakin, Təqsirləndirilən şəxs cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa müstəsna halların olması müəyyən olunmamışdır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini zəruri edən müstəsna hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 4 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.3, 323.1, 228.1 və 331.2-ci maddələri ilə təqsirli bilinərərk 7 ay müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilməklə 17 sentyabr 2022-ci il tarixdə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən qəsdən eyni xarakterli cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir. Qeyd olunanlar məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, əvvəllər məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla vəziyyətinin yüngülləşdirilməsinə baxmayaraq cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən eyni xarakterli cinayət əməlini törətməsi onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini, görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yarısından az olmayan cəza təyin etməklə qanunvericiliyin tələblərinə uyğun düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd olunan cəzanı yüngülləşdirən halların tam nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.1, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, eyni zamanda onun zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi, həmçinin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə almış, təqsirləndirildiyi maddələr ilə azallıqdan məhrumetmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici və ağırlaşdırıcı halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində CM-62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza növünün təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(076)-135/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(076)-135/2023 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-413/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-413/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver