Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-414/2025 21.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 olunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025ci il tarixli 1(100)-47/2025 saylı qərarından təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli 1(100)-47/2025 nömrəli (hakimlər B.F.Müslümov (sədrlik edən),D.H.İmanov, M.M.Məmmədzadə) hökmü ilə xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Vardenis rayonu, Yenikənd kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu Yeni Zod kəndində daimi qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə şübhəli şəxs kimi saxlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və onun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması, təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması qərara alınmış, həmçinin məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 19 radələrində “BC” kateqoriyalı, AE-812512 sürücülük vəsiqəsi əsasında idarə etdiyi, BD- 304224 nömrəli şəhadətnamə ilə özünə məxsus VAZ 2107 markalı, ** FV *** dövlət qeydiyyat nişanlı sedan tipli minik avtomobili ilə Göygöl rayonunun Azay Kazımov küçəsi ilə üzü Göygöl rayonu Aşıqlı kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğu halda bunları etməyərək nəqliyyat vasitəsini öz hərəkət yolunun sağ tərəfinə istiqamətləndiriyi zaman avtomobil üzərində idarəetməni itirərək yolun sağ kənarında olan ağaca çırpmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər Şahid2 sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Şahid1 sağ baldır və sol ayaq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, həmçinin avtomobildə olan digər sərnişinlər X1 həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma (hematoma), sağ gicgah-ənsə sümüklərinin beyin əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, sağda l-Xİİ dək qabırğaların üç anatomik xətti üzrə (məmə, ortaqoltuqaltı, onurğayam), solda isə l-Xİİ dək qabırğaların iki anatomik xətt üzrə (məmə, onurğayam) sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki böyrək kapsulasına qansızma(hemotoma), sağ bud sümüyünün qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ əng nahiyələrininin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət edilən, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn, kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma səbəbindən hadisə yerində ölməsinə və X2 həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən baş-beyinə və beyinciyə qansızma, baş-beyin maddəsinin kəskin ödəmi, alıntəpə-ənsə nahiyələrinə uyğun hissələrdə yumşaq toxumalarına qansızma, sağ ll-lll- İV-V- Vİ-Vİİ-Vİİİ-İX, X,Xİ, və sol l-ll qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ tərəfli pnevmotoraks, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahələrində ocaqlı qansızmalar, alt çənə sümyünün qapalı sınığı, döş qəfəsinin ön səthinin və sol said nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn, baş beyinə və beyinciyə qansızma səbəbindən xx.xx.2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edib təqsirləndirilən şəxsin əməlində CM-nin 263.3-cü maddəsinin tərkibi olmadığı üçün cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinin yenidən araşdırılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə edərək barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən şəxsin təqsirliliyi məsələsi tam araşdırılmamış, hadisənin baş verməsinə səbəb olan traktor sürücüsü məsuliyyətə cəlb edilməmiş, E.Yusubovun hadisənin qarşısını almaq imkanının olmadığı, sürət həddi aşılmamış olsa belə, hadisənin qaçılmaz olması nəzərə alınmamışdır. Həmçinin ailə vəziyyətinin ağır olması, atasının ağır xəstə olması, yaşlı anasının olmasını, həmçinin hadisə baş verən zaman yaralılara yardım etdiyini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Elmir Yusubova cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını və birinci instansiya məhkəməsi tərəfindən onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin X5 tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən X3 əməlini düzgün qiymətləndirilmişdir. Apellyasiya icraatında işə baxılarkən məhkuma ədalətli cəza, yəni aşağı həddə cəza və ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X4 cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X4 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmişdir və ona daha yüngül cəza təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, azadlıqdan məhrum etmə cəzası X5 barəsində olan və tədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma daha yüngülvə ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətində Emir Yusubovun cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan başqa, "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamında da yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin aktuallığı və mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırilması üçün əlavə tədbirlərin görülməsinin, yol-nəqliyyat hadisələrinin törədilməsinə görə cinayətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, X3 təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur, birinci instansiya məhkəməsi tərəfindən isə təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla aşağı həddə, yəni 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə,baş vermiş hadisənin ağır nəticələrinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur və apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025ci il tarixli 1(100)-47/2025 saylı hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-414/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-414/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver