Məhkəmə qərarları › İş №1(104)-416/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-416/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-416/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X3 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 1 iyun 2023cü il tarixli, 1(045)-41/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 1(045)-41/2023 saylı hökmü ilə (hakim Tural Ələkbərov) xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Аzərbaycan Рespublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 14-cü küçədə yerləşən mənzildə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (11 fevral-13 fevral2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq ona11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkantədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 1(045)-41/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və ya cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi, bu mümkün olmadıqda isə aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 7 fevral2023-cü il tarixdə günorta saatlarında Samux rayonu ərazisindən keçən çayın kənarından yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd qırmızı rəngli polietilen torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 440 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində qanunsuz saxlayıb daşımaqla və 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olan və Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan tanışı X2 Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən “Malik” marketin yaxınlığında şəxsi istehlak miqdarından artıq bir ədəd qara kağız bükümdə təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini 55 manata satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq alıb əldə edərək əynində olan qara rəngli jaketin yuxarı çöl sol cibində qanunsuz saxlayaraq daşımış, 11 fevral 2023-cü il tarixdə saat 23:40 radələrində Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində etibarnamə əsasında idarə etdiyi VAZ- 21074 markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd qara kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əynində olan qara rəngli jaketin yuxarı çöl sol cibində, avtomobilə baxış keçirilərkən isə bir ədəd qırmızı rəngli polietilen paketdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olançətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomobilin yük yerində aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, onun ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, əvvəllər məhkum olunmamışdır, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, himayəsində bir azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və ya cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi, bu mümkün olmadıqda isə aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, əvvəllər məhkum olunmamış, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, himayəsində bir azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsini və ya cəzasının şərti tətbiq edilməsini, bu mümkün olmadıqda isə aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin ədalətli olduğunu bildirdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların olmasına baxmayaraq hökmdə məhz nəyə görə onun barəsində azadlıqdan məhrum etmə cəzasının seçilməsini konkret sübutlarla əsaslandırmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmuşdur. İş materiallarındaolan Gəncə şəhər MKTİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 1 saylı Gəncə“ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 235103 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı var. Təqsirləndirilən şəxs CM-in 59.1.1-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət əməli törətməsi, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-in 59.2-ci maddəsinə əsasın törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirməyə əsas verən hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi üçün onun barəsində olan yüngülləşdirici hallar kimi qanuni əsaslar vardır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin hökmü təyin olunmuş cəzaya aid hissədə dəyişdirilərək, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gələrkən onun şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyinə təsir göstərən cinayətin törədilməsi zamanı məqsədini, ailə vəziyyətini, həmçinin məhkəmə iclasında davranışlarını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, törədilmiş cinayətə görə az ciddi cəza növünün tətbiqinin mümkün olub-olmamasını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPMnin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi barədə etdiyi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. İstinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq və ədalətlidir. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşdə olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.8.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs həbsdə saxlama müddət onun şübhəli şəxs kimi tutulduğu 2 gün və apellyasiya instansiya məhkəməsinin icraatı zamanı həbsdə olduğu 2 ay 4 gün- cəmi 2 ay 6 gün təşkil edir. Ona CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasının icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gəldiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq onun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlamaq, istehsal etmək, saxlamaq, daşımaq, göndərmək, istehlak etmək və satmaqdan çəkinmək və bu hərəkətlərə yol verməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 1(045)-41/2023 saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəza hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 397-399, 404-405, 407, 410-cu və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 1(045)-41/2023 saylı hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə ona təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 1 iyun 2023-cü il tarixdən 4 avqust 2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 4 (dörd) gün müddət, cəmi 2 (iki) ay 6 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlamaq, istehsal etmək, saxlamaq, daşımaq, göndərmək, istehlak etmək və satmaqdan çəkinmək və bu hərəkətlərə yol verməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təyin edilmiş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Qərarın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar