Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-417/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(076)-89/2023 saylı (sədrlik edən Həvayət Məhəmmədi) hökmü ilə xx xxxxxxx 1979-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl şəhəri, Hummel küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yaşayış yerini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulması, yaşayış yerini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzanın icrasının Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və çəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək olan müddət ərzində qabaqcadan vəd etmədən qardaşı, Şəmkir rayon Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Şahid2 01 may 2022-ci il tarixdə Şəmkir rayonu Kür qəsəbə sakini Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlayaraq ona verdiyi bir ədəd pandora markalı 6,2 qram çəkidə, 585 əyarlı 527 manat dəyərində qızıl boyunbağını, bir ədəd reket 10 qram çəkidə, 583 əyarlı 850 manat dəyərində qızıl boyunbağını, bir ədəd 6 qram çəkidə, 585 əyarlı 510 manat dəyərində qızıl boyunbağını, bir dəst 750 əyarlı İtaliya istehsalı olan 23 qram çəkidə briliyant qaşlı 2415 manat dəyərində qızıl üzük və sırğanı, bir dəst 750 əyarlı İtaliya istehsalı olan 12 qram çəkidə 1260 manat dəyərində sadə üzük və sırğanı, bir ədəd 583 əyarlı 100 qram çəkidə 8500 manat dəyərində qızıl boyunbağını, bir ədəd 750 əyarlı 15,3 qram çəkidə 1606 manat dəyərində qızıl kitab formalı klonu və bir ədəd 583/585 əyarlı 4,62 qram çəkidə 591 manat dəyərində briliyant qaşlı qızıl üzüyü Gəncə və Bakı şəhərlərində yerləşən istintaqa dəqiq məlum olmayan müxtəlif qızıl qəbulu məntəqələrinə satmaqla, ümumilikdə cinayət yolu ilə əldə edildiyini bilə-bilə 16259 (on altı min iki yüz əlli doqquz) manat dəyərində əmlakı əldə edib onlara sahiblik etməklə sərəncam vermə cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək hökmə dəyişiklik edib, barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun barəsində cəza təyin edərkən hökmdə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini göstərməklə, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, himayəsində 5 azyaşlı uşağının olmasını, arvadının 1-ci dərəcə gözdən əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Halbuki onun təqsirli bilindiyi maddənin sanksiyasında alternativ, daha yüngül cəza kimi cərimə növündə cəza da nəzərdə tutulmuşdur. Gəncə və Bakı şəhərləri arasında taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən məhkəmə barəsində bu cəza tətbiq edilərkən onun işləyə bilməyəcəyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qanunun tələblərinə formal yanaşmış, şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olub, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə almadan ona həddindən artıq ağır cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, birinci instansiya məhkəməsi şikayətində qeyd edilənləri nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində işüçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Apellyasiya şikayətində məhkuma ədalətli cəza, yəni təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə cəzası ilə əvəz edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(076)-89/2023 saylı hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(076)-89/2023 saylı hökmü məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-417/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-417/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver