Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-421/2023 31.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) X5 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(021)-5/2023 saylı hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(021)-5/2023 saylı (sədrlik edən Qamət Əbilov) hökmü ilə xx xxxx 1993-cü ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, üzərinə Bərdə rayonu, Xanağalı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 15.00 radələrində Bərdə rayon Xanağalı kəndinin girəcəyində olan ərzaq mağazasının yaxınlığında yerləşən kənd arası yolun kənarında, iki gün əvvəl Zərərçəkmiş şəxs onun ünvanına söydüyü söyüşlərə aydınlıq gətirməsi səbəbindən aralarında yaramış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə və bədəninə bir neçə dəfə qəsdən vuraraq sonuncuya alt çənənin sol şaxəsində və sağ qanadında yerdəyişməyən sınıq xətləri, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün orta hissəsinin yerdəyişməyən sınığı ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmü dəyişdirərək, Təqsirləndirilən şəxs barəsində daha ciddi cəza təyin edilməsini, qanun pozuntularının araşdırılması üçün cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması məqsədilə Bərdə rayon məhkəməsinə geri göndərilməsini və mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun vurulması iki şəxsin qarşılıqlı küçə davası kimi aktlaşdırılmış və onun xəsarət almasına lazımı hüquqi qiymət verilməmişdir. Hadisə Xanağalı kəndinin orta məktəbinin, ərzaq və xırdavat marketinin qarşısında və məhz marketin müşahidə kameralarının önündə baş vermişdir. Marketin yanında isə Bərbərxana yerləşir. Marketin önündə isə kəndin orta məktəb binası yerləşir. Yəni hadisə baş verən ərazi kifayət qədər ictima yerdir və həmin əraziyə mikro bazar da demək olar. Onun Təqsirləndirilən şəxs tərəfindən qəfləti vurularaq ağır xəsarətlər alması məhz kəndin ən ictimai yerində baş vermişdir. Hadisəyə ətrafdakı hər kəs toplaşmışdır. Məsələnin ictimai yerdə baş verməsi faktı təhrifedilərək istintaqdan gizlədilmiş və istintaq çox qərəzli və birtərəfli olaraq birmənalı şəkildə qarşı tərəfin xeyrinə aparılmış və bütün sübutlar saxtalaşdırılmışdır. Hadisənin ictimai ərazidə xuliqanlıq zəminində baş verməsinə istintaq orqanı tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Hər nə qədər dəfələrlə istintaqın qərəzli aparılımasına, sübutların saxtalaşdırılmasına, cinayət işinin qarşı tərəfin xeyrinə aktlaşdırılmasına qarşı yazılı və şifahi olaraq etiraz etsə də, buna qətiyyən məhəl qoyulmamışdır. Bu cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasına dair eyni tələbi bu günə qədər bütün məhkəmə iclaslarında proses boyu tələb etmişdir. Onun vurulduğu ərazi kifayət qədər ictima ərazi olsa da, hadisəyə ictimai yerdə baş vermiş hadisə kimi baxılmamış, ictimai ərazidə kimisə vurmaq, döymək və xəsarət yetirmək xuliqanlıq əməlidir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin müvafiq bəndlərinə uyğun halda cinayət məsuliyyəti yaradır. Bir şəxsi orta məktəb, maqazin və bərbərxana olan ərazidə əlində "Beşbarmaq" silahla vuraraq çənəsini və burnunu sındırmaq, al-qana qərq etmək Cinayət Məcəlləsinin 127.l-ci maddəsi ilə deyil, birbaşa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli olan ağır cinayət əməlidir. Bu hadisə təkcə kəndin marketinin yox, eyni zamanda Xanağalı kəndinin giriş qapısının qarşısında baş vermişdir. Məktəb binasının qarşısında baş verən qanlı hadisəyə CM-nin 127.1-ci maddəsi ilə deyil, CM-nin 221.3-cü maddəsi ilə hüquqi qiymət verilməlidir. Lakin bütün bunları Bərdə rayon polis şöbəsində, Bərdə rayon məhkəməsində hər nə qədər desə də, lazımı heçbir hüquqi qiymət verilməmişdir. Baş verən qanlı hadisədəki xuliqanlıq motivi qəti surətdə gizlədilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv olunması, işin ibtidai istintaqa 221.3-cü maddəsi ilə aparılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs şikayətlə razı olmadığını bildirdi, ailə vəziyyətini, əməlindən olduqca peşman olmasını nəzərə alıb apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayəti ilə razı olmadığını bildirdi və göstərdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs dəfələrlə barışığa cəhd etmiş, lakin qarşı tərəf bununla raşılaşmamışdır. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində kifayət qədər cəzanı yüngülləşdirən hallar vardır. Bütün bunların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsini hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apelyasiya şikayətinin ağır ittiham irəli sürülməsi dəlilini qəbul etməyərək bir dəfə apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmün ləğv edilərək yeni araşdırma üçün göndərildiyini və birinci instansiya məhkəməsi tərəfindən təkrarən ətraflı araşdırma aparıldığını, apellyasiya şikayətinin ağır cəza təyin edilməsi ilə hissəsi qismən qəbul edərək şikayətin birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin olunması hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. CPM-in 391.8 və 391.8-1-ci maddələrinə əsasən CPM-in müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8-1 - Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. İşdə olan ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və məhkəmə də haqlı olaraq həmin ittiham daxilində işə baxmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlüşəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əməlinə istintaq orqanının qərarı ilə qiymət verilmiş, həmin qərarla təqsirləndirilənlərin əməllərində daha ağır cinayət tərkibinin olmasına dair bütün məsələlər ətraflı araşdırılmış və öz təsdiqini tapmamışdır. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmiş və mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-nin 221.3cü maddəsri ilə də qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə təkzib olunur və təmin edilməməlidir. Belə ki, cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin, cinayət işinin istintaq orqanına qaytarılması ilə bağlı dəlilləri əsaslı deyil. Çünki, bununla bağlı cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı mövcuddur. Sübutların qiymətləndirilməsi haqqında yuxarıda qeyd edilən qərar qüvvədə olduğuna görə istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin, təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması əsası ilə işin qaytarılması haqqında qərar qəbul etməsi qanuni sayıla bilməz. Məhkəmə kollegiyası eyni zamanda mülki iddia ilə bağlı zərərçəkmiş şəxsin məhkəmə iclasında hər-hansı mötəbər sübutlar təqdim edə bilməməsini də qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir, şikayətin təmin edilməsi üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğun olduğundan məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(021)-5/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(021)-5/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-421/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-421/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver