Məhkəmə qərarları › İş №1(104)-423/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-423/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-423/2023 17.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi Abdullayev Samir Zahid oğlunun katibliyi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–nin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM–nin 178.2.1–ci maddəsi və mərhum Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM–nin 178.2.1 və 178.2.2–ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X1 Şəmkir Rayon Məhkəməsinin bütün tərkibinə vermiş olduğu etiraza baxaraq MÜƏYYƏN ETDİM: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–nin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM–nin 178.2.1–ci maddəsi və mərhum Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM–nin 178.2.1 və 178.2.2– ci maddələri ilə ittiham edilərək məhkəməyə verilmişdir. Cinayət işi 30 mart 2023-cü il tarixdə baxılması üçün məhkəməyə verilmiş, hakim X6 tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxs X2 işin Şəmkir Rayon Məhkəməsində baxılmasına etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, digər təqsirləndirilən şəxslər azadlıqdadır və cinayət işi üzrə zərərçəkmiş şəxslərə təsir dairələri genişdir və həmin şəxsləri onun üzərinə qaldırılmasını təşkil edirlər. Aparılan cinayət işi üzrə 5 təqsirləndirilən şəxs olduğu halda yeganə qadın odur ki, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şəmkir rayon Prokurorluğu Şəmkir rayon Məhkəməsində işə baxılmasına müdaxilə edirlər. Həmçinin, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 uzun müddət Şəmkir rayon Polis Şöbəsində işləmiş və onun məhkəməyə təsir etmək imkanı ola bilər. Məhkəmə iclaslarında və ondan kənarda təqsirləndirilən şəxslər və onun yaxın qohumları o və ailə üzvləri təyziqlərə məruz qalır və onlara psixi təsir edirlər. Məhkəməyə verilmiş vəsatətlərinin hamısı rədd edilir. Ona görə də onun barəsində işə Şəmkir Rayon Məhkəməsində baxılmasına etiraz edir. Şəmkir Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş etiraza baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Etirazın dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıdakıların qeyd edilməsini zəruri hesab edirəm. Etirazdan görünür ki, etiraza səbəb, əvvəllər onun barəsində Şəmkir Rayon Məhkəməsində 2 cinayət işinin olması və həmin cinayət işləri üzrə də Şəmkir Rayon Məhkəməsinin bütün tərkibinə etiraz verməsi olmuşdur. Belə ki, onun etirazları Gəncə Apelyasiya Məhkəməsinin müvafiq qərarları ilə təmin edilmiş, cinayət işinin biri baxılması üçün Samux Rayon Məhkəməsinə, digəri isə Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinə etiraz etmiş və birinci instansiya məhkəməsi isə etirazı Gəncə Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, işə baxmış hakimin qərəzsizliyinə və obyektivliyinə dair bilavasitə sübut olmasa da cinayət işinin Şəmkir Rayon Məhkəməsində baxılması ən azından zahiri cəhətdən kənar müşahidəçinin nəzərində qəbul ediləcək qərarın obyektivliyinə dair şübhə yarada bilər. Məhkəmə qərarı daxilən bütün ziddiyyətlərdən azad olmaqla bərabər onun həm də zahiri cəhətdən obyektivliyi şübhə doğurmamalı, qanuniliyi və əsaslılığı başqalarında inam yaratmalıdır. Əgər hakimin qərəzsizliyinə ən az ehtimal belə mövcuddursa, bu halda baxılan iş üzrə qəbul edilmiş qərarın qərəzsiz çıxarılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası CPM-nin 28.3-cü maddəsinə əsasən hakim şəxsən cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz. CPM-nin 109.1 və 109.1.8-ci maddələrinə görə hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda o işə baxılmasında iştirak edə bilməz. “Kipriani Kiprə qarşı”, “X4rşı” və “Piersak Belçikaya qarşı” işlərdə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, qərəzsizliklə bağlı subyektiv yanaşma konkret işdəki hakimin şəxsi inam və ya marağının olduğunun yəqin etməyə çalışılması, obyektiv yanaşma isə şəxsə bu baxımdan hər hansı şübhəni istisna etmək üçün yetərli təminatların verilib-verlməməsidir. Hər hansı hakimin davranışı kənar müşahidəçinin nöqteyinəzərindən obyektiv şübhələr doğura bilər, həm də onun şəxsi inancı ilə bağlı məsələni ortaya çıxara bilər. “Mikallef Maltaya qarşı” Qərarında isə Məhkəmə göstərdi ki, obyektiv meyar hakimlər və prosesin tərəfləri arasında, məhkəmənin qərəzsizliyi ilə bağlı inamsızlığı obyektiv olaraq əsaslandıran və bununla da obyektiv meyar baxımından Konvensiya standartlarına cavab verməyən iyerarxik və başqa əlaqələri əhatə edir. “Alqar İspanyaya qarşı” işdə Məhkəmə bildirdi ki, obyektiv meyar baxımından hətta zahiri görüntü belə əhəmiyyətli ola bilər. Söhbət demokratik cəmiyyətdə məhkəmələrin, təqsirləndirilən şəxslər də daxil olmaqla ictimaiyyətə aşılamalı olduğu etimaddan gedir. Beləliklə, qərəzsiz olmadığından ehtiyat edilməsi üçün legitim səbəb olan hər hansı hakim özü işdən geri çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır (CPM-in 30.2-ci maddəsi). Bu baxımdan apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin hakimə etiraz etməsini əsaslı hesab edir. CPM-nin 109.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinin özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. CPM-nin 109.5-ci maddəsinə əsasən, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 3 №-li qərarının 7-ci bəndinə əsasən etiraz təmin edilərkən, işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–nin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM–nin 178.2.1–ci maddəsi və mərhum Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM–nin 178.2.1 və 178.2.2–ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə işə Şəmkir Rayon Məhkəməsində baxılmasına Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş etiraz təmin edilsin, iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilsin. İşin göndəriləcəyi birinci instansiya məhkəməsinin müəyyən olunması üçün materiallar Gəncə Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilsin. Qərardan şikayət və ya protest verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar