Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-424/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «07» iyun 2023-cü il tarixli, 1(100)-160/2023 saylı hökmü ilə (hakimlər D.H.İmanov (sədrlik edən), E.İ.Ələkbərov və R.N.Ələkbərli) xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144.3-ci maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qohumu Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə 8 mart 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs Beynəlxalq Qadınlar Günü münasibəti ilə avtomobilində Gəncə şəhəri ərazisində gəzdirəcəyi adı ilə aldadıb, yaşadığı Gəncə şəhəri, General Şıxlinski küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evindən çıxararaq, göstərilən evin qarşısından idarə etdiyi VAZ 2106 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sərnişin oturacağına əyləşdirdikdən sonra avtomobili hərəkət etdirməklə Zərərçəkmiş şəxs iradəsindən kənar surətdə oğurlamış və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs nə baş verməsini soruşması ilə sonuncuya evlənmək məqsədi ilə qaçırıldığını bildirdikdən sonra Zərərçəkmiş şəxs avtomobili dayandırmasını tələb etməsinə baxmayaraq, iradəsinə zidd şəkildə avtomobili yaşadığı Şəmkir rayonu istiqamətində hərəkət etdirdiyinə görə Zərərçəkmiş şəxs azad olmaq üçün Göygöl rayonunun Nadil kəndi ərazisində avtomobilin qapısını açıb özünü avtomobilin arxa sərnişin oturacağından avtomobil yoluna ataraq, dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən və adam oğurluğu ilə səbəbli əlaqəli şəkildə ağır nəticələrə səbəb olan qapalı kəllə-beyin travması, sol alın-təpəgicgah paylarının ağır dərəcəli hemmoragik əzilməsi və subdural hematoması, beyin ödemi, ənsə və sol təpə sümüyünün qapalı xətti sınığı, qarın nahiyəsinin yarası xəsarətləri almışdır. Apellyasiya şikayətinin və protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Nizami Hümbətov apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, müdafiə etdiyi şəxsin əməlinin tövsifi və təqsirliliyi, habelə onun barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır və bunu mübahisələndirməyi zəruri hesab etmir. Müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edildikdən sonra məhkəmə tərəfindən ona təyin edilən cəzanın növü və həddi ilə razılaşmırlar. Hesab edir ki, məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəza növü seçilərkən və onun həddi müəyyən edilərkən, baş vermiş cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar kifayət qədər nəzərə alınmamış, təyin edilən bu cəza işin həqiqi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlməyən cəza olmaqla əsaslı, ədalətli cəza hesab edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxın qohumluq münasibətlərində olmaqla bir-birlərinin evlərinə gedib-gəlmiş, uşaqlıqları faktiki olaraq bir yerdə keçmişdir. Məhz bu yaxın ailəvi münasibətə görə təqsirləndirilən şəxs güman etmişdir ki, Zərərçəkmiş şəxs gəzmək adı ilə maşına mindirib evlənmək məqsədi ilə öz evlərinə aparsa heç bir etiraz etməz. Məhz bu gümanla da, təqsirləndirilən şəxs zərərçəkmişi maşına mindirib evdən çıxdıqdan sonra da şəhərdə öz fikrini zərərçəkmişə bildirmiş və ilk anda zərərçəkmiş buna etiraz etsə də, Təqsirləndirilən şəxs ona “əgər razı deyilsənsə, ata-anan gələr, onlarla birlikdən qayıdarsan”-deməsindən sonra zərərçəkmiş etiraz etməmiş, sakitcə maşında arxa oturacaqda tək əyləşməklə getmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs yolda qəflətən özünü maşından yerə atması isə təqsirləndirilən şəxsin ona qarşı hər hansı bir zorakılıq göstərməsi ilə bağlı olmamış, zərərçəkmişin bibisi Şahid1 telefonda ona özünü maşından yerə at deməsindən sonra olmuşdur. Zərərçəkmiş özünü maşından atandan sonra da, təqsirləndirilən şəxs dərhal avtomaşını saxlayaraq zərərçəkmişi qucağına alıb, öz avtomaşınına qoyub onu təcili Gəncə şəhər Beynəlxalq xəstəxanasına çatdırmış, bu barədə zərərçəkmişin valideynlərinə və qohumlarına məlumat vermiş, habelə zərərçəkmişin xəstəxanada müalicəsi üçün xəsəxanaya 4000 (dörd min) manata yaxın pul ödəmişlər və məhkəmənin sonuna qədər zərərçəkmişlə barışmağa cəhd göstərmişlər. Odur ki, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmdən Dövlət ittihamçısı apellyasiya protesti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmünün CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməklə, Təqsirləndirilən şəxs CM-in 144.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, “İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs məhz X3 Zərərçəkmiş şəxs duyğularından istifadə edərək onu gəzdirmək adı ilə aldadıb avtomaşınına mindirməklə iradəsinə zidd olaraq onu buraxmamış və Zərərçəkmiş şəxs özünü hərəkətdə olan avtomobildən yerə ataraq ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Yuxarıda göstərilən, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək ona aşağı deyil, maddənin sanksiyası həddində və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla cəza təyin edilməsini şərtləndirməsinə, şəxsiyyəti nəzərə alınaraq təqsirləndirilən şəxsin aşağı həddə cəza çəkməklə islah olunmasının mümkün olmamasına baxmayaraq məhkəmə bunun əksinə olaraq ona CM-in 62-ci maddəsini tətbiq etməklə cəza təyin etməyi məqsədəuyğun hesab etmişdir. Halbuki Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməl subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Cinayətin subyekti 14 yaşına çatmış, anlaqlı fiziki şəxs hesab edilir. Cinayətin bilavasitə obyekti qismində insanın şəxsi azadlığı, əlavə obyekt qismində isə şəxsin həyatı və sağlamlığı çıxış edir. Əməlin obyektiv cəhətini isə zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq onu faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparmaqdan ibarət hərəkət təşkil edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini artıran amillərdən biri cinayət nəticəsində zərər çəkmiş şəxsin ağır dərəcəli bədən xəsarəti almasıdır. Sadalananlara rəğmən təqsirləndirilən şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını CM-in 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.3cü maddəsi ilə özünü tam təqsirli bilməmiş, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxs özünü avtomobildən ataraq ağır dərəcəli bədən xəsarətləri alması ilə birbaşa səbəbli əlaqəsinin olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsə münasibətdə yaşayış yeri üzrə müsbət xarakterizə olunma halını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin təqsirləndirilən şəxsin hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını hökmdə ümumiyyətlə göstərməmiş, həmin halları hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, ona aşağı həddə cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmünün cəza təyin edilməsi hissəsində cinayət qanununun normalarının düzgün tətbiq edilməməklə, təyin edilmiş cəzanın yüngüllüyü əsası ilə dəyişdirilməsini, CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə Təqsirləndirilən şəxs CM-in 144.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Nizami Hümbətov apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətini müdafiə etdilər. Şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmamış və barışmaq fikri də yoxdur. Ona görə də apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi məhkum edilmiş şəxsə daha yüngül cəza təyin edilməsini, ittiham tərəfi isə CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin və protestinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin və protestin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, əməlini etiraf edib, əməlindən səmimi peşman olamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olnmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə həmin Məcəllənin 62- ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları müstəsna hal kimi nəzərə alaraq barəsində CM-in 62-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsində nəzərdə tutulmuş (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəza təyini zamanı əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə nəzərdən keçirilməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olmaqla cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olmaqla onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların tələbləri baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, apellyasiya protestinin əsaslı olduğu müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi protest müəllifi CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin əsassızlığını xüsusilə onda görür ki, birinci instansiya məhkəməsi cinayətin ictimai təhlükəliliyinə, xarakterinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi əhəmiyyət verməmiş, müstəsna olmayan halları Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə əsas verən hallar kimi qiymətləndirmişdir. Əslində, hökmdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallar Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, əməlini etiraf edib, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olnması ilə bağlı olan xüsusatlardır. Lakin Cinayət Məcəlləsinin nə 62.1-ci maddəsi, nə də ki, cəzanın təyin olunması məsələlərinə həsr olunmuş digər müddəaları bu kimi xüsusatların ayrılıqda götürülməklə, işin digər hallarından, o cümlədən cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, törədilmə hallarından asılı olmayaraq - özü-özlüyündə cəzanın CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərini təmin etməyəcək həddə yüngülləşdirilməsini şərtləndirən hallar kimi qiymətləndirilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır. Hazırki işin cinayətin ictimai-təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq halları isə odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 15.3-cü maddəsində xüsusilə ağır cinayət kimi təsnif edilən adam oğurluğu cinayətini törətmiş, həmçinin zərərçəkmiş şəxs ona etiraz edərək maşını dayandırmasını tələb etsə də o buna məhəl qoymamış və zərərçəkmiş şəxsin özünü maşından ataraq ağır xəsarət almasına səbəb olmuşdur. Cinayətin xarakterini və ictimai təhlükəliliyini səciyyələndirən bu cür halların fonunda məhkəmənin Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək ona törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin etməsi onu göstərir ki, həmin məhkum barəsində qeyd olunan güzəştli institut tətbiq olunarkən onun şəxsiyyəti ilə yanaşı, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi lazımınca nəzərə alınmamışdır. Qeyd olunanlar onu göstərir ki, əslində məhkəmənin Təqsirləndirilən şəxs CM-in 62ci maddəsinin qaydaları əsasında təyin olunmuş həmin cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının həmin güzəştli institutun tətbiqinə yol verməsinə dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, 62-ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə, güzəştli institutun tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi qiymət verilməməsi ilə) təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası- cəzanın nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini (o cümlədən, sosial ədalətin bərpasını) təmin edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir, hökmdən CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 144.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası apellyasiya protestinin təmin edilməsi qənaətinə gəldiyindən, hesab edir ki, cəzanın daha da yüngülləşdirilməsinə dair apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.4-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi. hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti və protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 1(100)-160/2023 saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 1(100)-160/2023 saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 1(100)-160/2023 saylı hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-424/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-424/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver