Məhkəmə qərarları › İş №1(104)-432/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-432/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-432/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X5 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(100)-71/2023 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(100)-71/2023 saylı hökmü ilə (sədrlik edən F.N.Mahmudov, hakimlər D.H.İmanov və E.İ.Rüstəmov) xx xxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 2 il 11ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin 5.10.2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli aministya qərarının 5-ci bəndinə əsasən 1 il azaldılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və azadlığın məhdudlaşdırılması cəzasını çəkməmiş, Gəncə şəhəri, Nizami rayonu Bayan küçəsi, 5-ci döngə, ev 48-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək, qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bri) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığımüddətin cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının şübhə edilən şəxs qismində tutulduğu 9 aprel 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(100)-71/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2.006 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsəd ilə yaşadığı evdə və üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı psixotrop maddə metamfetaminin 0,056 qram qramını 10 manat müqabilində tanışı Şahid1 satmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 18:45-də o, tanışı Şahid1 ilə birlikdə yaşadığı fərdi yaşayış evində saxlanıldıqdan sonra həmin evin mətbəxinə baxış zamanı, mətbəx mebelinin gözündən 1(bir) ədəd çəhrayı rəngli, kağız bükümdə təmiz çəkisi 1,561 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, tədbirinin davamı olaraq həmin günü o və Şahid1 Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin inzibati binasına gətirilmiş, həmin inzibati binada saat 21:25 radələrində əvvəlcə onun üzərinə şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli, qolsuz qış gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0, 389 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, saat 23:10 radələrində isə Şahid1 üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 0,056 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. Təqsirləndirilən şəxsin əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi hökm çıxararkən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini nəzərə almamışdır. Belə ki, cinayət işində qeyd olunur ki, Şahid1 10 manat pul müqabilində psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs almışdır. Lakin, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman onun üzərindən hər hansı pul əskinazı aşkarlanmamış və təqsirləndirilən şəxs tərəfindən Vüsal Əsgərova psixotrop maddəni nisyə verməsi də öz təsdiqini tapmamışdır. Şahid ifadələrindən də aydın görünür ki, onlar polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalmışlar və ümumiyyətlə ibtidai istintaq zamanı vermiş olduqları yazılı izahatlardan belə məlumatsızdırlar. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətlərində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, evindən və üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsus deyil, polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur, polis əməkdaşlarıona hədə-qorxu gələrək təsir etmişlər ki, həmin narkotik vasitənin ona məxsus olmasını etraf etsin, o da məcbur olub onların dedikləri ilə razı olmuşdur, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, işin hallarından göründüyü kimi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl ki, psixotrop maddə metamfetamin istifadə edir. Təxminən 3-4 gün əvvəl Gəncə şəhəri ərazisində piyada gəzən zaman Totanlı küçəsində yerdən bir ədəd bükümdə psixotrop maddə metamfetamin tapmış, bükümə tam baxışkeçirdikdən sonra onu cibimə qoymuşdur. Sonra yaşadığı evə getmiş və yerdən tapdığı metamfetaminin üzərindən bir qədər şəxsi istifadəsi üçün sellofana doldurmaqla, yerdə qalanını evin mətbəxində olan mebelin gözünə qoymuşdur. 9 aprel 2022-cı il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində tanışları Göy-Göl rayon sakini Şahid1 və qonşuluqda yaşayan Şahid2 ilə söhbət edən zaman, giriş darvazası döyüldüyünü eşitmiş və qapısını açıb küçəyə çıxmış, sonra bir neçə mülki geyimli şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirməklə özlərini təqdim edərək, Baş narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməkdaşlar olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaşadığı evə külli miqdarda narkotik vasitə saxladığını və onların qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demişlər. O, polis əməkdaşlarının yaşadığı evdə və üzərində saxladığı psixotrop maddə metamfetamindən xəbərlərinin olduqlarını düşünmüş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Sonra polis əməkdaşları ayrı-ayrılıqda özlərini Vüsala və Namiqə təqdim etdikdən sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə yazmışdır. Sonra razılığı ilə videoçəkiliş başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları ilə yaşadığı evin mətbəxinə daxil olub orada kağız bükümdə saxladığı psixotorp maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları metamfetaminə baxış keçirdikdən sonra onu aptek tərəzisində çəkmişlər, ümumi çəkisi 2,02 qram gəlmişdir. Sonra psixotrop maddə metamfetamini 01 ədəd ağ zərfdə qablaşdırmışlar, zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra onu iştirakçılar ilə birlikdə imzalamışlar. Bundan sonra yaşadığı evə baxış keçirilsədə başqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra onu, Vüsalı və Zauru avtomobil ilə Baş Narkotiklərlə Mübarizəİdarəsinin X9 Şöbəsinin Gəncə şəhəri, Atatürk prospektində yerləşən inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X1 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X3 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərina şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı üzərində saxladığıbir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini də təqdim etmişdir. Həmin bükümə də baxış keçirilib gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 0.45 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədad ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəriimzalanaraq zərf eksperlizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtibolunmuş, protokol düzgün tərtib edildiyinə görə müdafiəçinin iştirakı ilə imzalamışdır. Ekspertiza rəyi ona elan edildikdə bilmişdir ki, yaşadığı evin mətbəxindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi 1, 561 qram, şöbənin inzibati binasında üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi isə 0, 389 qram, Şahid1 şöbənin inzibati binasında üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi isə 0,056 qramdır. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. Onunüzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində və yaşadığı evdə saxlamışdır. Mənim üzərimdən aşkar edilmişnarkotik vasitə heroini satmaq niyyətim olmamışdır. Şahid1 heç bir zaman psixotrop maddə metamfetamin satmamış, istifadəsində 055 *** ** ** mobil telefon nömrəsi vardır. Həmin nömrəni 1 ildir ki, istifadə edir. Bundan başqa ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, o cümlədən Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən iki ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanıdığı Gəncə şəhəri Bayan küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir ki, ondan istifadəsi üçün bir qədər narkotik vasitə və ya psixotrop maddə alıb istifadə etsin, ağrıları azalsın. Namiq gilə gəlmiş və ondan 10 manat müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Namiq ona verdiyi psixotrop maddəyə görə ondan pul almamışdır. O, psixotrop maddəni alıb onunla söhbət edərkən Namiqin qonşuluğundayaşayan Zaur da həyətə gəlmiş, həyətdə söhbət edərkən bir neçə nəfər mülki geyimli şəxslər onun yaşadığı ünvana gəlib onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda, onların isə narkotik vasitəni üzərində saxlamalarında şübhəli olduğunubildirmişlər. Həmin şəxslər xidməti xidməti vəsiqələrini göstərib polis əməkdaşlarıolduqlarını bildirmişlər, yaşayış evinə baxış keçiriləcəyini bildirib bu barədə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Namiq etiraz etməyərək bu barədə ərizə yazmış,sonra yaşadığı evə onların iştirakı ilə videoçəkliş altında baxış keçirilməsinə başlanmış, sorğu zamanı Namiqdən ağrıdan çıxmaq üçün narkotik vasitə almağa gəldiyini bildirmişdir. Baxış zamanı Namiq yaşadığı evin mətbəxində rəfdə saxladığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş, həmin bükümə baxış keçirərək elektron tərəzidə çəkilmiş, sonra isə onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşib özləri ilə birlikdəonu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə, bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, fərdi qaydada fəaliyyət göstərən vəkil X6 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X8 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aldığıbir ədəd bükümdə psixotrop maddə metamfetamini əynində olan gödəkcənin sağ yan cibindən çıxarıb stolun üzərinə qoymuş, həmin bükümə onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkmişlər, içərisində metamfetamin olan bükümün çəkisi 0,08 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində 10 manat pul müqabilində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış zamanı görüntüləri özündə əks etdirən DVD diskə baxış zamanı, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə baxış zamanı ona məxsus mobil nömrələrlə müxtəlif şəxslər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid məzmunda müxtəlif SMS mətnlərin mövcud olması müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiy ası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı qanuni və ədalətli sayır. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında həmin cinayət əməlini törətmiş şəxs barəsində 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir və həmin cinayət əməli Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli aministya qərarının 5-ci bəndinə əsasən 1 il azaldılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasını tam çəkibqutarmamışdır. İş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 100/2022 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərin yenidən qəsdən cinayət törətmələri daha təhlükəli hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin, eyni zamanda apellyasiya məhkəmə baxışındakı çıxışlarının dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsə bəraət verilməsi, habelə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(100)- 71/2023 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(100)-71/2023 saylı hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar