Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-456/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-303/2021 nömrəli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Xəqani Səmədovun sədrliyi, hakimlər Faiq Mahmudov və Dadaş İmanovdan ibarət tərkibdə) «22» noyabr 2021-ci il tarixli, 1(100)-303/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.11-ci maddəsilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya, CM-in 181.2.3 və 181.3.3-cü maddələrilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, CM-in 29, 186.2.2-ci maddəsilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 17 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkum 26 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Mikayıl Məmmədzadə) «22» iyun 2023cü il tarixli, 1(100)-303/2021 nömrəli qərarı ilə məhkumun Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» noyabr 2021-ci il tarixli, 1(100)-303/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkum birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə razı deyil, o, bütün istintaq prosesinə köməklik etmiş, özü təslim olmuşdur. Azyaşlı uşağı var, yoldaşı xəstədir, şikayətçilərlə barışıb, onlar şikayətlərini geri götürəcəklər, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında videokonfrans əlaqə sistemi vasitəsilə iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və göstərdi ki, müddətin buraxılmasına səbəb odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq istəmiş, hazırda barışmışdır. Hökmdən 20 gün müddətində şikayət verə bilməsi ona izah olunmuş və o, da bilmişdir ki, 20 gün müddətində şikayət verə bilər. Lakin qeyd etdiyi kimi zərərçəkmiş şəxslərlə barışdıqdan sonra şikayət verməyi üçün müddəti buraxmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, hökmdən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin icraata götürülərək baxılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, hökmün çıxarıldığı tarixdən uzun müddət vaxt keçdiyini, məhkumun bu müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-303/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kolegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, məhkumun apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-303/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və verilmiş apelyasiya şikayətindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan hökm 22 noyabr 2021-ci il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmişdir. İş materiallarında olan hökmün surətinin alınmasına dair qəbzdən görünür ki, məhkum Təqsirləndirilən şəxs hökmün surətini 26 noyabr 2021-ci il tarixdə rəsmi olaraq almışdır. (bax İİİ cild. i.v. 95) Bundan sonra məhkumun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti 26 may 2023-cü il tarixdə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təqdim edilmişdir. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 01 il 06 aydan çox bir vaxt keçmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət dəfələrlə ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittham hökmündən apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyi həbsdə olan məhkuma istisna halı göstərməklə apellyasiya şikayətinin verilməsi müddətinin hökmün verildiyi vaxdan hesablanmasını müəyyən etmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti və apelyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Həmin Məcəllənin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 mart 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, məhkumun apellyasiya şikayəti ilə əlaqədar dəlillərini, eləcə də, bu dəlillərə etiraz edən dövlət ittihamçısının rəyini dinləyərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkum hökmdən apellyasiya şikayətini vaxtında verməməsini zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını gözləməsi ilə əlaqələndirmişdir. Qeyd olunan dəlillə bağlı qeyd edilməlidir ki, həmin hal müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası tərəfindən məhkumun dəlilləri araşdırılmış, lakin məhkumun dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı hər hansı bir əlavə halın müəyyən edilməməsini qeyd edərək məhkəmə kollegiyası apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün əsaslar görmür. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-303/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-303/2021 nömrəli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-456/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-456/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver