Məhkəmə qərarları › İş №1(104)-469/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-469/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-469/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X6 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(013)-44/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(013)-44/2022 saylı hökmü ilə (hakim Gündüz Abbasov) xx xxxxxx 1975-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanda daimi qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona Mingəçevir Şəhər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 12 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. Ağdam Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(013)-44/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X2 övladı Şahid3 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 2022-ci ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan gün və vaxtda Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən İbrahim Rüstəmova məxsus fərdi yaşayış evində 3000 (üç min) manat, bundan sonra dələduzluq hərəkətlərinin davamı olaraq həmin məqsədlə sonuncu ilə aralarında yaranmış inam və etibardan sui-istifadə edərək pensiyanı bərpa etdirdiyini və hazırda Bakı şəhərində olduğundan pula ehtiyacı olduğunu yalandan bildirərək 27 mart 2022-ci il tarixdə istifadəsində olan "xxxx" ASC-yə aid 416973******8584 nömrəli plastik karta Ağdam rayon İmamqulubəyli kəndində yerləşən “Emanat” ödəmə terminalından X4 vasitəsilə köçürmə üsulu ilə 200 (iki yüz) manat pul mədaxil etdirməklə, ümumilikdə zərərçəkmiş İbrahim Rüstəmovun 3200 (üç min iki yüz) manat pulunu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadəetməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X1 aldığı zədə nəticəsində hərəkət məhdudiyyəti olduğunu bilib onunla tanışlıq yaradıb dəfələrlə söhbət etdikdən sonra aralarında yaranmış etibardan sui-istifadə edərək əlilliyə görə pensiya təyin etdirəcəyinə inam yaradıb yalandan vəd verib aldadaraq bu məqsədlə 2022-ci ilin yanvar ayında istintaqa məlum olmayan gündə və vaxtda Ağdam rayon İmamqulubəyli kəndi ərazisində yerləşən Məhparə Rüstəmovanın yaşadığı fərdi yaşayış evində 4000 (dörd min) manat pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadəetməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan X8 vasitəsilə tanış olduğu və sonuncunun qohumu olan Zərərçəkmiş şəxs1 özünün Bakı şəhərində yerləşən X11 işləyən tanışı vasitəsi ilə 4.500 (dörd min) manat müqabilində əlilliyə görə pensiya təyin etdirəcəyinə inandırdıqdan sonra aralarında yaranmış etibardan sui-istifadə etməklə yalan vəd verib aldadaraq 2022-ci ilin yanvar ayının 23-də Ağdam rayon Quzanlı qəsəbəsində 500 (beş yüz) manat, bundan sonra dələduzluq hərəkətlərinin davamı olaraq həmin məqsədlə 2022-ci ilin yanvar ayının 25-də Ağdam rayon Quzanlı qəsəbəsində 500 (beş yüz) manat, 2022-ci ilin yanvar ayının 26-da Ağdam rayon Quzanlı qəsəbəsində 3.500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat pulunu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadəetməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayon İmamqulubəyli kəndində tanış olduğu Zərərçəkmiş şəxs2 atası Şahid1 əlilliyə görə pensiyasının dayandırıldığını bildikdən sonra aralarında yaranmış etibardan sui-istifadə etməklə 2.000 (iki min) manat müqabilində bərpa etdirəcəyinə inandırıb yalandan vəd verib aldadaraq bu məqsədlə 2022-ci ilin fevral ayının 3-də Ağdam rayon İmamqulubəyli kəndi ərazisində yerləşən məscidin yaxınlığında 1000 (min) manat, bundan sonra dələduzluq hərəkətlərinin davamı olaraq həmin məqsədlə 2022-ci ilin fevral ayının 8-də Ağdam rayon İmamqulubəyli kəndi ərazisində 1000 (min) manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulunu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadəetməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayon İmamqulubəyli kəndində tanış olduğu X12 ilə aralarında yaranmış inam və etibardan sui-istifadə edərək ona əlilliyə görə pensiya təyin etdirəcəyinə inandırıb yalan vəd verib aldadaraq bu məqsədlə 2022-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq müəyyən olmayan gündə və vaxta Ağdam rayon İmamqulubəyli kəndi ərazisində 3500 (üç beş yüz) manat, bundan sonra dələduzluq hərəkətlərinin davamı olaraq həmin məqsədlə 2022-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda guya başqa şəxsə borclu olduğunu yalandan bildirib aldadaraq 500 (beş yüz) manat olmaqla, ümumilikdə zərərçəkmiş Faiq Rüstəmovun 4000 (dörd min) manat pulunu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadəetməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayon İmamqulubəyli kəndində tanış olduğu X9 ilə aralarında yaranmış inam və etibardan sui-istifadə edərək ona oğlu X3 1000 (min) manat pul müqabilində sürücülük vəsiqəsi düzəldəcəyi barədə yalan vəd verib aldadaraq bu məqsədlə 2022-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq müəyyən olmayan gündə və vaxta Ağdam rayon İmamqulubəyli kəndi ərazisində 500 (beş yüz) manat, bundan sonra dələduzluq hərəkətlərinin davamı olaraq həmin məqsədlə 2022-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Ağdam rayon İmamqulubəyli kəndi ərazisində 200 (iki yüz) manat olmaqla, ümumilikdə zərərçəkmiş Azər Verdiyevin 700 (yeddi yüz) manat pulunu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə yolu ilə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadəetməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan X4 vasitəsilə tanış olduğu X13 ilə aralarında yaranmış inam və etibardan sui-istifadə edərək ona əlilliyə görə 3500 (üç min beş yüz) manat pul müqabilində pensiya təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq bu məqsədlə 2022-ci ilin mart ayının 11-də Ağdam rayon İmamqulubəyli kəndində yerləşən “Emanat” ödəmə terminalından X4 vasitəsilə cinayətdən xəbərsiz X10 istifadəsində olan "xxxx" ASC-yə aid 416974******6183 nömrəli kart hesabına göndərilmiş əvvəlcə 2200 (iki min iki yüz) manat, daha sonra isə həmin məqsədlə qeyd edilən kart hesabına Ağdam rayon İmamqulubəyli kəndində yerləşən “Emanat” ödəmə terminalından köçürmə üsulu ilə mədaxil edilmiş 1.300 (min üç yüz) manat olmaqla, ümumilikdə zərərçəkmiş Şakir Heydarovun 3500 (üç min beş yüz) manat pulunu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan suiistifadə yolu ilə təkrarən dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan, onun ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən narazı olmasının səbəbi ona təyin olunmuş cəzanın ağır olmaqla onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamasıdır. Ona görə də ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona təyin olunmuş cəza olduqca ağırdır, himayəsində üç azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, həbsdən azad olunacağı təqdirdə qalan borcunu da ödəyəcəkdir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona mümkün olduğu qədər köməklik edilməsini, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona daha yüngül cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 178.2.2-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələrini, eləcə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məhkəmə iclasında qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, eləcə də himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərini etiraf edərək tutduğu əməllərdən səmimi peşman olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini cəzasını yüngülləşdirən hal kimi, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 178.2.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə alaraq ona cinayətlərin məcmusu üzrə cəza təyin etmiş, həmçinin ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və hazırki halda məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(013)-44/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(013)-44/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar