Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-472/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, tərcüməçi X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi-Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(100)-99/2023 saylı hökmü ilə (hakimlər F.Mahmudov (sədrlik edən), D.İmanov və R.Ələkbərli) 15 iyun 1964-cü Türkiyə Respublikasının Antakya şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, evli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Hatay şəhəri, Dəfnə kəndi, Döver küçəsi, ev 164 ünvanında qeydiyyatda olan və müvəqqəti olaraq ünvan 1 ünvanında yerləşən “Nur Əsma” oteldə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 206.1-ci maddəsi ilə təqsirli bilinərək və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-in 52.1-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra onun Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılması qərara alınmışdır. İşin halları Hökmə əsasən, Təqsirləndirilən şəxs xeyli miqdarda müxtəlif metal tərkibli malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə ümumilikdə 15 ədəd polietilen bağlamada qablaşdırılmış xeyli miqdarda – 176990 manat dəyərində müxtəlif metal tərkibli malları, yəni 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 4000 manat, çəkisi 15,23 qram təşkil edən 4 ədəd qızıl sikkəni, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi dəyəri 4000 manat təşkil edən 20 ədəd gümüş sikkəni, 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 540 manat təşkil edən, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 18 ədəd şamdan simvollu klonu, 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 22 ədəd xaç klonu, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən, mis, qurğuşun, sink əsaslı ərintilərdən hazırlanmış 5 ədəd cap şrift predmetini, 1 ədədinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən, mis, qurğuşun, sink, alüminium əsaslı ərintilərdən hazırlanmış 4 ədəd çoxbucaqlı cap predmetini, qiyməti 30 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd səkkizbucaqlı cap predmetini, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 5600 manat təşkil edən, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 280 ədəd yastı dördbucaqlı cap predmetini, 1 ədədinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 162000 manat təşkil edən 10800 ədəd müxtəlif metallardan – mis, qurğuşun, qalay, sink əsaslı ərintilərdən hazırlanmış sikkələri Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Food City” adlanan bazara aparıb orada satmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qeyd edilən bağlamalardan 05 ədədini idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının ön alın hissəsində şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş orta sandıqçanın içərisində, 2 ədədini sürücü oturacağının alt hissəsində, 4 ədədini qoşqusunun sağ yan tərəfindəki ərzaq saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisində, qalan 4 ədədini isə qoşqusunun sol yan tərəfindəki ehtiyat hissələrinin saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisində yerləşdirirək gizlətmiş, 26 may 2022-ci il tarixdə, saat 12:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük nəzarəti zamanı qeyd edilən 176990 manat dəyərində xeyli miqdarda mallar aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəaların xaric edilməsini və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməllər subyektiv cəhətdə yalnız birbaşa qəslə törədilir. Cinayətin obyekti iqtisadi və dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərdir. İşin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs 176990 manat dəyərində xeyli miqdarda malları qaçalmaçılıqla Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Bu da öz növbəsində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran əsas amil kimi çıxış etmiş olur. Məhkəmə isə bunu nəzərə almadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddindən də az miqdarda cərimə cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul etməkdə haqlı olmamışdır. Sadalananlardan göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla onun barəsində CM-in 62-ci maddəsini tətbiq etmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestin təmin edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Fuad İskəndərov apellyasiya protestinə etiraz edərək bildirdilər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Ona görə də apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını protestin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, hökm dəyişdirilmədən saxlanılmalıdır. Birinci növbədə qeyd olunmalıdır ki, apellyasiya protestində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Apellyasiya protestində təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən də az cəzanın təyin edilməsi üçün əsas olmaması, buna baxmayaraq barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi qeyd edilmişdir. Buna baxmayaraq, kollegiya CPM-nin 397-ci maddəsinə əsasən hər bir halda şikayətin və protestin dəlillərindən asılı olmayaraq işin faktiki hallarının yoxlanılmasının, habelə iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasının apellyasiya instansiyası məhkəməsinin vəzifəsi olduğunu nəzərə alaraq cinayət işi üzrə işin faktiki hallarını və hüququn təbiqinin düzgünlüyünü nəzərdən keçirmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini tam etiraf etmiş, onun etirafedici ifadəsi isə işdə olan sübutlarla təsdiq edilmişdir. Məhkəmə mövcud sübutları CPM-nin 143-146-cı maddələrinə uyğun olaraq yoxlamış, müqayisəli təhlil etmiş, qiymətləndirmiş və sübutların kifayət etməsi nəticəsinə gəlmişdir. Buna uyğun olaraq məhkəmə işin faktiki halları üzrə təqsirləndirilən şəxsin əməlini düzgün olaraq CM-nin 206.1-ci maddəsi ilə tövsif etmişdir. Cəza ilə bağlı hissədə apellyasiya protestinin dəlillərini araşdıraraq kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı hökmdən CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsini xahiş etmiş və ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığı halda, həmin maddəni əsassız olaraq tətbiq edib təqsirləndirilən şəxsə daha aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş zəlzələ nəticəsində ailəsinin zərər görməsini, evinin zəlzələdən dağılmasını, ailəsinin hal-hazırda çadır kəndində yaşamasını, zəlzələ nəticəsində qohumlarının həyatını itirməsini, əməlindən səmimi peşman olmasını, yaşını, şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq, cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi nəzərdən keçirmişdir. Apellyasiya baxışı zamanı kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi həmin halları yoxlamış və müəyyən etmişdir ki, həmin hallar işdə olan sübutlarla təsdiq olunur. Belə ki, iş materiallarında olan X6 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Tükiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində Təqsirləndirilən şəxs ailəsi zərər görmüş, maşınına ziyan dəymiş və evi zəlzələdən yıxılmışdır. Ailəsi hal-hazırda çadır kəndində yaşayır. Zəlzələ nəticəsində Təqsirləndirilən şəxs qohumları həyatını itirmişdir. Təqsirləndirilən şəxs öz əməlini səmimi şəkildə etiraf etməklə, ibtidai istintaqın gedişinə mane olmamışdır. Bundan başqa, cinayətin predmeti olmuş müxtəlif metal tərkibli mallar tamamilə müsadirə edilmiş və dövlət nəfinə verilmişdir. CM-nin 62-ci maddəsini məzmunundan da göründüyü kimi, əməlin ictimai təhlükəliliyini azaldan əhəmiyyətli hallar olduqda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər Göründüyü kimi birinci instansiya məhkəməsi faktiki halları düzgün qiymətləndirmiş, bu hallara Cinayət Qanunvericiliyinin müddəalarını düzgün tətbiq etmişdir. Bundan başqa, kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi də diqqətəlayiq olan hallar kimi nəzərə alınmalıdır. Bu səbəbdən kollegiya hesab edir ki, cinayət əməlinin və Təqsirləndirilən şəxs özünün ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar nəzərə alınmaqla, məhkəmənin qanuni və əsaslı olan hökmünün dəyişdirilməsi və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X5 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-472/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-472/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver