Məhkəmə qərarları › İş №1(104)-473/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-473/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-473/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-154/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Roman Ələkbərlinin sədrliyi, hakimlər Dadaş İmanov və Mikayıl Məmmədzadədən ibarət tərkibdə) «22» iyun 2023-cü il tarixli, 1(100)-154/2023 nömrəli hökmü ilə xx.xx.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(043)-11/2022 saylı hökmünə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olmuş birinci cinayət işi üzrə 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021ci il tarixədək 02 gün müddət, hazırki cinayət işi üzrə isə 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək 02 gün müddət, yəni şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 02 sentyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, onun narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar hesab edilən təmiz çəkisi 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış və xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinin (hazırda 4-cü polis bölməsinin) əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinin (hazırda 4-cü polis bölməsinin) inzibati binasına gətirilmiş və həmin polis bölməsində onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ-göy rəngli köynəyin sağ cibindən təmiz çəkisi 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, apellyasiya protestində hökmün ləğv edilməsi və məhkumun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri və cinayət prosesi tərəflərinin mövqeyi: Dövlət ittihamçısı hökmdən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, məhkəmə tərəfindən də müəyyən olunmaqla hökmdə öz əksini tapmış bir bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etməklə üzərində daşımış və saxlamışdır. Məhkəmə qeyd edilən narkotik vasitə heroinin Təqsirləndirilən şəxs aid olmaqla onun üzərindən aşkar edilib götürülməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, həmin narkotik vasitənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. Məhkəmə hökmü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamış, şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Məhkəmənin gəldiyi nəticəyə əsasən, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin narkotik vasitəsinin kütləsinin 3,36 qram olmaqla külli miqdar kimi qəbul edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, onun xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmiş, istifadəsində olmuş mobil nömrə ilə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnləri ilə bağlı məlumatların ələ keçirilməsi üçün müvafiq sorğularla əlaqədar daxil olmuş məlumatlarda da satış məqsədilə narkotik vasitə əldə etməni təsdiq edən hər hansı məlumat aşkar edilməmiş, ibtidai araşdırma orqanı yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Qeyd olunan bu halların olması faktını məhkəmə narkotik vasitənin satış məqsədi ilə saxlanması deyil, şəxsi istehlak məqsədi ilə əldə edilməsinin sübutu kimi qəbul etmişdir. Lakin məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, işin faktiki hallarından görünür ki, özünün dediyi kimi, Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş narkotik vasitəni tutulmamışdan təxminən 5 gün qabaq Gəncə şəhəri, Dəmiryolu adlanan ərazidə tanımadığı şəxsdən 50 manata almış, şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, həmin narkotik vasitədən heç kimə satmamış, heç kimə pay olaraq, borc olaraq verməmiş, həmin kütlə 14 iyul 2021-ci il tarixdə saxlanılıb üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilib götürülmüşdür. İş materiallarında olan raport, qərar və ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını, 14 iyul 2021-ci il tarixdə saxlanılıb şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 3,36 qram heroin aşkar edilib götürülməsini bildirmişlər. Bundan başqa, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 avqust 2022-ci il tarixli, 1121 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəricəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ilk ifadəsində üzərindən aşkar edilən narkotik vasitə heroinin ona məxsus olmadığını, sonrakı ifadəsində isə ona məxsus olsa da öz istifadəsi üçün üzərində saxladığını bildirməklə qeyri-səmimilik nümayiş etdirib ziddiyətli ifadələr vermişdir. Qeyd edilənlərin ziddinə olaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən əsas istinad etdiyi hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni kiməsə satması ilə bağlı hər hansı sübut əldə olunmamışdır. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı faktı ilə deyil, onu satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan, ibtidai istintaq zamanı onun kiməsə narkotik vasitə satması müəyyən olunsaydı, o zaman ona əlavə olaraq həmin satış faktı ilə bağlı da ittiham irəli sürülərdi. Odur ki, məhkəmənin həmin istinadı özlüyündə absurddur. Bundan başqa, satış məqsədi müəyyən olunarkən nəzərə alınan hallar - narkotik vasitələrin növ tərkibi, bir, yaxud bir neçə bükümdə olması, şəxsin həmin maddələri üzərində, yaxud evində saxlaması, maddənin miqdarı, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edibetməsi, həmçinin şəxsin sosial-maddi durumu əhəmiyyət kəsb edən hallardandır. Təqsirləndirilən şəxs əməlinə münasibətdə həmin xüsusatlara baxdıqda aydın olur ki, ondan külli miqdar hesab edilən 3,36 qram çəkidə heroin aşkar edilmişdir. Öz ifadəsinə və məhkəmə-narkoloji ekspert rəyinə əsasən heroin istifadəçisi olmaqla daimi yaşayış yeri olan şəxsin yaşadığı evdə və ya hüquq-mühafizə orqanları tərəfindən aşkar edilməsi daha çətin olan digər yerdə deyil, məhz üzərində şəxsi istehlak miqdarından təxminən 22 dəfə çox miqdarda heroini şəxsi istehlak məqsədilə saxlamaqla daşıması ağlabatan deyildir. Hazırki iş üzrə digər əhəmiyyətli hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verərək öncə narkotik vasitənin ona məxsus olmadığını, daha sonra isə həmin narkotik vasitəni satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyini bildirmiş, məhkəmə isə əmələ təqsirləndirilən şəxsin əvəzinə qiymət verərək onun ifadələrinin digər hissələrini qeyri-səmimi hesab edib, heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitəni şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasına dair hissəsini həqiqi, işin obyektiv hallarına uyğun hesab edərək absurd qənaətə gəlmişdir. Ümumiyyətlə iş materiallarında məhkəmənin gəldiyi nəticəni təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur. Odur ki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla miqdarını və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsini və ona cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdilər, protestin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərdilər və apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsində araşdırma: Apellyasiya araşdırması zamanı məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, məhkum yenidən dindirilmiş, onun mobil telefon məlumatları əldə edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona təzyiq olunması ilə bağlı dəlilləri araşdırılmış, eləcə də işdə olan digər sübutlar tədqiq edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, qeyd edilən cinayət əməlini törətməmişdir. Narkotik vasitənin satışı barədə polisə heç bir məlumat daxil olmamış və bu faktı birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də təsdiq etmişdir. O, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, lakin tutularkən üzərində narkotik vasitə olmamışdır. Onu evdən tutub polis şöbəsinə aparmışlar, işgəncə verib döyərək narkotik vasitəni üzərinə götürməyə məcbur edilmişdir. Ona görə də narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Lakin o, heç vaxt heç kimə narkotik vasitə verməmiş və ya satmamışdır. Onu prokurorun yanına aparmışlar və prokurora döyüldüyünü bildirmişdir. Bundan sonra onu azad etmişlər. Bədəni üzərində xəsarətlər olsa da, bununla bağlı həkimə getməmişdir. Sonradan müstəntiq Yunis Quliyevə 2500 manat vermiş və bu işi bağlamışlar. Sonradan o biri 234.1-ci maddə ilə olan işini qaldırdıqlarından bu işi də yenidən araşdırmışlar. Rüşvət aldığı üçün müstəntiqdən prokurora şikayət etmişdir. O, günahsız olaraq həbsdə saxlanılır. Telefonunda olan mesajlarla bağlı deyə bilər ki, narkotik vasitə istifadəçisidir, mesajlar onun narkotik vasitəni alması barədə ola bilər. İş materiallarında olan apellyasiya instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin və mesajlarla bağlı məlumatların olmasına dair CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini və ya satmasını təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir İş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 30 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhər prokurorluğunun 21 avqust 2022-ci il tarixli 503- C-22 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müstəntiq Yunis Quliyevə rüşvət verməsi ilə əlaqədar müraciəti əsasında əməldə cinayət tərkibinin olmaması halı ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan digər sübutlar aşağıdakılardır: İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroini çəkmə yolu ilə qəbul edir. Həmçinin psixotrop maddə olan metamfetamin istifadə edir. 14 iyul 2021-ci il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin yaxınlığında olan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər Kəpəz RPB-yə gətirmişlər. Şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X2 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. O da həmin vaxt əynində olan ağ-göy rəngli köynəyin sağ cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş halda narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. Həmin kütlənin narkotik vasitə heroin olduğunu, tutulmamışdan təxminən 5 gün qabaq Gəncə şəhəri, Dəmiryolu adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi sellofanla birlikdə 3,53 qram olmuşdur. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. O, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. O, bu günə qədər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, heç kimə pay olaraq və ya borc olaraq verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyul 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini İlham adlı şəxs üzərində narkotik vasitələri daşımaqda şübhəlidir və hal-hazırda Ə.Əliyev prospektində, N saylı hərbi hissənin yaxınlığındadır. Daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, sahə rəisi Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin yaxınlığında saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən 1 ədəd sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, tutulmamışdan bir neçə gün qabaq tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi xatırladığı qədər 3,53 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməməsi və ya cibinə narkotik vasitənin qoyulması kimi ifadəsində bildirdikləri tamamilə əsassız və özündən uydurma fikirlər olmaqla heç bir həqiqəti əks etdirmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətdən kənarda qalmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli yalan məlumatlardır. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və 31 iyul 2021-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla saxlanması qadağan edilmiş əşyanın olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan ağ-göy rəngli köynəyin sağ cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 3.53 qram olmuşdur. Sonra həmin kütlə zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, təxminən 5 gün qabaq tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 avqust 2022-ci il tarixli, 1121 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəricəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddəni satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan Gəncə şəhər prokurorluğunun 21 iyun 2023-cü il tarixli,367-C- 23 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tutularkən ona fiziki və mənəvi təsir göstərilməsinə dair müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib cəzalandırılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə əsasən məhkumun əməlinin tövsifinin qanuniliyi və əsaslılığı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlinin subyektiv cəhəti, CM-in hansı müvafiq maddəsinin dispozisiyasında göstərilən məqsədi xarakterizə edən tərkib əlamətləri ilə tam üst-üstə düşürsə, deməli əməli də həmin maddə ilə tövsif edilməlidir. Onun törətdiyi əmələ görə cinayət məsuliyyəti də təqsiri ilə bağlıdır. Eyni zamanda təqsiri şüurla əhatə olunmalı, əməli şüurunun və iradəsinin məhsulu olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, bir bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etməklə üzərində daşımış və saxlamışdır. Birinci instansiya məhkəməsi isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına qiymət verib hesab etmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni satış məqsədi olmadan, şəxsi istifadə üçün əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni müqayisəli şəkildə təhlil edərək, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməkdə haqlı olmuşdur. Apellyasiya protestində qeyd edilmişdir ki, iş materiallarında olan raport, qərar və ifadələrdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həm raportdan, həm də əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərardan görünür ki, hər iki sənəddə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırki cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş raport və qərarda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Daha sonra protestdə istinad edilmiş şahid ifadələri ilə bağlı qeyd etmək zəruridir ki, həmin ifadələrdə də yenidən daxil olmuş əməliyyat məlumatına istinad edilir. Lakin məlumatın mötəbərliyi ilə bağlı heç bir faktiki hala istinad edilmir və heç bir münasibət bildirilmir. Məhz həmin şahidlərdən biri olan, raport və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı tərtib etmiş Şahid1 birinci instansiya məhkəməsində öz ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini İlham adlı şəxs üzərində narkotik vasitələri daşımaqda şübhəlidir. Daha sonra o, ifadələrini davam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Qeyd olunan ifadəni Şahid2 öz ifadəsi ilə bir daha təsdiq etmişdir (İİ cild. i.v. 57-58, 94-95) Digər tərəfdən elə iş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddəni satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Qeyd olunanlar isə onu göstərir ki, əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hissəsi mübahisəli qalmaqdadır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi faktları əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi yolu ilə aşkar edilsə də, onun satış məqsədini və niyyətini təsdiq edə biləcək, eləcə də satış faktını təsdiq edə biləcək heç bir sübut növü istintaq orqanı tərəfindən əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Həmçinin təhqiqat orqanının sonrakı əməliyyat-axtarış tədbirləri belə satış məqsədi və ya niyyətinin təsdiq edilməsi üçün heç bir sübut aşkar edə bilməmişdir. Qeyd olunan ziddiyyətlərin fonunda isə məhkəmə kollegiyası belə hesab edir ki, əməliyyat məlumatı şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlmək və onu CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmək üçün kifayət etmir. Həmçinin bundan başqa dövlət ittihamçısı apellyasiya protestində özü qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 avqust 2022-ci il tarixli, 1121 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəricəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertiza rəyindən və Təqsirləndirilən şəxs öz ifadələrindən göründüyü kimi o, narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Yəni, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitədən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Belə olan halda cinayət işinin materiallarında əlavə heç bir sübut olmadığı təqdirdə istintaq orqanının hansı səbəbdən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməsi məhkəmə kollegiyasına aydın deyildir. Həmçinin dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı qeyrisəmimi olduğunu və məhkəmənin isə onun ifadələrinin bir hissəsini qəbul etməsinin digər hissələrini isə qəbul etməməsinin motivlərini əsaslandırmadığını göstərmişdir. Belə ki, protest müəllifinin fikrincə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilk ifadəsində üzərindən aşkar edilən narkotik vasitə heroinin ona məxsus olmadığını, sonrakı ifadəsində isə ona məxsus olsa da öz istifadəsi üçün üzərində saxladığını bildirməklə qeyri-səmimilik nümayiş etdirib ziddiyətli ifadələr vermişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında narkotik vasitə heroinin ona məxsus olmadığını bildirmişdir. Heç bir məhkəmə iclas protokolunda onun narkotik vasitənin özünə məxsus olmasını bildirdiyi ifadəyə rast gəlinməmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı da narkotik vasitənin ona məxsus olmamasını bildirmiş, polislər tərəfindən üzərinə qoyulmasını göstərmişdir. Bununla belə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər olmuş və birinci instansiya məhkəməsi həmin ziddiyyətlərə CPM-in norma və prinsiplərinə uyğun olaraq hüquqi qiymət vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hər iki ifadəni təhlil etmiş, ifadələr arasında olan ziddiyyətlərin təqsirləndirilən şəxs tərəfindən aradan qaldırılması üçün cəhdlər etmiş, təqsirləndirilən şəxs isə həmin ziddiyyətlərin səbəbini istintaq zamanı təzyiqlərə məruz qalması ilə əlaqələndirmişdir. Lakin aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təzyiq olunması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iş materiallarında olan digər sübutlara (üzərində şəxsi axtarış aparılması və s.) da əsaslanaraq onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər hesab etmişdir. Məhkəmə kollegiyası da apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq və iş materiallarında olan şəxsi axtarış və götürmə protokoluna, axtarış və götürmənin əks olunduğu CD diskə istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələri daha mötəbər və işin faktiki hallarına uyğundur. Qeyd etmək zəruridir ki, törədilmiş cinayətin halları ilə bağlı müxtəlif məzmunlu ifadələr vermək, öz müdafiəsi üçün dəlillər gətirmək və öz müdafiəsini qurmaq təqsirləndirilən şəxsin CPM-də təsbit olunmuş hüququdur. Yəni, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün müxtəlif dəlillər irəli sürməsi və müxtəlif məzmunlu ifadələr verməsi onun üçün hər hansı bir mənfi nəticəyə gətirib çıxara bilməz. CPM-in 91.7-ci maddəsinə görə cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Qeyd olunan normanın mənasından göründüyü kimi Qanunverici şahid, zərərçəkmiş şəxs və digər cinayət prosesində iştirak edən şəxslərdən fərqli olaraq təqsirləndirilən şəxsin verdiyi izahat və ifadəyə görə xüsusi bir norma müəyyən etmiş və həmin normaya görə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Ona görə də onun ibtidai istintaqdan fərqli olaraq məhkəmələrdə ümumiyyətlə özünü təqsirli bilməməsi (belə ki, məhkum ibtidai istintaq zamanı özünü qismən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, məhkəmələr də isə özünü ümumiyyətlə təqsirli bilməmişdir) narkotik vasitəni satış məqsədi və ya niyyəti ilə əldə etməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Qeyd olunanlardan əlavə dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı faktı ilə deyil, onu satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər narkotik vasitələrin miqdarına münasibətdə külli miqdarda törədildikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilir. Motiv və məqsəd qəsdi formalaşdırır, səmtləşdirir və onu icra etməyə yönəldir. Cinayətin motiv və məqsədi cinayət törədilənə qədər yaranır. Şəxsin bütün iradi əməlləri kimi cinayət əməli də müəyyən motivlə əlaqədar olur və belə motiv qarşıya qoyulan məqsədə doğru şəxsi istiqamətləndirir. Cinayətin məqsədi, subyektin nail olmağa can atdığı arzu olunan nəticə haqqında təsəvvürüdür. Cinayətin törədilməsinə sövq edən motivdən fərqli olaraq, məqsəd ictimai təhlükəli əməlin, subyektin həddən artıq böyümüş tələbatlarının və ya şəxsi maraqlarının cinayət törətmək yolu ilə təmin edilməsi üçün müəyyən bir obyektə istiqamətlənməsini bildirir. Cinayətin məqsədi cinayətin törədilməsi zamanı mövcud olmuş, törədilən hərəkətin daxili, psixi cəhətini daha yaxşı aşkarlamağa, hərəkətlərin yönümünü, onların məzmununu və başa çatdırılma dərəcəsini müəyyən etməyə imkan verən subyektiv reallıqdır. CM-in 234.2-ci maddəsində əks olunmuş satış məqsədinin müəyyən edilməsi üçün müxtəlif yanaşmalar mövcuddur: -- istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi (satıcı və alıcı arasında telefon danışıqlarının olması (bu zaman nəzərə almaq lazımdır ki, təkcə zəngin edilməsi satış məqsədini təsdiq edən fakt kimi nəzərə alına bilməz və əməliyyat yolu ilə alıcı və satıcı arasında olan danışığın məzmununun əldə edilməsi möhtəbər sübut əldə edilməsi baxımından çox önəmlidir), satış məqsədini təsdiq edən mesajların göndərilməsi; --narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi (narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi bütün hallarda satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz, belə ki, şəxs öz şəxsi istifadəsi üçün də narkotik vasitəni xırda bağlamalara bükə və ya kibrit qutusuna yığa bilər). --narkotik vasitənin hazırlanması üçün avadanlığın olması; --narkotik vasitə aşkar edilən şəxsin özünün narkotik vasitədən istifadə etmədiyinin müəyyən edilməsi (şəxsdə aşkar edilən narkotik vasitənin növü ilə onun əzab çəkdiyi narkomaniya xəstəliyinin növü eynidirsə, şəxsin satış məqsədi ilə narkotik vasitəni əldə edərək üzərində saxlaması şübhə doğurur); --şəxsin üzərində aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə (heroin, marixuana, tiryək və s.) olması və narkoloji ekspertizanın rəyinə əsasən şəxsin yalnız bir növ narkotik vasitədən sui-istifadə etməsinin müəyyən edilməsi. Yuxarıda qeyd edilənlər eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarındakı tövsiyələri belə nəticəyə gəlmək üçün kifayət edir ki, istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs əməlinin satış məqsədi və ya niyyəti kimi tövsif edilməsi üçün yetərli deyil. Həmçinin dövlət ittihamçısı aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Bu zaman işin digər halları da əlaqəli şəkildə təhlil edilməli və satış məqsədini təsdiq edə biləcək digər mötəbər sübutlar (istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, narkotik vasitənin çəkilməsi üçün tərəzinin olması və s.) əldə edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması kimi hallar hazırki iş üzrə müəyyən edilməmişdir. İş materialları onu göstərir ki, Təqsirləndirilən şəxs ilə digər şəxslər arasında narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir sövdələşmənin və ya qabaqcadan razılığın olması müəyyən edilmir. Bu faktı iş materiallarına əlavə edilmiş telefon məlumatlarından çıxarışlar bir daha təsdiq edir. Ümumiyyətlə iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası tərəfindən apellyasiya protestində göstərilən dəlillər, eləcə də cinayət işinin materialları yenidən tədqiq olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, saxlamasını, daşımasını təsdiq edə biləcək hər hansı bir sübut növü müəyyən edilməmişdir. Qeyd olunanlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. CM-in 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-in istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli birmənalı olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması və daşıması əlamətləri olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq onun əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlamasını və daşımasını bildirsə də, istintaq orqanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri kimə satması, və ya kiminlə narkotik vasitənin satışı barədə qabaqcadan razılığa gəlməsini müəyyən etməmiş, eləcə də satış məqsədinin olmasını təsdiq edən heç bir mötəbər sübuta istinad edə bilməmiş, bununla bağlı ittiham tərəfinin mövqeyini əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri ilə razılaşmır, bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edir. Ona görə də, kollegiya hesab edir ki, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət törətməsi nəticəsinə gəlmiş və nəticədə həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsində bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, istintaq orqanın bu səhvi yalnız birinci instansiya məhkəməsində aradan qaldırıla bilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı onun cinayət işini aparmış müstəntiqə rüşvət verdiyini və istintaq zamanı təzyiqlərə məruz qaldığını göstərsə də, onun bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış, lakin həmin dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona təzyiqlər olunması, eləcə də müstəntiqə rüşvət verməsi ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən onun hər iki iddiası ilə bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edilmişdir. Həmin qərarlardan şikayət verilməmişdir və hazırda qüvvədədir. Bundan başqa məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarına, əməlin ictimai-təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun həddə cəza təyin etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-154/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» iyun 2023-cü il tarixli, 1(100)-154/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar