Məhkəmə qərarları › İş №1(104)-48/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-48/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-48/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(061)-02/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(061)-02/2022 saylı hökmü ilə (sədrlik edən Elşad Bayramov) xx.xx.1975-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, azərbaycanlı, orta ixtisas təhsilli, fərdi işlə məşğul olan, ailəli, məhkumluğu olan, Ağdam rayon Üçoğlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş ümumi cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 23 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(061)-02/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının 11-də saat 02-03 radələrində tamah məqsədi ilə özgənin əmlakını qəsdən əvəzsiz və qanunsuz olaraq talamaq niyyətilə Tərtər rayonunun Poladlı kəndində yerləşən həmin kənd sakini X3 məxsus fərdi yaşayış evinin pəncərəsinin şüşəsini çıxarma vasitəsi ilə qanunsuz olaraq evə daxil olub evin içərisindən 01 ədəd 450 manat dəyərində olan Slovakiya istehsalı olan “Samsung” markalı, “E40F7000SL” modelli, 40 düymlü, 101 sm dioqanallı televizor və 01 ədəd 100 manat dəyərində “Andeli” markalı SVC 5000 VA modelli cərəyan tənzimləyici aparatı oğurlamaqla, ümumilikdə N.Salahlıya 550 manat dəyərində maddi ziyan vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, onun ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəmişdir, evli olmaqla himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, Qarabağ müharibəsi veteranıdır, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmün dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, özünü təqsirli bilir, əməlindən səmimi peşman olmuşdur, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəmişdir, evli olmaqla himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, Qarabağ müharibəsi veteranıdır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də şikayətdə göstərinlərin təmin olunmasını, ona daha yüngül cəza növünün təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona daha yüngül cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, CM-in 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanı yüngülləşdirən hallar heç də həmişə müstəsna hal kimi qiymətləndirilə bilməz. Göstərilən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Məhkəmənin qəbul etdiyi müstəsna hallar- törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, cinayəti törədərkən və cinayəti törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Lakin, Təqsirləndirilən şəxs cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa müstəsna halların olması müəyyən olunmamışdır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini zəruri edən müstəsna hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 1998-ci ildə həbs olunaraq Ağdam Rayon Xalq Məhkəməsinin 04 aprel 1998-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib /23-1/ əməyə mütləq cəlb edilməklə şərti məhkum edilmiş, 03 may 1998-ci ildə həbs olunmaqla Bərdə Rayon Xalq Məhkəməsinin 24 iyul 1998-ci il tarixli hökmü ilə CM-nin 93-3 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 yanvar 2001-ci il /həbs olunub 08 iyul 2001-ci il tarixdə/ tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 181.2.3, 181.2.5 /66.3/ maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2010-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxıb. Tərtər Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs /həbs olunub 03 noyabr 2010-cu il tarixdə/ Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, Tərtər Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə /66.5/ qismən toplanılmaqla qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəza 1 il azaldılmışdır, Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə həmin Qərar dəyişdirilib, cəza 6 ilə endirilmişdir. Qaradağ rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs 5 ay 17 gün vaxtından əvvəl cəzasından şərti olaraq azad edilib. Təqsirləndirilən şəxs 12 iyun 2017-ci il tarixdə yenidən həbs olunub, Tərtər Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli Qərarı ilə 6 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 19 iyul 2021-ci il tarixdə hazırkı əməlinə görə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən qəsdən eyni xarakterli cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir. Qeyd olunanlar məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, əvvəllər dəfələrlə məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla vəziyyətinin yüngülləşdirilməsinə baxmayaraq məhkumluğu ödənilmədən cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən eyni xarakterili cinayət əməlini törətməsi onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-in 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün üçdə ikisindən az olmayan cəza təyin etməklə qanunvericiliyin tələblərinə uyğun düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd olunan cəzanı yüngülləşdirən halların tam nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.1, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, eyni zamanda onun zərər çəkmiş şəxsə vurulmuş zərər məbləğini qismən ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə peşmançılıq çəkməsini, Qarabağ Müharibəsi veteranı olmasını, himayəsində 2 nəfər uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, həmçinin əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə almış, təqsirləndirildiyi maddə ilə azallıqdan məhrumetmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici və ağırlaşdırıcı halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində CM-62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza növünün təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(061)-02/2022 saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəza hissəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(061)-02/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar