Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-491/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülmalı oğlu və X4 ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X5, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(076)- 190/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(076)-190/2023 nömrəli (sədrlik edən Taleh Musayev) hökmü ilə xx xxxxxxx 1983-cü il tarixdə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icra müddətinin cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablanması, Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2020–ci ilin yay aylarında Şəmkir rayonu Dəllər– Cəyir Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 0,0837 hektar örüş, həmçinin 0,00626 və 0,0076 hektar kənd təsərrüfatı təyinatlı torpaqları qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini dəmir materialından olan şiferlə özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etmiş olduğu hökmü işin hallarına, şəxsiyyətinə uyğun deyil və ədalətsizdir. Verilmiş ittihamın mahiyyətindən aydın görünür ki, guya o torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Əslində heç kimin torpaq sahəsi üzərində hüququnu pozmamışdır. Belə ki, istifadə etmiş olduğu torpaq sahəsi arvadı X1 mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsini arvadıyla birgə nikah müddətində əldə etmişlər. Sadəcə olaraq arvadının adına mülkiyyət hüququna dair çıxarış verilib. Həmin torpaq sahəsi ilə bağlı arvadının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Şəmkir rayonu, Dəllər-Cəyir bələdiyyəsi bir il əvvəl onları məhkəməyə verib, torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir. Lakin məhkəmədə iddia tələbi təmin olunmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədi və hökmün qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, iş üzrə toplanmış mötəbər sübutlarla təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini, eləcə də cəza təyin edilərkən cəzanın məqsədlərinin rəhbər tutularaq ədalətli həddə cəza təyin edildiyini bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 188.3-cü maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: 10 noyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək üzərində tikinti apardığı torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin Dəllər– Cəyir kənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfat təyinatlı örüş sahəsi olması, habelə həmin torpaq sahəsinin eninin 20 metr, uzunluğunun isə 41 metr olmaqla, dəmir şiferlə hasarlanması müəyyən edilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 20 aprel 2023–cü il tarixli, 3–21–3–40/2–3049/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəmir şiferlə hasarlanmış torpaq sahəsinin 0,0837 ha hissəsi Şəmkir rayonu, Dəllər–Cəyir Bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsi, 0,00626 ha hissəsi 146C, 0,0076 ha hissəsi isə 145 C nömrəli Dövlət Aktı ilə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə) üst–üstə düşür; Dəllər–Cəyir kənd bələdiyyəsinin 24 oktyabr 2022–ci il tarixli, 89 nömrəli arayışından görünür ki, Şəmkir rayon, Dəllər– Cəyir kənd sakini Təqsirləndirilən şəxs Dəllər–Cəyir kənd bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfat təyinatlı örüş sahəsini qanunsuz zəbt edərək metal şiferlə hasarlamışdır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.3-cü maddəsi üzrə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası məhkuma CM-in 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci madələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 188.3-cü maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(076)- 190/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-491/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-491/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver