Məhkəmə qərarları › İş №1(104)-50/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-50/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-50/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(062)-90/2022 saylı hökmündən dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(062)-90/2022 saylı hökmü ilə (sədrlik edən Zaur Hünmətov) xx.xx.1995-ci il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonunun Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(062)-90/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş X1 apellyasiya protesti verərək hökmün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən əldə etdiyi 01 (bir) ədəd nömrəsi silinmiş, keçmiş «SSRİ» dövlətində, «Tula» silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan «TOZ-8» modelli odlu silah hesab edilən yivli ov tüfəngini yaşadığı Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən fərdi yaşayış evində qanunsuz saxladıqdan sonra 04 fevral 2022-ci il tarixdə saat 20 radələrində həmin tüfəngi özü ilə götürüb, həmkəndlisi X2 məxsus olan «VAZ-2106» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhərinə qanunsuz olaraq daşıyıb gətirən zaman, Tovuz RPŞ-in əməkdaşları tərəfindən keçrilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü saat 21:30-da Tovuz rayonu Azaflı kəndində saxlanılaraq Tovuz RPŞ-ə gətirilmiş, orada saat 23:20-də qeyd olunan avtomobilə baxış zamanı həmin silah avtomobilin arxa oturacığının üzərindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs döyüş sursatlarının qanunla tənzimlənən dövriyyəsi sahəsində ictimai təhlükəsizlik münasibətlərinə zidd, az ağır cinayət kateqoriyasına aid olan cinayət əməlini birbaşa qəsdlə həyata keçirmişdir. Məhkəmə əsassız və qanunsuz olaraq Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qeyd etmiş və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona aşağı həddə azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 (bir) ədəd nömrəsi silinmiş, keçmiş "SSRİ” dövlətində, "Tula silah zavodu"nda istehsal olunmuş 5,6 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan "TOZ-8" modelli odlu silah hesab edilən yivli ov tüfəngini yaşadığı Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən fərdi yaşayış evində qanunsuz saxladıqdan sonra 04 fevral 2022-ci il tarixdə, saat 20 radələrində həmin silahı özü ilə götürüb, həmkəndlisi X2 məxsus olan "Vaz-2106" markalı, **-BT-*** nömrə nişanlı avtomobillə Tovuz şəhərinə qanunsuz olaraq daşıyıb gətirən zaman, Tovuz rayon rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçrilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin zirzəmisində işləyərkən oradan bir-birinin üstünə yığılmış taxtaların altından bir ədəd «TOZ-8» markalı odlu silah tapmışdır. Həmin silah mərhum atasına məxsus olmuş, lakin atası sağ olanda belə o, bu silahı evdə görməmişdir. Həmin silahı tapdıqdan sonra bu barədə evdə arvadına heç bir söz deməmiş və elə zirzəmidə tapdığı yerdə saxlamışdır. Sonra tanışı Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini N saylı hərbi hissədə sürücü işləyən Hafiz adlı şəxsə zəng edib onda bir ədəd quş tüfəngi olmasını deyib silahı sənədləşdirmək üçün kömək etməsini ondan xahiş etmiş və həmin silahı ata yadigarı olduğu üçün özündə saxlamaq istəmiş, ona görə də silah barəsində polisə məlumat verməmişdir. Hafiz də ona «tanışım var, sən silahı gətir, tanışım silaha baxsın, sənə kömək edəcək, həmin silahı sənədləşdirərsən» demiş ve o da Hafiz ilə razılaşmışdır. O, da 04 fevral 2022-ci il tarixlərdə Hafizlə telefonla danışdıqdan sonra həmkəndlisi Raufa məxsus avtomobillə Tovuz şəhərinə gedən zamanı rayonun Azaflı kəndi ərazisində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Qeyd olunan Təqsirləndirilən şəxs ifadəsi özünümüdafiə xarakterlidir. Belə ki, qeyd olunan silahı tapdıqdan sonra könüllü olaraq polisə təhvil verə biləcəyi halda o, silahı könüllü olaraq polisə təhvil verməmişdir. İşin hallarından göründüyü kimi həm Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən dərhal sonra deyil, polis əməkdaşları tərəfindən ifşa olunduqdan sonra, ifadə verərkən məsuliyyətini yüngülləşdirmək məqsədi ilə törətdiyi əməli etiraf etmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını hökmdə əsaslandırmamışdır. İş üzrə məhkəmə yaşayış yerindən verilmiş formal arayışları əsas götürərək Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamışdır. Bununla da, Təqsirləndirilən şəxs əməli istər xarakterinə, istərsə də ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və şəxsiyyətinə münasibətdə məhkəmə tərəfindən gəlinmiş nəticəyə uyğun deyil. Beləliklə də, Təqsirləndirilən şəxs əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və məhkumun şəxsiyyətinə münasibətdə CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş cəza açıq-aydın yüngül cəzadır. Göstərilənlərə əsasən, Tovuz rayon məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair 15 sentyabr 2022-ci il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməlidir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edib, protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirələn şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz, buna görə hökmünün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsi onun barəsində olan yüngülləşdirici halları nəzərə alıb ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmin cəza ilə razıdır və ədalətli olduğundan protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir, əməlindən səmimi peşman olmuşdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, birinci instansiya məhkəməsi bu halları nəzərə alıb ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmin cəza ilə razıdırlar və ədalətli olduğundan protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protestinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onu həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Dövlət ittihamçısı apellyasiya protestində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apelyasiya protestinin dəlillərində yalnız Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən CM-in 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması üçün əsas olmuş cəzanı yünügülləşdirən halların, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasına dair nəticəyə gələrkən hər hansı qanun pozuntusuna yol verməmiş, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerin üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin “Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alarkən, məhkəmə onun hansı cəhətlərinə görə cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını və belə bir nəticəyə gəlməsinin səbəblərini ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində əsaslandırmamasına” dair dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı səmimi ifadələr verərək etdiyi əməlini etiraf etmiş, istintaqın və məhkəmənin normal gedişinə mane olan hər hansı bir hərəkətlərə yol verməmişdir ki, bu hallarda məhkum olunmuş şəxsin törətdiyi hərəkətinə tənqidi yanaşması və səmimi peşman olmasını ehtiva edən faktlar kimi çıxış etmiş olur. Bundan başqa, iş materiallarıda olan Tovuz rayon İHB-ın Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarıda olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 mart 2020-ci il tarixdə doğulmuş İsmayıl və 14 sentyabr 2021-ci il tarixdə doğulmuş Dəniz adlı iki azyaşlı uşaqları var. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkum edilmiş şəxsin şəxsiyyətini müsbət xarakterizə və əməlindən peşman olmasına dəlalət edən hallar kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yuxarıda qeyd olunanları cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır və bu zaman hər hansı bir maddi və prosessual hüquq normasının tələblərini pozmamışdır. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. CM-in 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngüləşdirən hallar qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və CM-in 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Təqsirləndirilən şəxs şəxsiyyətini səciyələndiriən hallar kimi qəbul edərək, bu halları onun cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında islah olunmasının mümkünluyünü təsdiq edən hallar kimi qiymətləndirmiş və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə maddi hüquq normalarına riayət edilməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də apellyasiya protestinin “birinci instansiya məhkəməsinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmayan cəza təyin etməsi” barədə dəlilləri əsassızdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkuma azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə mütənasib olmazdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X6rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirldəndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) zidd olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda ona təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsi həmin cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə cinayətin ictimai təhlükəliliyinə, əməli törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışına, cinayət əməli törətmiş şəxsin fərdi xüsusiyyətinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara əlaqəli şəkildə qiymət verilməlidir. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Belə olan halda məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya protestində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(062)-90/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(062)-90/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar