Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-540/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 1(066)-95/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Göygöl Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 1(066)-95/2023 nömrəli (sədrlik edən Əyyub Kərimov) hökmü ilə xx xxx 1988-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyun 2023-cü il tarixdən hesablanması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 25 iyun 2023-cü il tarixdə saat 23 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri, Heydər Əliyev prospektində qeyri rəsmi olaraq ər arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs görüb heç bir əsaslı səbəb olmadan sonuncuya günün gec saatlarında hansı səbəbdən yaşadığı mənzilə qayıtmamasını deyərək küçədə uca səslə nalayiq ifadələr işlədib Şahid2, X2 və şəxsiyyətləri istintaqla müəyyən edilməsi münkün olmayan çoxsaylı insanların ətrafa toplaşmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafelərinə toxunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək istintaqla əldə edilməsi mümkün olmayan, kəsici aləti silah qismində istifadə edərək həmin alətlə ətrafa toplaşan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə zərbə vuraraq sonuncunun sol yanaq nahiyəsinin deşilmişkəsilmiş yarası, alın, alt çənə, sağ diz və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək törətdiyi əməlin düzgün tövsif edilmədiyindən işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək törətdiyi əməlin düzgün tövsif edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs həyat yoldaşı ilə evinin qarşısında mübahisə etmiş və bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ailəli olması və himayəsində 1 azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışı əldə etməsi, ailədə ondan başqa gəlir gətirənin olmaması nəzərə alınmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 128-ci maddəsinə tövsif etməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini qəbul edərək təqsirləndirilən şəxslə barışdığını və köməklik göstərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 221.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, təqsirləndirilən şəxsin əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi silah qismində istifadə etdiyi alətin müəyyən olunması istiqamətində bır sıra tədbirlər keçirilmiş, lakin qeyd edilən kəsici aləti müəyyən etmək mümkün olmamışdır. Həmçinin hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göygöl şəhəri Heydər Əliyev prospektində Heydər Əliyev parkının yaxınlığında baş verdiyi üçün ətrafda çoxsaylı insanların olması müəyyən olunmuşdur, lakin hadisənin şahidi ola biləcək şəxslərin konkret şəxsiyyətlərini müəyyən etmək mümkün olmadığından istintaqa təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 299 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası, deşici alətin, alın, alt çənə, sağ diz və sol said nahiyələrinin sıyrıqları isə bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəlilik nəticələrini qabaqcadan görən, bu nəticənin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozma və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, həmin əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarların hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair qanunazidd hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.» “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının xuliqanlıq kimi təsvir etdiyi hadisə xuliqanlıq zəmininda baş vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Cəza təyini ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az cəza təyin etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 1(066)-95/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-540/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-540/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver