Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-544/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «20» iyun 2023-cü il tarixli, 1(100)-28/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Mikayıl Məmmədzadənin sədrliyi, hakimlər Abdulla Məmmədov və Roman Ələkbərlidən ibarət tərkibdə) «20» iyun 2023-cü il tarixli, 1(100)-28/2023 nömrəli hökmü ilə xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 27 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan heroini əldə edib eyni məqsəd ilə üzərində daşıyaraq saxlamış və həmin narkotik vasitəni 01 ədəd polietilen kəsiyi bükümündə olmaqla xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən ”Tantuni” adlanan dönərxananın arxa tərəfində tanışı Şahid6 50 manat pul müqabilində qanunsuz olaraq satmış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Şahid6 26 aprel 2021-ci il tarixdə saat 15:35 dəqiqədə Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ilə Oğuz küçəsinin kəsişməsində müəyyən edilib Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin X6 Şöbəsinin inzibati binasına gətirilərək eyni tarixdə, saat 17:00-dan 17:30-dək üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindəki polietilen kəsiyi bükümündə olmaqla ondan satış məqsədi ilə almış olduğu təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu və şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib eyni məqsəd ilə daşıyaraq satışa hazır vəziyyətə gətirmək üçün narkotik vasitə olan heroini polietilen kəsiyi bükümlərində qablaşdırmaqla 1 ədəd plastik materialdan olan dərman qabının içərisində, narkotik vasitə olan metadonu siqaret kağızı bükümlərində qablaşdırmaqla üzük qabının içərisində, narkotik vasitə olan qurudulmuş marixuananı isə kibrit qutusunda qablaşdırmaqla ümumilikdə qeyd edilən narkotik vasitələrin hamısını yaşadığı ünvan 1 ünvanının qonaq otağında gizlədərək satış məqsədi ilə saxlamış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 15:32-dən 16:00-dək olan vaxt ərzində onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evin qonaq otağında olan dördmərtəbəli rəfin üzərindən satış məqsədi ilə təkrar əldə edib daşıyaraq saxladığı 1 ədəd plastik materialdan olan dərman qabının içərisində olmaqla 15 ədəd polietilen kəsiyi bükümlərində qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0.761 qram, 0.764 qram, 0.810 qram, 0.787 qram, 0.803 qram, 0.729 qram, 0.738 qram, 0.736 qram, 0.771 qram, 0.760 qram, 0.718 qram, 0.834 qram, 0.885 qram, 0.768 qram və 0.848 qram, ümumi təmiz çəkisi 11,712 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd üzük qabının içərisində olmaqla 1 ədəd gümüşü rəngli kağız bükümdə və 1 ədəd qırmızı rəngli kağız bükümdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,094 qram, ümumi təmiz çəkisi 0,307 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon, həmçinin 1 ədəd kibrit qutusunun içərisində və təmiz çəkisi 2,295 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, hökmdən narazıdır, hesab edir ki, ona daha yüngü cəza təyin edilə bilərdi. İşinə yenidən baxılaraq daha ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini, hökmün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkum əlavə olaraq göstərdi ki, o,narkotik vasitə istifadəçisi olmuş və ağrıları olduğu zaman narkotik vasitə metadondan istifadə etmiş, başqa narkotik vasitələrdən, o cümlədən heroin və qurudulmuş marixuanadan istifadə etməmişdir. Polis əməkdaşları onun evinə gəldikləri zaman əllərində sellofanda narkotik vasitə olmuşdur. O, polis əməkdaşlarının onun evinə həmin sellofanları qoyulduqlarını görüb və onu şərləyəcəklərindən qorxduğu üçün bıçaqla qarın nahiyəsinə xəsarət yetirmişdir. Özünə bıçaqla xəsarətlər yetirdikdən sonra yaralı vəziyyətdə olmasına baxmayaraq polis əməkdaşları onun X8 xəstəxanaya aparılmasına imkan verməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkuma daha yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Müdafiəçi əlavə olaraq göstərdi ki, məhkumun əməli düzgün tövsif olunmamış, o, heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. Ona görə də hesab edir ki, onun əməli CM-in daha yüngül maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin düzgün tövsif edildiyini və ona Qanunamüvafiq cəza təyin edildiyini bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun əməli CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ixtisaslaşdırılmış, məhkəmə onu həmin maddələrlə təqsirli bilərək məhkum etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində yalnız təyin edilmiş cəzanı mübahisələndirsə də məhkum və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərini əsaslandırarkən məhkumun əməlinin tövsifinin də düzgün ixtisaslaşdırılmadığını iddia etmişlər. Ona görə də, məhkəmə kollegiyası həm məhkumun əməlinin tövsifinə, həm də ona təyin edilmiş cəzaya ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İşin hallarından görünür ki, məhkumun əsas iddiaları ondan ibarətdir ki, onun evində metadondan başqa hər hansı narkotik vasitə olmamış, digər narkotik vasitələr polislər tərəfindən qoyulmuş və o, polislər tərəfindən evinə narkotik vasitə qoyulacağını bildiyi üçün özünə bıçaqla xəsarət yetirmiş, lakin polislər X4 xəstəxanaya aparılmasına imkan verməmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, məhkumun və onun müdafiəçisinin dəlilləri cinayət işi üzrə toplanmış və mötəbəliyi heç bir şübhə doğurmayan sübutlarla təkzib olunur. Həmçinin məhkum və onun müdafiəçisinin dəlillərini təsdiq edə biləcək hər hansı sübut cinayət işinin materiallarında aşkar edilməmiş, eləcə də belə bir sübutu məhkum və müdafiəçi məhkəmə kollegiyasına təqdim etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon məlumatları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma isə həmin Məcəllənin 234.2-ci maddəsinin tərkib əlamətlərini yaradır və satış məqsədi və ya niyyəti olduğu halda əməl CM-in 234.2-ci maddəsi ilə tövsif olunur (külli miqdar olduqda CM-in 234.4.3-cü maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan heroini əldə edib eyni məqsəd ilə üzərində daşıyaraq saxlamış və həmin narkotik vasitəni 01 ədəd polietilen kəsiyi bükümündə olmaqla xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən ”Tantuni” adlanan dönərxananın arxa tərəfində tanışı Şahid6 50 manat pul müqabilində qanunsuz olaraq satmışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu və şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib eyni məqsəd ilə daşıyaraq satışa hazır vəziyyətə gətirmək üçün narkotik vasitə olan heroini polietilen kəsiyi bükümlərində qablaşdırmaqla 1 ədəd plastik materialdan olan dərman qabının içərisində, narkotik vasitə olan metadonu siqaret kağızı bükümlərində qablaşdırmaqla üzük qabının içərisində, narkotik vasitə olan qurudulmuş marixuananı isə kibrit qutusunda qablaşdırmaqla ümumilikdə qeyd edilən narkotik vasitələrin hamısını yaşadığı ünvan 1 ünvanının qonaq otağında gizlədərək satış məqsədi ilə saxlamışdır. Məhkəmə kollegiyası həm işin müəyyən edilmiş faktiki hallarını, həm də toplanmış sübutları məcmu halında təhlil edərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 2,471 qram çəkidə narkotik vasitə olan heroini tanışı Şahid6 50 manat pul müqabilində qanunsuz olaraq satması və külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu və şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evin qonaq otağında gizlədərək satış məqsədi ilə saxlaması nəticəsinə gələrkən qanuni və əsaslı nəticəyə gəlmişlər. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid6 saxlanılmış, onun üzərindən narkotik vasitə olan heroin aşkar edilmiş və o, həmin heroini Təqsirləndirilən şəxs 50 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş, onun yaşadığı evə baxış keçirilmiş və bu zaman onun evindən 1 ədəd plastik materialdan olan dərman qabının içərisində olmaqla 15 ədəd polietilen kəsiyi bükümlərində qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0.761 qram, 0.764 qram, 0.810 qram, 0.787 qram, 0.803 qram, 0.729 qram, 0.738 qram, 0.736 qram, 0.771 qram, 0.760 qram, 0.718 qram, 0.834 qram, 0.885 qram, 0.768 qram və 0.848 qram, ümumi təmiz çəkisi 11,712 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd üzük qabının içərisində olmaqla 1 ədəd gümüşü rəngli kağız bükümdə və 1 ədəd qırmızı rəngli kağız bükümdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,094 qram, ümumi təmiz çəkisi 0,307 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon, həmçinin 1 ədəd kibrit qutusunun içərisində və təmiz çəkisi 2,295 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Şahid6 məhkum Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə kollegiyası Şahid6 və məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə münasibətdə qeyd edir ki, həmin ifadələrin mötəbərliyi heç bir sübutla təsdiq olunmur. Digər tərəfdən həmin şəxslər ibtidai istintaq və məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələri arasında mövcud olan ziddiyyətləri hər hansı halla əlaqələndirə bilməmişlər. Həmçinin məhkəmə kollegiyası bu ifadələr arasında olan ziddiyyətləri onların sonradan bir-birinə kömək etmək istəmələri ilə əlaqələndirərək məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa qeyd etmək lazımdır ki, iş materiallarında olan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən informasiya daşıyıcısı olan CD diksə “baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olmuş zənglərin siyahısından Təqsirləndirilən şəxs ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi olaraq telefon danışığı əlaqəsi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkum olunduğu 1-ci epizodla bağlı bu qənaətdədir ki, Təqsirləndirilən şəxs 2,471 qram çəkidə narkotik vasitə olan heroini tanışı Şahid6 50 manat pul müqabilində qanunsuz olaraq satması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunur. Həmçinin hazırda məhkumun öz müdafiəsi üçün gətirdiyi dəlillər heç bir sübutla təsdiq olunmur. Buna görə də məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir və həmin nəticə ilə razılaşır. Məhkum 2-ci epizodla bağlı onun evində heroin və marixuana olmadığını, yalnız metadondan istifadə etdiyini, digər narkotik vasitələrin polislər tərəfindən qoyulduğunu, bunun qarşısını almaq üçün özünə xəsarət yetirdiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında istər Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən, istərsə də maddi sübutların aşkar edilərək götürülməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi, Təqsirləndirilən şəxs hüquqlarının pozulması kimi hallar aşkar edilmir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, S.Əsgərov küçəsi 30-da yerləşən fərdi yaşayış evinə baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağına daxil olaraq rəfin üzərindən 01 ədəd ağzı bağlanan plastik dərman qabını, 01 ədəd üzük qabını və 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qabların içərisində narkotik vasitələr heroin, metadon və marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzük qabının içərisindən 02 ədəd kağız bükümləri təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə metadon, ağ rəngli plastik dərman qabının içərisindən 15 ədəd sellofan bükümləri təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X2 Stansiyasının xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:10-da Gəncə şəhəri Səfaləddin Əsgərov 30 nömrəli ünvana Təqsirləndirilən şəxs adına çağırış olub. Xəstəyə qarının sağ ön yuxarı divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə verdiyi izahatında göstərmişdir ki, “polis əməkdaşları onun razılığı ilə videoçəkilişə başlamış və o verilən suallara cavab olaraq evində öz istifadəsi üçün narkotik vasitə “kakos” kimi tanıdığı heroin və metadon saxladığını, narkotik satan olmadığını, özü istifadə etdiyini bildirmişdir. Bundan sonra onlar evin içərisinə daxil olmuşlar. O mətbəxdə oturub evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Daha sonra özü könüllü qaydada evin qonaq otağında olan dördmərtəbəli rəfin üzərində saxladığı, içərisində 15 ədəd sellofan bükümlərdə qablaşdırdığı “kakos” kimi tanınan narkotik vasitə olan heroin olan plastik dərman qabını, həmçinin içərisində 2 ədəd kağız bükümdə qablaşdırdığı metadon olan üzük qabını və içərisində “nəşə” kimi tanıdığı marixuana olan 1 ədəd kibrit qutusunu təqdim edərək bildirmişdir ki, onlar özünə məxsusdur, öz istifadəsi üçün saxlamışdır....... Evinə baxış başa çatdıqdan sonra onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. Həmin vaxt o peşmançılıq hissi keçirərək mətbəxdən bıçaq götürüb özünə xəsarət yetirmişdir. Polis əməkdaşları evə təcili tibbi yardım avtomobili çağırmışlar və ona təcili tibbi yardım göstərmişlər.......” Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində, eyni zamanda xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində də qeyd edilən xüsusatları təsdiq etmişdir. Bundan başqa cinayət işinin materiallarında olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müqavilə əsasında ona hüquqi yardım göstərmiş müdafiəçisi Müdafiəçi1 iştirakı ilə də verdiyi ifadələrində evinə baxış zamanı və polis şöbəsində olarkən hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi narkotik vasitələrin evinə polislər tərəfindən qoyulması və bunun qarşısını almaq üçün öncədən özünə xəsarət yetirməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs evinə baxış xx.xx.2022-ci il tarixdə saat 15:32-də başlanmış və saat 16:00-da başa çatmışdır. İş materiallarında olan TTTYS-in arayışında xx.xx.2021-ci il tarixdə Qorxmaz Urxan oğlu adına çağırışın məhz saat 17:10-da olduğu göstərilmişdir. Təbii ki, 1.5-2 saat ərzində olan müddət ərzində şəxsin yaralı vəziyyətdə saxlanılmasını, həmin müddətdə onun iştirakı ilə evinə baxış keçirilməsini məhkəmə kollegiyası ağlabatan və inandırıcı hesab etmir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs özünə xəsarəti yaşayış yerinə baxış əməliyyat-axtarış tədbiri başa çatdıqdan sonra yetirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi dəlillər əsassız olmaqla cinayət işinin materialları ilə təkzib edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs evindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu və şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gəlməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələrinə də uyğundur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı ayrı-ayrılıqda üç növ, yəni narkotik vasitə heroinin, metadonun və qurudulmuş marixuananın aşkar olunması, həmçinin heroinin 15 bükümdə, metadonun isə 2 bükümdə olması, heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsi onun narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi məhkumun əməlinin hüquqi tövsifində hər hansı səhvə yol verməmişdir. Birinci instansiya məhkəməsi hökmdə göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən məhkumun CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkumun əməlinin tövsif edilməsi və ya onun barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkuma təyin edilmiş cəzaya məhkəmə kollegiyasının münasibəti: Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən (Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması) halı və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanı orta həddə təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını orta həddə təyin etmişdir və hazırki halda onun cəzasının aşağı endirilməsi, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Miqdarından və növündən asılı olmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq insanların həyat və sağlamlığına, cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərər vuran, insanların narkotik bəlasına düçar olmasına şərait yaradan şəxsin daha yüngül cəza təyin edilməsi yolu ilə islah olunması, eləcə də cəzanın məqsədlərinə nail olunması məhkəmə kollegiyasına real və inandırıcı görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını birinci instansiya məhkəməsinin təyin etdiyi həddə və real olaraq çəkməlidir ki, cəmiyyətdə sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci tarixdə cəzasını çəkib qurtarmış, həmçinin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs əvvəllər iki dəfə CM-in müvafiq maddələri ilə qəsdən cinayət törətməkdə təqsirli bilinərək məhkum edilmiş, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza (azadlığın məhdudlaşdırılması) təyin edilmiş, sonuncu dəfə o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, lakin buna baxmayaraq məhkumluğu ödənilmədən o, öz cinayətkar hərəkətlərini dayandırmamış və yenidən qəsdən ağır cinayət törətmişdir. Qeyd olunan hal məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, cinayət törədərək əvvəllər məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza təyin edilməsinə, daha sonra əfv edilməsinə baxmayaraq yenidən cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən ağır cinayət törətməsi onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Məhkum Təqsirləndirilən şəxs əməlləri cinayətlərin residivini yaratmasa belə məhkəmə kollegiyasına işin bu halı onun islah yoluna qədəm qoymadığını göstərməklə, yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «20» iyun 2023cü il tarixli, 1(100)-28/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «20» iyun 2023-cü il tarixli, 1(100)-28/2023 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-544/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-544/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver