Məhkəmə qərarları › İş №1(104)-573/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-573/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-573/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən A.E.Məmmədov, hakimlər M.M.Məmmədzadə və R.N.Ələkbərli) 7 iyun 2024-cü il tarixli, 1(100)-183/2024 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə həmin məhkəmənin 14 oktyabr 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2024-cü il tarixli, 1(100)-183/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmənin əvvəlinin şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması qərəra alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2024-cü il tarixli, 1(100)-183/2024 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi savadsızlığı, həmçinin psixoloji sarsıntı və əsəb gərginliyi keçirməsi səbəbindən qanunla müəyyən olunmuş vaxtda apellyasiya şikayəti verə bilməmişdir, hesab edir ki, həmin şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, yəni müddətin bərpa edilməsi üçün kifayət qədər əsas vardır. Hökmdən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətində göstərilən məzmunda çıxış etdilər və apellyasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etdilər ki, birinci instansiya məhkəməsinin qərarı ədalətsizdir, işin faktiki hallarına uyğun deyildir. Odur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina barədə qəbul etdiyi 14 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və verilmiş apellyasiya şikayətindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan hökm 7 iyun 2024-cü il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökmün surəti 11 iyun 2024-cü tarixli məktubla məhkuma təqdim edilməsi üçün Gəncə şəhəri 2 saylı istintaq Təcridxanasına göndərilmiş və həmin hökmün surəti onun tərəfindən 15 iyun 2024-cü tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Bundan sonra məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti 9 oktyabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittham hökmündən apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyi yalnız həbsdə olan məhkuma istisna halı göstərməklə apellyasiya şikayətinin verilməsi müddətinin hökmün verildiyi vaxdan hesablanmasını müəyyən etmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apelylasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Həmin Məcəllənin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 mart 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, məhkumun və müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar dəlillərini dinləyərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərildiyi kimi məhkumun hüquqi savadsızlığı, həmçinin psixoloji sarsıntı və əsəb gərginliyi keçirməsi apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3, 391.12 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin “Apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və (və ya) protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar