Məhkəmə qərarları › İş №1(104)-651/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-651/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-651/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xocalı Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 18 oktyabr 2023-cü il tarixli, 1(070)-2/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xocalı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(070)-2/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə aid məsələlər həll edilmişdir. Xocalı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(070)-2/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin heç bir araşdırma aparmadan yalnız ibtidai istintaq zamanı ifadə vermiş şahidlər və zərərçəkmiş şəxslərin ifadələrinə, eyni zamanda ekspert rəyinə əsaslanaraq barəsində ittiham hökmünün çıxarılmasını qeyd etmiş, bu halların nəzərə alınaraq hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xocalı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(070)-2/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxılarkən dövlət ittihamçısı şifahi vəsatət verərək birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinin pozularaq məhkəmə iclasında zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iştiraklarının təmin edilmədiyini, həmçinin dövlət hesabına təyin olunmuş müdafiəçinin digər dövlət hesabına təyin olunmuş müdafiəçi ilə əvəz edilməsinin prosessual əsaslarının müəyyən edilmədiyini, cinayət işi üzrə məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasınının təmin edilmədiyini qeyd edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, cinayət işinin birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətin dəlilləri ilə razı olduqlarını bildirdilər, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391-ci maddəsinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən CPM-in tələblərinə əməl edilib-edilməməsini yoxlayaraq proses iştirakçılarının mövqelərini dinləyərək məhkəmə kollegiyası edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xocalı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(070)-2/2023 saylı hökmü ləğv edilməli, cinayət işi birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbi pozularaq məhkəmə iclasında zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin iştiraklarının təmin edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, X5 zərərçəkmiş şəxsin hüquqi varisi, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid5, Şahid3, Şahid4, Şahid6, Akyol X9 şahid qismində tanınmışlar. Lakin, məhkəmə baxışında yalnız Təqsirləndirilən şəxs dindirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və şahidlərdən Şahid6, Şahid5, Şahid1 və Şahid3 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş, məhkəmədə isə onların ifadələri tədqiq edilmiş, iş üzrə digər şahidlərin isə ümumiyyətlə məhkəmə iclaslarında iştirakları təmin edilməmiş və dindirilməmişlər. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbyacan Respublikası CPM-nın 28.4.1-ci maddəsinə görə məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməlidirlər. CPM-in 315.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. CPM-in 32.1-ci maddəsinə görə Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə hər bir tərəf məhkəmədə təmsil olunur. Taxqet Belçikaya qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, “vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəblərini göstərsin”. Şatşaşvili Almaniyaya qarşı məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, 6-cı maddənin 3 "d" bəndinin təsbit etdiyi bu prinsipə görə təqsirləndirilən şəxs məhkum edilməzdən əvvəl adətən ona qarşı bütün sübutlar onun iştirakı ilə keçirilən açıq dinləmədə ona təqdim edilməlidir ki, o, əks arqumentini irəli sürə bilsin : - məhkəmədə iştirak etməyən və məhkəmə araşdırmasında dindirilməyən şahidin ifadələrinin sübut qismində qəbul edildiyi məhkəmə prosesinin Konvensiyanın 6-cı maddəsinin 1 və 3 "d" bəndlərinə uyğunluğunu yoxlamaq üçün üç pillədən ibarət araşdırma aparmaq zəruridir. Məhkəmə aşağıdakıları araşdırmalıdır : 1) şahidin məhkəmədə iştirak etməməsi üçün və müvafiq olaraq məhkəmədə iştirak etməyən şahidin yoxlanıla bilməyən ifadələrini sübut kimi qəbul etmək üçün əsaslı səbəb var idimi; 2) məhkəmədə iştirak etməyən şahidin ifadəsi müttəhimin məhkum olunması üçün yeganə və ya həlledici əsas idimi; 3) yoxlanıla bilməyən ifadənin sübut kimi qəbul edilməsi nəticəsində müdafiə tərəfinin üzləşdiyi çətinlikləri kompensasiya etmək və bütövlükdə götürülmüş halda məhkəmə araşdırmasının ədalətliliyini təmin etmək üçün yetərincə balanslaşdırıcı amillər, o cümlədən ciddi prosessual təminatlar var idimi. ittiham tərəfinin şahidinin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olmaması bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyi qiymətləndirilərkən digər amillərlə balanslaşdırılmalı olan və balansı 6-cı maddənin 1 və 3 "d" bəndlərinin pozuntusuna doğru dəyişə bilən mühüm amildir. -daxili məhkəmələrin müvafiq şahidin yerini müəyyənləşdirə bilməməsi və ya şahidin məhkəmə prosesinin keçirildiyi ölkədə olmaması 6-cı maddənin 3 "d" bəndinin tələblərinin təmin edilməsi üçün özlüyündə yetərli sayılmır, həmin bəndin tələbinə görə iştirakçı dövlətlər təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri dindirməsi və ya bu şahidlərin dindirilməsinə nail olması üçün pozitiv tədbirlər görməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, Şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X2rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 3 (d) bəndinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir : d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında iştiraklarını təmin etmədən məhkəmə iclaslarını keçirərək yekun məhkəmə aktı qəbul etmiş, belə olan halda, birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarından görünür ki, Goranboy rayon Vəkil Bürosunun vəkili X4 dövlət hesabına müdafiəçi qismində dəvət edilmiş, məhkəmə iclasında iştirak etmiş və təqsirləndirikən şəxsin hüquqlarının müdafiəçisi qismində məhkəmə baxışı iclasına buraxılmış, daha sonra məhkəmə iclaslarına dövlət hesabına başqa bir müdafiəçi, Yevlax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edilmiş, dövlət hesabına təyin edilmiş müdafiəçinin digər dövlət hesabına təyin edilmiş müdafiəçi ilə əvəz edilməsinin səbəbləri məhkəmə iclas protokolunda qeyd olunmamış, bununla bağlı vəkil bürosuna müdafiəçi ayrılması barədə hər hansı məktub göndərilməmiş və qərar qəbul edilməmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxsin iradəsi ilə seçilmiş müdafiəçinin digər müdafiəçi ilə əvəz edilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidlərin dindirməsi və ya bu şahidlərin dindirilməsinə nail olması hüquqlarının təmin edilməməsini, həmçinin yuxarıda qeyd edilən halları təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və beləliklə ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməsi kimi qiymətləndirir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqların qorunması, həmçinin ədalətli məhkəmə araşdırmasının təmin olunması önəmli yer tutur. CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusu hesab olunur. CPM-in 391.3.7-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. CPM-in 391.8.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8 və 391.8-1-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xocalı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(070)- 2/2023 saylı hökmü ləğv edilməli, apellyasiya şikayətinə baxılmasına xitam verilməli və cinayət işi birinci instansiya məhkəməsində məhkəmə baxışı mərhələsinə yeni baxışa təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xocalı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(070)-2/2023 saylı hökmü ləğv edilsin və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar