Məhkəmə qərarları › İş №1(104)-66/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-66/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-66/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «05» oktyabr 2022-ci il tarixli, 1(076)-198/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Şəfəq Məmmədova) «05» oktyabr 2022-ci il tarixli, 1(076)-198/2022 nömrəli hökmü ilə xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonun Təzəkənd kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 okyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbsə alınması, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə, onunla qonşuluqda yaşayan həmkəndlisi X2 məxsus Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda 14(on dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında, 02 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-in əməkdaşları tərəfindən həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 14 (on dörd) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, həm apellyasiya şikayətində, həm də apellyasiya şikayətinə əlavə də müdafiəçilər məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini, məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü işin hallarına, məhkumun şəxsiyyətinə uyğun deyildir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf edir, əməlindən səmimi peşman olmuşdur. İlk dəfədir məhkum olunur, gəncdir. Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunması, əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, gənc olması ona əsas verir ki, onun barəsində daha yüngül cəza növü təyin edilsin. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini nəzərə almamış, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayətin açılmasına köməklik göstərməsini, ibtidai istintaq zamanı səmimi olmasını da nəzərə almamışdır. Bundan başqa hökmdən görünür ki, onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud olmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsində şikayətin dəlillərini əsaslandıran məhkumun müdafiəçisi apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə göstərilən məzmunda çıxış etdi, şikayəti və ona əlavəni müdafiə edərək məhkum barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkumun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiya məhkəməsində şikayətin dəlillərini əsaslandıran məhkum apellyasiya şikayətini və ona əlavəni müdafiə etdi və barəsində olan cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını göstərərək bu halların nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, əməlindən peşmandır, gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə və ona əlavəyə etiraz edərək, şikayətin və ona əlavənin dəlillərinin əsassız olduğunu və təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların olmadığını göstərdi. Odur ki, şikayətin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin və ona əlavənin məzmunundan görünür ki, şikayətdə və ona əlavədə işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisələndirilmir, məhkum barəsində təyin edilmiş cəzanın ağır olması iddia olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkəti ona istinad edilmiş qeyd olunan maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür və bu da birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilməkdə haqlı olduğunu göstərir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və ona əlavənin dəlilləri əsasında məhkuma onun təqsirli bilindiyi maddəyə əsasən təyin edilmiş cəzanın növünə və həddinə CM-in norma və prinsiplərinin tələbləri baxımından qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi məhkuma həmin maddə ilə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasını təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları sadalamış, ağırlaşdıran halların olmadığını göstərmiş və son nəticədə Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi yolu ilə islah olunmasının mümkün olmasını qeyd etmiş, lakin məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü təyin olunması yolu ilə islah olunmasının mümkün olub-olmaması məsələsinə qiymət verilməmişdir. CM-in 58.1-ci maddəsinin son cümləsində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qanunun mənasından da göründüyü kimi, məhkəmə hökmündə şəxsə daha ciddi cəzanın təyin edilməsi əsaslandırılmalıdır. Əsaslandırma dedikdə qanun normalarının və ya işin faktiki hallarının sadəcə olaraq sadalanması başa düşülməməli, ən azından bu əsaslandırma kənar müşahidəçini qane edəcək səviyyədə olmalıdır. Yəni şəxs Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, ona nə üçün yüngül cəza təyin edilmədiyini, nə üçün ən ağır cəza təyin edildiyini açıq şəkildə görməli və bu təyin edilən cəzanın ədalətliliyi inandırıcı olmalıdır. Bu fikir CM-in 58-ci maddəsində və CPM-in 349-cu maddəsində ətraflı əks olunmuşdur. CM-in 58.3-cü maddəsindən də göründüyü kimi, məhkəmə cəza təyin edərkən 1) törədilmiş cinayətin xarakterini; 2) ictimai təhlükəlilik dərəcəsini; 3) təqsirkarın şəxsiyyətini; 4) cəzanı yüngülləşdirən və ağırlaşdıran halları; 5) təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkuma azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyini zamanı məhkum barəsində olan hallar, şəxsiyyətini səciyyələndirən hallar, törətdiyi əməlin az ağır cinayətlər kateqoriyasına aid olması və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı idi. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir rayon Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət xarakterli ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdikdən sonra istintaqın ilk günündən öz əməlini səmimi etiraf etmiş, 04 iyun 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə azadlıqda olmuş, həmin müddət ərzində heç bir hüquq pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı davranışı - əməlini etiraf edərək, əməlindən səmimi peşman olması, hüquqazidd hərəkətlərə yol verməməsi onun ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan haldır və bu hallar onu öz əməlinə tənqidi münasibət bəsləməyən, özünü məzəmmət etməyən digər məhkumlardan fərqləndirmək üçün ciddi əsasdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclaslarında məhkum Təqsirləndirilən şəxs davranışlarını, səmimi peşmançılığını və bu kimi hərəkətlərə bir daha yol verməyəcəyinə dair söz verməsini də nəzərə alır və hesab edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışları ilə əməlindən səmimi peşman olmasını nümayiş və sübut etməsi, eləcə də, yuxarıda qeyd edilən onun cəzasını yüngülləşdirən halların məcmusu cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyini zamanı düzgün nəticəyə gəlməmiş, məhkumun barəsində olan cəzanı yüngülləşdirən halları kifayət qədər dəyərləndirməmiş, onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinə adekvat cəza növü müəyyən edilməmişdir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirilərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X3 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayəti və ona əlavəsi təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təyin edilmiş cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlandığı müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəza çəkdiyi müddətdə üzərinə müəyyən vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası qeydiyyatda olduğu yer üzrə icra qurumuna həvalə edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 175, 397, 398.1.4, 399.1.5, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «05» oktyabr 2022-ci il tarixli, 1(076)-198/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 03 gün müddət və 05 oktyabr 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək həbsdə saxlandığı 03 (üç) ay 19 (on doqquz) gün müddət, cəmi 03 (üç) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təyin edilmiş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Teyyub Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar