Məhkəmə qərarları › İş №1(104)-66/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-66/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-66/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və X3 ibarət tərkibdə,m Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı2, məhkum X2 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 310-cu maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Dadaş İmanovun sədrliyi, hakimlər Roman Ələkbərli və Elmin Rüstəmovdan ibarət tərkibdə) «22» sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmü ilə xx xxxx 1996-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2, 310-cu maddələri ilə təqsirli bilinərək CM-in 178.2.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 310cu maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarı ilə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 66.5-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmənin başlanğıcının 25 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında Şahid6 vasitəsi ilə tanıdığı Tovuz rayonu, Qovlar şəhər sakini Şahid3 işə düzəlməsində köməklik göstərilməsi üçün özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid3 Dövlət Neft Şirkətində aylıq 930 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, bunun üçün verilməli olan 968 manat pul vəsaitindən 68 manatının guya dövlət rüsumu kimi, 400 manatının şirkət tərəfindən 1 illik sürücü stajı olan şəxslər işə götürüldüyünə görə “Azərsu” idarəsində tanıdığı vəzifəli şəxsə staj yazılmasına görə, qalan 500 manatının isə Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 yalandan bildirməklə sonuncu ilə razılaşmış, həmin adla 14 noyabr 2020-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Qovlar” marketində yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən Şahid3 verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid debet kartın “********************” hesab nömrəsinə 568 (beş yüz altmış səkkiz) manat, Şahid3 qardaşı Şahid4 17 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mansurov küçəsi, “Dad” marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatından qeyd olunan “********************” hesab nömrəsinə 400 (dörd yüz) manat köçürməsi nəticəsində cəmi 968 (doqquz yüz altmış səkkiz) manat pul vəsaitini əldə edərək, eyni zamanda inandırmaq məqsədi ilə Şahid3 istədiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, əmək kitabçasının şəkillərinin sonuncu tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” proqramına göndərilməsinə nail olmaqla, əldə etdiyi 968 manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus cəmi 968 (doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə qurumların cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayının sonlarında internet resurslarından istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbərliyinin 018-64-2-00-88 saylı xidməti telefon nömrəsi ilə əlaqə saxlayaraq özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı və “X4” kimi təqdim edib rəhbərliyin onunla əlaqə saxlaması üçün özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini verdikdən sonra, Sumqayıt şəhər Təhsil şöbəsinin cinayətdən xəbərsiz müdiri Şahid2 qızının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə onunla telefon əlaqəsi saxlaması nəticəsində sonuncuya eyni niyyətlə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı və “X4” kimi təqdim edərək, guya Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunduğunu, müəllimlər sırasından da namizədlər seçildiyini yalandan bildirməklə, ona uyğun namizədlər verilməsini xahiş etməsi ilə əlaqədar 1 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Şahid2 qızının vasitəsi ilə tanıdığı Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə özü ilə əlaqə saxlayan zaman sonuncuya eyni niyyətlə bir daha özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı və “X4” kimi təqdim edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunduğunu yalandan bildirdikdən sonra sonuncunun, övladı Şahid5 işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar həmin şəxsə guya işlədiyi Baş Prokurorluğun daxilində fəaliyyət göstərən “İmtahan mərkəzi”ndə yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək, Şahid1 övladı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan regional idarəsinə mətbuat işçisi kimi imtahanda iştirak etmədən işə götürülməsinə nail olacağını yalandan vəd verib, həmin adla 2 fevral 2022-ci il tarixdə Şahid1 Sumqayıt şəhəri, 26-cı məhəllə, “Oba Sumqayıt” marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-nin “52136*******8373” saylı debet kart hesabına, “********************” hesab nömrəsinə 2.500 manat pul vəsaitini göndərməsinə nail olub həmin pul vəsaitini əldə edərək, habelə inandırmaq məqsədi ilə Şahid1 qızı Şahid5 aid istədiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, diplomun, əmək kitabçasının və kompüter təlim kursu ilə bağlı sertifikatın şəkillərinin sonuncu tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” proqramına göndərilməsinə də nail olmaqla, əldə etdiyi 2.500 manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək işinə yenidən və ədalətlə baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona ən yüksək hədlərdə cəza təyin etmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Himayəsində xəstə və baxıma ehtiyacı olan İ dərəcə əlil anası vardır. Azərbaycan gənci olaraq törətdiyi əməldən peşmandır və səmimi peşmanlığını ifadə edir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsində iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, şikayətin təmin edilərək ona həmin maddələrin sanksiyası həddində yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Qeyd etdi ki, əməlin hüquqi tövsifi, həmçinin təyin edilmiş cəza ədalətlidir. Məhkumun əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür. Birinci instansiya məhkəməsi cəza təyin edərkən də məhkumun şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməklə, CM-in 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs həmin maddə ilə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirdi və CM-in 75-ci maddəsinin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası ilk öncə CPM-in 397-ci maddəsinin tələblərini nəzərə alaraq məhkuma CM-in 178.2.2-ci maddəsi ilə verilmiş ittihamla bağlı aşağıdakıları qeyd edir: Həmin ittihamla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs iki müstəqil dələduzluq (CM-in 178.1-ci maddəsi) cinayət əməlinin törədilməsində təqsirləndirilmiş və həmin əməlləri təkrarlıq yaratdığından əməli CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı müddəaların hər bir cinayətə münasibətdə müddətlərin müstəqil hesablandığı nəzərə alaraq məhkəmə kollegiyası onu qeyd edir ki, CM-in 178.1-ci maddəsinin sanksiya hissəsində isə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxslərin min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci əməl üzrə (Şahid3 qarşı törədilmiş cinayət əməli) cinayət hadisəsi 2020-ci ilin noyabr ayında, ikinci əməl üzrə (Şahid1 qarşı törədilmiş cinayət əməli) cinayət hadisəsi 2022-ci ilin fevral ayında törədilmişdir. Həmin dövr üçün qüvvədə olan CM-in müvafiq maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri hər iki epizod üzrə keçmişdir. CM-in 15.2-ci maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 15 mart tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs iki ayrı dələduzluq əməli (CM-in 178.1-ci maddəsi) törətmiş, onun hər iki əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda keçmişdir. CPM-nin 39.1-ci və 39.1.3-cü maddələrində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçnin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığ ilə xitam verilməsi barədə məhkəmə qərar çxarmağa haqlıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi barədə ərizəsi nəzərə alınaraq həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda, bu xüsusatla əlaqədar dövlət ittihamçısı da cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə CM-in 178.2.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etmiş və CM-in 75-ci maddəsinin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək 2 (iki) il müddət keçdiyindən Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsinə dair hissədə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli, hökm dəyişdirilərək, hökmdən Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə cəza təyininə dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-in 310-cu maddəsi ilə təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın azaldılması, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəza növünün təyin edilməsi, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma CM-in 310-cu maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(102)-405/2024 saylı qərarından görünür ki, həmin qərarla məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmiş, qərardan Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə cəza təyininə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs CM-in 310-cu maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplamaq yolu ilə qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(102)-405/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmü ilə CM-in 310-cu maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» sentyabr 2023-cü il tarixli, 1(100)- 47/2023 nömrəli hökmü dəyişdirilsin. Dövlət ittihamçısının imtinası qəbul edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» sentyabr 2023-cü il tarixli, 1(100)-47/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cəza təyin olunmasına və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(102)-405/2024 saylı qərarı ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar