Məhkəmə qərarları › İş №1(104)-75/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-75/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-75/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin «20» oktyabr 2022-ci il tarixli, 1(058)-37/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova) «20» oktyabr 2022-ci il tarixli, 1(058)-37/2022 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü ildə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla onun qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyul 2022ci il tarixdən 16 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün həbsdə olduğu müddət günə gün hesablanmaqla üzərində qəti olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 28 iyul 2022-ci il tarixdən hesablanması, CM-nin 93-1-ci maddəsi tətbiq edilməklə onun cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi, onun Gəncə şəhər Narkoloji Dispanserində profilaktiki qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 335.65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, 1(bir) ədəd göy rəngli, üzərində “LEVİS”sözü yazılmış sellofon paketdə daşıyaraq saxlamış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 14 iyul 2022-ci il tarixdə saat 18:15-də Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Samux rayon Qarayeri qəsəbəsində, kənd arasında “Qarayerinin kruqu” adlanan ərazidə saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib əlində saxladığı 1(bir) ədəd göy rəngli, üzərində “LEVİS” sözü yazılmış sellofan paketə video-çəkilişlə şəxsi axtarış aparılan zaman həmin 1(bir) ədəd göy rəngli, üzərində “LEVİS” sözü yazılmış sellofan paketdə qəsdən satış məqsədi olmadan əldə edib daşıyaraq saxlamış olduğu 335.65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəl 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Samux Rayon Məhkəməsi həmin cəza ilə hazırki cəzasını toplayaraq ona 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Onun işinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Apellyasiya məhkəməsində iştirak edən məhkum apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və cəzasının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Göstərdi ki, narkotik vasitələrdən yeni istifadə etməyə başlamışdır. Hazırda özünü məzəmmət edir, törətdiyi cinayət əməlindən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sənədlərin məcmuyu ilə sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkum Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Məhkum Təqsirləndirilən şəxs cinayət əməli özünün verdiyi qismən etirafedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmamasını və cəzasını ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Bu zaman birinci instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs əməlinin sübuta yetirilməsi və tövsifi məsələlərində, eləcə də təyin ediləcək cəzanın növünü müəyyən edərkən düzgün hüquqi nəticəyə gəlsə də, ona təyin edilmiş cəzanın həddi məsələsində CM-in 8, 41 və 58-ci maddələrinin tələblərini kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə uyğun olmamaqla ədalətsiz cəzadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "CM-in 48-ci maddəsinin Azərbaycarn Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2004-cü il tarixli qərarında göstərildiyi kimi cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən ən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. CM-in 41.1ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət - hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan cəzanın ədalətliliyi, mütənasibliyi və fərdiləşdirilməsinin mümkünlüyü qanunverici tərəfindən müəyyənləşdirilmiş cəza sistemi daxilindəki cəza növlərinin dairəsi ilə əlaqəlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən məhkəmələr hər bir konkret halda təqsırləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhz edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum özünün davranışları, səmimi peşmançılığını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməllərinə görə cinayət əməllərini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayətlərin məcmuyu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın həddinin aşağı endirilməsi qanunamüvafiqdir və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır və bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkumun ailə vəziyyətini, şəxsiyyətini, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətinin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Samux Rayon Məhkəməsinin «20» oktyabr 2022-ci il tarixli, 1(058)-37/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın həddi aşağı endirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin «20» oktyabr 2022-ci il tarixli, 1(058)-37/2022 nömrəli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə, cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin «20» oktyabr 2022-ci il tarixli, 1(058)-37/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə, məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar