Məhkəmə qərarları › İş №1(104)-76/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-76/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-76/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(062)-42/2022 saylı hökmü ilə (sədrlik edən Z.A.Hünmətov) xx.xx.1987-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, işsiz, əvəllər məhkum olunmamış, Tovuz şəhəri, H.Aslanov küçəsi, ev 83-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 ay azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulması qaydası ilə hesablanmaqla, 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərində elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyarta alınması; xx.xx.1984-cı ildə Tovuz rayonu Qazqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, Qazqulu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərində elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyarta alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X3 tərəfindən apellyasiya protesti verilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmuş və o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 1 büküm 0,785 qram xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamış və daşımış, şəxsiyyəti istintaqa məlum olmayan «Maqa» ləqəbli şəxdən 38 manat pul qarşılığında alaraq 1 büküm 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 verməklə vasitəçilik etmiş, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Tovuz rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə baxış zamanı əynində olan şalvarın arxa sol cibindən 1 büküm 0,785 qram xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, ona görə ki, o, 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Tovuz şəhəri, Sabir küçəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış 0,176 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımış, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Tovuz rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 büküm kustar üsulla hazırlanmış 0,176 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X3 apellyasiya protestində hökmün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “məhkəmənin mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, narkotik vasitə üçün Təqsirləndirilən şəxs2 ona 38 manat pul vermiş və o, da 35 manata narkotik vasitəni almış, qalan 3 manatı isə qazanc kimi özünə götürmüşdür. Cinayət işinin 28-ci səhifəsində olan Təqsirləndirilən şəxs1 Tovuz rayon X8 Bölməsinə verdiyi izahatından görünür ki, Coşqun 02 noyabr 2021-ci ildə Tovuz şəhəri Həzi Aslanov küçəsində olan zaman tanışı Kənan ilə rastlaşmış, Kənan ona ağrılarının olmasını bildirərək ona heroin tapmasını xahiş etmiş, o isə «Maqa» adlı şəxsin 40 manata heroin satışı ilə məşğul olduğunu bildirmiş, o «Maqa»ya zəng etmiş, «Maqa»ya tanışının 35 manatının olmasını demiş, «Maqa» həmin qiymətlə razılaşmış, «Maqa»ya həmin pulu verərək heroini ondan götürüb Kənana vermişdir. Cinayət işinin 67-ci səhifəsində olan Təqsirləndirilən şəxs2 Tovuz rayon Polis Şöbəsinin rəisinin adına verdiyi izahatdan görünür ki, 02 noyabr 2021-ci ildə Coşqun onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edib hər çeti 20 manata heroin olmasını bildirmişdir. O da ona heroin gətirməsini xahiş etmiş və 40 manat verməli olduğu halda iki çeti 38 manata razılşamışlar. Coşqun gedib təxminən 10 dəqiqə keçəndən sonra tanımadığı nömrə ilə zəng edərək onu həmin yerə çağırmışdı. O da onun yanına gəlib onunla görüşmüşdü. Coşqun ona siqaret falqasına bükülmüş bir çet heroin verdi. Həmin heroini əynində olan göy rəngli cins şalvarının cibinə qoyub istifadə ertmək üçün saxladı.Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etdilər. Yuxarıda qeyd olunan sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni ona 38 manat pul müqabilində Təqsirləndirilən şəxs1 satmışdır. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərkən istinad edilmiş digər əsəs narkotik vasitə olan heroini «Maqa» adlı şəxsdən Kənana vermək üçün götürməsi və «Maqa» adlı şəxsin telefon nömrəsini xatırlmayaraq evdə kağıza qeyd etməsini, istintaq zamanı həmin nömrənin Coşqunun evindən götürülməsi təmin edilməmisini və «Maqa» ləqəbli şəxsin kimliyinin müəyyən edilməsinə yetərincə səy göstərilməməsi olmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 «Maqa» adlı şəxsdən heroin alması barədə ifadə verməsini və heroini «Maqa»dan almasına dair dəlillər irəli sürməsini CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmək məqsədi ilə özünü müdafiə xarakterli olması kimi qəbul edib qiymətləndirməmiş və Təqsirləndirilən şəxs1 satış məqsədilə istintaqa məlum olmayan şəxsdən əldə etdiyi heroinin sonuncu tərəfindən müxtəlif mənbələrdən əldə edilməklə Təqsirləndirilən şəxs2 təqdim edilə bilməsini nəzərə almamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamış və nəticədə ona yüngül cəza təyin etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmiş, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilməməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamışdır”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin dəlilləri ilə əsassız olduğundan razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və ədalətli nəticəyə gəldiyini göstərib, apellyasiya protestinin təmin olunmadan, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X4 da apellyasiya protestinə münasibət bildirərək, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri və birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, tədqiq olunmuş ekspert rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə onların Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onların həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını, habelə məhkum edilmiş şəxslərin ifadələrini dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestinin dəlillərində və ittiham tərəfinin çıxışında əməlin hüquqi tövsifi mübahisələndirildiyindən Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilk növbədə apellyasiya protestinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətraflı dindirilmiş, onların məhkəmə iclasında verdiyi ifadələrlə məhkəməyədək icraatda verdikləri ifadələr arasında ziddiyət olduğundan məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Ona istifadə üçün narkotik vasitə lazım olduqda həmin narkotik vasitəni ««Maqa»» kimi tanıdığı Qazax rayon sakinindən almışdır. Kənan ona ağrılarının olduğunu bildirmiş və ondan ona narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Kənana tanışının olmasını bildirərək, tanış ilə əlaqə saxladıqdan sonra ona bir xəbər deyəcəyini söyləmişdir. «Maqa»dan tanışına təcili narkotik vasitə olan “heroin” lazım olduğunu demişdir. «Maqa» da ona Qazax rayonunda olmasını, 40 manat gətirdikdən sonra ona heroin verə biləcəyini bildirmişdir. O «Maqa»ya tanışının 35 manatının olduğunu demiş, «Maqa» da ona problemin olmadığını demişdir. O Kənana zəng edərək ondan 35 manat pulu almış, Tovuz şəhərində «Maqa» ilə görüşərək ona 35 manatı vermiş və heroini alaraq Kənana vermişdir. Həmın vaxt «Maqa» ona bir sellofan bükümdə narkotik vasitə olan tiryəki də pay vermiş, o da tiryəki özü üçün istifadə etmək məqsədilə götürmüşdür. O polis şöbəsində bildirmişdir ki, əynində olan qəhvəyi rəngli klassik şalvarın arxa sol cibindən aşkar edilən sellofanda olan kütlə narkotik vasitə hesab edilən tiryəkdir və həmin tiryəki o xx.xx.2021-ci ildə Qazax rayon sakini «Maqa» adlı şəxsdən 35 manata Kənana “heroin” alan zaman pay vermişdir. İstintaqda 3 manatın qazanc şəklində verilməsinə dair ifadə verməmişdir. Həmin sözlər onun sözləri ilə yazılmamışdır. 3 manatın qazanc şəklində olmasına dair ifadə ona görə əlavə edilib ki, narkotik vasitənin satışı zamanı onun da mənfətinin olması görünüşü yaransın. O, ilkin izahatlarında da narkotik vasitə olan heroinə görə «Maqa»ya 35 manat pul verilməsini bildirmişdir. Onun telefon nömrəsinin evdə olmasını bildirsə də, həmin nömrənin evdən götürülüb ona gətirilməsi təmin edilməmişdir. Barəsində 3 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edildikdən sonra o, evdən telefon nömrəsini axtarsa da, tapa bilməmişdir. Həmin nömrə evdəkilər tərəfindən atılmışdır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Coşquna bədəninin ağrıması ilə bağlı bildirmiş və ona narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir. 02 noyabr 2021-ci ildə Coşqun ***-***-**-** mobil nömrəsindən istifadəsində olan (051) ***-**-** mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə olan heroin tapa biləcəyini demişdir. O da bundan əvvəl Coşqundan narkotik vasitə aldığı üçün razılıq vermiş və bildirmişdir ki, 35 (otuz beş) manat pulu çatdıracaq və Coşqunda ona narkotik vasitə heroin təşkil edəcəkmiş və razılaşıb Tovuz şəhərində Sabir küçəsində yerləşən piyada keçidinin yaxınlığında görüşsünlər. Danışıqdan təxminən 1 saat sonra o, Coşqunla görüşmək üçün Tovuz şəhəri Sabir küçəsində yerləşən piyada keçidinin yaxınlığına getmişdir. Piyada keçidinin üzü dəmiryolu vağzalı istiqamətində olan çıxışında Coşqunla görüşmüşdür. O, 35 manat pulu Coşquna vermiş, o da ondan həmin pulu alıb orada gözləməyini bildirmişdir. Coşqun ondan ayrılıb üzü Tovuz şəhərində yerləşən Rus məktəbi istiqamətində getmişdir. Lakin Coşqun ona narkotik vasitə olan heroini kimdən alacağını deməmişdir. O, Coşqunu piyada keçidinin çıxışında gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Coşqun onun yanına qayıtmışdır. Coşqun ona 1 büküm vermiş və içərisində narkotik vasitə heroin olduğunu demişdir. O, həmin bir bükümü alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O və Coşqun piyada keçidinə daxil olub birlikdə keçidi digər tərəfə keçmək istəmişlər. O, keçidin digər tərəfinə keçib keçiddən çıxdıqda bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışdır. Bu vaxt Coşqun həmin şəxslərin polis əməkdaşları olduğundan şübhələndiyi üçün qaçıb getmişdir. Həmin mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, yəni qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirmişlər. Tovuz rayon Polis Şöbəsinə aparılmış və üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmədən himayəsində 3 az yaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələr ilə məhkəməyədək icraatda verdikləri ifadələr arasında ziddiyət olduğundan məhkəmə tərəfindən onların məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdikləri ifadələrini təsdiq edərək, həmin ifadəyə uyğun ifadə verdilər. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, Narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadə üçün narkotik vasitə lazım olduqda həmin narkotik vasitəni Maqa kimi tanıdığı Qazax rayon sakinindən almışdır. Maqa tez-tez Bakıya gedib-qayıdırmış. Kənan adlı tanışı da narkotik vasitələrdən istifadəçi olmuş və onunla birlikdə bir neçə dəfə narkotikdən istifadə etmişlər. Hadisə günü tutulmamışdan bir neçə saat qabaq Kənanla rastlaşmış, Kənan ağrılarının olduğunu bildirmiş və ona nakotik vasitə təşkil etməyi xahiş etmişdir. Kənana tanışının olmasını bildirərək, tanışı ilə əlaqə saxladıqdan sonra bir xəbər deyəcəyini bildirmişdir. Kənan üstündə cəmi 35 manat olduğunu demişdir. Kənan alacağı narkotikdən istifadə üçün ona da verəcəyinə güman etmişdir. Kənandan ayrıldıqdan sonra Tovuz şəhərində tanımadığı bir şəxsdən xahiş edib onun mobil telefonunu alıb, Maqadan tanışına təcili narkotik vasitə olan “heroin” lazım olduğunu demiş, Maqa Qazax rayonunda olmasını, heroini 40 manata verəcəyini bildirmişdir. Maqaya 35 manat olduğunu dedikdə Maqa da problemin olmadığını, bir qədər sonra Tovuz şəhərindən keçəcəyini bildirmiş, avtovağzalda görüşəcəklərini demişdir. Bundan sonra tanımadığı bir şəxsin telefonundan Kənana zəng edərək, narkotik tapdığını demiş və pulu almaq üçün Tovuz şəhəri Sabir küçəsindəki piyada keçidinin yanında görüşməyə razılaşmışlar. Sonra həmin yerdə görüşüb ondan 35 manat pulu almış və narkotiki aldıqdan sonra burada görüşüb narkotiki ona verəcəyini demişdir. Tovuz avtovağzalına getmiş, orada artıq onu gözləyən Maqa ilə görüşərək, 35 manat pulu verib, heroini almışdır. Həmın vaxt Maqa bir sellofan bükümdə narkotik vasitə olan tiryəki də pay vermiş, tiryəki özünün istifadə etməsi məqsədilə götürmüşdür. Sonra Tovuz şəhəri Sabir küçəsindəki piyada keçidinin yanına gedərək, narkotik vasitəni Kənana vermişdir. Bir-iki dəqiqə keçmiş- yeni aralananda onu polis əməkdaşları tutmuşlar. Bir az sonra Kənanın da tutulduğunu bilmişdir. Polis şöbəsində bildirmişdir ki, əynindəki şalvarın arxa cibindən aşkar edilən sellofanda olan kütlə narkotik vasitə tiryəkdir və həmin tiryəki həmin gün, yəni xx.xx.2021-ci il tarixdə Qazax rayon sakini Maqa adlı şəxsdən 35 manata Kənana “heroin” alan zaman Maqa tərəfindən pay kimi verilmişdir. Bunu üzərində axtarış aparılanda da, izahat verəndə də, rayon məhkəməsində də demişdir. Üzərində axtarış aparılarkən videoçəkiliş aparılmışdır. Müstəntiq narkotik vasitənin onun tərəfindən Kənana satmasını deməyə dəfələrlə məcbur etsə də, o, narkotiki Kənan verdiyi pula Maqadan aldığını bildirmişdir. Maqanın telefon nömrəsinin yadında qalmadığını, lakin həmin nömrəni yazdığı kağızın evdə olmasını dəfələrlə bildirsə də, müstəntiq həmin nömrənin evdən götürülüb gətirilməsi üçün heç nə etməmişdir. İstintaqda 3 manatın qazanc şəklində verilməsinə dair ifadə verməmiş, həmin sözlər onun dediklərindən yazılmamışdır. Müstəntiq onu narkotik satıcısı kimi məhkəməyə vermək üçün belə yazmışdır. Əgər müstəntiq Maqanı tapsa idi, bunu etməzdi. İlkin izahatlarında da heroinə görə Maqaya 35 manat pul verilməsini bildirmişdir. Onda pul olmamış, taksi ilə getmişdir. Ola bilsin ki, Kənan ona 38 manat verib, o da 3 manatı taksiyə vermişdir. Kənan ona pulu verəndə saymamış, 35 manat olduğunu hesab etmişdir. Kənan verdiyi puldan qazanc götürməmişdir. Polis onu tutanda üzərində pul olmamışdır. Üzərimə axtarış keçirilərkən videoçəkiliş aparılmış, üstündən bir büküm tiryəkdən başqa heç nə aşkar olunmamış, nə telefonu, nə də bir qəpik pulu olmuşdur. Hec kəsə narkotik satmamışdır. Özü mobil telefon işlətmədiyinə görə Maqanın telefon nömrəsini kağıza yazıb evə qoymuş, lazım olanda baxıb Maqaya zəng etmişdir. Barəsində seçilmiş həbs polisin nəzarəti altına vermə ilə əvəz edildikdən sonra evdən Maqanın telefon nömrəsini axtarsa da, tapa bilməmişdir. Həmin nömrə yazılmış kağızı evdəkilər atmışdılar. Üzərində axtarış aparılan zamanı və ya ondan əvvəl ona qarşı həmin vaxt təzyiq-təsir olmamışdır. Yalnız axtarış zamanı orada rəhbərlik edən polis işçisi ona sözünü deməyə imkan verməmiş, Kənan verdiyi pula Maqadan heroin alıb Kənana verməsini bildirəndə, həmin polis işçisi hər dəfə sözünü kəsib soruşmuşdur: “Kənana satdın?” O yenə həmin sözlərini deyəndə polis də öz fikrini təkrarlamışdır. Təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsi baxışında verdiyi ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Tanışı Coşqunun da hərdən-bir narkotik qəbul etdiyini bilmiş, bir neçə dəfə onunla birlikdə narkotik qəbul etmişlər. 02 noyabr 2021-ci ildə hadisə günü tutulmamışdan bir neçə saat əvvəl Tovuz şəhərində Coşqunla rastlaşanda ona bədəninin ağrıması ilə bağlı bildirmiş və narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir. Bir qədər sonra Coşqun ***-***-**-** mobil nömrəsindən onun (051) ***-**-** mobil nömrəsinə zəng edərək ona narkotik vasitə heroin tapa biləcəyini demiş, Coşquna 35 (otuz beş) manat pulu çatdıracağını bildirmiş və Tovuz şəhərində Sabir küçəsindəki piyada keçidinin yaxınlığında görüşməyə razılaşmışlar. Təxminən 1 saat sonra Coşqunla görüşmək üçün Tovuz şəhəri Sabir küçəsində yerləşən piyada keçidinin yaxınlığına getmiş, piyada keçidinin üzü dəmiryolu vağzalı istiqamətində olan çıxışında Coşqunla görüşmüşdür. 35 manat pulu Coşquna vermiş, o da həmin pulu alıb orada gözləməyini bildirmişdir. Yadından cıxıb- ola bilsin ki, Coşquna 38 manat pul vermişdir. Coşqun ayrılıb Tovuz şəhərində yerləşən Rus məktəbi istiqamətində getmiş, heroini kimdən alacağını deməmişdir. Coşqunu piyada keçidinin çıxışında gözləmiş, təxminən 15-20 dəqiqə sonra Coşqun qayıdıb, 1 büküm verərək, içərisində heroin olduğunu demişdir. Bükümü alıb əynindəki cins şalvarın cibinə qoymuş, piyada keçidinə daxil olub birlikdə keçidi digər tərəfinə keçib keçiddən çıxdıqda bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşmışlar. Coşqun həmin şəxslərin polis əməkdaşları olduğundan şübhələndiyi üçün qaçıb getmişdir. Həmin şəxslər yaxınlaşıb özlərini polis kimi təqdim etdilər və onu Tovuz rayon Polis Şöbəsinə aparmışlar. Orada üzərində şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin heroini Coşqunun onun pulu ilə kimdənsə alıb verdiyini bildirmişdir. Coşqun narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotiki kimdənsə almışdır. Coşqunun mobil telefonu olmamışdır. Coşqunun ondan pul alıb onun üçün narkotik almaqda heç bir marağı olmamışdır. "xxxx" MMC-dən verilmiş məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17.50-də ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə bir dəfə zəng daxil olmuşdur ki, bu da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon əlaqələrinə dair göstərdiklərini təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Apellyasiya protestində qeyd olunmuşdur ki, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə deyil birinci instansiya məhkəməsində verdiyi ifadəsini əsas götürməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, narkotik vasitə üçün Təqsirləndirilən şəxs2 ona 38 manat pul vermiş və o, da 35 manata narkotik vasitəni almış, qalan 3 manatı isə qazanc kimi özünə götürmüşdür. Məhkəmə kollegiyası protestin həmin dəlilini əsassız sayaraq qeyd edir ki, protestin həmin dəlillərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışlarında verdikləri ifadələri, habelə onların hər ikisinin üzərində ayrı-ayrılıqda aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videoçəkilişlə müəyyən təkzibedici cavablar verilmişdir. Belə ki, narkotik vasitəni Təqsirləndirilən şəxs2 çatdırandan az sonra Təqsirləndirilən şəxs1 polis tərəfindən yaxalanmış, lakin onun üzərindən axtarış zamanı nəinki 3 manat, ümumiyyətlə, pul aşkar olunmamışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs1 Maqa adlı şəxsdən aldığı heroini 35 manata Kənan adlı şəxsə satmasını bildirməsi qeyd edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid-polis əməkdaşı X6 ifadəsində həmin xüsusatı təsdiq etmişdir. Lakin həmin istintaq hərəkətinin videoçəkilişinə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən tiryək aşkar olunarkən həmin narkotik vasitənin ona Maqa adlı şəxsdən tanışı Kənan üçün 35 manata heroin alarkən Maqanın verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Kənana narkotik vasitə satdığını deməmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış apararkən Tovuz RPŞ-nin təhqiqatçısı R.Əliyev prosessual qaydaları pozaraq, Təqsirləndirilən şəxs1 sərbəst izahat verməsinə mane olmaqla, sonuncuya dəfələrlə “satdın?”, “neçəyə satdın?” kimi istiqamətverici suallar verir, Təqsirləndirilən şəxs1 həmin suallara etirafedici cavab verməsini təkid edir. Lakin Təqsirləndirilən şəxs1 heroini Kənanın verdiyi 35 manata Maqadan aldığını və Kənana verdiyini bildirir, təhqiqatçının onun izahatını hər dəfə kəsərək, narkotik vasitənin satışına dair etiraf gözləsə də, Təqsirləndirilən şəxs1 tanışı Kənana narkotik vasitə satması barədə isə heç nə bildirmir. Həmin videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən yalnız içərisində narkotik vasitə olan bir büküm aşkar olunmuş, digər heç bir əşya, o cümlədən mobil telefon və pul aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etmək üçün aldığı pulun 3 manatını özünə götürməsi faktı təsdiq olunmamışdır. Protestin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə Təqsirləndirilən şəxs1 «Maqa» adlı şəxsdən heroin alması barədə ifadə verməsini və heroini «Maqa»dan almasına dair dəlillər irəli sürməsini CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmək məqsədi ilə özünü müdafiə xarakterli olması kimi qəbul edib qiymətləndirməmiş və Təqsirləndirilən şəxs1 satış məqsədilə istintaqa məlum olmayan şəxsdən əldə etdiyi heroinin sonuncu tərəfindən müxtəlif mənbələrdən əldə edilməklə Təqsirləndirilən şəxs2 təqdim edilə bilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərində axtarış zamanı verdiyi izahatında, habelə 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində, 04 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə əvvəllər istifadə etmək üçün narkotik vasitəni Qazax rayon sakini “Maqa” ləqəbli şəxsdən aldığını, 02 noyabr 2021-ci il tarixdə də “Maqa”dan öz tanışı Təqsirləndirilən şəxs2 üçün 35 manat müqabilində 1 büküm narkotik vasitə heroin alıb sonuncuya çatdırdığını, “Maqa”nın onun özünə isə hədiyə kimi bir büküm tiryək verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanıldığı andan “«Maqa»” ləqəbli şəxsin mobil telefon nömrəsini xatırlamadığını, lakin həmin nömrəni kağız parçasına yazıb yaşadığı evdə saxladığını bildirsə də, istintaq orqanı tərəfindən həmin nömrə yazılmış kağızın götürülməsi üçün təxirəalımaz tədbirlər keçirilməmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılmamışdır. İbtidai isrintaq orqanı yalnız hadisədən 6 gün sonra- 08 noyabr 2021-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə əməliyyat tapşırığı göndərərək, “Maqa” adlı şəxsin və digərlərinin müəyyən edilməsi tapşırığını vermişdir. Halbuki bu istintaq hərəkətlərinin yerinə yetirilməsi məhz müstəntiqin vəzifə borcu olmuşdur. Qeyd olunan əməliyyat tapşırığı üzrə heç nə müəyyən edilməmiş, tapşırıq kağız üzərində qalmışdır. Bununla, narkotik vasitələrin satışı ilə məşğul olması güman edilən “«Maqa»” ləqəbli şəxsin və digərlərinin müəyyən olunaraq ifşa edilməsi, məsuliyyətə cəlb olunması, iş üzrə obyektiv qərar qəbul olunması üçün ibtidai istintaq tam və hərtərəfli aparılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar olunmasına, onun Təqsirləndirilən şəxs2 da narkotik vasitə verməsinə baxmayaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən istintaq hərəkəti, yəni Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitələrin saxlanılmasını müəyyən etmək məqsədilə də axtarış aparılması təmin edilməmişdir. Bundan əlavə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroini Təqsirləndirilən şəxs1 38 manata aldığını bildirməsi qeyd edilmişdir. Lakin həmin istintaq hərəkətinin videoçəkilişinə baxış zamanı müəyyən olunmuşdur ki, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroini ona 38 manat müqabilində Təqsirləndirilən şəxs1 verdiyini, Coşqunun özünün narkotik satışı ilə məşğul olmamasını, narkotiki kimdənsə almasını bildirir. Lakin axtarışı aparan təhqiqatçı buna əhəmiyyət vermir. Təqsirləndirilən şəxs2 həmin göstərdikləri xüsusatlar “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokolda qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri arasındakı narkotik vasitəyə sərf edilmiş xərclə bağlı ziddiyyətlərin araşdırılıb aradan götürülməsi üçün ibidai istintaq orqanı zəruri tədbirlər görməmiş, müvafiq üzləşdirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq yuxarıda şərh olunan şübhələri Təqsirləndirilən şəxs1 xeyrinə təfsir etmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək, belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitənin satışı ilə məşğul olması, habelə digər şəxsdən narkotik vasitə alaraq, K.Qasomova verməklə, hər-hansı mənfəət əldə etməsi təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrinin tələblərinə əməl edilərək, məhkumun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, əvvəllər məhkum edilməmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəzanın məqsədlərini təmin edən həddə azadlığın məhdudlaşıdırlması növündə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(062)-42/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(062)-42/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar