Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-79/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(125)-184/2022 saylı hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(125)-184/2022 saylı hökmü ilə (sədrlik edən Zaur Hüseynov) xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli,fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında dərhal həbsə alınması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(125)-184/2022 saylı hökmündən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona azadlıqdan məhrumenmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs2, məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,731 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsininəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 12 iyul 2022-ci il tarixdə saat 19:00-da Gəncə şəhəri, T.Arani küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və onunüzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən birədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,731 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan, onun ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, o ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, əvvəllər məhkum olunmamış, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, özünü təqsirli bilmiş, həmçinin himayəsində azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Göründüyü kimi məhkəmə onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də ona azadlıqdan məhrumenmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, əvvəllər məhkum olunmamış, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, himayəsində azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan daha yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona daha yüngül cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əməli CM-nın 234.1-ci maddəi ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunan cəzanı yüngülləşdirən halların nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(125)-184/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(125)-184/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-79/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-79/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver