Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-8/2023 19.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu, Həsənov İslam Telman oğlunun Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Goranboy Rayon Məhkəməsinin «17» fevral 2021-ci il tarixli, 1(045)-15/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(045)-15/2021 saylı hökmü ilə (sədrlik edən İsmayıl Abdurəhmanlı) xx xxxx 1992-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, faktiki olaraq 09 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək müddətdə şübhəli şəxs qismində 02 (iki) gün tutulması nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan Sabirabad rayonu Qaratəpə kəndi ünvanında yerləşən yaşayış yerini dəyişdirməmək, ünvan 2i ünvanında yerləşən yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsinin, həmçinin yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək barədə əlavə vəzifələrin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin onun İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə həmçinin X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmişdir. Hökmdən məhkum X5 barəsində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının sonlarında dəqiq məlum olmayan gündə Sabirabad rayonu Qaratəpə kəndində yolun kənarında olan su arxının yanından taparaq şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq çəkidə çəkidə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,290 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,592 qram və 1 ədəd kibrit qutusunda 2,542 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özünə məxsus olan kürək çantasına və gödəkcəyə yerləşdirib qanunsuz olaraq daşımış, 09 oktyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı-Qazax magistral yolunun 338-ci kilometrliyinin Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində "xxxx" MMC-dən etibarnamə əsasında götürülmüş, idarə etdiyi Vaz 21214 markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmasından sonra Goranboy RPŞ-nin əməkdaşları tərəfindən olduğu Goranboy rayonu Qaradağlı kəndi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilmiş, onun idarə etdiyi Vaz 21214 markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağının üzərində ona məxsus yaşıl, qəhvəyi və qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3, 290 qram və qara rəngli kürək çantasının ön tərəfinin aşağı hissəsində olan seplə bağlanmış yerdən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,592 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,542 qram, ümumi təmiz çəkisi 9, 424 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(045)-15/2021 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş X6 apelyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs aid hissədə cinayətlərin residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ İdarəsindən alınmış tələbnamədə göstərilən məlumatlardan, hökmün surətindən və Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 187 nömrəli məktubdan göründüyü kimi Cəfərov X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 1 (056)-22/2016 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 29, 232.1-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, CM-in 66.3-cü maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum e-dilmiş, 16 iyun 2016-cı il tarixdə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtarmış, cəriməni tam şəkildə dövlət büdcəsinə ödədiyi üçün 12 fevral 2019-cu il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da, qeyd olunan hökm üzrə CM-in 66.3.-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 3000 manat cərimə cəzasını 12 fevral 2019-cu ildə tam icra etiyinə görə onun məhkumluğu 12 fevral 2021-ci ilə ödənilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırki hökm üzrə 09 oktyabr 2020-ci ildə qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi vardır. Beləliklə, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməməklə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını müəyyən etməmiş və nəticədə ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmək qənaətinə gəlmişdir. Ona görə də hökmün Təqsirləndirilən şəxs aid hissədə cinayətlərin residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 1(104)-233/2021 saylı qərarına əsasən apellyasiya protesti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(045)-15/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 1(104)-233/2021 saylı qərarının ləğv edilməsini və cinayət işinin yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 1(102)- 82/2022 saylı qərarına əsasən kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 1(104)-233/2021 saylı qərarı ləğv edilmiş, cinayət işi yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və hökmün Təqsirləndirilən şəxs aid hissədə cinayətlərin residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən məhkum apelyasiya protestinə etiraz etdi, protestin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, törətdiyi əməldən peşmandır, ötən müddət ərzində həyat tərzi müsbət istiqamətdə dəyişmişdir.. Odur ki, apelyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apelyasiya protestinə etiraz etdi, apelyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya şikayətinə və ya apelyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestində məhkumun əməlinin cinayətlərin residivini yaratması, bu halın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması və buna görə də məhkuma təyin edilmiş cəzanın yüngül olması, eyni zamanda əvvəlki hökmlə (qərarla) cəzanın birləşdirilməsi zamanı səhvə yol verilməsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 187 nömrəli məktubdan göründüyü kimi Cəfərov X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 1 (056)- 22/2016 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 29, 232.1-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, CM-in 66.3-cü maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 16 iyun 2016-cı il tarixdə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtarmış, cəriməni tam şəkildə dövlət büdcəsinə ödədiyi üçün 12 fevral 2019-cu il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırki hökm üzrə 09 oktyabr 2020-ci ildə qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi vardır. Buna görə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residiv yaratması əsası ilə ona CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməlidir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlindəm peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hallar kimi qəbul edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan ona CM-in 234.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və ya sanksiyada nəzərdə tutulan daha ciddi cəza növünün, yəni azadlıqdan məhrum etmə cəzasının yarısından az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə kollegiyası təyin ediləcək cəzanın növü və həddi barədə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yarandığından, Qanunun tələbinə əsasən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 09 oktyabr 2020-ci il tarixli "şübhəli şəxs qismində tutmaq haqqında" qərara əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdən 11oktyabr 2020-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş 19 yanvar 2023-cü il tarixli məlumatdan görünür ki, Cəfərov X4 Rayon Məhkəməsinin «17» fevral 2021-ci il tarixli, 1(045)-15/2021 nömrəli hökmü ilə təyin edilmiş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkmiş, Sabirabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinin müddəaları tətbiq edilməklə cəzadan azad edilmişdir. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, Goranboy Rayon Məhkəməsinin «17» fevral 2021-ci il tarixli, 1(045)-15/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkilmiş 6 ay 2 gün hissəsi ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Eləcə də məhkəmə kollegiyası hesab edir ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən hazırki qərarla məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ay azaldılmalıdır. Belə ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə görə həmin Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. Kollegiyanın qənaətinə görə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı qüvvəyə minənədək hazırki qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzasının çəkilməmiş hissəsi 06 aydan artıq müddət təşkil edir. Məhz buna görə Təqsirləndirilən şəxs barəsində amnistiya qərarının 4-cü hissəsi tətbiq edilməlidir. Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən məhkəmələr həmin Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Qeyd olunan qərarın 9.2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr həmin Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır. “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 30-cu hissəsinə görə apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Həmin qərarın 23.5-ci bəndinə görə Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya protesti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin «17» fevral 2021-ci il tarixli, 1(045)- 15/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin «17» fevral 2021-ci il tarixli, 1(045)-15/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Goranboy Rayon Məhkəməsinin «17» fevral 2021-ci il tarixli, 1(045)-15/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkilmiş 6 ay 2 gün iki günə bir gün hesabı ilə nəzərə alınmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü maddəsi tətbiq edilməklə ona təyin edilmiş 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ay azaldılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm Təqsirləndirilən şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-8/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-8/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver