Məhkəmə qərarları › İş №1(104)-87/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-87/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-87/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Naftalan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(052)-15/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(052)-15/2022 nömrəli (sədrlik edən Tural Ələkbərov) hökmü ilə xx xxxxxxxx 1997-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 28, mənzil 12-də qeydiyyatda olmaqla Naftalan şəhəri, Goran sanatoriyasında yaşayan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 6 (altı) ay 23 (iyirmi üç) gün (18 aprel – 10 noyabr 2022-ci il) CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 6 (altı) ay 23 (iyirmi üç) = 1 il 1 ay 16 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və qəti olaraq ona 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının yaşayış yeri üzrə Ədliyyə Nazirliyini İcra və Probasiya şöbəsinə həvalə edilməsi, narkomaniyadan məcburi müalicə təyin olunması və narkoloji kabinetdə qeydiyyata alınması, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə səhər saatlarında Naftalan şəhəri l.Həsənzadə küçəsində yerləşən 23 saylı binanın yaxınlığında yerləşən, "Top.az" çay evindən zibilləri aparıb atan zaman zibil qutusunun yanında yerdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.649 qram psixotrop maddə olan metamfetamin tapıb əldə edərək üzərində saxlamış, Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 aprel 2022-ci il tarixdə saat 12:55 radələrində Naftalan şəhəri İ.Həsənzadə küçəsində 15 nömrəli binanın qarşısında saxlanılaraq Naftalan ŞPŞ-nə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündəki, gümüşü rəngdə falqaya bükülmüş təmiz çəkisi 0,649 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib hökmü, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cinayət və cinayət-prosessual qanununun müddəalarına uyğun dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs bir bükümdə təmiz çəkisi 0.649 qram psixotrop maddə olan metamfetamin əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixli Naftalan şəhər Məhkəməsinin hökmü ilə az ağır cinayət əməlinə görə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasında «8 Noyabr – Zəfər Günü» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azad edildikdən qısa müddət sonra yenidən az ağır cinayət hesab olunan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci hökm üzrə əvvəlcə məhkəmənin müəyyən etdiyi güzəştdən, daha sonra amnistiya aktına əsasən cəzadan azad olunmasından heç bir nəticə çıxarmamış, əksinə cinayətkar əməllərini davat etdirməklə özünün cinayətə meylli subyekt olduğunu ortaya qoymuşdur ki, bu hal da, onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi məhkəmənin nəzərindən qaçmışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apelyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya protestinə etiraz etdi və bildirdi ki, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həm törədilmiş cinayətin xarakterinə, həm də təqsirkarın şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə xidmət edir, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin ailəsini ağır vəziyyətə salacaqdır, buna görə protestin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz etdi və bildirdi ki, himayəsində yaşlı anası var, əməlindən peşmandır, protestin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apelyasiya protestinin dəlilləri həcmində araşdıran məhkəmə kollegiyası cinayət prosesinin tərəflərini dinləyib hesab edir ki, hökm cəza hissəsində dəyişdirilməlidir. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Apelyasiya protestinin dəlillərindən, habelə ittiham və müdafiə tərəfinə aid proses iştirakçılarının mövqeyindən aydın olur ki, ittiham tərəfi əsasən cəza məsələsini mübahisələndirmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cəza məsələsinə keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin tövsifi mübahisələndirilməsə də kollegiya CPM-nin 397-ci maddəsinin tələbləri baxımından əməlin tövsifi məsələsini yoxlamış və istintaq orqanının və birinci instansiya məhkəməsinin tövsiflə bağlı hissədə düzgün nəticəyə gəldiyini müəyyən etmişdir. Apelyasiya protestinin dəlillərinə uyğun olaraq kollegiya cəza ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi cəza ilk növbədə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı kateqoriyaya aid olmasından ibarətdir. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum etməklə ədalətli olmayan cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından 4 dəfə artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.649 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlaması ətrafdakı şəxslərin sağlamlığını təhlükə altına almışdır. Lakin məhkəmə cəza təyin edərkən bu hala lazımi qiymət verməmişdir. Halbuki bu cür cinayət əməlinə münasibətdə təyin ediləcək cəzaya daha həsas yanaşılmalı, təyin edilən cəza çəkindirici xarakterə malik olmasını xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası işin hallarını CM-nin 8.1, 41.2 və 58.3-ci maddələrində nəzərdə tutulan meyarlar baxımından nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, 18 aprel 2022-ci ildən – 10 noyabr 2022-ci ilədək həbsdə saxlanıldığı 6 ay 24 gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(052)-15/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 6 (altı) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 20 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar