Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-88/2023 09.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Naftalan Şəhər Məhkəməsinin «03» noyabr 2022-ci il tarixli, 1(052)-17/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Naftalan Şəhər Məhkəməsinin (hakim Tural Ələkbərov) «03» noyabr 2022-ci il tarixli, 1(052)-17/2022 nömrəli hökmü ilə xx.xx.1972-ci il tarixdə Lənkəran rayonunun Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Digah kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasının Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, onun narkoloji kabinetdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə saat 16 radələrində Naftalan şəhərində yerləşən Heydər Əliyev adına olan parka dincəlmək üçün getmiş, orada olan skamyada oturan zaman yerdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.333 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin və təmiz çəkisi 0.201 qram psixotrop maddə olan metamtefamin tapıb əldə edərək üzərində saxlamış, Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 27 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Naftalan şəhərində yerləşən H.Əliyev adına parkda saxlanılaraq Naftalan ŞPŞ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir bükümün içərisində olan ayrı-ayrı iki bükümdə təmiz çəkisi 0.333 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0.201 qram psixotrop maddə olan metamtefamin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və məhkuma cinayət qanununun müddəalarına uyğun daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs ayrı-ayrı iki bükümdə təmiz çəkisi 0.333 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0.201 qram psixotrop maddə olan metamtefamin əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Eyni zamanda respublikamızda narkomaniyaya qarşı aparılan daha kəskin və ciddi mübarizə tədbirləri nəzərdən qaçırılmamalı idi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qeydiyyat yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi qeyd etsə də, bunun nədə ifadə olunmasını hökmündə əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkuma təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya protestinə etiraz etdi və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsində iştirak edən məhkum apellyasiya protestinin dəlillərinə etiraz etdi, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirdi və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, protestdə məhkum barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın ağırlaşdırılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkum Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya protestində işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisə edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs cinayət əməli özünün verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası işin hallarını, məhkum barəsində olan cəzanı yüngülləşdirən halları və apellyasiya protestinin dəlillərini əlaqəli şəkildə təhlil edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkum barəsində CM-in təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Yuxarıda qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin üzərindən ayrı-ayrılıqda iki büküm olmaqla narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilməsi cəzanın növü müəyyən edilərkən kifayət qədər nəzərə alınmamış və əsassız olaraq Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilmişdir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda iki büküm olmaqla təmiz çəkisi 0.333 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0.201 qram psixotrop maddə olan metamfetamin aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hallar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin «03» noyabr 2022-ci il tarixli, 1(052)-17/2022 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı 09 yanvar 2023-cü il tarixdən hesablanmalı, o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin «03» noyabr 2022-ci il tarixli, 1(052)-17/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Teyyub Muxtarov
Məhkəmə qərarları › İş №1(104)-88/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-88/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver