Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-90/2023 09.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «15» noyabr 2022-ci il tarixli, 1(066)-103/2022 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin (hakim Əyyub Kərimov) «15» noyabr 2022-ci il tarixli, 1(066)-103/2022 nömrəli hökmü ilə xx.xx.1976-cı ildə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti 265-də daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri Kəpəz rayonu Yaşar-Həsrət Əliyev qardaşları küçəsi bina 10, mənzil 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 оğlu оğlu CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu andan yəni, 23 aprel 2022-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs1 оğlu saxlanc yerinə daxil olmaqla təkrar qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmiş, bundan başqa qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, о, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 13 radələrində tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Ramin adlı şəxslə qabaqcadan əlbir olub qrup təşkil edərək Göygöl rayonu Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən kənarları dəmir çəpərlə hasarlanmış bağlı əraziyə çəpərin üzərindən keçib qanunsuz olaraq saxlanc yerinə daxil olaraq həmin ərazidə sonuncunun saxladığı 390 (üç yüz doxsan) manat dəyərində 1 (bir) baş xırdabuynuzlu heyvanı qrup üzvləri ilə birlikdə onun idarə etdiyi “VAZ 2106 minik” markalı ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən heyvanların alqı-satqısı bazarında X1 125 (yüz iyirmi beş) manat nəğd pula sataraq əldə etdikləri pulu qrup üzvləri ilə öz aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 390 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədilə 06 mart 2022-ci il tarixdə saat 02 radələrində X6 İdarəsinə məxsus Göygöl rayonu Xaqani kəndində yerləşən 35/001 reper nömrəli subartezian quyusundan 36 metr uzunluqda 180 (yüz səksən) manat dəyərində VPP25 markalı gərginlik daşıyıcı kabel xəttini idarə etdiyi “VAZ 2106 minik” markalı ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla Gəncə şəhərində yerləşən müxtəlif metal qəbulu sexlərinə sataraq özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədilə 06 mart 2022-ci il tarixdə saat 03 radələrində X6 İdarəsinə məxsus Göygöl rayonu Xaqani kəndində yerləşən 35/005 reper nömrəli subartezian quyusundan 33 metr uzunluqda 165 (yüz altmış beş) manat dəyərində VPP25 markalı gərginlik daşıyıcı kabel xəttini idarə etdiyi “VAZ 2106 minik” markalı ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla Gəncə şəhərində yerləşən müxtəlif metal qəbulu sexlərinə sataraq özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədilə 07 mart 2022-ci il tarixdə saat 02 radələrində X6 İdarəsinə məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 35/052 reper nömrəli subartezian quyusundan 60 metr uzunluqda 300 (üç yüz) manat dəyərində VPP25 markalı gərginlik daşıyıcı kabel xəttini idarə etdiyi “VAZ 2106 minik” markalı ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla Gəncə şəhərində yerləşən müxtəlif metal qəbulu sexlərinə sataraq özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 aprel 2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək X6 İdarəsinə məxsus Göygöl rayonu Xaqani kəndində yerləşən 35/302 nömrəli subartezian quyusunun kənarına qoyulmuş 468 metr uzunluqda 2340 manat (iki min üç yüz qırx) manat dəyərində VPP 25 markalı gərginlik daşıyıcı kabel xəttini idarə etdiyi “VAZ 2106 minik” markalı ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonuna qoyub aparmaqla Gəncə şəhərində yerləşən müxtəlif metal qəbulu sexlərinə sataraq əldə etdikləri pulu öz aralarında bölüşdürüb özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd gümüşü rənglü bükümün içərisində şəffaf rəngli sellefon bükümdə təmiz çəkisi 0,745 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:45 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu Quşqara kəndi ərazisində saxlanılaraq Göygöl rayon Polis şöbəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı 1 (bir) ədəd gümüşü rənglü bükümün içərisində şəffaf rəngli sellefon bükümdə təmiz çəkisi 0,745 qram çəkidə qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, lakin hökmün həmin məhkuma aid hissəsindən apellyasiya şikayəti və ya protesti verilməmişdir. Buna görə də, hazırki mərhələdə məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını yalnız məhkum Təqsirləndirilən şəxs1 aid hissədə yoxlayacaqdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək işinə yenidən ədalətlə baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, işinə baxılmasını yenidən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, törətdiyi əməllərdən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, məhkəmə tərəfindən barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını və barəsində ağır cəza təyin edildiyini bildirdi. Ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkum barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi özünün etirafedici ifadələri, digər məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs1 əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətmiş olduğu cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları (Təqsirləndirilən şəxs1 dəymiş zərəri qismən ödəməsini, əməllərini etiraf etməsini, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsini) və ağırlaşdıran halı (Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin yaranmasını), habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olunmasına baxmayaraq qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərədə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, məhkum olunduğu maddələrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası məhkum barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi səbəb və əsasları barədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-nin (köhnə redaksiyada) 242-ci maddəsinin A bəndi, 143-cü maddəsinin 3-cü hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə etmə cəzasına, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay azadlıqdan məhrum etmə etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitmişdir. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunmuş, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəzalar təyin edilmiş, sonuncu dəfə o, cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, lakin buna baxmayaraq məhkumluğu ödənilmədən yenidən cinayətkar hərəkətlərini dayandırmamış, yenidən qəsdən cinayət törətmişdir. Qeyd olunan hal məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, cinayət törədərək əvvəllər məhkum olunmasına baxmayaraq onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Məhkəmə kollegiyasına işin bu halı məhkum Təqsirləndirilən şəxs1 islah yoluna qədəm qoymadığını göstərməklə, onun yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «15» noyabr 2022-ci il tarixli, 1(066)-103/2022 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin «15» noyabr 2022-ci il tarixli, 1(066)-103/2022 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-90/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-90/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver