Məhkəmə qərarları › İş №1(104)-95/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-95/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-95/2023 23.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası: hakimlər X5 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(076)-194/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən Ş.Ə.Məmmədova), 01 noyabr 2022-ci il tarixli, 1(076)-194/2022 saylı hökmü ilə 17 oktyabr 1981-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəmkir rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı işləyən, оrta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının icra müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:30-dan səhər saat 06:30-dək Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi və hökmün icrasının Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərar alınmışdır Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs əlilliklə bağlı pensiya düzəldilməsi məsələsində sonuncuya köməklik göstərəcəyinə dair yalandan vədlər verərək, Zərərçəkmiş şəxs aldadıb 2021-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu Mərkəzi Xəstəxanasının polikilinika şöbəsində ümumilikdə, vahid niyyətlə əvvəlcə 1500 (min beş yüz), daha sonra 1000 (min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, verilmiş ittihamdan aydın olur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən əməldir, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmiş, vurmuş olduğu maddi ziyanın bir hissəsini ödəmişdir. Əməlindən səmimi peşman olması, ilk dəfə məhkum olunması, himayəsində bir azyaşlı uşağının olması, sağlamlıq vəziyyəti, qadın olması, eyni zamanda ittiham olunduğu maddənin sanksiyası məhkəməyə Təqsirləndirilən şəxs daha yüngül cəza təyin etməyə imkan verirdi. Lakin birinci instansiya məhkəməsi cinayət qanunvericiliyinin normalarını nəzərə almadan müdafiə etdiyi şəxsə ağır cəza təyin emişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, əlavə olaraq bildirdilər ki, apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsini xahiş etsələr də, hazırda iş üzrə cinayət nəticəsində dəymiş 2500 manat məbləğində ziyanın tam ödənildiyini və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərib, Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X4 iş üzrə cinayət nəticəsində vurulmuş ziyan tam ödənilməklə, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması ilə əlaqədar qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən onun özünün, zərərçəkmiş şəxs, şahid ifadələri və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin maddələr ilə onun təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin hökmü ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün ifadəsi, Zərərçəkmiş şəxs və şahid X1 ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs birinci instansiya və apellyasiya məhkəmələrində Azərbaycan Respublikası CM-in 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyini etiraf etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər-hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hərhansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində notariat qaydada təsdiq olunmuş ərizə təqdim edərək, cinayət nəticəsində vurulmuş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. İş materiallarına əlavə olunmuş notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tamamilə ödənmiş, o, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onun sonuncudan heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CM-in 73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə kollegiyası qeyd olunan qanun normalarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Bununla əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini və Azərbaycan Respublikası CPM-in 40, 43, 397-399 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(076)-194/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(076)-194/2022 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə və Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası CMin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar