Məhkəmə qərarları › İş №1(104)-96/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-96/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-96/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və X2 ibarət tərkibdə Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(062)-104/2022 saylı hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(062)-104/2022 saylı hökmü ilə (hakim Q.Baxşıyev) xx.xx.1992-ci ildə Goranboy rayonu Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi K.İsmayılov küçəsi ev 3A-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 noyabr 2021-ci il tarixdən 28 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 0,03 qram çəkidə narkotik vasitə olan metadon həbini əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış və daşımış, 26 noyabr 2021-ci il tarixdə, saat 14 radələrində Tovuz rayonu, Aşağı Öysüzlü kəndinin ərazisində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən qanunsuz olaraq əldə edib üzərində saxladığı və daşıdığı, üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində bir ədəd ½ hissə və bir ədəd ¼ hissə üzərində F/M göstəricisi olan açıq qəhvəi rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi narkotik vasitə olan 0,03 qram çəkidə metadon həb onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs bu hərəkətləri ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən müdafiəçi apellyasiya şikayəti verərək məhkəmənin hökmünün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinin tələbinə əsasən şərti tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ağır cəza təyin edərkən hökmdə əsaslandırmamışdır. Halbuki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sansksiyasında azadlığın məhdudlaşdırılması cəzası kimi daha yüngül cəza növü nəzərdə tutulmuşdur. Cəza təyini zamanı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, bu hal onun islah edilməyə meyilli olmasının göstəricisidir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, narkotik vasitənin istifadəçisidir, əməlindən peşmandır. Buna görə şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətinin məzmununda yer almış dəlilləri müdafiə etdi və şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Xanlar Hüsyenova CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulduğu halda, məhkumluğunun olmaması, əməlindən peşman olması halı nəzərə alınmadan azadlıqdan məhrum etmə kimi daha ağır cəza təyin edilmişdir. Halbuki azadlığın məhdudlaşdırılması cəzası şəxsin barəsində məhdudiyyətlərin tətbiq edilməsindən ibarətdir. Buna görə şikayətin dəlillərinin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının və ya CM-in 70-ci maddəsinin tələbinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, məhkum Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də əvvəllər cinayət törətmişdir. Hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində axtarış elan edildikdən sonra tapılmışdır. Birinci instansiya məhkəməsinin cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini nəzərə alıb apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, məhkum birinci instansiya məhkəməsinin ona sərt və ağır cəza təyin etməsindən narazıdır. Belə ki, şikayətdə qeyd edilir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində kifayət qədər yüngülləşdirici halların olmasını nəzərə almamışdır. Ona görə də hesab edir ki, Tovuz Rayon Məhkəməsinin hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış etməklə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində də yoxlamışdır. Kollegiya müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində düzgün nəticəyə gəlmiş, işin faktiki hallarını tam, hərtərfli araşdırmış və müəyyən edilmiş halları obyektiv meyarlar əsasında qiymələndirərək qanuni və əsaslı qərar qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və ondan verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırdıqdan sonra belə nəticəyə gəlmişdir ki, qanuni və əsaslı olan bu məhkəmə aktının cəza ilə bağlı hissəsinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Plenum həmin qərarında daha sonra məhkəmələrə izah etmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən hallar, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericilyin tələblərini kifayət qədər nəzərə almışdır. Belə ki, axtarışda olan şəxsin tutulması barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSYnə təhvil verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 may 2013-cü il tarixli 1(003)- 101/2013 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2000 manat cərimə təyin edilmişdir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və təqsirli bilindiyi maddə üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Cəzanın şərti hesab olunmasına gəldikdə kollegiya aşağıdakıları qeyd edir. CM-nin 70.1 və 70.2-ci maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə,məhkəmə törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-in 70-ci maddəsini tətbiq etməklə məhkuma təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tam, hərtərfli araşdıraraq və iş üzrə müəyyən edilmiş hallara obyektiv qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkar Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əsasları, növü və müddəti ilə bağlı düzgün nəticəyə gəlmiş, cəza təyini zamanı, həm də bütövlükdə cinayət icraatı zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini gözləmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(062)-104/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar