Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-97/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(061)-74/2022 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(061)-74/2022 saylı hökmü ilə (sədrlik edən Kamil Rzayev) xx xxxxxxx 1982-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəza çəkməsinin əvvəlinin həbsə alındığı 16 noyabr 2022-ci il tarixdən saat 13-00-dan hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsi və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, onun yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(061)-74/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 300 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edib, 22 avqust 2022-ci il tarixdə saat 12 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Tərtər şəhəri Nizami küçəsində idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətirilməklə idarə etdiyi VAZ 21099 markalı **-SV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilərək avtomobilin yük yerindən aşkar edilib götürülənədək daşımaqla saxlamışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, evli olmaqla himayəsində iki azyaşlı uşağı var, avtoqəza nətəcəsində ölmüş qardaşının iki azyaşlı uşaqları da onun himayəsindədir, ailədə yeganə qazanc gətirən şəxsdir, anası 2-ci dərəcəli əlildir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, əvvəllər məhkum olunmamış, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, himayəsində iki azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra apellyasiya şikayətinin dəlillərinə uygun olaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nın 234.1-ci maddəi ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətlərində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittaham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların olmasına baxmayaraq hökmdə məhz nəyə görə onun barəsində azadlıqdan məhrum etmə cəzasının seçilməsini konkret sübutlarla əsaslandırmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Təqsirləndirilən şəxsxx.xx.1982-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Tərtər şəhəri S.Vurğun küçəsi 07-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Apellyasiya məhkəməsinə təqdim olunmuş X1 İdarəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 59.1.1-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət əməli törətməsi, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, CM-in 59.2-ci maddəsinə əsasın törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olması, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirməyə əsas verən hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi üçün onun barəsində olan yüngülləşdirici hallar kimi qanuni əsaslar vardır. Odur ki, apellyasiya şikayətləri təmin edilməli, məhkəmənin hökmü ona aid hissədə dəyişdirilərək, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gələrkən onun ailə vəziyyətini, həmçinin məhkəmə iclasında davranışlarını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, törədilmiş cinayətə görə az ciddi cəza növünün tətbiqinin mümkün olub-olmamasını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPMnin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi barədə etdiyi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. İstinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq və ədalətlidir. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşdə olan “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 avqust 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.8.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs həbsdə saxlama müddət onun şübhəli şəxs kimi tutulduğu 2 gün və apellyasiya instansiya məhkəməsinin icraatı zamanı həbsdə olduğu 3 ay 1 gün- cəmi 3 ay 3 gün təşkil edir. Ona CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasının icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gəldiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tərtər şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(061)-74/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsə təyin olunmuş cəza hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 397-399, 404-405, 407, 410-cu və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(061)-74/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu iş üzrə həbsdə saxlandığı 3 (üç ) ay 3 (üç) günün bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tərtər şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-97/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-97/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver