Məhkəmə qərarları › İş №1(104)-99/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-99/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-99/2023 23.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X4 ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, ədliyyə müçaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-7/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-7/2022 saylı (hakim X7) hökmü ilə xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, ev 75-də qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-468/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 02 gün çıxılaraq üzərində qəti olaraq 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 14 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsinin nəzərə alınması qərara alınmış, həmçinin məhkəmə xərclərinin ödənilməsi və maddi sübütlarla bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs tamah məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 işlədiyi və Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən "xxxx" ASC-nin ərazisindəki avtomobil təmiri sexindən sexin qapılarının açıq olmasından və sexdə heç kimin olmamasından istifadə edərək sonuncuya məxsus 360 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefonu və üzərində 5 manat dəyərində olan ***-******* saylı mobil telefon nömrəsini, ümumilikdə zərərçəkmiş şəxsin 365 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, tamah məqsədi ilə təkrarən xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs5 işlədiyi və Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən "xxxx" ASC-nin ərazisindəki avtomobil təmiri sexindən sexin qapılarının açıq olmasından və sexdə heç kimin olmamasından istifadə edərək sonuncuya məxsus 150 manat dəyərində “Samsung J2” markalı mobil telefonu və üzərində hər birinin dəyəri 5 manat olan ***- ******* və ***-******* saylı mobil telefon nömrələrini, ümumilikdə zərərçəkmiş şəxsin 160 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, tamah məqsədi ilə təkrarən xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 işlədiyi və Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində yerləşən “Musayevin qarajı” adlanan ərazidəki avtomobil təmiri sexindən sexin qapılarının açıq olmasından və sexdə heç kimin olmamasından istifadə edərək sonuncuya məxsus 100 manat dəyərində “LG” markalı mobil telefonu və üzərində 5 manat dəyərində olan ***-******* saylı mobil telefon nömrəsini, ümumilikdə zərərçəkmiş şəxsin 105 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, tamah məqsədi ilə təkrarən xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 işlədiyi və Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən "xxxx" ASC-nin ərazisindəki avtomobil təmiri sexindən sexin qapılarının açıq olmasından və sexdə heç kimin olmamasından istifadə edərək sonuncuya məxsus 300 manat dəyərində “Huawei E5” markalı mobil telefonu və üzərində hər birinin dəyəri 5 manat olan ***- ******* və ***-******* saylı mobil telefon nömrələrini, ümumilikdə zərərçəkmiş şəxsin 310 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, tamah məqsədi ilə təkrarən xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 işlədiyi və Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Avtobus Parkı”-nın ərazisindəki avtomobil təmiri sexindən sexin ətrafının açıq olmasından və sexdə heç kimin olmamasından istifadə edərək sonuncuya məxsus 200 manat dəyərində 1 ədəd “Samsung J4+” markalı mobil telefonu, üzərində hər birinin dəyəri 5 manat olan ***-******* və ***-******* saylı mobil telefon nömrələrini, dəyəri 10 manat olan telefon üzlüyünü və həmin telefonun arxasındakı 60 manat və 200 ABŞ dollarını, həmin dövrün məzənnəsinə uyğun olaraq 340 manat məbləğində pulu, ümumilikdə zərərçəkmiş şəxsin 620 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə ədalətli baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-7/2022 saylı hökmünü ədalətsiz hesab edir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini dəqiqləşdirərək, məhkəmə tərəfindən ona tətin edilmiş cəzanın həddən artıq ağır və ədlətsiz olduğunu bildirdi və barəsindəki hökmün cəza hissəsində dəyişdirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. X6 çıxışında həmçinin göstərdi ki, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza həddindən artıq ağır olmaqla təqsirləndirilən çəxsin şəxsiyyətinə və onun əməlinin ağırlığına uyğun deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən qəti cəzanın həddini müəyyən edərkən işin hallarını, xüsusən də cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almamış, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin məqsədəuyğunluğunu hökmündə əsaslandırmamışdır. Ona gərə də təyin edilmiş həmin cəza ədalətsiz hesab edilməli və yüngülləşdirilməlidir. Dövlət ittihamçısı X5 məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğuna görə təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. O, göstərdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin müvafiq normalarını rəhbər tutub törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza həm növünə, həm də həddinə görə ədalətli və qanunidir. Məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas görmür. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərəçəkmiş şəxslərə mlumat verilsa də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli, mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. İbtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Onun əməli CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs təyin olunan cəzanın yüngülləşdirilməsi, yəni ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin endirilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə onu da qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm pirinsipini ehtiva edən CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakteri və ya məqsəd daşıya bilməz. Cinayət qanununvericliyinə görə cəza o halda ədalətli sayıla bilər ki, o, cəzanın məqsədlərinə cavab versin. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.2-ci maddəsi). Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinaytin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah etmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın məqsədləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də bir sıra qərarlarında ifadə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Birinci instansiya məhkəməsinin hökmündən görünür kü, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ondan heç bir şikayət və tələblərinin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar hesab etmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə, yəni 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə düzgün nəticəyə gəlsə də, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəzanın həddi ilə bağlı düzgün nəticəyə gəlməmiş, qanunun qeyd edilən tələblərini, eləcə də Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin şərh edilən qərarlarının müddəalarını nəzərə almayaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan kifayət qədər sərt cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkumun şəxsiyyətini, eləcə də təyin olunmuş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddinin aşağı endirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən məhkuma qəti cəza olaraq təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılaraq 03 (üç) il 06 (altı) aya endirilməsi ədalətli olmaqla, işin hallarına, o cümlədən törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunması və zərərçəkmiş şəxslərin mənafelərinin təmin edilməsi baxımından qanunun tələblərinə cavab verir və ədalətli hesab oluna bilər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü məhkuma qəti cəzanın təyin edilməsi hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 399, 405, 407, 408 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-7/2022 saylı hökmü X3 qəti cəzanın təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza olaraq təyin edilmiş 4 (dord) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 3 (üç) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar