Məhkəmə qərarları › İş №1(105)-10/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-10/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-10/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyası, Sədrlik edən və məruzəçi hakim Cəfərov Vidadi Cəfər oğlu Hakimlər Əsgərova Ruhiyyə Orucəli oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə Dövlət ittihamçıları X13, X5, X14, Təqsirləndirilən şəxs2, müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs (məhkum) Təqsirləndirilən şəxs1 oğlu, müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmündən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü ilə (Hakim N.A.Kərimovun sədrliyi, hakimlər R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə) xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, "xxxx" ASC-nin 73 saylı X10 sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 20, mənzil 46-da qeydiyyatda olub həmin ünvanda yaşamış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 4 (dörd) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 22 oktyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmündən Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin tərkibi olmaması əsası ilə ona bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 22 oktyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə və hökmün Təqsirləndirilən şəxs2 aid hissəsindən dövlət ittihamçısı Teymur Əsədovun kassasiya protestinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi 07 fevral 2018-ci il tarixli qərarı ilə kassasiya protestini təmin, kassasiya şikayətini isə qismən təmin edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünü ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına göndərmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 ünvanına məhkəmə iclaslarının vaxtı və yeri haqqında poçt bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən ardıcıl olaraq bir neçə məhkəmə proseslərində iştirak etməmişdir. Dövlət ittihamçısının vəsatəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs2 tapılanadək dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018 -ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə icraat məhkum Təqsirləndirilən şəxs1 aid hissədə təzələnərək baxılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016cı il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlanılmış, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtrarışda olan Təqsirləndirilən şəxs2 17 dekabr 2020-ci il tarixdə Aımaniya Federativ Respublikasından Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur və cinayət işi üzrə icraat təzələnmişdir. İşin halları: Təqsirləndirilən şəxs2 25 avqust 2015-ci i tarixdə, saat 11-21 dəqiqə radələrində idarə etdiyi «Tatra 815 2AOSO1 yük» markalı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 24-cü kilometrində Quba istiqamətində üçzolaqlı yolun sağ birinci zolağı ilə 55 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozaraq, bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qarşıda eyni istiqamətlə hərəkət edən sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi «DAEWOO NEXİAminik» markalı, Az **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol üçüncü zolağından sağ birinci zolağına çıxaraq, avtomobilin sürətini 40 km/saatadək azaltdığı halda idarə etdiyi avtomobilin sürətini «DAEWOO NEXİA-minik» markalı avtomobilin sürətinə bərabərləşdirə bilməsi üçün kifayət qədər (8,5 metrdən artıq) məsafə olduğu halda bunu etməmiş, bu zaman «Tatra 815 2AOSO1 yük» markalı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə «DAEWOO NEXİA-minik» markalı, Az **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan «DAEWOO NEXİA-minik» markalı avtomobilin sərnişini X3 beyin maddəsinə və mədəciklərinə qansızma, sol beyin yarımkürəsinin təpə-gicgah nahiyəsinin subdural hematoması, sol gicgah-təpə nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər almaqla, X2 döş qəfəsinin küt travması, sol İİİ-İV-V, sağ İİ-İİİ-İV qabırğaların qapalı yerdəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, hemotoroks, ənsə nahiyyəsinin yarasından ibarət bədən xəsarətləri almaqla ölmələrinə, yəni ehtiyatsızlıqdan iki şəxsin ölümünə, sürücü Təqsirləndirilən şəxs1 ənsə və boyunun yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət, sağlamlığına zərər vurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər almasına, "xxxx" ASC-nin 73 saylı X11 məxsus «Tatra 815 2AOSO1 yük» markalı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 200 (iki yüz) manat zərər vurulmasına, Zərərçəkmiş şəxs məxsus «DAEWOO NEXİA-minik» markalı, Az **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 3.670 (üç min altı yüz yetmiş) manat zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmün Təqsirləndirilən şəxs2 barəsindəki hissəsindən verilən apellyasiya şikayətlərində hökmün bu hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs2 haqqında bəraət hökmü çıxarılması xahiş edilir. Şikayətlərdə qeyd olunur ki, işin ibtidai istintaqı zamanı yolnəqliyyat hadisəsi və trasoloji ekspertizalar təyin olunması barədəki qərarda yol-nəqliyyat hadisəsinin baş vermə şəraiti ilə bağlı məlumatlar düzgün əks etdirilmədiyindən ekspertizadan işin həqiqi hallarını əks etdirməyən rəy alınmışdır. Təqsirləndirilən şəxs2 haqqında ittiham hökmünün əsasını həmin ekspertiza rəyləri təşkil etmişdir ki, bu da onun əsassız olaraq məhkum edilməsinə gətirib çıxarmışdır. Müdafiə tərəfinin fikrincə, ekspertiza təyin olunması haqqındakı qərarda hadisənin baş vermə şəraiti barədə yalnız digər məhkum Təqsirləndirilən şəxs1 ifadəsindəki məlumatlar əks etdirilldiyindən və bu barədə digər məhkum Təqsirləndirilən şəxs2 ifadələrinə etinasızlıq göstərildiyindən, ekspertizanın rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 bütün ifadələrində saatda 55 km sürətlə hərəkətdə olarkən «Nexia» markalı avtomaşının qəflətən onun hərəkət zolağına çıxdığını, həmin avtomaşını aralarında cəmi 6-7 metr məsafə olarkən gördüyünü bildirsə də, bu məlumatlar ekspertiza təyin olunması barədəki qərarda öz əksini tapmamışdır. Ekspertiza rəy verərkən müstəntiqin qərarındakı belə bir məlumat əsas götürülmüşdür ki, guya avtomobillərin toqquşması təhlükəsi yaranan zaman onların arasındakı məsafə 60 metr olmuşdur. Halbuki, cinayət işində işin nəticəsi ilə maraqlı olan Təqsirləndirilən şəxs1 ifadəsi istisna olmaqla hər hansı digər sübut növləri yoxdur. Hüquqi məsələlər: Cinayət Prosessual Məcəllənin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və həmin Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, təqsirləndirilən şəxsə bəraət verilməsinə dair müdafiəçinin, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə cəzanın ağırlığına görə dəyişdirməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi 07 fevral 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünü ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına göndərmişdir. Ali Məhkəmənin qərarı ilə apellyasiya məhkəməsinin sübutları Cinayət Prosessual Məcəllənin 143-147-ci maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədən hökm çıxarmasını CPM-nin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirilmiş, dövlət ittihamçısının kassasiya protesti əsaslı hesab edilmiş, qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edilmişdir. Təqsirləndirilən şəxs2 həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində eyni məzmunlu ifadələr verərək ona verilmiş ittihamda özünü təqsirli bilməmişdir. Belə ki, Apellyasiya instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü idarə etdiyi avtomaşınla Ceyranbatan qəsəbəsindən Bakı şəhərinə asfalt gətirməli imiş. Saray qəsəbəsi ərazisindəki YPX psotunun yanından saatda 55 km sürətlə keçmişdir. Postu keçərkən özünün hərəkət istiqamətində yolun 3-cü zolağı ilə hərəkət etmiş, qarşıda avtomaşın getməsini görməmişdir. Postdan təxminən 350-380 metr aralandıqdan sonra ani olaraq əvvəl arxadan gələn minik maşınına, sonra isə yenidən qabağa baxmışdır. Bu zaman ağ rəngli «Nexia» markalı avtomaşının qəflətən yolun sol zolağından sağ zolağına, yəni onun hərəkət zolağına keçdiyini və hərəkət sürətini azaltdığını görmüşdür. Əyləci bassa da, avtomaşınların ara məsafəsi təxminən 5-6 metr olduğundan qəzanın qarşısını almağa imkan olmamışdır. Öz yolunda idarə etdiyi avtomaşının qabaq hissəsi «Nexia» markalı avtomaşının arxa hissəsinə çırpılmaqla onu qabaq tərəfə itələmiş, avtomaşınların hərəkətləri sonna çatarkən isə «Nexia» markalı avtomaşın üzü Bakı şəhəri istiqamətində dayanmış vəziyyətdə olmuşdur. Yerə düşüb minik avtomobilində olan zərərçəkmişlərə kömək göstərməyə başlamışdır. «Nexia» markalı avtomaşın qəflətən birinci hərəkət zolağında onun qarşısına çıxmış, həmin avtomaşını görərkən aralarında cəmi 5-6 metr məsafə olmuşdur. «Nexia» markalı avtomaşının ondan 60 metr qabağa keçib getməsi halı olmamışdır. Apellyasiya instansiya məhkəməsində dindirilmiş digər təqsirləndirilən şəxs (məhkum) Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, 25 avqust 2015-ci il tarixdə o, etibarnamə ilə idarə etdiyi «DAEWOO NEXİA-minik» markalı, Az **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır körpüsünün altından üç nəfər sərnişin götürüb Sumqayıt şəhərinə yola düşmüşdür. Saray qəsəbəsi ərazisində yerləşən DYP postunu keçmiş və avtomobili yolun sol hərəkət hissəsi ilə 70-80 km/saat sürətlə idarə etmişdir. Bu zaman arxada əyləşən qadın özünü pis hiss etdiyindən və avtomobili saxlamasını xahiş etdiyindən o, yola baxmış və manevr üçün heç bir təhlükə olmadığına əmin olduqdan sonra sağa manevr edərək, tədricən yolun orta hərəkət zolağına, daha sonra isə sağ hərəkət zolağına çıxmışdır. Həmin hərəkət zolağı ilə təxminən 100-120 metr məsafə qət etdikdən sonra o, avtomobilin sürətini yavaş-yavaş azaldaraq, yolun lap sağ kənarına çıxmışdır ki, maşını orada saxlasın və özünü pis hiss edən qadın avtomobildən düşüb havasını dəyişsin. Lakin o, bu niyyətini başa çatdıra bilməmişdir. Belə ki, o, avtomobili yolun sağ kənarında saxlamaq üçün sürətini 40-45 km/saat sürətə qədər azaltmışdır ki, bu zaman arxadan gələn, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tatra” markalı maşın onun maşınını arxadan vurmuşdur. O, toqquşmadan qabaq yalnız düzünə hərəkətdə olmaqla avtomobilin sürətini azaltmaqla məşğul olmuş, sağa-sola dönməmişdir. O, “Tatra” markalı avtomobilin hərəkət zolağına çıxdığı yerdən vurulduğu yerə qədər təxminən 180-200 metr məsafə qət etmişdir. Öz yoluyla gedib yolun sağ tərəfini götürmək üçün bütün tələblərə riayət eləmiş, arxadan gələn maşınla məsafəni gözləmiş, sağa vermək istəyərkən digər maşının sürücüsü onun maşınını vurmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə hadisənin baş vermə mexanizmi barədə başqa məzmunlu ifadə vermişdir. Belə ki, o, ibtidai istintaq zamanı 22 oktyabr 2015-ci il tarixdə verdiyi ifadələrində özünü qismən təqsirli bilib göstərmişdir ki, 25 avqust 2015-ci il tarixdə idarə etdiyi “Tatra” markalı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ceyranbatan qəsəbəsinə asfalt gətirməyə gedirdi. Saat təxminən 11-21 radələrində Saray qəsəbəsi ərazisindəki Yol Patrul Xidməti postunu keçmişdir. O, avtomobili yolun sağ hərəkət zolağı ilə 55 km/saat sürətlə idarə etmişdir. Postu keçəndən sonra arxanı göstərən güzgüdən arxadan gələn minik avtomobilinə baxmış və birdən irəli baxanda qarşıda yolun sağ hərəkət hissəsində, yəni onun hərəkət yolunda ağ rəngli minik avtomobilinin olduğunu görmüşdür. Həmin avtomobil dayanmışdı, yaxud da aşağı sürətlə hərəkət edirdi. O, dərhal tormoz etmiş, lakin məsafə az olduğundan onun maşınının qabaq hissəsi həmin avtomobilin arxa hissəsinə dəymişdir. Minik avtomobilində olan qadın və uşaq xəsarət almışlar və sonradan xəstəxanada vəfat etmişlər. O, avtomobili idarə edərkən, diqqətini yayındırmaqla yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olduğunu başa düşür. Lakin bu təkcə onun təqsiri deyildir. Onun arxadan vurduğu minik avtomobilinin sürücüsü də hərəkət zolağını dəyişərkən, sürətini kəskin azaltmaqla hadisənin baş verməsinə səbəb olmuşdur. O, güzgüyə baxmazdan əvvəl irəlidə yol kifayət qədər boş olmuş və o, minik avtomobilinin onun yoluna necə çıxmasını görməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrini işin faktiki halları, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müqayisəli təhlil edib onların bu ifadələrinin təsdiqini tapmadığı qənaətinə gəlir və bu ifadələri məsuliyyətdən yayınmağa yönələn müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş hadisə ilə əlaqədar tanımışdır. Aralarında ədavətləri olmayıb. Hadisə nəticəsində ölən Hacılı İbrahim onun oğlu, X7 isə onun qayınanası olmuşdur. 25 avqust 2015-ci il tarixdə, təxminən saat 11:00 radələrində İbrahim nənəsi Hənifə Hacıyeva ilə birlikdə Masazır körpüsü yaxınlığında taksi kimi fəaliyyət göstərən «DAEWOO NEXİAminik» markalı avtomobilin arxa oturacağına əyləşib Sumqayıt şəhərinə yola düşmüşlər. Həmin avtomobilin qabaq sağ oturacağında tanımadıqları bir qadın da oturmuşdur. Təxminən saat 12-30 radələrində ona zəng vurub oğlu İbrahimlə qayınanası Hənifənin Saray postundan təxminən 200-250 metr Sumqayıt istiqamətində olan hissədə avtomobil qəzasına düşdüklərini və Sumqayıt şəhər TTYX-nə aparıldıqlarını demişlər. O, dərhal xəstəxanaya getmiş və orada ona oğlu İbrahimlə qayınanası Hənifənin ağır vəziyyətdə reanimasiya şöbəsində olduqları məlum olmuşdur. Təxminən yarım saat sonra o, xəstəxanada boynuna karset olan və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 görmüşdür. Sonuncunun anası və qarşdaşı da xəstəxanaya gəlmələrinə baxmayaraq, heç biri onun xəstələri ilə maraqlanmamışlar. 25 avqust 2015-ci il tarixdə, gecə təxminən saat 23:00 radələrində oğlu İbrahim aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Ağır koma vəziyyətində olan qayınanası Hənifə xanım isə 02 sentyabr 2015-ci il tarixdə “Medical Plaza” xəstəxanasına yerləşdirilmişdir. Qayınanası koma vəziyyətindən çıxdıqdan sonra yemək yeyir və söhbət edirdi. O, xəstəxanada qayınanası ilə danışarkən, sonuncu ona hadisədən əvvəl taksi sürücüsünün avtomobili sağa-sola keçirməklə çox təhlükəli sürdüyünü, taksi sürücüsünün avtomobili qəflətən sağa çıxarıb dayandırdığını, bu zaman arxadan gələn yük avtomobilinin işıqlarını iki dəfə yandırıb-söndürdüyünü və taksi avtomobilini arxadan vurduğunu bildirmişdir. Qayınanası Hənifə xanım 08 sentyabr 2015-ci il tarixdə aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 dəfn və yas mərasimlərində iştirak edib təxminən 3.500 manat məbləğində maddi yardım göstərməsinə baxmayaraq, digər Təqsirləndirilən şəxs1 özü və qohumları dəfn və yas mərasimlərində iştirak etməmişlər və onlara heç bir köməklik göstərməmişlər. O, məhkəmədən baş vermiş hadisə nəticəsində onlara dəymiş maddi-mənəvi zərərə görə 50.000 dollar məbləğində təzminat ödənilməsi barədə, eləcə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi X8 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş hadisə ilə əlaqədar tanımışdır. Aralarında ədavətləri olmayıb. Hadisə nəticəsində ölən Hacılı İbrahim onun nəvəsi, X7 isə onun həyat yoldaşı olmuşdur. 25 avqust 2015-ci il tarixdə, təxminən saat 11:00 radələrində İbrahim nənəsi Hənifə Hacıyeva ilə birlikdə Masazır körpüsü yaxınlığında taksi kimi fəaliyyət göstərən «DAEWOO NEXİA-minik» markalı avtomobilin arxa oturacağına əyləşib Sumqayıt şəhərinə yola düşmüşlər. Həmin avtomobilin qabaq sağ oturacağında tanımadıqları bir qadın da oturmuşdur. Təxminən saat 12-30 radələrində onlara zəng vurub X12 postundan təxminən 200-250 metr Sumqayıt istiqamətində olan hissədə avtomobil qəzasına düşdüklərini və Sumqayıt şəhər TTYX-nə aparıldıqlarını bildirdikdən sonra o, dərhal xəstəxanaya getmiş və orada ona İbrahimlə Hənifənin ağır vəziyyətdə reanimasiya şöbəsində olduqları məlum olmuşdur. Həmin günün axşamı, saat təxminən 23 radələrində nəvəsi İbrahim, 08 sentyabr 2015-ci il tarixdə isə həyat yoldaşı Hənifə Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişlər. O, xəstəxanada həyat yoldaşı Hənifə Hacıyevadan hadisənin necə baş verməsini soruşduqda sonuncu əyləşdikləri taksi avtomobilinin tez-tez hərəkət zolağını dəyişməklə avtomobili təhlükəli idarə etdiyini, Saray qəsəbəsi ərazisindəki DYP postunu keçdikdən sonra yolun kənarında kimsə əl etdiyindən avtomobili sol hərəkət hissəsindən sağa keçirib həmin şəxsi götürmək üçün sürətini bir qədər də azaltdığını və yolun sağ kənar hissəsinə keçmək istədiyini, bu zaman zərbə hiss etdiklərini və huşunu itirdiyini demişdir. Hadisədən sonra təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 dəfn və yas mərasimlərində iştirak edib təxminən 3.500 manat məbləğində maddi yardım göstərməsinə baxmayaraq, digər Təqsirləndirilən şəxs1 özü və qohumları dəfn və yas mərasimlərində iştirak etməmişlər və onlara heç bir köməklik göstərməmişlər. O, məhkəmədən baş vermiş hadisə nəticəsində onlara dəymiş maddimənəvi zərərə görə 50.000 dollar məbləğində təzminat ödənilməsi barədə, eləcə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. X1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş hadisə ilə əlaqədar tanımışdır. 25 avqust 2015-ci il tarixdə, saat 11-12 arasında o, idarə etdiyi “Opel Vektra” markalı avtomobillə Bakı şəhərindən Sumqayıt şəhərinə gedərkən, Saray qəsəbəsi ərazisindəki DYP postunu yenicə keçmişdir ki, qarşıda avtomobillərin dayandıqlarını, adamların yığışdıqlarını görmüşdür. O, qəza baş verdiyini başa düşüb maşını kənara çəkib saxlamışdır. Maşından düşdükdə o, «DAEWOO NEXİA-minik» markalı avtomobili arxadan “Tatra” markalı avtomobilin vurduğunu, minik maşınının fırlanaraq üzü Bakı şəhərinə tərəf, yük maşınının isə orta zolaqda üzü Quba şəhərinə tərəf dayandıqlarını görmüşdür. Minik avtomobilinin arxa tərəfində oturan bir nəfər qadın və bir nəfər uşaq xəsarət almışdılar. Uşaq huşsuz vəziyyətdə olmuşdur. Minik avtomobilinin sürücüsü, yəni məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 yerdə oturmuşdu və xəsarət almış qadın ona “sən neylədin?” deyə müraciət edirdi. Xəsarət almış uşağın vəziyyəti ağır olduğundan və polis işçisi ondan uşağı Sumqayıt şəhər xəstəxanasına aparmağı xahiş etdiyindən o, oradakıların köməkliyi ilə uşağı öz maşınına qoyub xəstəxanaya aparmışdır. Yaralı qadını isə başqa bir avtomobillə Sumqayıt şəhər xəstəxanasına gətirmişdilər. O, həmin qadının da maşından düşürülməsinə köməklik etmişdir. Apellyasiya baxışı zamanı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası keçirilmiş və 27 iyul 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, BDYPİ-nin YPX Alayının YPX postundan 70-80 km/saat sürətlə keçən “Daewoo Nexia” markalı avtomobilin həmin postdan ondan 2 saniyə əvvəl 55 km/saat sürətlə keçən “Tatra” markalı avtomobil ilə bərabərləşənə kimi keçən müddət 4,4-7,3 saniyə uyğundur. Toqquşma yerinin YPX Alayının YPX postundan 350 metr məsafədə yerləşməsi nəzərə alınmaqla 70-80 km/saat sürətlə hərəkətdə olan Daewoo Nexia markalı avtomobil 55km/saat sürəti hərəkətdə olan “Tatra” markalı avtomobillə bərabərləşən anda avtomobillərin toqquşma yerindən olduğu məsafə 210-252,2 metrə uyğundur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasında 6-7 metr məsafə olması şəraitində 70-80 km/saat sürətlə hərəkət edən “Daewoo Nexia” markalı avtomobilin sağdan 2-ci hərəkət zolağından 1-ci hərəkət zolağına keçdikdən sonra toqquşmaya kimi hərəkət sürətinin 40km/saata qədər azaldılması mümkündür. 70-80 km/saat sürətlə hərəkətdə olan “Daewoo Nexia” markalı avtomobilin sağdan 2-ci zolaqdan 1-ci zolağa daxil olduqdan sonra hərəkət sürətinin 40km/saata qədər azaldılması və “Daewoo Nexia” markalı avtomobil sağdan 1-ci zolağa daxil olan anda avtomobillər arasında 5-6 metr məsafənin olması şəraitində “Tatra” markalı, 8152AOSO1 markalı, 90JV037 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və bu dəlillərə görə təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsi ilə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən iş yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə maddi yardım göstərməsini yüngülləşdirici hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs2 təyin edilən cəza ilə bağlı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə də uyğun gəlir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5№-li Qərarının 21-ci bəndinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, iş yerindən müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması, cəzasını ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, onun islah edilməsi və cəzanın digər məqsədlərinə nail olmaq üçün E.M.Əhmədov Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 4 (dörd il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.04.2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə təyin edilmiş cəzanın sərt olması ilə əlaqədar dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 399 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRAR VERDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək həbsdə qaldığı 1 il 9 ay 5 gün, 01 avqust 2020-ci il tarixdən (Almaniya FR saxlanıldığı vaxt) 10 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 3 ay 10 gün müddət (cəmi 3 il 15 gün) ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 il 11 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssində çəksin. Hökm qalan hissədə Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar