Məhkəmə qərarları › İş №1(105)-152/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-152/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-152/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X2 və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)6/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, S.Vurğun küçəsi 120) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)6/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü (hakim R.Xəlilov) ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə ona cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”ın ləğv edilməsi, Zərərçəkmiş şəxs Zülümxan oğluna dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək, hökmün qismən dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməsi hissəsində ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, onu ailə üzvləri ilə birlikdə Almaniya Federativ Respublikasına göndərəcəyi və orada qaçqın statusunda yerləşdirəcəyi barədə yalan vəd verib aldadaraq xx.xx.2017-ci tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində çayxanada sonuncudan 4000 (dörd min) manat alıb ələ keçirərək dələduzluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılma çıxarmışdır. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad etməsi qanunvericiliyə ziddir. Belə ki, dələduzluq hadisəsi xx.xx.2017-cu il tarixində baş vermiş, xx.xx.2019-cu il tarixində o, Sumqayıt Şəhər Məhkəməsinin Pİ-nin 4-cü PB-ə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında başlanılmış ********* saylı cinayət işi isə Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxıl olmuşdur. Hazırda məhkəmənin qeyd etdiyi kimi, müddətindən keçməsindən ümumiyyətlə söhbət gedə bilməz. Belə ki, hadisənin baş verdiyi andan 2 il müddət xx.xx.2019-cu il tarixində bitir. Ona görə də məhkəmənin qeyd etdiyi nüanslar həqiqətə uyğun deyil. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs apelyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin barəsində həbslə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Dövlət ittihamçısı X3 apelyasiya şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmünün çıxarılmasını məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması, təqsirləndirilən şəxsin məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə cəza təyin edilməsindən imtina edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan zərərçəkmiş şəxs hökmün cəza təyin edilməməsi hissəsində ləğv edilərək, təqsirləndirilən şəxsin barəsində maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq, hökmün cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayyət edilməklə qəbul edildiyini müəyyən edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. İbtidadi istintaq və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2017-ci tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində çayxanada sonuncudan 4000 (dörd min) manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etməsi faktı özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və iş materialları ilə tamamilə sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CMnın 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyi gündən iki ildən artıq müddət keçdiyindən cinayət qanunvericiliyinin tələbinə əsaslanaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs S.Abasovun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə görə Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə törətdiyi cinayət əməlinin törətdiyi gündən iki ildən artıq vaxt keçmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2, 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə riayət edərək ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.3-cü maddələrinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apelyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)6/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)6/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Ruhiyyə Əsgərova Hakimlər: Hökümə Babayeva Vidadi Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar