Məhkəmə qərarları › İş №1(105)-168/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-168/2021

19.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-168/2021 19.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası: Sədrlik edən və məruzəçi hakim – Mövsümov Nazim Rasim oğlu, Hakimlər X8 və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi ilə, dövlət ittihamçısı X10, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə (hakim R.T.Həsənov) xx xxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin may ayının ortalarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5,673 qram çəkidə narkotik maddə qurudulmuş marixuananı və 0,250 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlamış, xx xxx 2020ci il tarixdə saat 17 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Alekseyevka kəndi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üstündə daşıdığı bir ədəd üzərində ağ və göy rəngləri olan salfetkaya bükülmüş bükülünün içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,673 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,250 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirən halları nəzərə almamış, ona görə də, ona cinayətin ağırlıq dərəcəsinə görə uyğun olmayan, həddindən artıq ağır cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almamış, hökmdə onun cəzasını həmin yüngülləşdirən halın olmamasını qeyd etmiş və əsassız olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş ən ağır növ cəza təyin etmişdir. Müdafiəçi2 öz çıxışında apellyasiya şikayətini müdafiə etmiş, təqsirləndlirilən şəxsə daha yüngül cəza təyin edilməklə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı T.H.Əsədov məhkəmə iclasında çıxış edərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarına riayət edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsularla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol və digər sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin sübutların məcmusuna qiymət verib, düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsiri və onun əməlinin tövsifi mübahisələndirilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən az ağır cinayəti törətmişdir. Həmin cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin dispozisiyasına əsasən yalnız şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanması cinayət məsuliyyətinə səbəb olur, nakotik vasitənin və ya psixotrop maddələrin külli miqdarda qanunsuz əldə edilməsi və saxlanılması ağırlaşdırıcı (tövsifedici) hal kimi çıxış edir və daha ağır məsuliyyətə səbəb olur. Göründüyü kimi cinayət qanunu narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldə etmə və saxlama cinayət əməlinin ictimai təhlükəliliyinin dərəcəsini narkotik vasitə və ya psixotrop maddələrin miqdarından asılı olaraq müəyyən edir. Qanunun normalarından görünür ki, digər tövsifedici əlamətlər (satış məqsədi və sair) olmadığı halda narkotik vasitənin miqdarının az olması cinayət əməlinin ictimai təhlükəliliyini də azaldır. Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı 5,673 qram, psixotrop maddə olan metamfetaminin miqdarı isə 0,250 qram olmuşdur. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ saylı Siyahı”na əsasən narkotik vasitə qurudulmuş marixuana üçün şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ saylı Siyahı”na əsasən psixatrop maddə metamfetamin üçün şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından cəmi 0,673 qram, psixatrop maddənin miqdarı isə şəxsi istehlak miqdarından cəmi 0,1 qram çox olmuşdur. Məhkəmə kollegiyası narkotik vasitənin miqdarını və cəzanı ağırlaşdıran digər halların olmamasını nəzərə alıb nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-1.1-ci maddəsində narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən bu Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmiş narkomaniya xəstəliyinə dücar olmuş şəxslərin stasionar qaydada tibbi xarakterli məcburi müalicəyə göndərilməsini və tam sağalmasından sonra cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Qanunun bu norması həmin şəxslərin ictimai təhlükəlilik dərəcəsinin aşağı olmasını və onların müalicə olunaraq cəmiyyətə inteqrasiyasını qanunun prioritet məqsədi kimi göstərir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, ailəsində yeganə qazanc gətirən şəxsdir, himayəsində iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Belə ki, işdə olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhəri üzrə İnzibati Ərazı dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışa və xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatdadır və ailəsi – həyat yoldaşı X3, uşağı 2014-cü il təvəllüdlü X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş AZ-İİİ № 405478 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. İşə əlavə edilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş Doğum haqqında tibbi şəhadətnamədən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və X1 qızı anadan olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halı nəzərə almamışdır. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hal qismində müəyyən edir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 məlumatına asasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəmənin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-cı maddəsinə əsasən həmin cəza ona şərti olaraq tətbiq edilmişdir. Təqsirləndirilən şəxs sınaq müddətindən sonra cəzadan azad olunmuş və azadlıqdan məhrum etmə cəzası çəkməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi ilə əlaqədar qeyd edir ki, həmin məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Bundan başqa, məhkəmə kollegiyası nəzərə alır ki, Bakı Hərbi Məhkəmənin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl qüvvədə olan qanunvericiklə dekriminalaşdırılmış və cinayət sayılmır. Belə ki, cinayət işinə əlavə edilmiş Bakı Hərbi Məhkəmənin xx xxxxxx 2009-cu il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs həqiqi müddətli hərbi xidmətdə olan zaman xx xxxx 2009-cu il tarixdə bir qrup şəxs halında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, tabelik münasibətlərində olmayan əsgər yoldaşına sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs bu əməli 2009-cu ildə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi nəzərdə tutulmuş cinayətin tərkibi yaransa da, hazırda qüvvədə olan Azərbaycan Respublikası CMnin 332-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması yalnız zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulduğu halda cinayət tərkibini yaradır. Ona görə də məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəmənin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə şərti məhkum etməsi, yəni 11 il əvvəl hazırda qüvvədə olan qanunvericiliyə görə inzibati xətanı yaradan əmələ görə məsuliyyətə cəlb edilməsi ona hazırki cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanı təyin etmək üçün şəxsiyyəti xarakterizə edən hal kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması ilə bağlı cəzanı yüngülləşdirən halı hökmdə əsassız olaraq qeyd etməmiş, ona cəza təyin edərkən həmin halı, habelə təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar olmaması barədə qeyd etsə də heç bir əsaslandırma aparmadan Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəzalardan onun şəxsiyyətinə və işin hallarına uyğun olmayan daha ciddi cəza növü təyin edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 58.1, 58.3 və 59-cu maddələrinin tələblərinə yerinə riayət etməmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, «Humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamının 13.4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzaları təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstəriledilmişdir ki, şəxsin təqsirliyi bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zərurətini əsaslandıran hər hansı bir hal göstərilməmiş, cinayət işinin materiallarında da təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və ya onun şəxsiyyətini səciyyələndirən amillər müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının fikrincə satış məqsədi və digər ağırlaşdırıcı hallar olmadan, cəzanı yüngüləşdirən hal isə mövcud olduğu halda çətənə bitkisi preparatlarından suiistifadə edilməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni özünün istifadəsi üçün qanunsuz olaraq əldə edilməsi və saxlaması özü özlüyündə onun əməlinin daha yüksək ictimai təhlükəlilik dərəcəsini göstərən hal kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası 234.1-cı maddəsində müəyyən edilmiş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından ona daha ağır olan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmir, məhkəmənin bu mövqeyi cəzanın təyin edilməsi prinsipləri ilə uzlaşmır və bu səbəbdən əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yəni yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmaqla ailəsində yeganə qazanc gətirən şəxs olmasını və bununla bağlı cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onun islah edilməsi və cəzanın digər məqsədlərinə nail olmaq mümkündür və bu səbəbdən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın sərt olması ilə əlaqədar dəyişdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 07 (yeddi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablansın və cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (ünvan 3 ünvanda olan evini) saat 22:00-dən saat 8:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, ərazi narkoloji dispanserində qeydiyyatda durmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, həbsdən azad edilsin. Hökmün icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Apellyasiya şikayəti təmin edilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Nazim Mövsümov Hakimlər Məhəmmədəli Rzayev Ruhiyyə Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar