Məhkəmə qərarları › İş №1(105)-17/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-17/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-17/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(060)-04/2020 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Şirzad oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(060)-04/2020 saylı hökmü ilə (hakim R.Xəlilov) xx xxxx 1961-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri X12 Xəstəxanasının cərrahiyyə şöbəsində cərrah vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Vəli Axundov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə geməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % miqdarında tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, onun təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pulun tutulmağa başladığı andan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə geməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan 01 ədəd bıçağın məhv edilməsi qərara alınmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, peşə vəzifələrini lazımı qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş «həkim-ümumi cərrahın nümünəvi vəzifə Təlimatı»nın 6,7,8,9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2017-cı il tarixdə saat 08:10-da «döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş-deşilmiş yaraları» diaqnozu ilə işlədiyi xəstəxanaya daxil olmuş xx.xx.1964-cü il təvəllüdlü X1 üzərində saat 08:15-də “yaraların cərrahi işlənməsi” əməliyyatı icra edərkən, cərrahi təftiş zamanı ağciyərin sol yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yuxarı tış hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarasının sonuncunun ölümünə səbəb olacağına lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda bunu görməmiş və həmin yara onun tərəfindən döş boşluğuna keçməyən döş əzələsinin səthi kəsiyi kimi dəyərləndirildiyindən, Loğman Allahverdiyev ağciyərin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmədən saat 17:50 radələrində xəstəxanada onun ehtiyatsızlığından ölmüşdür. Bundan başqa o, peşə vəzifələrini lazımı qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmrin 7 və 8-ci bəndlərinin tələblərini pozaraq xx.xx.2018-cı il tarixdə saat 01:10-da Sumqayıt şəhər X12 Xəstəxanasına gətirilmiş və ilkin olaraq «qapalı kəllə beyin travması, beyin silkələnməsi, burun əzilməsi, burun sümüklərinin qapalı sınığı” diaqnozu qoyulmuş xx.xx.1969-cu il təvəllüdlü X6 həmin gün saat 02:15-da növbətçi həkimin dəvəti əsasında müayinə edərkən sonuncunun qarın boşluğunda perkutan flüktasiya olduğunu müəyyən etdiyi halda buna əhəmiyyət verməyərək səbəbinin aydınlaşdırılması üçün zəruri olmasına baxmayaraq laparosintez aparmamış, perkutan flüktasiyanın daxili orqanların zədələnməsi nəticəsində daxili qanaxma ilə əlaqədar yaranmasını, daxili qanaxmanın sonuncunun ölümünə səbəb olacağına lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda görməmiş və nəticəsini aradan qaldırmamış, bununla da X9 qarnın küt travması ilə dalağın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmədən saat 05:30 radələrində xəstəxanada onun ehtiyatsızlığından ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Şirzad oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Müdafiəçi öz apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixi, saat 21:00-dan xx xxxxxx 2018-ci il tarixdə saat 09:00-a kimi Sumqayıt şəhər X12 Xəstəxanasında növbətçi cərrah olmuş, xx xxxxxx 2018-ci il tarixdə neyrocərrahiyyə şöbəsinin növbətçi cərrahı Şahid3 onu xəstəxanaya daxil olan xəstələrdən birinə təcili müayinə etməyi üçün dəvət etmişdir. Onun növbətçi ümumi cərrah kimi dəvət edilməsi prosedur qaydadır, yəni şəxs əgər xəstəxanaya döyülməklə travmayla daxil olursa ona mütləq növbətçi cərrah baxıb müayinə etməlidir. O, saat 02:15-də neyrocərrahiyə şöbəsinə gedərək xəstəyə baxış keçirmişdir. Xəstənin arvadının və neyrocərrah Şahid3 dediklərindən ona məlum olmuşdur ki, xəstənin adı X7r və o, bir neçə saat əvvəl bir neçə şəxs tərəfindən döyüldükdən sonra özünü yaxşı hiss etmədiyindən xəstəxanaya müraciət etmişdir. O, xəstənin arvadı Turaxanım Abasovanın yanında onu müayinə etməyə başlamışdır. Xəstənin halının ağır olduğunu, çətinliklə kontakta girdiyini, üzünün şişkin olduğunu, göz ətrafı nahiyyələrin ödəmlərinin olduğunu müəyyən etmişdir. Xəstənin arterial təzyiqi 120/80 mm.c.s-na bərabər olmuşdur. Nəbzi isə dəqiqədə 84 vurğu olmuşdur. Dili nəm, qarnı şişkin formalı, palpator ağrısız olmuşdur. Perkuton temponik səs kütləşmiş, perkutor flüktasiya, yəni qarına maye yığılmasını müəyyən etmişdir. Xəstənin arvadı ilə danışdıqda onun qaraciyər serrozundan əziyyət çəkdiyini öyrənmiş, eyni zamanda arvadı ona həmin mayenin asid olduğunu və serroz nəticəsində yığıldığını bildirmişdir. Bundan sonra o, qarın boşluğunun ultrasəs müayinəsinin aparılması, döş qəfəsinin rentgen çəkişinin həyata keçirilməsi və dinamik hemoqlobin nəzarətinin aparılması barədə təyinat vermişdir. Sonradan ona məlumat verilmişdir ki, xəstə Rəşid Abasov səhər radələrində keçinmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 94 saylı rəyi ilə mərhum X5 ölümünə səbəb qarnın küt travması nəticəsində dalağın cırılmasından baş vermiş kəskin daxili qanitirmə olması, lakin Rəşid Abasovun adına açılmış 3363 saylı xəstəlik tarixində onun xx xxxxxx 2018-ci il tarixdə növbətçi neyrocərrahın dəvəti əsasında xəstə Rəşid Abasova baxış keçirib onu müayinə edərkən onda perkutor flüktasiya, yəni qarında maye yığıldığını müəyyən etdiyi halda həmin maye yığılmasının səbəbini müəyyən etmək üçün laporosintez aparmamasını bununla əsaslandırmışdır ki, Rəşid Abasovun ölüm səbəbi ona məlum deyil, lakin hesab edir ki, Rəşid Abasov daxili qanitirmədən ölməmiş, çünki o, Rəşid Abasovun meyiti daxili müayinə edildikdən sonra onun zədələnmiş dalağına baxmış və hesab edir ki, həmin zədə qanitirməyə səbəb ola bilməzdi. Laporosintezi ona görə aparmamışdır ki, xəstədə daxili qanaxmanın əlamətləri müşahidə edilməmiş, yəni bədəni soyuq olmamış və təzyiqi düşməmişdir, ona görə də laparosintez aparılmasına ehtiyac görməmişdir. Rəşid Abasovu müayinə edərkən sonuncuda daxili qanaxmanın əlamətlərindən sayılan perkutan flüktasiya olduğunu müəyyən etsə də həmin vaxt xəstənin yaxını ona Rəşid Abasovun qaraciyər serrozundan əziyyət çəkdiyini bildirdiyinə görə o də hesab etmişdir ki, perkutan flüktasiya serroza görə əmələ gəlmişdir.xx.xx.2017-ci il tarixdə növbədə olduğu müddətdə saat 08:10 radələrində zədə məntəqəsinin göndərişi ilə xəstə X2 qəbul etmiş, daxil olarkən xəstənin şikayəti döş qəfəsinin ön səthində kəskin ağrılardan, qanaxan yaradan, halsızlıqdan olmuşdur. X3 verdiyi məlumata görə evində olarkən əsəbləşib öz-özünə bıçaqla xəsarət yetirmiş və qohumları tərəfindən yaşadığı həyətdə aşkar edilərək xəstəxanaya gətirilmişdir. Xəstə tərəfindən reanimasyon bloka təhvil verilmiş, anamnez toplayarkən bildirmişdir ki, əqli və fiziki cəhətdən normal inkişaf edib, özündə və ailəsində dəri-zöhrəvi, irsi, infeksion xəstəlikləri inkar edir, vərəm və Botkin xəstəlikləri keçirməyib, ailəlidir, şəkərli diabetikdir.Daha sonra xəstəni növbətçi həkim-cərrah Şahid4 təhvil verib saat 16:00 radələrində iş saatı bitdiyindən evə getmişdir. Təxminən 40 dəqiqədən sonra Elməddin həkim mobil telefonuna zəng vurub xəstənin vəziyyətinin pisləşdiyini bildirmiş, bunu eşidib dərhal xəstəxanaya qayıtmışdır. O, xəstəxanaya gəldikdə artıq saat 17:50-də xəstə Loğman Allahverdiyevdə kliniki ölüm baş vermiş və patanatomik müayinə edilməsi üçün ekspertizaya göndərilmişdir. Əlavə olaraq bildirdi ki, Loğman Allahverdiyevin daxili qanaxmadan ölmədiyini hesab edir. Hadisə baş verən vaxt X12 Xəstəxanasının Cərrahiyyə şöbəsində işləyən Şahid6 Loğman Allahverdiyevin meyitinin daxili müayinəsində iştirak etmiş və meyitin daxili müayinəsində iştirak etdikdən sonra ona xəstənin meyiti açılarkən onun daxilində qan olmadığını görmüş, ağciyərin üzərində daxilə keçməyən cızıq xarakterli xəsarətin olduğunu görmüşdür. Ona görə də hesab edir ki, Loğman Allahverdiyev daxili qanaxmadan ölməmişdir. Ekspertin rəyləri ilə razı deyildir. Müdafiə etdiyi şəxsin bərasində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmçinin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(060)-04/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, digər sübutlarla tam təsdiqini tapmışdır. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək X1 və X5 ölməsində aidiyyatının olmamasını göstərsə də onun bu barədə göstərdikləri zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri, habelə ekspertiza rəyləri ilə təkzib olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, himayəsində 01 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərin hüquqi varislərin ona qarşı şikayət və tələbin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs tərəfindən cinayətləri təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi bütün bunları nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təqsirləndirilən şəxsə bəraət hökmü çıxarılması barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və işin digər halları nəzərə alınmış və ona Azərbaycan Respublikası CM-nin 8.1, 58.3, 60 və 63cü maddələrinin tələblərinə əsasən ədalətli və qanuna uyğun cəza təyin edilmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(060)-04/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elman Rəhimov Hakimlər Elman Əhmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar