Məhkəmə qərarları › İş №1(105)-207/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-207/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-207/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X4, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən R.E.Xəlilov) Təqsirləndirilən şəxs1 (xx xxxxxx 1964-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 33, mənzil 78-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 23 a, mənzil 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilniş) Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı iki gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs2 (xx xxxxx 1955-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 113-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı iki gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, Bakı şəhəri 11 saylı hüquq məsləhətxanasının vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun qayınanası Şahid2 həbsdən azad etdirəcəyi barədə yalan vəd verməklə aldadıb, tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə vahid qəsdlə Zərərçəkmiş şəxs xx xxxxxx 2014-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən körpünün altında həmin dövrə manatla məzənnəsi 4706 (dörd min yeddi yüz altı) manat 40 (qırx) qəpik təşkil edən 6000 (altı min) ABŞ dollarını, xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Roomstore” mebel mağazasının qarşısında 5000 (beş min) manat pulu alıb həmin pulun manatla məzənnəsi 3137 (üç min yüz otuz yeddi) manat 60 (altmış) qəpik təşkil edən 4000 (dörd min) ABŞ dollarını və 1650 (min altı yüz əlli) manatını özü, Təqsirləndirilən şəxs2 isə manatla məzənnəsi 1568 (min beş yüz altmış səkkiz) manat 80 (səksən) qəpik təşkil edən 2000 (iki min) ABŞ dollarını və 3500 (üç min beş yüz) manatını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 9706 (doqquz min yeddi yüz altı) manat 40 (qırx) qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun qayınanası Şahid2 həbsdən azad etdirəcəyi barədə yalan vəd verməklə aldadıb, vahid qəsdlə xx xxxxxx 2014-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən körpünün altında həmin dövrə manatla məzənnəsi 4706 (dörd min yeddi yüz altı) manat 40 (qırx) qəpik təşkil edən 6000 (altı min) ABŞ dollarını, xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Roomstore” mebel mağazasının qarşısında isə 5000 (beş min) manat pulu alıb həmin pulun manatla məzənnəsi 1568 (min beş yüz altmış səkkiz) manat 80 (səksən) qəpik təşkil edən 2000 (iki min) ABŞ dollarını və 3500 (üç min beş yüz) manatını özü, Təqsirləndirilən şəxs1 isə manatla məzənnəsi 3137 (üç min yüz otuz yeddi) manat 60 (altmış) qəpik təşkil edən 4000 (dörd min) ABŞ dollarını və 1650 (min altı yüz əlli) manatını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 9706 (doqquz min yeddi yüz altı) manat 40 (qırx) qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində hər hansı dələduzluq cinayətinə yol vermədiyini qeyd edib, hökmün ona aid hissədə ləğv edilməsini və əməlində cinayət tərkibi olmaması əsası ilə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, cinayət işinin başlanılmasına səbəb Zərərçəkmiş şəxs qaynanası Şahid2 həbsdən azad edəcəyi adı ilə aldadıb, Zərərçəkmiş şəxs 6000 ABŞ dolları və 5000 manat məbləğində pulunu ələ keçirərək, ona xeyli miqdarda ziyan vurub, dələduzluq etməsi barədə şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etməsi olmuşdur. Həmkarı Təqsirləndirilən şəxs2 xahişi ilə tanışı Şahid2 narkotik vasitələrin satışında təqsirləndirilməsinə dair cinayət işi üzrə vəkil kimi çıxış etmək üçün sonuncunun qohumu Zərərçəkmiş şəxsla müqavilə bağlamış və təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək müqabilində 700 manat pul almışdır. Zərərçəkmiş şəxs onun barəsində hər hansı şikayət və ya tələb irəli sürmədiyi halda, o, əsassız yerə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, yalnız digər Təqsirləndirilən şəxs2 ifadəsinə əsaslanmaqla ona ittiham irəli sürülmüşdür. Halbuki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 barəsində məhkəmə-psixoloji ekspertiza təyin edilməsi barədə vəsatətlərlə çıxış etsə də, vəsatətləri təmin edilməmiş, onun düzgün ifadə verməsi barədə psixoloji vəziyyəti araşdırılmamışdır. Əməlində hər hansı etibardan sui-istifadə, aldatma, zərərçəkmiş şəxsə məxsus əmlakı və ya pulu ələ keçirməsi halları olmadığı halda, qanunsuz olaraq dələduzluq cinayətinə görə məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li qərarında dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları başa düşülməlidir. Plenumun yuxarıda adıçəkilən qərarına əsasən dələduzluq cinayəti özünün törədilmə üsuluna görə iki növə, aldatma yolu və etibardan sui istifadə yolu ilə edilir. Təqsirləndirilən şəxs2 hərəkətlərində zərərşəkmiş şəxslərə qarşı aldatma və etibardan sui istifadə halları olmamış, habelə onun belə bir niyyəti və məqsədi olmamışdır. Zərərçəkmiş şəxsdən aldığı pulun müqabilində üzərinə götürdüyü öhdəliyə uyğun olaraq təyinatı üzrə vermiş, lakin ondan asılı olmayan səbəbdən işi alınmamışdır. O, zərərçəkmişi aldatmamış və onun etibarından sui istifadə etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 qarşı açıq-aşkar qərəzli olmuş və ona cəza təyin edərkən heç bir əsaslı səbəb və qanuni əsas olmadan digər təqsirləndirilən şəxsə münasibətdə ona olduqca ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə öz qanunsuz və əsassız hökmündə hər iki təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən ziyanın tamamilə ödənilməsini yüngülləşdirici hal kimi tətbiq edir və ağırlaşdırıcı halların olmamasını qeyd edir. Lakin sonda təqsirləndirilən şəxslərə cəza təyin edərkən ayrı- seçkiliyə və ədalətsizliyə yol verərək Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etməklə ona real cəza, digər təqsirləndirilən şəxsi isə AR CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək 3 il müddətə azadlıqdan məhrum etməklə CM-nin 70-ci maddəsini tətbiq edərək ona şərti olaraq azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün gətirdiyi dəliləri araşdırmadan ədalətsiz və əsasız olaraq ittiham hökmü çıxarmışdır. Müəllifini fikrincə, məhkəmə kollegiyasının ədalətsiz və qərəzli olmasını sübut edən hallardan biri də ondan ibarətdir ki, hər iki təqsirləndirilən şəxsə eyni məzmunlu ittiham irəli sürülsə də, hüquqlarını müdafiə etdiyi şəxsə real cəza, digər təqsirləndirilən şəxsə isə (hansı ki, onun ittihamı Təqsirləndirilən şəxs2 fəqli olaraq daha ağır hesab edilir) şərti olaraq cəza verməklə hüququn aliliyini deyil, özünün şəxsi qərəzliyini üstün tutmuşdur. Təqsirləndirilən şəxs2 də apellyasiya şikayətində müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində göstərdiyi xüsusatları qeyd edərək, hökmün ona aid hissədə ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəinki qanunun alililyi prinsipinə, hətta cinayətə görə cəza təyin edilməsinin ümumi prinsiplərinə əməl etməmiş, nəticədə qanunsuz və ədalətsiz hökm çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın hamısının onun tərəfindən ödənilməsinə, özünün 2-ci qrup, övladının isə 1-ci qrup əlil olmasına, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, məhkəmə digər təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul etsə də, onu 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edərək nəticə etibarilə ədalətsiz hökm çıxarmışdır. Apellyasiya şikayətlərinə qarşı etirazlar: Təqsirləndirilən şəxslər və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Məhkum Təqsirləndirilən şəxs2 və müdafiəiçisi Müdafiəçi2 apellyasiya məhkəməsindəki çıxışında əməlində dələduzluq cinayətinin tərkibinin olmamasını qeyd edib, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Eyni zamanda məhkum Təqsirləndirilən şəxs2 məhkəmənin bəraət üçün əsaslar müəyyən etmədiyi halda, onun zərərçəkmiş şəxsə vurulmuş ziyanı və cinayət nəticəsində vurulmuş maddi ziyanın 25% i məbləğində pulu dövlət büdcəsinə ödədiyini nəzərə alıb, onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 apellyasiya məhkəməsindəki çıxışında zərərçəkmişdən 700 manat məbləğində pulu sonuncuya göstərdiyi hüquqi xidmətin müqabilində aldığını, sonuncunu aldatmadığını, ona qarşı hər hansı dələduzluq hərəkətlərinə yol vermədiyini qeyd edib hökmün ləğv edilməsini və barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı məhkumlara bəraət verilməsi üçün əsasların olmadığını qeyd edib apellyasiya şikayətlərinin təmin edilməməsi, eyni zamanda hökmün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilərək, məhkum Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%i məbləğində pulun dövlət büdcəsinə ödənilməsinin nəzərə alınmaqla CM-nin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin təmin edilməsinə, barələrində bəraət hökmü çıxarılmasına dair ayrı-ayrılıqda təqsirləndirilən şəxslərin və müdafiəçilərinin, şikayətlərin rədd edilməklə, hökmün məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməklə, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməsə də, hökm məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs2 AR CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, məhkum Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində dindirilərkən ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2012-ci ildən Bakı şəhər 11 saylı hüquq məsləhətxanasında vəkil işləmiş, 2016-cı ildən vəkil kimi fərdi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs2 2012-ci ildən tanıyır. Nazim nümayəndə kimi fəaliyyət göstərdiyinə görə, onlar birlikdə Bakı şəhəri, 3-cü mikrorayon, A. Məhərrəmov 4də olan ofisi ayda 200 (iki yüz) ABŞ dolları müqabilində icarəyə götürüb, birlikdə işləmişlər. 2013-cü ildə Şahid2 gəlib Nazimlə müqavilə bağladıqdan sonra, Nazim mülki mübahisəli işlərində Sədatı məhkəmələrdə təmsil edirdi. Həmin vaxtdan Sədatla münasibətləri yaranmışdır. Həmin ilin dekabr ayının sonlarında Bakı şəhərində olanda Nazim onun mobil telefonuna zəng edərək Sədatın narkotik vasitələrin satışına görə tutulduğunu, hazırda Səbail RPİ-də saxlanıldığını bildirmişdir. Həmin gün axşam Nazim onun mobil telefonuna yenə zəng edib, bildirdikdə Sədatın yanına getmək lazım olduğunu demiş, o, Sədatla arasında müqavilə olmadığından onun yanına getmək mümkün olmayacağını cavab olaraq bildirdikdə, Nazim, yaxın müddətdə Sədatın qohumlarının gəlib, onunla müqavilə bağlayacaqlarını demişdir. 2013-cü ilin dekabr ayının son günlərinin birində, axşam o, Bakı şəhərində olarkən, Nazim onun mobil telefonuna zəng edərək hazırda Bakı şəhəri, 4-cü mikrorayon ərazisindəki “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən “Pərviz” adlanan yeməkxanada Sədatın qohumları ilə birlikdə müqavilə bağlamaq üçün onu gözləmələri barədə demişdir. Bir az sonra həmin yeməkxanaya gəlib, Nazimlə görüşmüş və Nazim onunla bir masada əyləşən, əvvəllər tanımadığı Fikrət və Eyvaz adlı iki nəfərlə onu tanış etmişdir. Sədatı məhkəmədə müdafiə etmək üçün 700 manata razılaşmışlar. Həmin günün səhəri Eyvazla görüşüb, Bakı şəhər 11 saylı hüquq məsləhətxanasında müqavilə bağlayaraq, istintaqda Sədatın hüquqlarını müdafiə etməyə başlamışdır. 2014-cü ilin yanvar ayında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə Nazimlə görüşmüş, həmin vaxt Nazim 1000 ABŞ dolları pulu ona verib, özündə saxlanılmasını xahiş etmiş və o, heç bir söz soruşmadan pulu götürüb özündə saxlamışdır. Ondan bir gün sonra ofisdə olarkən Nazim gəlib, 3000 ABŞ dollarını ona verib, yenidən saxlanılmasını xahiş etmişdir. O, Nazimdən həmin pulun nə olduğunu soruşduqda sonuncu həmin pulu Fikrətdən aldığını və ona aid olduğundan saxlamasını xahiş etmişdir. O, həmin pulları götürüb yaşadığı evdə saxlamışdır. İstintaqın sonuna yaxın Fikrət onun yanına gələrək Təqsirləndirilən şəxs2 Sədatın maddəsinin daha yüngül maddəyə keçirilməsi üçün pul verdiyini demişdir. Fikrətə, Nazimin ona Sədatın işi ilə bağlı pul vermədiyini, üzərinə belə bir öhdəlik götürmədiyini demiş və elə həmin vaxtlarda müqavilə pulu olan 700 manatı da Fikrətə geri qaytarmışdır. Həmin pulu Nazimin ona saxlamağa verdiyi puldan vermiş, hesabat zamanı isə bu barədə Nazimin özünə demişdir. Bundan sonra Sədatın təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin vaxtlar Nazim Sədatın hüquqlarının məhkəmədə müdafiə olunması ilə bağlı müqavilə bağlamağı xahiş etdikdə, o, Eyvazla Bakı şəhər 11 saylı hüquq məsləhətxanasında Sədatın hüquqlarını məhkəmədə müdafiə etməyə dair müqavilə bağlamış, lakin müqavilənin bağlanmasını Nazim xahiş etdiyi üçün həmin müqaviləyə görə Eyvazdan pul almamışdır. Nazimin pulu onda olduğundan gələcəkdə həmin puldan götürməyi fikirləşmişdir. O, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə tanışlığı daş sexində işlədikləri vaxtdan yaranmış, Təqsirləndirilən şəxs2 aldığı pullar işlədikləri ofisin saxlanması üçün verdiyi pullar olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahid2 06 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, sonradan Sədatın yeznəsi Fikrət onun yanına gələrək Nazimin Sədatın işinin həlli üçün ondan 6000 ABŞ dolları və 5000 manat pul aldığını bildirmişdir. Pulun mənimsəməsinə aidiyyəti olmadığına baxmayaraq ziyanın qalan hissəsi olan 3500 manat pulu zərərçəkmiş şəxsə ödəmişdir. Cinayət əməlini törətməmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alıb, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən mülki mübahisəli işlər üzrə məhkəmələrdə müxtəlif şəxsləri nümayəndə kimi təmsil edərək işləmişdir. 2012-ci ildə vəkil işləyən Təqsirləndirilən şəxs1la tanış olmuş və ünvan 1 ünvanında yerləşən ofisi birlikdə icarəyə götürüb, işləmişlər. İcarə haqqını yəni, ayda 200 ABŞ dolları pulu aralarında yarı bölərək ödəmişlər. 2013-cü ilin yay aylarında Şahid2 ona müraciət edərək, Arzu adlı qadının ona 145.800 manat miqdarında borcunun olması ilə əlaqədar nümayəndəsi kimi onu təmsil etməsini xahiş etmişdir. Həmin işlə əlaqədar Sədatın yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə özünə məxsus olan Mercedes ML-270 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş və avtomobilini onun evinin qarşısında saxlayıb qapıları bağlayaraq Sədatın evinə keçmişdir. Evdə avtomobilin uzaqdan idarə etmə cihazını masanın üzərinə qoymuşdur. Təxminən 15-20 dəqiqə sonra Sədata zəng gəlmiş və telefonda danışdıqdan sonra Sədat bildirmişdir ki, ona məxsus avtomobili 8-ci sinif şagirdi olan oğlu Orxan qaçıraraq qəza törətmişdir. Bundan sonra Sədat ilə birlikdə sonuncunun yaşadığı ünvandan 5-6 kilometr aralı Sumqayıt şəhər istiqamətində gedib, özünə məxsus ML markalı avtomobilin mişar daşlarından hörülmüş hasara çırpılaraq yararsız vəziyyətə düşdüyünü görmüşdür. Həmin vaxt Sədat avtomobili özü düzəltdirəcəyinə söz vermiş, lakin Sədat avtomobili düzəltdirməmişdir. 2013-cü ilin dekabr ayında Bakı şəhərində olan vaxt Sədat ona zəng edib, narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə həbs oldunduğunu bildrərək, tanış vəkillərdən biri ilə Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinə gəlməsini xahiş etmişdir. Bundan sonra o, tanış vəkili Məsud Bayramovla birlikdə qeyd edilən yerə getmiş, lakin həmin vaxt Sədatla görüşə bilməmişlər. Bir gün sonra Şahid2 barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, təxminən 10-15 gün sonra Sədat Bakı şəhər istintaq təcridxanasından ona zəng edərək şərləndiyini və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasını, bu məqsədlə də ondan kürəkəni Zərərçəkmiş şəxs ilə əlaqə saxlamasını xahiş etmişdir. O, Sədatdan kürəkəni Fikrətin mobil nömrəsini alıb, həmin gün sonuncuya zəng edərək ofislərinə dəvət etmişdir. Bu işlə əlaqədar məsləhətləşdiyi bütün vəkillər Sədatın hüquqlarının müdafiəsi üçün 15000 manat pul tələb olunduğunu bildirmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs1 xahiş etmişdir ki, müqavilə bağlayıb bu işi 10.000 manata görsün. Mübariz razılaşdıqdan sonra 2013-cü ilin dekabr ayının 27-də Fikrətlə zəngləşərək, Bakı şəhəri ərazisində yerləşən “Pərviz” şadlıq sarayının yaxınlığındakı “Naxçıvan” kafesində onunla və Eyvaz adlı qohumu ilə görüşmüş, bir qədər söhbətdən sonra o, Fikrətə Sədatın məhkəmdə hüquqlarının müdafiəsi üçün 10.000 manat pul lazım olduğunu demiş, bir qədər söhbətdən sonra Fikrətlə aralarına razılıq əldə edilmiş və qısa müddət sonra Mübariz yanlarına gəlmişdir. O, həmin vaxt Mübarizi təqdim etmiş və Sədatın hüquqlarının müdafiəsi üçün Fikrətlə müqavilənin bağlanılması üçün 700 manat pul verilməsi barədə razılaşmışlar. Bir neçə gündən sonra Mübarizin Eyvazla müqavilə bağlanması barədə eşitmiş və bundan sonra mütəmadi olaraq Fikrətlə əlaqə saxlayıb pulu hazırlayıbhazırlamaması barədə soruşmuş və xx xxxxxx 2014-cü il tarixdə işdə olan vaxt Fikrət zəng edərək pulun bir qismini hazırladığını deyərək görüş təyin etmişdir. Həmin gün bir neçə saat sonra Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən körpünün altında görüşdükdə, Fikrət qaynanası Sədatın məhkəmədə hüquqlarının müdafiəsi üçün 6000 ABŞ dollarını ona vermişdir. Həmin pulu götürüb, qalıq pulu hazırlamasını deyərək çıxıb getmişdir. Növbəti gün Mübarizlə görüşüb Fikrətdən aldığı pulun ilk olaraq 1000 ABŞ dollarını, daha sonra isə 3000 ABŞ dollarını Sədatın hüquqlarını məhkəmədə müdafiə etməsi üçün ona vermişdir. Mübariz pulu alıb, işləri sürətləndirəcəyinə və Sədata məhkəmədə bəraət alacağına söz vermişdir. 2014-cü ilin fevral ayında Fikrət taksi ilə 1200 manat pul ona göndərmişdir. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, təxminən 15-20 gün sonra Fikrət zəng edərək qalıq 3600 manat pulu düzəltdiyini və onlara verilməsi üçün qohumu Eyvazla göndərdiyini dedikdə, o, Mübarizlə birlikdə həmin gün Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Roomstore” mağazasının qarşısında Eyvazla görüşüb, avtomobilin içində Eyvazdan 3600 manat pulu almışdır. Eyvaz çıxıb getdikdən sonra avtomobilin içində həmin pulun 1650 manatını Mübarizə vermişdir. xx xxxxxx 2014-cü il tarixdə Şahid2 məhkəmə psixiatrik eskpertizasına göndərilmiş və ekspertiza bitdikdən sonra onun anlaqlı olması, əsəb-ruhi və ya psixi xəstə olmaması müəyyən edilmişdir. Sədatin hüquqlarını müdafiə edən Təqsirləndirilən şəxs1 Sədata elan edilmiş ittihamı tövsif edilməsinə nail ola bilmədiyindən Şahid2 Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bir qədər sonra Fikrət ofisə gəlib, Mübarizin və Bəhrəm adlı şəxslərin iştirakı ilə verdiyi 9500 manat pulu geri istəmişdir. O, həmin vaxt Fikrətə 4750 manatı “ML” markalı avtomobilə dəymiş ziyana və dayanacaq xərclərinə hesabladığını, qalıq pulların yəni, 4000 ABŞ dolları və 1650 manat pulun isə vəkil işləyən Mübarizdə olduğunu demişdir. Fikrət həmin vaxt razılaşaraq getsə də, sonradan mobil telefon vasitəsi ilə pulun verilməsi üçün hədə qorxu gəlməyə başlamışdır. O, 2016-cı ilin iyul ayında Sədat ilə görüşmüş, həmin vaxt Sədat pulun geri qayıtmayacağı təqdirdə qohumu İlqarın vasitəsi ilə onu şantaj edəcəyini demişdir. Bu səbəbdən Fikrətlə görüşüb, ilkin olaraq 400 manat və 600 ABŞ dolları pulu ona verib, həmin pul 1400 manat kimi hesablanmışdır. Sonradan Sumqayıt ŞPİ-nin istintaq şöbəsi tərəfindən tutulduqda ailə üzvləri tərəfindən 1000 manat, səhəri gün isə 2500 manat maddi ziyan Fikrətə ödənilmiş və təxminən bir ay sonra 3000 manat maddi ziyandan Fikrətə ödənilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Quliyev X5 İsmayılova verdiyi pulları ofisdə saxlanması üçün deyil, Şahid2 həbsdən azad edilməsi ilə bağlı verdiyini təsdiq etmişdir. O, elan olunmuş dələduzluq cinayətində özünü təqsirli bilmir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alıb, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadələrinə tənqidi yanaşmış, həmin ifadələrin özlərinin müdafiəsinə yönəlməklə, məsuliyyətdən əsassız olaraq azad edilməsi məqsədi daşıması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hökmdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, sonuncunun narkotik vasitələrin satışı ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən qaynanası Şahid2 məsuliyyətdən kənarda qalması və əməlinin başqa cinayət maddəsinə tövsif edilməsinə nail olacağına inandırıb aldadaraq 6000 ABŞ dolları və 5000 manat məbləğində pulunu ələ keçirib dələduzluq etməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. İşdə məhkumların qrup şəklində əlbir olub zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 9706 manat 40 qəpik pulu dələduzluq niyyəti ilə ələ keçirməsi faktını təsdiq edən kifayət qədər sübutlar vardır. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qaynanası Şahid2 2013-cü ilin dekabr ayında narkotik vasitələrin satışında şübhəli bilinərək Baş X1 əməkdaşları tərəfindən tutulmuş və barəsində həbs qətimkan tədbiri seçildiyindən, o, 2013-cü ilin dekabr ayının 27-də Bakı şəhərində olan vaxt, Şahid2 xahişi ilə sonradan Təqsirləndirilən şəxs2 kimi tanıdığı şəxsin mobil telefonuna zəng vurub, Sədatın hüquqlarını müdafiə etməsində və onun həbsdən azad edilməsində köməklik etməsini xahiş etmişdir. Nazim Bakı şəhərində olduğunu bildirdikdə, həmin gün Bakı şəhəri ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı “Naxçıvan” kafesində görüşmələri barədə razılaşmışlar. Həmin kafedə söhbət zamanı Nazim mülki mübahisəli işlərində məhkəmələrdə Sədatın nümayəndəsi kimi iştirak etdiyi barədə bildirmiş, bu dəfə də Sədatı həbsdən azad etdirəcəyini və Sədatı həbsdən azad etmək üçün 10.000 manat pul lazım olacağını demişdir. Nazimlə razılaşıb söhbət edərkən, əvvəllər tanımadığı bir şəxs də onların yanına gəlmişdir. Nazim həmin şəxsi ona Təqsirləndirilən şəxs1 kimi təqdim edərək, vəkil olduğunu və iki günə işi həll edib, Sədatı həbsdən azad edəcəyini bildirmişdir. Bundan sonra 700 manat müqabilində Mübarizlə müqavilə bağlanılması barədə razılaşmışlar. Bu söhbət və razılaşmada qohumu Şahid1 da iştirak etmişdir. Bir gün sonra Bakı şəhəri ərazisində Mübarizə qeyd edilən məbləğdə pul verilmiş və müqavilə Eyvazın adından bağlanılmışdır. Nazimlə danışıb razılaşdığı 10000 manat pulu hazırlamaq üçün tez bir zamanda özünə məxsus “Mercedes Benz C180” markalı avtomobilini satmışdır. xx xxxxxx 2014-cü il tarixdə Nazimlə əlaqə saxlayıb, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən körpünün altında görüş təyin etmiş və bir neçə saatdan sonra Nazimlə qeyd edilən yerdə görüşüb söhbət etmişlər. Görüş zamanı Nazim Sədatın işini aparan müstəntiqlə razılaşdığını, pulun tez veriləcəyi təqdirdə Sədatı həbsdən azad etdirəcəyini vəd etdikdə, o, həmin gün özü ilə gətirdiyi 6000 ABŞ dolları pulu Nazimə vermişdir. Pulu verdikdən sonra özü müstəntiqlə görüşüb danışmaq istədiyini Nazimə demiş, Nazim isə müstəntiqlə yalnız özünün görüşüb danışdığını, qalıq pulu isə qısa zaman ərzində hazırlamağı tapşırmışdır. Bundan sonra o, yaşadığı Ağcabədi rayonunun Poladlı kəndinə qayıdıb, özünə məxsus xırda və iri buynuzlu heyvanları satıb 5000 manat pulu əldə etmişdir. xx xxxxxx 2014-cü il tarixdə hazırladığı 5000 manat pulu Nazimə vermək üçün taksi ilə qohumu Eyvaza göndərib, bu barədə telefon vasitəsi ilə Nazimə məlumat vermişdir. Həmin gün Eyvaz Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Roomstore” mağazasının qarşısında Nazimlə görüşüb, avtomobilin içində 5000 manat pulu ona vermişdir. Bundan sonra Nazim zəng edərək Sədatı bir-iki günə həbsdən azad etdirəcəyini bildirmişdir. Lakin Nazimdən heç bir xəbər çıxmadığını gördükdə, ona zəng vurmuşdur. Nazim zənginə cavab verib, telefonda qışqıraraq, Sədata 12 il azadlıqdan məhrum etmə cəzasını verdirəcəyi ilə onu hədələmiş və telefonunu söndürmüşdür. Sonradan Sədatın işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini bildikdə Nazimlə görüşüb, bu məsələni araşdırdıqda, o, avtomobilinin Sədatın oğlu tərəfindən əzilməsini bəhanə edərək pulu həmin xərclərə çıxdığını demişdir. Bir müddət sonra Sədat 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2014-cü ilin yay aylarında Sədat azadlığa çıxaraq Nazimi axtarmağa başlamış, həmin vaxt Sədat ilə birlikdə Nazimdən həmin pulun 400 manat və 600 ABŞ dolları geri ala bilmişdi. Bu pulu 1000 manat kimi hesablanması barədə Nazimlə razılaşmışlar. Pulun qalan hissəsini Nazim qaytarmadığı üçün xx xxxxxxxx 2017-ci il tarixdə fakta görə cinayət işi başlanılmış və Nazim istintaqdan qaçıb gizləndiyindən onun barəsində axtarış elan edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə Nazim tutulmuş və xx xxxxxx 2017-ci il tarixdə polis idarəsinin intibati binasında 1500 manat pul ona ödəmişdir. Bundan sonra əvvəlki ödəməni də nəzərə alaraq öz xətti ilə Nazimin ona ümumiyyətlə 2500 manat pul ödəməsini barədə qəbz yazmışdır. Təxminən bir ay sonra Nazim polis idarəsinin inzibati binasında 3000 manat pul ödəmişdir. Bundan başqa Nazim onlara heç bir pul ödənişi etməmişdir. Ümumilikdə Nazim ona 5500 manat pul qaytarmışdır. Ziyanın qalan hissəsini Təqsirləndirilən şəxs1 məhkəmə zamanı ona qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Göründüyü kimi, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə çıxışında bir daha 6000 ABŞ dolları və 5000 manat pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəkil kimi qaynanasının müdafiə hüququnu həyata keçirmək üçün deyil, onların həmin pulu Şahid2 barəsində olan cinayət işinin istintaqını aparan müstəntiqə verməklə qaynanasının məsuliyyətdən azad edilməsinə nail olmaq məqsədi ilə verdiyini göstərmişdir. Eyni zamanda ona vurulmuş ziyan təmamilə ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirib, bu halın nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 apellyasiya məhkəməsində elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 2012-ci ildə onun X7 ilə aralarında olan mülki mübahisədə onu məhkəmədə təmsil edərək nümayəndəsi olarkən tanımışdır. 2013-cü ilin dekabr ayında o, narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 əməkdaşları tərəfindən tutulmuş və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Nazimlə əlaqə saxladıqda, o, onu həbsdən azad edə biləcəyinə inandırmışdır. Buna görə də kürəkəni olan Zərərçəkmiş şəxs nömrəsini Nazimə vermişdir ki, onunla əlaqə saxlayıb, onun həbsdən azad ediləcəyi üçün lazım məbləğdə pulu Fikrətdən ala bilsin. Nazimin təklifi ilə məhkəmədə hüquqlarının müdafiəsi üçün 11 saylı hüquq məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs1la müqavilə bağlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Nazim Fikrətlə görüşüb, guya onu həbsdən azad etdirəcəyi adı ilə xx xxxxxx 2014-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Fikrətin 6000 ABŞ dollar pulunu, xx xxxxxx 2014-cü ildə Fikrət Şahid1la göndərdiyi 5000 manat pulu Sumqayıt şəhəri ərazisində ələ keçirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 apellyasiya məhkəməsində elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki,Şahid2 onun bacısı qızı, Zərərçəkmiş şəxs isə onun dayısı oğlu və Sədatın kürəkənidir. 2013-cü ilin dekabr ayında Sədat narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuşdur. Bu səbəbdən 2013-cü ilin dekabr ayında Fikrətin xahişi ilə Sədatın nümayədəsi olmuş, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2lə Bakı şəhəri ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı “Naxçıvan” kafesində görüşmüşlər. Görüş zamanı Nazim bildirmişdir ki, Sədatı həbsdən azad etmək üçün 10000 manat məbləğində pul lazım olacaq və kafeyə sonradan gəlmiş, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 vəkil kimi onlara təqdim edərək Sədatın hüquqlarını müdafiə etmək üçün onunla müqavilə bağlanılmasını tapşırmışdır. Nazimlə razılaşdıqdan sonra, növbəti gün onun adından Təqsirləndirilən şəxs1la müqavilə bağlanmış və Mübarizə 700 manat pul verilmişdir. xx xxxxxx 2013-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Fikrət Nazimlə görüşüb, aralarında olan razılaşmaya əsasən, Sədatı həbsdən azad edəcəyi üçün Nazimə 6000 ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra Fikrət onun mobil telefonuna zəng vurub, hazırda Ağcabədi rayonunda işlərinin çox olması ilə əlaqədar özü Bakı şəhərinə gələ bilmədiyi üçün, 5000 manat pulu Sumqayıt şəhərinə ona göndərəcəyini bildirib, Nazimlə Sumqayıt şəhərində görüşüb, pulu verməsini xahiş etmişdir. xx xxxxxx 2013-cü ildə günorta Ağdam rayonundan gələn mikroavtobusların birindən Fikrətin göndərdiyi 5000 manat pulu götürmüşdür. Həmin gün saat 19 radələrində Nazim ona zəng edib, Sumqayıt şəhərində olmasını bildirdikdə, o, Nazimə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Roomstore” mebel dükanının qarşısına gəlməsini xahiş etmişdir. Nazim idarə etdiyi “Opel” markalı avtomobil ilə qeyd olunan yerə gəlmiş, o, həmin avtomobilə əyləşib, Fikrətin ona göndərdiyi 5000 manatı Nazimə vermişdir. Həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs1 da olmuşdur. Nazim pulu aldıqdan sonra ən qısa zamanda Sədatı həbsdən azad etdirəcəyini bildirmiş və bundan sonra o, avtomobildən düşüb, getmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Nazim Sədata köməklik etmək üçün heç bir şey etməmiş, pulu mənimsəmiş, Sədat 6 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. X6 pulunu tələb etməsinə baxmayaraq, Nazim pulu qaytarmamış, yalnız barəsində cinayət işi başlanılaraq tutulduqdan sonra pulun bir qismini qaytarmışdır. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları təhlil edərək, həmin sübutları bir-biri ilə müqayisə etməklə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş şəxsin və şahidlərin dindirilməsi, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxsin üzləşdirilməsi kimi istintaq hərəkətləri həyata keçirilmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Apellyasiya kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla məhkumların verilən ittiham üzrə təqsirli olmaları nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamını sübut olunmuş hesab edir və onlar barəsində bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətmələri barədə düzgün nəticəyə gəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunmuş 89755 saylı, xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 9706 (doqquz min yeddi yüz altı) manat 40 (qırx) qəpik məbləğində pulun 25 (iyirmi beş) faizi miqdarında, yəni 2428.43 (iki min dörd yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı təmamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyduqları məsələləri təsdiq etməklə, əməlində cinayət tərkibinin olmaması barədə iddialarından imtina etmədiklərini qeyd etsələr də, cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i məbləğində pulun dövlət büdcəsinə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasına dair məhkum Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 apellyasiya şikayətləri təmin edilməsə də, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i məbləğində pul dövlət büdcəsinə ödənildiyindən, hökm ona aid hissədə ləğv edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər kateqoriyasına daxildir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında barışıq əldə edilmişdir. Bu fakt zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsindəki çıxışında, həmçinin birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli notaril qaydada təsdiq olunmuş ərizəsi ilə öz təsdiqini tapmışdır. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 89755 saylı ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%i məbləğində, yəni 2428.43 (iki min dörd yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik pul dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması və onları bağışlaması, həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i məbləğində pulun dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi, cinayət işinin icraatına xitam verilməsi barədə dövlət ittihamçısının mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən hökm məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməli, məhkum Təqsirləndirilən şəxs2 barəsində başlanmış cinayət işinin icraatına xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilməli, hökm məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 399.1.4, 401, 403, 405, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı təmamilə ödəmiş və onunla barışmış Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25 %-i (iyirmi beş) miqdarında pulun dövlət büdcəsinə ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işinin icraatına xitam verilsin. Məhkum Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 apellyasiya şikayətləri təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elman Əhmədov Hakimlər: Elman Rəhimov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar