Məhkəmə qərarları › İş №1(105)-208/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-208/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-208/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hakimlər: Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Əzizov Əzizxan İman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmü ilə (hakim X3) xx xxxx 1988-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmünicrasının yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs1 ittiham elan edilmişdir ona görə ki, o, 7.500 (yeddi min beş yüz) ABŞ dollarını və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla borc pulu, 150 (yüz əlli) manat hüquqi yardıma görə keçirdiyi pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-7440/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(060)-2198/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxxxxxx 2019cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apelyasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin anksiyasında göstərilən ən ağır cəzanın təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən əsassız hökm qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cinayət işinə baxarkən onun mövqeyini nəzərə almamış, təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsi barədə məhkəmə qərarının qərəzli və məqsədli şəkildə icra olunmamasına və qərarın icrasına maneçilik törətməsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəza onun pozulmuş hüquqlarının bərpasına xidmət etməyəcəkdir. Apelyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X5 çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı qərarının dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətinə etiraz etmiş, təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 apelyasiya instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətini müdafiə etmiş, apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmünün dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təmin edilməsi barədə, hökmün dəyişdirilməsi barədə, məhkumun və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmü dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsi ilə yanaşı, onun bu əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində mübahisələndirilmir. Təqsirləndirilən şəxsə təyin olunmuş yüngül cəzanın ləğv edilərək, təqsirləndirilən şəxs barəsində daha ağır həddə cəza təyin edilməsi barədə zərərçəkmiş şəxsin apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmamışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7440/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Təqsirləndirilən şəxs1 7.500 (yeddi min beş yüz) ABŞ dollarını və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla borc pulu, 150 (yüz əlli) manat hüquqi yardıma görə keçirdiyi pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs1 ödənilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün xx xxxxxx 2018-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Emil Həsənov tərəfindən Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs1 icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs1 göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs1 qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə borclunun avtomobilinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(060)2198/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 8(060)533/2019 saylı qərarın surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)7440/2018 saylı sənədlərinə əsasən borclu Təqsirləndirilən şəxs1 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs1 bildirişlər göndərilmiş, məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan DİN-in əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı-xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X6 vardır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə 500 manat, xx xxxxxx 2019-cu il tarixdə 50 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 70 manat Zərərçəkmiş şəxs1 ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasının xx xxxxxxx 2020-ci il tarixli məktublarından görünür ki, Həsənov X2 Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı əsasında həbs edilmişdir. Beləki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə 780 manat ödəniş etməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7440/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 7.500 (yeddi min beş yüz) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla borc pulu, 150 (yüz əlli) manat hüquqi yardıma görə keçirdiyi pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs1 ödəməli olmasına baxmayaraq, qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırmış, yalnız ibtidai istintaq zamanı 620 manat ödəniş etməklə, həmin vaxtdan etibarən heç bir borc ödənişi etməmişdir. Zərərçəkmiş şəxs1 apelyasiya məhkəməsindəki izahatında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin hökmünün qəbul edilməsindən sonrakı vaxt ödəməli olduğu borcundan heç bir ödəniş etmədiyini, borcun ödənilməsi üçün heç bir cəhd göstərmədiyini qeyd etdi. Kollegiya hesab edir ki, bu hal məhkumun qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə laqeyd münasibətinin göstəricisidir. Bundan əlavə birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs1 ödəməli olduğu borcdan 780 manat ödəniş etdiyini qeyd etsə də, iş materiallarında olan qəbzlərdən onun cəmi 620 manat ödəniş etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası bundan başqa onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin mübahisələndirilən hazırkı xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu müddətdən sonra və hətta apellyasiya məhkəməsi icraatı zamanı da məhkəmə qətnaməsinin icrasına laqeyd yanaşaraq hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmadan, məhkumun şəxsiyyətinə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə yüngül cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə törətdiyi cinayətin ağırlığına uyğun olmayan azadlığın məhdudlaşdırılmaı növündə yüngül cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Xəlil Muxtarovun şəxsiyyətini və törətdiyi cinayətin ictimai təhlükəliliyini nəzərə alıb, təqsirləndirilən şəxsin islah edilməsi, habelə cəzanın digər məqsədlərinə nail olmaq üçün ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətini müzakirə edən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həyat şəraitinə təsirini nəzərə alır və təqsirləndirilən şəxs Xəlil Muxtarova Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş aşağı həddində azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti əsaslı hesab edilməklə təmin edilməli, məhkəmənin mübahisə edilən hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, cəzası tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmü Təqsirləndirilən şəxs1 barəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1-ci, 398.1.4-cü, 399.1.4, 399.1.5, 407-ci və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmü dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)93/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən : Məhəmmədəli Rzayev Hakimlər: Elman Rəhimov Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar