Məhkəmə qərarları › İş №1(105)-281/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-281/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-281/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə dair Şamaxı rayon Məhkəməsinin 1(074)-40/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, S.Vurğun küçəsi 120) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Canməmməd Nizam oğlunun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəs ilə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü xüsusi ittiham qaydasında şikayət ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X4 qeyd olunan xüsusatda ona vurduğu maddi və mənəvi ziyanın 15000 (on beş min) manat dəyərində qiymətləndirilərək dəymiş ziyanın ona ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 Şamaxı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində yazılı şəkildə ona şər-böhtan atmışdır. 2020-ci ilin təxminən iyun ayının sonlarınadək onun istifadə etdiyi əvvəlki e-mail ünvanlarının (Elektron ünvan 1, meherremov Elektron ünvan 2 və Elektron ünvan 3) parolları sındırılıb və ya bloklanıb. Əgər məktub yuxarıda qeyd etdiyi e-mail ünvanlardan yazılıbsa, 06 iyul 2020-ci il tarixdə onu necə yaza bilərdi. Çünki o, həmin vaxtdan bəri göstərilən elektron ünvanlardan istifadə edə bilmir. C.N.Rüstəmovun istinad etdiyi yazının tam mətni onda yoxdur. Canməmməd Rüstəmov öz şər-böhtan iddiasını aşağıdakı 2 arqumentlə əsaslandırmağa çalışmışdır. Belə ki, o, öz iddia ərizəsində qeyd edir: “Hazırda isə bir xeyli illər bundan əvvəl bir nəfərin azyaşlı qıza (9-cu sinif şagirdinə) sataşdığına görə, uzunqulağın belində tərsinə oturdulmaqla məktəbdən qovulmasını və bunun həqiqətən də olub-olmadığını araşdırmaqla məşğulam. Belə araşdırmalar aparmaq mənim həm də hazırki ictimai əsaslar üzrə çalışdığım peşə fəlaiyyətimdir. Buna dair hansısa bir fakt, sənəd əldə etsəm birbaşa sosial şəbəkələrə verəcəyəm” “Daha sonra bu gün eşitdim ki, sən 3-4 gün əvvəl yenə o 500 manatlıq dəyərə malik olan ünsürləri ətrafına yığıb mənim adımı orada hallandırmısan”. Doğrudan da aşkar görünür orada konkret olaraq C.N.Rüstəmovun adı, soyadı çəkilməyib. Daha sonra belə başa düşülür ki, onu yazan şəxs həmin vaxt hardasa ictimai əsaslarla peşə fəlaiyyəti üzrə çalışırmış. Həmin məktubun yazıldığı 06 iyul 2020-ci il tarixdə o, ictimai əsaslarla deyil, bundan 2 ay əvvəldən yəni 01 may 2020-ci il tarixdən etibarən rəsmi əmək müqaviləsi ilə “Şəffaflıq” qəzetində baş redaktorun köməkçisi vəzifəsində işləyir.C.N.Rüstəmovun mənə qarşı şər-böhtanı iddia ərizəsinin məhkəmə icraatına götürülməklə hamıya yayılmışdır.Ona dəymiş maddi və mənəvi ziyan odur ki, bununla bağlı dəfələrlə məhkəməyə gedir, bundan ötəri işindən ayrılır, etiraz etmək, məhkəmələrə gəlib-getmək xərcləri və s. Ona dəymiş mənəvi ziyan ondan ibarətdir ki, ona atılmış bu şər-böhtan barədə bütün günü düşünür, şər-böhtan atan C.N.Rüstəmovun belə hərəkəti onun səhhətinə olduqca pis təsir edir, normal yaşayış tərzi və istirahəti pozulur, mənəvi-psixoloji sarsıntı keçirir. C.N.Rüstəmovun bu şər-böhtanı nəticəsində ona 15000 (on beş min) manat maddi və mənəvi ziyan dəymişdir. Daha sonra X9 xüsusi ittiham qaydasında şikayətinə əlavə verərək göstərmişdir ki, C.N.Rüstəmov 17.08.2018-ci il tarixdə, 2(074)-1390/2018 saylı iş üzrə Şamaxı rayon Məhkəməsində qeydiyyatdan keçmiş iddia ərizəsində barəsində yazmışdır: “Bu müzakirələrdən sonra Y. Məhərrəmovun mənə qarşı aqressiv hərəkətləri daha da intensivləşib. O, mənə rəsədxanada iş otağımda işləməyə imkan vermir, mənə hədə-qorxu gəlir. Onun bu hərəkətləri artıq səhhətimdə problemlər yaradıb. Y.Məhərrəmov məni addımbaşı təhqir edir və hədələyir, mənə deyir ki, Rusiyada olan qardaşım vasitəsilə səni aradan götürə bilərəm. Y.Məhərrəmov deyir ki, bunu elə edə bilərəm ki, heç bir hüquq mühafizə orqanı elementar sübut tapa bilməz. Bu məsələ məni çox narahat edir. Cavabdeh Y.Məhərrəmovun qeyd etdiyim hərəkətləri nəticəsində mənə fiziki iztirablar formasında da xeyli mənəvi zərər vurulmuşdur”. C.N.Rüstəmov 18.09.2018-ci il tarixdə, 2(074)-1390/2018 saylı iş üzrə Şamaxı rayon Məhkəməsində qeydiyyatdan keçmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin birinci səhifəsində yazmışdır: “Azərbaycan ordusuna əsgəri xidmətdən iki dəfə qaçaraq iki dəfə fərari statusunu qazananda kim idi?”. C.N.Rüstəmov onu öz qardaşı ilə birləşib guya C.Rüstəmovu öldürəcəyi və ya oğurlatdıracağı ilə hədələdiyini uydurub onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Halbuki ona qarşı belə hədələmə hərəkəti olmamışdır. Beləliklə, C.N.Rüstəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci bəndində nəzərdə tutulmuş cinayəti törətmişdir..N.Rüstəmovun bu şər-böhtanı nəticəsində ona 100 000 (yüz min) manat maddi və mənəvi ziyan dəymişdir. Ona yazılı şəkildə şər böhtan atdığına görə X4 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini və C.Rüstəmovun ona vurduğu maddi və mənəvi ziyanın 100000 (yüz min) manat dəyərində qiymətləndirilərək ona ödənilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 1(074)-40/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarı (hakim N.İsmayılov) ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, şikayətinin xüsusi ittiham qaydasında məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs qismində cəlb edilməsini istədiyi C.N.Rüstəmov Şamaxı rayon Məhkəməsinin iclasında da həm “azyaşlı qıza sataşmasına görə uzunqulağın belində tərsinə oturmaq məsələsini” qəsdən özünə aid edərən yenə də təkrarlamış və o cümlədən onun guya qardaşının vasitəsilə onu aradan götürüb yox edəcəyini, 20 ildən çox bundan əvvəl guya ordudan 2 dəfə fərarilik etdiyini dəfələrlə məhkəmə iclas salonunda da bildirmişdir. O, məhkəmə iclasında ondan çıx danışmış, lakin məhkəmə qərarında bir-iki kəlmə ümumi şablon cümlələrdən başqa onun danışdıqlarının heç birisi yazılmamışdır. əvvəlki məhkəmə iclaslarında da C.N.Rüstəmov ona qarşı belə şər-böhtanlarını təkrar-təkrar demişdir. Məhkəmə hakim və iclas katibi onun ona qarşı bu şər-böhtanlarını canlı görüb eşitmişdir. İş üzrə hazırkı məhkəmə qərarının 3-cü səhifəsinin 3-cü abzasında qeyd olunmuşdur ki, “kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür”. Bu izahatdan aydındır ki, məhkəmənin hakimi və iclas katibi onun üçün kənar şəxslərdir və C.N.Rüstəmov da onların yanında barəsində qeyd etdiyi şər-böhtanları təkrar-təkrar deyil və hakim və iclas katibi də onun danışıqlarını görür və eşidirlər. Amma qərarda yazılanlardan belə başa düşülür ki, deyəsən işə baxan məhkəmə özünü və iclas katibini nəzərə almır. Doğurdan da işə baxan məhkəmə hakimləri və iclas katibi onun üçün kənar şəxs hesab olunan adam deyillərmi. C.N.Rüstəmov 2018-ci ildə öz iddia ərizəsinə daxil etdiyi 21 iyun 2018-ci il tarixdə ŞAR-ın Elmi Şurasındakı iclasın gündəliyini və oradakı çıxışını apellyasiya şikayətinə sübut kimi əlavə edir. İclasın gündəliyindən görünür ki, gündəlikdəki 1-ci və 4-cü mməsələ ümumiyyətlə ona aid deyil. 3-cü məsələ isə onun AMEA prezidentinə yazdığı şikayət məktubunun müzakirəsidir. Lakin həmin iclasın gündəliyinin 2-ci məsələsi C.N.Rüstəmovun onunla bağlı müraciətinin müzakirəsidir. ŞAR Elmi Şurasının 21.06.2018-ci il tarixli 05 saylı protokolundan çıxarışdan aşkar görünür ki, orada Elmi Şuranın 13 üzvündən 11 iştirak etmişdir. C.N.Rüstəmov həmin iclasda çıxış mətninin 3-cü səhifəsinin sonları və 4-cü səhifəsinin əvvəllərində və sonuncu 5-ci səhifədə o, tələb irəli sürərək bildirmişdir ki, guya onun hərbi biletində naməlum qeyd var və həm də onun əmək kitabçıasında 3 (üç) illik müddət boşluq var. C.N.Rüstəmov bu ifadələri söyləyəndə onun ordudan guya iki dəfə fərarilik edib həbs oluna bilməyi müddətini nəzərdə tutur. Halbuki onun həyatında belə hadisələr olmamışdır. C.Rüstəmov öz çıxışında dediyi kimi onun tələbi ilə ŞAR-dan sorğu verib ona dair guya fərarilik etməyi ilə bağlı saxta arayış yazdırıb gətizdirmişlər. Daha sonra barəsində yazdırılmış həmin şər-böhtanı onlar ŞAR Elmi şurasının iclasının gündəliyinə daxil edib sonralar kollektiv şəkildə dəfələrlə müzakirə etmişlər, internet saytında yerləşdirmişlər və sosial şəbəkələrdə müsahibələrdə danışıb yaymışlar. İnternet saytındakı həmin framentlərdən aşkar görünür ki, orada yazılıb ki guya o hərbi hissədə xidmət edərkən iki dəfə fərarilik etmiş və buna dair ŞAR əməkdaşılarına arayış verilmişdir. Həmin saxta arayış internet saytında yerləşdirilmişdir. O cümlədən əmək kitabçıasının da guya saxtalaşdırdığını yazmışlar və o da internet saytında yerləşdirilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 apelyasiya şikayətinə əlavə ilə müraciət edərək, apelyasiya şikayətinin təmin edilməsini, C.Rüstəmovun onu ordudan 2 (iki) dəfə fərarilik etməkdə və ona məxsus əmək kitabçıasını saxtarlaşdırmaqda ihhitam etməsi və sonda bu böhtanları internet saytında yaydığına görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin147.2-ci maddəsində göstərilmiş cinayəti törətməsi səbəbi ilə xüsusi ittiham qaydasında şikayətinin məhkəmə icraatına və məhkəmə baxışına götürülməsini, iş üzrə Şamaxı rayon Məhkəməsinin qərarının ləğv edilməsini, C.Rüstəmovun şərəf və ləyaqətin aşağılanmasına dair mülki iddia tələbinə Şamaxı rayon Məhkəməsində xitam verildiyindən onun həmin mülki iş üzrə ona qarşı saxta sübutlardan istifadə etməsinə dair hissəsində isə apelyasiya şikayətini geri götürdüyünün nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qanuni və əsaslı hesab edilməklə apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət Prosessual Məcəlləsinin 293.3, 293.3.3, 293.3.4 və 293.3.5-ci maddələrinin məzmununa görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi və cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilir. Qeyd edilən prosessual normaları müqayisəli təhlil edərək kollegiya qeyd edir ki, Y.X1 tərəfindən göstərilən məlumatların həmçinin kütləvi informasiya vasitələrində yayılmasını bildirsədə həmin halları təsdiq edəcək sübutlar şikayət ərizəsinə əlavə etməli olduğu halda, hər hansı əsaslı şübhə yaratmayan bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə olan halda məhkəmə kollegiyası məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməli, Şamaxı rayon Məhkəməsinin 1(074)-40/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon Məhkəməsinin 1(074)-40/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar