Məhkəmə qərarları › İş №1(105)-347/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-347/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-347/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(060)425/2019 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(060)425/2019 saylı hökmü ilə (sədrlik edən hakim R.E.Xəlilov) xx.xx.1985-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, X2 İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşamış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı nın xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,364 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. xx xxxx 2019-cu il tarixində, saat 17:25 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükümündə 0,364 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apelyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın dəyişdirilərək, yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, himayəsində əmək qabiliyyəti olmayan, xəstə valideynləri vardır. Atası ikinci qrup əlil olmaqla hazırda kordioloji xəstəlikdən, anası isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Törətdiyi cinayət əməlindən peşmandır. Peşman olmasını, ailə vəziyyətini, subay olmasını, valideynlərinin xəstə olmalarını nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Apelyasiya instansiya məhkəməsində dövlət ittihamçısı X1 çıxış edərək apelyasiya şikayətinə etiraz etmiş, əsassız olduğundan apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(060)425/2019 saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətini müdafiə etmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yünfgülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, məhkumun və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hökm dəyişdirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni şahid ifadələri, məhkəmə-narkoloji ekspertiza rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 18012 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə, 01 ədəd qara rəngli siqaret kağızı bükümündə, təmiz çəkisi-0,364 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-ci il tarixli 1832 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini də müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən və X2 İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1-1(091)-19/2008 saylı, xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, X2 İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 334.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 04 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hallar qismində müəyyən etmiş, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkumun şəxsiyyətini, onun ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları tam nəzərə almış və qanuna uyğun cəza təyin etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(060)425/2019 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(060)425/2019 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Vidadi Cəfərov Hakimlər: Elman Əhmədov Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar