Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-397/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(060)-1/2025 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə (videokonfrans əlaqə sistemi vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(060)-1/2025 nömrəli hökmü ilə (hakim Fərid Nəsimiyev) Təqsirləndirilən şəxs1 (xx.xx.2004-cü ildə İmişli rayonu, Xubyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Məzrəli ərazi dairəsi, Xubyarlı kəndində qeydiyyatda olmaqla İmişli rayonu, Çaxırlı kəndində yaşayan, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il 1(009)- 188/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 1(009)-188/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli talama məqsədi ilə 04 dekabr 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 1 ünvanda yerləşən “Türkan Hicab” mağazasına daxil olaraq masanın üzərində Zərərçəkmiş şəxs1 məxsus içərisində 04 manat dəyərində 070- ***-**-** mobil telefon nömrəsi olan 900 manat dəyərində 64 GB yaddaşlı “İphone 11” mobil telefon aparatını, aparatın arxasında olan 12 manat dəyərində kaburanı və kaburanın arasında olan 60 manat nağd pulunu gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 976 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə tanışı xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 26 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 ünvanında yerləşən “Emiliano” divar kağızları satılan mağazanın qarşısına gəlib cinayət törədilməsinə dair qabaqcadan aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs2 mağazanın çöl tərəfində dayanaraq onu gözləmiş, özü isə mağazaya daxil olaraq masanın üzərində olan mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus içərisində 04 manat dəyərində 099-606- 06-00 mobil telefon nömrəsi olan 1500 manat dəyərində 128 GB yaddaşlı “İphone 12 pro” mobil telefon aparatını gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1504 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 07 yanvar 2022ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən “Tavada” restoranına daxil olaraq qabların qoyulması üçün nəzərdə tutlan rəflərin üzərindən vahid qəsdlə Zərərçəkmiş şəxs3 məxsus məxsus içərisində 04 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 200 manat dəyərində 128 GB yaddaşlı “Samsung Galaxy A50” mobil telefon aparatını və Zərərçəkmiş şəxs4 məxsus içərisində 04 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 650 manat dəyərində 64 GB yaddaşlı “Honor” markalı mobil telefon aparatını gizli talayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ümumilikdə 204 manat, Zərərçəkmiş şəxs4 654 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli talama məqsədi 11 iyun 2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Kinder” hədiyyə mağazasına daxil olaraq, oradakı vitrindən Zərərçəkmiş şəxs5 məxsus 900 manat dəyərində olan “İphone 11 pro” markalı mobil telefon aparatını gizli talayaraq, oğurluq cinayətini törətmişdir. Hökmdən digər Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, uşaq yaşlarında atasının vəfat etməsinin, anasının gənc yaşlarından yataq xəstəsi olmasının, ailədə yeganə qazanc gətirən şəxs olmasının, anasının acınacaqlı vəziyyətdə olmasının nəzərə alınaraq, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını xahiş etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs1 apellyasiya baxışı zamanı apellyasiya şikayətini müdafiə edərək, ona təyin olunmuş cəzanın yüngül cəza ilə əvəz edilməsini xahiş etdi. Müdafiəçi X9 apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül cəza ilə əvəz edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı X4 çıxışında təyin olunmuş cəza ilə razılaşdıqlarını bildirib, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar olmadığını qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(060)-1/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalanan hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi AR CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməllərini özünə münasibətdə səmimi etiraf etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam olaraq ödənilməsini, həmin zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-188/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan mərum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(008)- 552/2023 saylı hökmü ilə təyin edilmiş 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs eyni xarakterli cinayət törətdiyinə görə təqsirli bilinmişdir ki, bu da onun islah olunmadığı qənaətinə gəlməyə əsas verir, həmçinin bu hal cəzasını ağırlaşıdıran hal kimi nəzərə alınmasa da, onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından ədalətli olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs apellyasiya şikayətində əməlin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə məhkumun ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri törətməsi sübuta yetirilmişdir və apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun edilmiş şəxsin şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddə il CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(060)-1/2025 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (28 aprel 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(060)-1/2025 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-397/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-397/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver