Məhkəmə qərarları › İş №1(105)-4/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-4/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-4/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 1(060)-224/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli hökmündən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş apellyasiya prtoestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 1(060)-224/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli hökmü ilə (hakim İlqar Məmmədov) Təqsirləndirilən şəxs (xx.xx.1990-cı ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri 9-cu mk/r, ev 4/21, mənzil 25 də yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulduğu 1 ay 1 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 8 ay (səkkiz) 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirin ləğv edilməsi və məhkəmə iclas zalından həbsdə azad edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ondan ötəri ki, o, özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun "xxxx" MMC-də ticarət nümayəndəsi vəzifəsinə bərpasına köməklik edəcəyini yalan vəd edib aldadaraq vahid qəsdlə xx.xx.2017-ci il tarixdə saat 5:00 radələrində yaşadığı Sumqayıt şəhəri 40-cı məhəllə 4/21 nömrəli evin qarşısında 1500 (min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə saat 18- 30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizin kənarında 1500 (min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında 1300 (min üç yüz) manat, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 4300 (dörd min üç yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı İlqar Əsədov apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmün Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə riayət etməmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 19 mart 2017-ci il tarixli, 623 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3000 manat cərimə cəzasını ödəməmişdir. Lakin məhkəmə hazırkı iş üzrə hökm çıxararkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblələrinə riayət etməyərək Təqsirləndirilən şəxs 10 oktyabr 2017-ci il tarixli hökmlə təyin edilmiş 3000 manat miqdarında cərimə cəzasını cinayətlərin məcmusu üzrə toplamaqla ona qəti cəza təyin etməmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmünü dəyişdirərək, Təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hökmlə qəti şəkildə razı deyildir. Hesab edir ki, ona daha ağır cəza verilməlidir, lakin məhkəmə ona yüngül cəza vermişdir. Ona dəymiş ziyan ödənilmədiyi halda, həmin şəxsə qarşı humanist davranmaq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı apellyasiya protestində göstərilən hal aradan qalxdığından, apellyasiya protestini müdafiə etməyərək geri götürdüyünü, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Milli Məclisin Qərarının tətbiq edilməsini, o cümlədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Milli Məclisin Qərarının tətbiq edilməsini, eyni zamanda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığını, eyni zamanda təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Milli Məclisin Qərarının tətbiq edilməsinə razı olduqlarını bildirərək, cinəyət təqibinə xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramm vuraraq apellyasiya şikayətini müdafiə etdiyini, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasını zərəçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə ağır cəza verilməsi barədə zərəçəkmiş şəxsin şikayətini, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması və ya aministiya qanunun tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Sumqayıt şəhər Məhkəməsinin 1(060)-224/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli hökmü ləğv edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya protestində mübahisələndirilmir. İş materiallarından görünür ki, dövlət ittihamçısı məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini geri götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 3000 manat cərimə cəzasını tam ödəmişdir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının tətbiq edilməsinə müdafiə tərəfi razılığını bildirərək, cinəyət təqibinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda, təqsirləndirilən şəxsə ağır cəza verilməsi barədə zərəçəkmiş şəxsin şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dəlillər əsassız olduğundan təmin edilə bilməz. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndində göstərilir ki, islah işləri növündə cəza təyin edilmiş şəxslər cəzadan azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əmlak hüquqların əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 1(060)-224/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli hökmü ləğv edilməli, barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 193, 196, 197.1.2, 197.2, 394, 397, 398, 399, 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 1(060)-224/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar