Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-41/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-119/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında (videkonfrans əlaqə sistemi vasitəsi ilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-119/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakim F.H.Əliyev) Təqsirləndirilən şəxs (xx.xx.1986-cı ildə Özbəkistan Respublikası, Cizak V.Paxtakor rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 04 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, xx.xx.2021-ci il tarixdə, səhər saatlarında aldığı 07 bükümdə, ümumi təmiz çəkisi 0.954 qram narkotik vasitə olan heroini satış məqsədi ilə daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 13.40-da Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29-un qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hüquqularını müdafiə etdiyi şəxs barəsində çıxarılmış hökmün qondarma və saxta sübutlara istintad edilməklə çıxarıldığını qeyd edib, hökmün ləğv edilməsi, təqsiri sübuta yetmədiyi əsası ilə bəraət verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, iş üzrə tam obyektiv araşdırma aparılmamış, ciddi qanun pozuntusuna yol verilmiş, sübutlar düzgün tədqiq edilməmişdir və şahid ifadələri ziddiyyətlidir. Şikayətdə qeyd edilir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsində polislər tərəfindən saxlanılarkən üzərində heç bir qanunsuz əşya aşkar olunmadığı halda məcburi qaydada polis idarəsinə gətirilməsi, orada narkotik vasitənin ona aid olması və onu satış məqsədi ilə əldə etməsi barədə ifadə verməyə məcbur edildiyini göstərmişdir. Məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilməsi üçün məhkəmə ilk əvvəl ittihamın təqdim etdiyi sübutların qanuni yolla əldə edilib edilməməsini, bu zaman şəxsin hüquq və azadlıqlarının pozulub pozulmamasını yoxlamalıdır. Təqsirləndirilən şəxsin məhkəmə zamanı vermiş olduğu ifadələr daha qanuni, daha səmimi qəbul edilməlidir. Çünki təqsirləndirilən şəxsdən istintaqda alınmış ifadə təzyiq və ya digər təsirlər altında ittihamın otağında özü tərəfindən alınır və bu zaman ittihamçı irəli sürdüyü ittihama uyğun ifadələri və sözləri həmin dindirmə protokoluna sala bilər. Amma məhkəmə zamanı təqsirləndirilən şəxs sərbəst surətdə məhkəmə zalında ifadə verir və istintaqda təsir nəticəsində vermiş olduğu ifadəsindən imtina edirsə, məhkəmə bu zaman onun məhkəmədə verdiyi ifadəsini qəbul etməlidir. Amma bu işdə məhkəmə təqsirləndirilən şəxsin təzyiq nəticəsində verdiyi ifadədən imtina edib, həmin ifadənin təzyiq altında verildiyi barədə dediklərini elə təzyiq altında əldə edilmiş “axtarış və götürmə” protokolu, senariləşmiş videoçəkiliş kimi qanunsuz yolla əldə edilmiş “sübutlarla” təkzib etmişdir və bu zaman məhkəmənin gəldiyi bu nəticə prosesual cəhətdən qanunsuz olmuşdur. Çünki, təqsirləndirilən şəxsin dediklərini istintaq materialları ilə təkzib edərkən məhkəmə ilk əvvəl həmin sübutların qanuni yolla əldə edilib-edilməməsini müəyyən etməli idi. Amma məhkəmənin qanunsuz yolla əldə edilmiş sübutlarla təqsirləndirilən şəxsin dediklərini təkzib etməsinin özü qanunsuz olmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası olan X4 bildirdi ki, oğlu narkotikə möhkəm aludə olduğu üçün onu bu bəladan qurtarmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə gedərək oğlunun narkotik istifadəçisi olması barədə məlumat verib həmin polislərdən xahiş etmişdir ki, oğlunu həbs etsinlər, bəlkə türməyə düşəndən sonra bu bəladan qurtara bilər.Bu məlumatdan bir neçə gün sonra səhər saat 10 radələrində bir nəfər mülki geyimli şəxs onların qapısını döyəndə ona yaxınlaşıb polis olduğunu biləndən sonra qapını açaraq oğlunun yatdığı otağı göstərmiş, həmin polis oğlunu yuxudan qaldırıb əlinə qandal vurmuş,sonra otağına baxanda bir büküm balaca narkotik aşkar edib və bildirmişdir ki, xala, bu azdır, mən bununla sənin oğlunu tuta bilməyəcəm. Bundan sonra polis zəng etmiş və başqa bir polis gəlmiş, onlar ikisi bir yerdə oğlunu aparmışlar. Bundan bir neçə gün sonra bilmişdir ki, oğlunu narkotik istifadəçisi kimi deyil, narkotik satan kimi rəsmiləşdirmişlər. Bundan narazı qalaraq polis idarəsinə və 4-cü polis bölməsinə ərizələr yazmış, amma heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin ifadə bilərəkdən protokol və hökmə daxil edilməmişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş digər şəxslər də şahid Rüxsarə Məmmədovanın ifadəsinə uyğun ifadə verərək polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hadisə günü saat 10 radələrində evindən götürülüb aparmasını təsdiq etmişlər. Əlavə şahidlərin bu ifadələri artıq ittiham tərəfin şahidlərinin ifadələrini və ümumilikdə ittihamı təkzib etmişdir və bu halda hazırkı ittihamın əsassız olduğunu və bunun sübuta yetməməsini təsdiq edir. Məhkəmənin qanuni hesab etdiyi sübut və sənədlərdən də görünür ki, bu sübutlar qanunsuz yolla əldə edilmiş, Təqsirləndirilən şəxs barəsində aparılmış əməliyyat tədbiri qanun pozuntusu ilə aparılmış, onun saxlanması, polisə aparılması,üzərinə baxış keçirilməsi barədə protokol, videoçəkiliş, bu barədə tərtib edilmiş protokol da qanunsuz olmuşdur. İttiham tərəfin təqdim etdiyi sübutlar qanunsuz yolla əldə edildiyi üçün onlar məhkəmə tərəfindən qəbul edilə bilməz və qəbul edilməməlidir və bu əsasla şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Pİ CAŞ-nin əməliyyat müvəkkili Şahid2 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, raport verən Pİnin rəisindən Təqsirləndirilən şəxs adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. Bundan sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, həmin tarixdə əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. Həmin qərar əsasında qrup üzvləri əməliyyat keçirmiş, şəxsi 13-40-da saxlamış, saxlandığı yerdə hər hansı axtarışa və baxışa məruz olmadan PB-nə gətirmiş və 14-25-də, yəni saxlanandan 45 dəqiqə sonra tutmuş, bundan da 20 dəqiqə sonra, yəni polisləri tərəfindən saxlanaraq azadlığı məhdudlaşdırılıb və tam polis nəzarətinə keçəndən 1 saat 05 dəqiqə sonra üzərinə baxış keçirərək narkotik vasitə aşkar etmişlər. Bu sənədlər və sübutlar əsasında da şəxsə ittiham elan edilmişdir. Bu hallar təsdiq edir ki, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar, bu qərar əsasında keşirilmiş əməliyyat və bu əməliyyat nəticəsində əldə edilmiş sübutlar qanunsuz hesab edilərək, bunun nəticəsində əldə edilmiş bütün hərəkət və nəticələr qanunsuz hesab edilməklə etibarsızdırlar. Belə ki, ilk əvvəl qanunun tələblərinə əsasən, məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şəxsin saxlanması və polisə aparılması barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Belə bir qərar isə iş materiallarında mövcud deyildir. İşdə olan xx.xx.2021-ci il tarixli nömrəsiz və qeydiyyatsız Sumqayıt şəhər Polis İdarəsinin Rəisi əvəzi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” əməliyyat müvəkkiliin qərarından görünür ki, bu qərar əsaslandırılmamış qərardır, bu əməliyyatın məhkəmə qərarı olmadan keçirilməsini zəruri edən hər hansı bir dəlil və əsaslandırma yoxdur və yalnız əməliyyataxtarış tədbirləri barədədir. Bu qərarda kiminsə saxlanması və ya polisə gətirilməsi göstərilməmiş və bu qərarın özü heç bir dəlillə əsaslandırılmamışdır. Bu qərar əsasında heç bir axtarış işi açılmamış və tədbirlər planı hazırlanmamışdır. Bu qərara əsaslanaraq polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik gəzdirmə və satma şübhəsi ilə saxlamış, öz avtomobilərinə mindirərək azadlığını məhdudlaşdırmış və polisə gətirərək 1 saat 05 dəqiqə öz iş otaqlarında saxlamışlar. Təqsirləndirilən şəxs evinin yanında saxlanılarkən üzərində baxış keçirilməmişdir. Hansı ki, hər bir kəs saxlanan andan şahidlərin və vəkilinin yanında şəxsi axtarışa məruz qalmalı və bu prosesual hərəkət protokollaşdırılmamışdır. İş materiallarındakı polis əməkdaşlarının ifadələrindən görünür ki, Pİ-nin rəisinin əmri ilə 5 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, 13-25-də Təqsirləndirilən şəxs 20-ci məhəllə ərazisində olması barədə məlumat daxil olmuş, əməliyyat qrupu və vəkil Nail Məmmədovla birlikdə həmin yerə gedilmiş, kriminalist videokameranı işə salmış, 14-40-da Təqsirləndirilən şəxs gəlmiş, polislər özlərini ona təqdim etmiş, videoçəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs polisə aparılmışdır. Bu ifadələrdən belə çıxır ki, Təqsirləndirilən şəxs saxlanılarkən artıq vəkil Nail Məmmədov orda olmuş və Təqsirləndirilən şəxs saxlanma anı videoçəkilişlə aparılmışdır. Amma iş materiallarında bu öz əksini tapmamışdır.Belə ki, məhkəməyə təqdim edilmiş videoçəkilişdə bu kadrlar yoxdur və videoçəkiliş təhqiqatçının kabinetindən başlayır. Bunda əlavə, guya saxlanan andan vəkil Nail Məmmədovun orda olması barədə olan ifadələr də digər iş materialları (saxlanandan sonra vəkillərin siyahısının Təqsirləndirilən şəxs təqdim edilməsi və onun vəkil seçməsi barədə protokol,vəkil dəvət edilməsi barədə təhqiqatşının məktubu, videoçəkilişdə Təqsirləndirilən şəxs Nail Məmmədovun təqdim edilməsi və sairə) ilə təkzib edilir. Elə məhkəmədə dindirilmiş polis əməkdaşlarının özlərinin hökmdə əks olunmuş ifadələri də bu ziddiyyəti təsdiq edir. Belə ki, onlar bir yandan göstərmişlər ki, əməliyyata gedərkən vəkil Nail Məmmədovun iştirakı da təmin ediİmişdir, bunun ardınca göstərirlər ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra ona vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil Nail Məmmədov şöbəyə dəvət edilmişdir. Bütün bu ziddiyyətlər isə məhkəmə tərəfindən araşdırılmamış və qiymətini almamışdır. Belə olduğu halda artıq bu əməliyyatın qanunsuz olması, Təqsirləndirilən şəxs hal şahidlərinin və ya videoçəkiliş olmadan saxlanması və polisə aparılmasının qanunun tələblərinə zidd olması tam təsdiq edilir və bu hallar həmin əməliyyat və qanunsuz hərəkətlərlə əldə edilmiş sübutların sübut əhəmiyyətini heçə endirir. Çünki əməliyyatın ilk anından Pİ-nin rəisinin əmri ilə əməliyyat qrupuna kriminalist daxil edildiyi halda, polislərin guya hadisə yerinə videoçəkiliş aparmalı olan kriminalistsiz getmələri tam qanunsuz olmuşdur və bu da sübut edir ki, 13.40-da hər hansı bir əməliyyat olmamış, Təqsirləndirilən şəxs səhər saat 10 radələrindən polisin nəzarətində polis idarəsində olmuş və yalnız müqaviməti qırılıb özünə qarşı yalandan etirafa razılığı alınandan sonra bu səhnələşdirilmiş hərəkətlər həyata keçirilmişdir. Təqsirləndirilən şəxs guya yaşadığı evin həyətində günün işıqlı vaxtında saxlayan polis əməkdaşları onun üzərinə dərhal baxış keçirmək imkanına malik olsalar da, bunu etməmiş və məhkəmə dindirməsi zamanı bunun qarşısını alan hər hansı bir dəlil gətirməmiş, eləcə də Təqsirləndirilən şəxs məhkəmə qərarı alınmadan, heç bir əsaslandırılmış qərar olmadan və heç bir əsas olmadan polis idarəsinə aparılmasının zərurətini izah edə bilməmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq polis avtomaşınına mindirilərək, iş materiallarından göründüyü kimi 30 dəqiqə,əslində isə ondan da uzun müddətə polislərin nəzarəti altında saxlanmışdır. Bu vəziyyətdə həqiqətən də Təqsirləndirilən şəxs cibinə polis əməkdaşları tərəfindən narkotik və tərəzinin qoyulması tam mümkündür və bu hal həmin sübutlara şübhə ilə yanaşmağa və qanunsuz hesab etməyə tam əsas verir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində əsassız olaraq məsuliyyətə cəlb edildiyini qeyd edib, hökmün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək çıxışında bildirdi ki, qeyd olunan cinayət işi üzrə toplanmış sübutlar saxtalaşdırılmış, qondarma sübutlar əsasında tərtib edilmiş ittiham aktı məhkəmə tərəfindən təmamilə təsdiq edilərək qanunsuz ittiham hökmü çıxarılmışdır. Müdafiəçi cinayətin törədilmə yeri, təqsirləndirilən şəxsin tutulduğu vaxt ilə bağlı şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını bildirirək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamını müdafiə edən prokuror Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunduğunu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə və iş üzrə toplanmış digər sübutlar nəzərə alınmaqla onun barəsində düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham hökmü çıxarıldığını qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüdudları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayat- Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddəa 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilinda tədqiq edilənədək sübut va digar materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versinlər. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməl mübahisələndirilərək məhkuma CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə məhkumun müdafiəçisinin göstərdiyi xüsusatlar digər danılmaz sübutlarla – məhkumun, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitənin satış üçün deyil istifadə etməsi, evdə yatdığı yerdə tutularaq aparılması, ona təzyiq edilməsi barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə kollegiyası ilk olaraq məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin qanunsuz olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi, onun təqsirliliyinin sübuta yetirilməsi əsası ilə barəsində bəraət hökmü çıxarılmasına dair Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən xüsusatlar işin halları ilə təkzib olunmaqla əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektorkriminalist rəqəmsal tipli Panasonic markalı videokameranı işə salmış, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X13 təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 7 ədəd qara rəngli siqaret kağızı bükümlərini, 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər açılmış, bükümlərin hər birində qəhvəyi rəngli spesifik iyə malik olan qəhvəyi rəngli maddənin olduğu aşkar olunmuşdur. Sorğu zaanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan kakosdur, aşkar olunmuş həmin maddəni xx.xx.2021-ci il tarixdə 30 manat pul ödəməklə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə almış olduğu narkotik vasitənin çəkisini ölçdüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,33 qram, 0,32 qram, 0,27 qram, 0,17 qram, 0,33 qram, 0,24 qram, 0,21 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddələr və elektron tərəzi xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirmiş. Əsasən "kakos" deyilən narkotik vasitədən heroindən istifadə edirmiş. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində olduğu zaman bir nəfər tanımadığı şəxslə rastlaşmışdır, onunla söhbət əsnasında məlum oldu ki, sonuncu da narkotik vasitələrin alüdəçisidir və o, sonuncuya ona narkotik vasitə təşkil etməsini demişdir. Aralarında söhbət etdikləri zaman sonuncu şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir və öz aralarında razılaşdıqları kimi o, sonuncudan ümumilikdə 7 ədəd bükümdə olan narkotik vasitə heroini almışdır və bunun müqabilində sonuncuya 30 manat pul ödəmişdir. Həmin narkotik vasitəni üzərində saxlamışdır. Sumqayıt şəhərinə gəlmişdir və Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yol ilə getdiyi zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində saxlanılması, daşınılmasında şübhəli bilindiyini bildirərək, onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etmişdirlər və o, həmin polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə 4-cü Polis Bölməsinə getmişdir. 4-cü PB-də xidməti otaqların birində hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhəri 1 saylı Vəkil Bürsounun vəkili Nail Məmmədov və hüquq və vəzifələrinə dair bildiriş ona təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır və ona üzərində olan əşyaları təqdim etmək təklif olunduğu zaman o, özü əlində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş 07 bükümü və 1 ədəd qara rəngli elektron tərəzini çıxartmışdır və bundan sonra polis əməkdaşları üzərinə bir daha baxmışdırlar və bundan başqa hər hansı qanunla qadağan olunmuş maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 07 büküm polis əməkdaşları tərəzidən açılaraq baxıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir və sorğu zamanı o, həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən ümumilikdə 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmişdir. Bu zaman sıra ilə 0.33 qram, 0.32 qram, 0.27 qram, 0.17 qram, 0.33 qram, 0.24 qram, 0.21 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş tərəzi açılaraq baxıldıqda üzərində heroin tozunun olduğu müəyyən edilmişdir və ondan həmin tərəzidən hansı məqsədlə istifadə etməyi soruşulduqda o, narkotik vasitə aldığı zaman tərəzidən istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş 7 büküm heroin və tərəzi zərfə qoyularaq möhürlənmişdir və üzərində adının qarşısından imza çəkmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddədən istifadə etməmiş, narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, tərəzidən narkotik vasitələri aldığı zaman və istifadə edərkən istifadə etmiş, narkotik vasitəni əldə etdiyi şəxi əvvəlcədən tanımamış, ilk dəfə idi ki, rastlaşmış, təsadüfi söhbət əsnasında ona üzərində narkotik vasitə olduğunu demiş, aralarında razılaşdıqdan sonra həm heroini ümumilikdə 30 manata ona satmış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt şəhər 4-cü PB-nin təhqiqatçısı Röyal Rəcəbli tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-də üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları saxlanıldığı yerdə onun üzərində baxış keçirməmişlər. Birinci instansiya məhkəməsində Şahid2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 1-də yaşayan və Özbəkistan respublikasının Cizak V.Paxtakor şəhərində anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin KTB-nin kriminalist, polis mayoru Elnur Qocayev, 4-cü PB-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəblidən, CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Şahid3 və polis serjantı Təbriz Şamalıdan ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı təmin olunmuşdur. Saat 13:25 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində olması barədə təkrar daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisinə getmişdirlər və orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı video kamera işə salınmışdır. Saat 14:40 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlamışdırlar və özlərini təqdim etdikdən sonra, saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində video çəkilişlə saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli özünü təqdim etdikdən sonra saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı R.Rəcəbli, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini izah etdikdən sonra, şüphəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün, 1 saylı vəkil bürosunun vəkillərinin növbətçilik cədvəlindən, Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil X13 ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilə hər hansı bir etirazı olmadığını bildirdikdən sonra, mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 7 ədəd qara rəngli siqaret kağızı bükümlərini, 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Bükümlər təhqiqatçı tərəfindən açılmışdır. Elektron tərəzi təhqiqatçı tərəfindən işə salınmışdır və bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülmüşdür. Birinci bükümün çəkisi 0,33 qram, ikinci bükümün çəkisi 0,32 qram, üçüncü bükümün çəkisi 0,27 qram, dördüncü bükümün çəkisi 0,17 qram, beşinci bükümün çəkisi 0,33 qram, altıncı bükümün çəkisi 0,24 qram, yeddinci bükümün çəkisi 0,21 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs elektron tərəzini narkotik vasitələrin çəkisini ölçmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Saxlanılan şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir və video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs təsir və təzyiq edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞnın kiçik inspektorları Şahid3 və Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Göründüyü kimi, ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq təqsirləndiirlən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində 20-ci məhəllə ərazisində deyil, yaşadığı evdən səhər saat 10 radələrində aparıldığını göstərmiş və evində axtarış aparılan zaman hər hansı qanunla qadağan olunmayan əşya tapılmadığını qeyd etmişdir. Evindən götürülən tərəzinin isə ona deyil, qardaşına məxsus olduğunu, qardaşı zərgər yanında işlədiyi vaxtdan həmin tərəzini istifadə etdiyini göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs istintaqın ilk mərhələsindən başlayaraq sonrakı mərhələlərdə və eyni zaman məhkəmə istintaqı zamanı dindirilməsində təmamilə dəyişik məzmunlu, ziddiyyətli ifadələr vermişdir ki, bu hal həmin ifadələrin həqiqiliyini və obyektivliyini şübhə altına almış olur. Təqsirləndirilən şəxsin Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yol ilə gedərkən deyil, 04 avqust 021-ci il tarixdə, səhər saat 10 radələrində yaşadığı evdə tutulması ilə bağlı dəlillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismindı dindirilmiş şahidlər X10, X11, X6 və İmanova Gülnza Babaş qızı ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 09.00-10:00 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən tutularaq aparıldığını ifadələrində qeyd etsələr də, onların ifadələri həmin şəxslərə məxsus mobil telefonların yerləşmə məkanı ilə bağlı əldə edilmiş sorğular əsasında qeyd edilən ifadələr təkzib olunmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə şahidlər Şahid2 istifadəsində olan 050211-71-68, Şahid3 istifadəsində olan ***-***-**- **, Şahid1 Şahmar oğlunun istifadəsində olan ***-***-**-**, X3 istifadəsində olan ***-***-**- **, X7 istifadəsində olan ***-***-**-**, X2 istifadəsində olan ***-***-**-**, İmanova Gülnza Babaş qızının istifadəsində olan ***-***-**-** telefon nömrəsinin 04 avqust 2021-ci il tarixdə, saat 07:00-dan 04 avqust 2021-ci il tarixdə, saat 14:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatlarının "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il qərarı əsasında "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş iki ədəd diskdə cinayət işi üzrə şahidlər Şahid2, Şahid3, Şahid1 Şahmar oğlunun, X3, X7, X2, İmanova Gülnaza Babaş qızının mobil telefon ömrələrinin 04 avqust 2021-ci il tarixdə, saat 07:00-dan 04 avqust 2021-ci il tarixdə, saat 14:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatları öz əksini tapmışdır. Həmin məlumatlardan görünür ki, müdafiə tərəfinin dəvət etdiyi əlavə şahidlər X10, X11, X6 və İmanova Gülnaz Babaş qızı 04 avqust 2021-ci il tarixdə saat 09:00-dan 10:00dək eyni ərazidə olmamışlar, onların anten məlumatları müxtəlif ünvanlaradır, Təqsirləndirilən şəxs ünvanına deyildir. Şahidlər-polis əməkdaşları Şahid3 və Şahid1 Şahmar oğlu da həmin vaxt əlavə şahidlərlə eyni anten ərazisində olmamışlar, Şahid3 və Şahid1 Şahmar oğlunun ifadələrində göstərdikləri ilə anten məlumatları uyğunluq təşkil edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahidlər Təqsirləndirilən şəxs qardaşı, anası, xalası, qonşuları olmaqla təqsirləndirilən şəxslə yaxın münasibətlərdədir və həmin ifadlərin obyektivliyi şubhə doğurduğundan onların qərərzsiz ifadə kimi qəbul edilməzi yolverilməzdir. Bundan əlavə, şahidlər Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən səhər satlarında və yaşadığı evdə tutulduğu qeyd olunsa da, mobil operatorlardan götürülmüş məlumatlar əsasında həmiş şəxslərin göstərdiyi vaxtda və yerdə olmaları təmamilə təkzib olunur.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin ifadələri qərəzsiz və mötəbər sübut kimi qəbul etməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərində aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi və bununla da əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməməsinə dair mülahizələri araşdıran məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd 04 ədəd birincisi “SMS_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi”, üçüncüsü “Zənglərin Detallaşması_”, dördüncüsü “Zənglərin_Məxsusluq_Tarixçəsi” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmin diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə digər nömrələrin bir çoxu ilə aparılan sms-lərin mətnlərində narkotik vasitə satışına xas olan çoxsaylı yazışmalar olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın cinayət işinin materiallarında toplanmış sübutlarla təsdiq olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni düzgün hesab edir. Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitə olan heroinin yeddi bükümdə olması, eyni zamanda üzərindən bir ədəd elektron tərəzi aşkar edilməsi mühüm əhəmiyyət kəsb etmiş və qeyd olunan hallara mötəbər sübüt kimi istinad etmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs narkotik vasitənin çəkilməsi üçün avadanlığın olması, təqsirləndirilən şəxsin üzərindən 7 bükümdə, ümumilikdə 0,954 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilməsi, narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlamasını təsdiq etmişdir. Təqsirləndirilən şəxsin əməlində CM-in 234.2-ci maddəsinin tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi də şahid ifadələrini, ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək məhkum Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibinin olması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, mobil operatorlardan götürülmüş və eləcə də Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş 055-388-6648 saylı mobil nömrə ilə bağlı götürülən məlumatlara, “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokola qiymət verərək, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olmamasına dair müdafiəçinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirinin sübut olunmaması səbəbindən iş üzrə çıxarılmış hökmün ləğv olunması barədə apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ədalətliliyini yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-119/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-119/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəmə-sinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-41/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-41/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver