Məhkəmə qərarları › İş №1(105)-416/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-416/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-416/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Quliyev Elsevər Boris oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 06/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-06/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü (hakimlər R.Əliyev (sədrlik edən) H.Əliyev və F.Hümbətov) ilə xx xxx 1995-ci il tarixdə Ağsu rayonu, Padarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağsu rayonu, Padarqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirsiz hesab edilməsi və ona bəraət verilməsi hökm edilmişdir. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq 350,0 (üç yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində qeyd olunan narkotik vasitəni 50 (əlli) manat pul müqabilində Şamaxı rayonu Göylər kəndi yaxınlığında yerləşən əkin-torpaq sahəsində X1, 02 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X12 rayonu Göylər kəndi ərazisində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi üzərində “mister tum” yazısı olan ağ və sarı rəngli sellofanın içərisindən ümumi təmiz çəkisi 350,0 (üç yüz əlli) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, X16 küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutularaq rayon polis şöbəsinə gətirilməklə, 03 yanvar 2021-ci il tarixdə, saat 00:09 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üzərində “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisinə baxıldıqda satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 6,412 (altı tam mində dörd yüz on iki) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən, həmçinin ifadələrinin yerində yoxlanılması zamanı sərbəst ifadə vermiş, bütün qeyd edilən dindirmələrdə təqsirləndirilən şəxsin müdafiə hüququ qorunub saxlanılmış, müdafiəçi ilə təmin edilmiş və sərbəst ifadə vermiş, baş vermiş cinayəti sərbəst formada təsdiq etmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini sübut kimi qəbul etməmiş, lakin həmin sübutların mötəbərsizliyinin nədən ibarət olmasını hökmdə qeyd etməmişdir. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu göstərmişlər. Şahidlərin ifadələri arasında heç bir ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsi digər sübutlarla da təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, 03 yanvar 2021-ci il tarixdə saat 00:09-da videoçəkilişdən istifadə edilməklə X2 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üzərində “SPİÇKİ BALABANOVSKİE” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisindən bükülmüş vəziyyətdə bir ədəd büküm aşkar edilmiş, həmin bükülü açılarkən içərisində spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Məhkəmə “şəxsi axtarış və götürmə haqqında’’ protokolunu mübahisələndirsə də, lakin həmin protokoldan və videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən narktoik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin nə vaxt və harada saxlanılması ilə bağlı məhkəmənin gəldiyi qənaət də düzgün olmamışdır. Belə ki, şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 23 radələrində Şamaxı şəhəri, X17 küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutularaq rayon polis şöbəsinə gətirilməklə 03 yanvar 2021-ci il tarixdə saaı 00:09 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılmışdır. Qeyd edilməlidir ki, məhkəmə nəzarəti qaydasında həm keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyi, həm də qətimkan tədbiri məsələsinə baxarkən şəxsin tutulmasının əsaslılığı və qanuniliyi məhkəmə tərəfindən yoxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid ifadələrinin sübut kimi mötəbərliyi şübhə doğurmamış və həmin sübutlar törədilmiş cinayəti təsdiq etmişlər. Xüsusi ilə qeyd edilməlidir ki, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs saxlanılmasının qanunsuz olduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılması, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparılmış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ifşa olunması ilə bağlı Şamaxı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin RPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi’'nə dair 02 yanvar 2021-ci il tarxli qərarın qanuniliyinin və əsaslılığının məhkəmə nəzarəti qaydasında yoxlanılması təmin olunmadığına görə həmin əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş materialların Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına sübut kimi qəbul oluna bilməməsi barədə məhkəmənin gəldiyi düzgün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirsiz olması qənaətinə gələrkən Şamaxı rayon məhkəməsinin preyudisial əhəmiyyətli xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən olunmuş halları nəzər almamışdır. Həmin hökmə əsasən, X9 xx.xx.2021-ci il tarixdə saat 20 radələrində 50 manat pul qarşılığında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 20.30 radələrində Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində tutularaq rayon polis idarəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi, üzərində "mister tum”yazısı olan ağ və sarı rəngli politilen torbanın içərisindən ümumi təmiz çəkisi 350 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasilə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Göründüyü kimi,qeyd edilən hökmlə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Etiram Ələkbərova 50 manat müqabilində 350 qram qurudulmuş marixuana satması müəyyən olunmuşdur. Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Təqsirləndirilən şəxs təqsirini sübut edəcək sübutların mötəbərliliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin buna baxmayaraq məhkəmə sübutlara öz şəxsi yanaşmasım ortaya qoyaraq sübutların mötəbər olmadığım vurğulamışdır ki, hansı ki bu hal məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə müşavirə otağına gedənək öz mötəbərliyini qorumuş, onların həqiqiliyinə və doğruluğuna heç bir xələl gəlməmişdir. Məhkəmə kollegiyasının subyektiv hüquqşünas və faktlara düzgün olmayan yanaşması əsassız bəraət hökmü ilə nəticələnmişdir. İttihamı təsdiq edəcək yetərincə sübutun olmasına baxmayaraq, məhkəmə həmin sübutları yox, müdafiə tərəfinin sübutlara “düzgün olmayan yanaşmasını” əsas götürməklə bəraət hökmü çıxarmışdır. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxartmışdır. İş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıması və satması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan hökmündə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, həmin hökmdə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar Təqsirləndirilən şəxs təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı2 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirinin sübut olunmaması əsaslandırmışdır. Dövlət ittihamçısı gəlinən nəticəni apellyasiya qaydasında mübahisələndirərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmü cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən apellyasiya protestinin dəlilləri əsassız hesab edilməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinin əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin X3 baş əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, 02 yanvar 2021-ci il tarixdə Ağsu rayonu Padarqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və qrupun üzvü olaraq onunla Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əvvəldən tanımadığı Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən edib Şamaxı RPŞ-nə dəvət etmişlər. Şamaxı RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq üzərində gəzdirdiyi 1 kibrit qutusunda olan narkotik vasitə aşkar edilib götürülmüşdür. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Hazırda o, Təqsirləndirilən şəxs saxlanılma saatını xatırlamır. Bununla belə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 əlavə olaraq məhkəmə iclasında dindirilərkən əvvəldən tanımadığı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinin balansına 02 yanvar 2021-ci il tarixdə saat 18:33-də, yəni ittihamda Təqsirləndirilən şəxs tutulduğu vaxt kimi ittihamda göstərilmiş 02 yanvar 2021-ci il saat 23 radələrindən bir-neçə saat əvvəl özünə məxsus bank kartından pul yükləməsinin səbəbini izah edə bilməmişdir. Məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Şamaxı rayon Polis Şöbəsinin X3 baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində çalışmışdır. Hazırda Şamaxı rayon Polis Şöbəsinin X3 baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində çalışır. Faktla bağlı qeyd etmişdir ki, 02 yanvar 2021ci il tarixdə Ağsu rayonu Padarqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, o, da Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü saat 23 radələrində o, rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında əməliyyat tədbirini həyata keçirərkən yolda Təqsirləndirilən şəxs şübhəli hərəkət etdiyini görüb ona yaxınlaşaraq əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, da onlara heç bir müqavimət göstərmədən onlarla RPŞ-yə gəlmişdir. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında müdafiəçi Əlisa Abdullayev, NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi, üzərində “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüş, həmin kibrit qutusu açıldıqda kibrit qutusunun içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 2020-ci ilin noyabr ayının əvvəllərində Ağsu rayonu Padarqışlaq kəndi ərazisində yolun kənarından həmin kibrit qutusunun içərisində olduğu vəziyyətdə yerdən tapmış, narkotik vasitə olduğunu bilərək əynindəki gödəkçəsinin cibində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarş videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitəni tapmış və şəxsi istifadəsi üçün öz üzərində, yəni əynindəki gödəkçəsinin cibində saxlamışdır. Həmçinin, ona da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsindən görünür ki, 02 yanvar 2021-ci tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmaqla Şamaxı PRŞ-nə dəvət edilmişdir. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçısı Bəhlul Məliklinin xidməti otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmaqla üzərindən bir ədəd içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusu aşkar edilmişdir. Hazırda ibntidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəməyədək icraat zamanı Şahid2 Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsindən görünür ki, torpağını şumlatmış və traktor sürücüsünün pulunu vermək üçün Təqsirləndirilən şəxslə birlikdə Ağsu rayonu Padarçöl kəndindən Hacıqabul rayonu Meyniman kəndinə kəndinə getmişlər. Təqsirləndirilən şəxs taksi sürücüsü olaraq 25 manata onun sifarişi ilə onu aparmışdır. Orada ödəniş etdikdən sonra Təqsirləndirilən şəxs işi yarandığı üçün qayıdıb Sabirabdad rayonu Surra kəndinə getmişlər. Yolda Təqsirləndirilən şəxs maşını saxlamış və onlar başqa göy rəngli “VAZ-2106” markalı avtomaşınla Surra kəndinə getmişlər. Bu avtomobili başqa bir şəxs idarə etmişdir. Surra kəndinə gəldikdə Nurlanla qeyd edilən “Vaz-2106” maşını sürən şəxs düşüb harayasa gedib, bir qədər sonra qayıtmışlar. Onların kimin evinə getdiklərini bilməmişdir. Sonra onlar avtomaşında gedərkən yolun kənarında dayanan maşın onları saxlatmışdır. Avtomaşında 2-3 nəfər mülki şəxs olmuş və bu şəxslər onları Şamaxı rayon Polis şöbəsinə aparmışlar. Bu zaman təxminən saat 17 radələri olmuşdur. Orada onun üzərinə baxış keçirilmiş, ancaq qeyri-qanuni heç bir şey aşkar edilməmişdir. Bununla belə onun telefonu alınmış və səhərə kimi orada saxlanılmışdır. Növbəti gün o, polis şöbəsindən buraxılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tutulmazdan təxminən 1 il əvvəldən tanımışdır. O, Təqsirləndirilən şəxs zəng edərək ona narkotik vasitə satdığı demiş, o da, 50 manata sellofan torbada olan narkotiki Təqsirləndirilən şəxs almış və Şamaxı rayonu Göylər kəndində olarkən polislər onları saxlamışdır. Bununla bağlı CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və hazırda da, cəza çəkir. Saxlanılarkən onun üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Hazırda o, məhkəməyədək icrasat zamanı verdiyi ifadəsini təsdiq edir. Özünün təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə X9 istintaqın ilk 3 ayı ərzində verdiyi ifadələrində ondan aşkar olunmuş narkotik vasitə olan 350,0 qram marixuananı tapdığını bilidrsə də, tutulduqdan 3 aydan artıq müddət keçdikdən sonra təqsirləndirilən şəxs qismində ibtidai istintaq orqanına verdiyi ifadəsində o, göstərmişdir ki, Ağsu rayonu ərazisində traktor sürücüsü kimi işləyərkən Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə özünün istifadə etdiyi ***-***-**- ** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək görüşməyi təklif etmiş və onlar vədələşərək Şamaxı rayonu Göylər kəndində görüşmüş və orada Təqsirləndirilən şəxs ona narktik vasitə olan marixuana təklif etmişdir. O, həmin narkotiki 50 manata Təqsirləndirilən şəxs almışdır. Bu zaman həmin narkotik vasitəni Təqsirləndirilən şəxs ona sellofan çantada vermiş və 02 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə həmin çantada aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(074)-65/2021 saylı hökmündən görünür ki, E.Ələkbərov həmin hökmlə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək E.Ələkbərov azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021 -ci il tarixli 1(105)-612/2021 saylı qərarından görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(074)-65/2021 saylı hökmü dəyişdirilərək E.Ələkbərovun cəzası 2 il 6 ay müddətinə azadlıqdan məhruemtmə cəzası ilə əvəz olunmuş, həbsdə və ev dustaqlığında olduğu müddət cəzadan çıxılmaqla və barəsində amnistiya tətbiq olunmaqla üzərində qəti olaraq 1 il 5 ay 5 gün müddətində azadlıqdan məhruemetmə cəzası saxlanmış və cəzasının əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmə əsasən X9 xx.xx.2021-ci il tarixdə saat 20 radələrində 50 manat pul qarşılığında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 20.30 radələrində Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində tutularaq rayon polis idarəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi, üzərində “mister tum” yazısı olan ağ və sarı rəngli politilen torbanın içərisindən ümumi təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(konnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən görünür ki, E.Ələkbərov məhkəmə iclasında hazırki məhkəmə iclasında verdiyi ifadəyə uyğun, ancaq daha geniş ifadə vermişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Ağsu rayonu Padarqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs 2-3 ay olar ki, tanıyır. O, traktor sürücüsü olduğu üçün Ağsu rayonu ərazisində bir neçə kənddə sakinlərin torpaq sahəsində işləmiş və beləcə Nurlanla tanış olmuşdur. Nurlan onun narkotik vasitə olan marixuana istifadə etdiyini bildiyi üçün o, Nurlandan bir neçə dəfə narkotik vasitə olan marixuana almışdır. Belə ki, tutulmamışdan bir gün əvvəl, yəni 01 yanvar 2021-ci il tarixdə gündüz vaxtı o, Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində olarkən, traktorla iş görmüşdür. Həmin gün saat 20 radələrində işini yekunlaşdırmış, bu vaxtı Nurlan istifadə etdiyi ***-***-**-** saylı nömrəsindən onun istifadə etdiyi 050-47254-08 saylı nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, o da razılaşmış və həmin vaxtı Göylər kəndində Nurlanla görüşmüşdür, Nurlan ona bildirmişdir ki, onda bir ədəd sellofan torbanın içərisində narkotik vasitə olan marixuana var, satmaq istəyir. O, da həmin marixuananı Nurlandan 50 manata almağı razılaşıb 50 manat pulu Nurlana vermişdir, Nurlan da ona bir ədəd sellofan torbada narkotik vasitə olan marixuananı vermişdir. O, da həmin narkotik vasitəni lazım olanda istifadə etmək məqsədilə saxlamışdır. Belə ki, 02 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhərinə getmək üçün yaşadığı evdən çıxıb Şamaxı rayonuna doğru yola düşmüş, həmin vaxt içərisində qurudulmuş marixuana olan sellofan paketi də, özü ilə götürmüşdür. Həmin tarixdə saat 20:30 radələrində taksi ilə Şamaxı rayonu, Göylər kəndinə gəlib, taksidən düşərək Şamaxı şəhərinə getmək üçün yol kənarında dayanmış, bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına üzərində heç bir narkotik vasitənin olmamasını bildirmiş, polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə və əlindəki sellofanın içərisinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən üzərində heç bir narkotik vasitə aşkar olunmasa da, əlində götürdüyü sellofanı açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. O, bundan əvvəl də narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 göstərdi ki, 02 fevral 2021-ci il tarixdə evdə olarkən yaxın münasibətdə olduğu qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən birinə zəng edib özünün “VAZ-2106” markalı avtomaşınını yolun kənarında saxladığı yerdən götürməyi xahiş etmişdir. Bununla bağlı o, N.Niftliyevin atası ilə əlaqə saxlayıb ehtiyat açarları istəmiş, sonra isə sonuncu ilə birlikdə gedib avtomaşını yolun kənarından götürüb evlərinə gətirmişlər. Kəndə qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxs zəng etmiş və Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutulduğu bardə ona məlumat vermişdir. Həmin gün təxminən saat 21-22 radələrində o, Təqsirləndirilən şəxs valideynləri və yanlarında olan digər şəxslə birlikdə Şamaxı RPŞ-nə getmişlər. Orada onlar Təqsirləndirilən şəxs həmkəndliləri olan Məhəmmədlə birlikdə tutulduğunu öyrənmiş, lakin o, Məhəmmədi polis şöbəsində görməmişdir. Cinayət işində olan Şamaxı RPŞ-nin X3 baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilməklə Şamaxı RPŞ-nin rəisi Əliyəddin Səfərov tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli “Əməliyyat tədbirini keçirilməsi haqqında” qərarda göstərilmişdir ki, Ağsu rayonu Padarqışlaq kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işində olan, 03 yanvar 2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokolda göstərilmişdir ki, 03 yanvar 2021-ci il tarixdə saat 00:09-da videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üstündə “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisindən bükülmüş vəziyyətdə bir ədəd büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Cinayət işində olan prosessual sənədlərdən görünür ki, 02 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2021-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə N.Niftliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatı təmin edilməmiş və o, dərhal azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2-ci maddəsinə tövsif edilməklə ittiham elan edilməsi üçün o, 12 aprel 2021-ci il tarixdə tutulması təmin edilmiş və ona CM-in 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 03 yanvar 2021-ci il tarixli 7/07 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi - 6,412 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli 216 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli 7/65 saylı ekspertiza rəyindən görünür ki, X4 və Təqsirləndirilən şəxs götürülmüş marixuanalar bir-birindən fərqlənir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan "xxxx" MMC-nin məlumatı əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına hal-hazırda "xxxx" MMC-də qeydə alınmış nömrə - ***-***-**-** saylıdır. "xxxx" MMC-dən Şamaxı rayon polis şöbəsinə xx.xx.2021-ci il tarixli 1250 saylı məktubla göndərilmiş məlumatlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə X6 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında digər günlərdə mütamadi zəngləşmə olsa da, məhz 01 yanvar 2021-ci il tarixdə heç bir əlaqə olmamışdır. "xxxx" MMC-nin 28 aprel 2022-ci il tarixli 7367 saylı məlumatına əsasən müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il saat 18:33-də Azərbaycan Mərkəzi Bankı - Hökumət Ödəniş portalından "xxxx" ASC kartı vasitəsi ilə 1 manat məbləğində ödəniş (mədaxil qəbzi ********) həyata keçirilmişdir. "xxxx" ASC-nin 12 iyun 2022-ci il tarixli 157000/2-2949 saylı məktubundan görünür ki, ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 18:32-də Şahid1 tərəfindən 1 manat pul yüklənmişdir. "xxxx" MMC-dən götürülmüş “İzahlı qaimə hesabatı”ndan müəyyən olunmuşdur ki, 02 yanvar 2021-ci ildə saat 12:14-dən başlayaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə E.Ələkbərovun istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında çoxsaylı danışıqlar aparılmış, 18:32-dən sonrakı müddətdə isə bu danışıqlar ardıcıl halda davam etdirilmiş, saat 20.50-20.55-də, Təqsirləndirilən şəxslə E.Ələkbərovun istifadələrində olan həmin mobil telefonlarla qarşılıqlı əlaqələr saxlanılmış və bu zaman hər iki nömrə Sabirabad rayonu Surra kəndində istifadə edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs nömrəsinin istifadəsi dayandırılmış və yalnız 04 yanvar 2021-ci il tarixdə bərpa olunmuşdur. "xxxx" MMC-dən götürülmüş “İzahlı qaimə hesabatı”ndan həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən Z.Salmanovun istifadəsində olmuş ***-***-**-** nömrəsinə 02 yanvar 2021-ci il tarixdə saat 20.01-də zəng edilmiş və 85 saniyə müddətində həmin nömrələr rabitə əlaqəsində olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. “Hoanq Fransiya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları müqayisəli təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşımaq və satmaq ilə bağlı ittiham verilmişdir. Həmin ittihama görə o, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində 350 qr çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 50 manat müqabilində Şamaxı rayonu, Göylər kəndi yaxınlığında yerləşən torpaq-sahəsində E.Ələkbərova satmış, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı rayon Polis şöbəsinin əməkdaşıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ələkbərov Şamaxı rayonu, Göylər kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. 02.01.21-ci il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yanında Təqsirləndirilən şəxs tutularaq Polis şöbəsinə gətirilməklə 03.01.21-ci il tarixdə saat 00:09 radələrində Polis şöbəsinin inzibati binasında üzərində axtarış zamanı kibrit qutusunun içərisində 6,412 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hər bir ittihamın əsaslılığı əsaslı şübhə yaratmayan, biri digərini təkzib etməməklə təsdiq edən sübutlarla təsdiq edildikdə mötəbər sübutla təsdiq edilməklə müəyyən edilir. İttihamın əsası kimi şahid qismində dindirilmiş şəxslərin ifadələrinə, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, disk mövcuddur. İş üzrə şahid qismində dindirilmiş şəxslərdən E.Ələkbərovun ifadəsinə görə onlar arasında narkotik vasitələrin alış-verişi ilə bağlı əlaqə xx.xx.2021-ci il tarixdə telefon zəngi vasitəsi ilə danışdıqdan sonra realizə edilmişdir. Lakin Təqsirləndirilən şəxs ilə E.Ələkbərov arasında həmin tarixdə deyil, bir gün sonra, Təqsirləndirilən şəxs polisin faktiki nəzarəti altında olduğu vaxtdan (Polis əməkdaşı Şahid1 özünün adına olan bank kartından Təqsirləndirilən şəxs telefon nömrəsinə 1 manat məbləğində pul xx.xx.2021-ci il, saat 18:32 radələrində yükləməsi həmin vaxtdan Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzarəti altında olmasını qaçılmaz edir. Çünki şahid qismində dindirilərkən Şahid1 Təqsirləndirilən şəxs telefon nömrəsinə pulun hansı məqsədlə köçürüldüyünü də əsaslandıra bilməmişdir) sonra yaranmışdır. Təqsirləndirilən şəxs telefon nömrəsinə dair anten məlumatlar, Təqsirləndirilən şəxs telefon nömrəsinə polis əməkdaşı tərəfindən pulun köçürülməsinə dair sənədlərin müqayisəli təhlili ittihamın əsaslılığını (baş vermə vaxtı və yeri hissəsində) şübhə altına almaqla təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərilənlərin inandırıcılığını qaçılmaz edir. Həmçinin E.Ələkbərov narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirsə də keçirilmiş ekspertiza tədqiqatı nəticəsində hər iki şəxsdə olan narkotik vasitə olan marixuanaların bir-birindən fərqləndiyi müəyyən edilmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). "Sakit Zayidov Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi qərarında şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yarandığını qeyd etmişdir. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların müqayisəli təhlili Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Şamaxı şəhəri, S.Şirvani küçəsində saxlanması əsaslı şübhə yaratmayan mötəbər sübutlarla tam istisna edildiyinə görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmənin ilkin mərhəlsində bu epizodla bağlı verdiyi etirafedici ifadələr, onun şəxsi axtarışı və götürməyə dair protokolda qeyd edilənlərlə videogörüntüdə əks etdirilənlər, habelə məhkəməyədək icraat zamanı ifadəsinin yerində yoxlanılmasına dair protokolardada göstərilənlər və bu istintaq hərəkətləri zamanı qeydə alınmış foto-video görüntülər qanuni yolla əldə edilmiş mötəbər sübutlar kimi qəbul edilə və Təqsirləndirilən şəxs həmin epizod üzrə təqsirli hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Çünki həmin sübutların digər təkzib edilməsi mümkün olmayan sübutlarla mötəbərliliyi şübhə altına alınır, yalnız təqsirləndirilən şəxsin ifadəsinə və həmin ifadənin təsdiqlənməsinə yönəlməklə toplanmış sübutlardır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (bax, Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011). “Erkapiç Xorvatiyaya qarşı” (51198/08) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə əvvəlcədən əks yöndə qərar vermək üçün əsaslı səbəblər olmadığı təqdirdə, ədalət mühakiməsi zamanı məhkəmədə verilən ifadələrə, şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadə protokollarından daha çox üstünlük verməli olması qənaətinə gəlmişdir. Bunun səbəbi məhkəməyədək icraat zamanı ifadələrin alınmasının, şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslarını dəstəkləmək məqsədilə material toplama prosesi olmasıdır. Apellyasiya protestində E.Ələkbərovun məhkum olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünü predusial əhəmiyyətə malik olduğu bildirilsə də, apellyasiya protestinin dəlilləri hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirinin müəyyən edilməsindən ötrü qəbul edilə bilinməz. Çünki “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına görə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Bundan əlavə Təqsirləndirilən şəxs qarşı ittiham keçirilmiş əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edildiyi göstərilsə də, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanılmadığından birinci instansiya məhkəməsi haqlı olaraq əsaslı şübhə yaratmayan sübut kimi qəbul etməmişdir. Çünki “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qeyd edilənlər üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş materiallarında olan sübutların müqayisəli təhlilinə əsasən Təqsirləndirilən şəxs oğlunın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmədiyindən birinci epizod üzrə təqsirin sübuta yetməməsi, ikinci epizod üzrə isə cinayət hadisəsi olmadığına görə bəraət verilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 399.3-ci maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-06/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-06/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar