Məhkəmə qərarları › İş №1(105)-455/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-455/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-455/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasnın hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X7, məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi X5 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 426/21 saylı, 21 aprel 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-426/21 saylı, 21 aprel 2021-ci il tarixli hökmü ilə (Hakimlər M.Xankişiyev (sədrlik edən və məruzəçi), İ.Mahmudov və F.Qəniyev) Təqsirləndirilən şəxs (xx.xx.1990-cı ildə Qubadlı rayonu Qəzyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu Qəzyan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 fevral 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, 23 fevral 2020-ci il tarixdə saat 11:25 radələrində 17.07.2014cü il tarixdə verilmiş “BC” kateqoriyalı AD seriyalı 111226 nömrəli sürücülük vəsiqəsi əsasında saz vəziyyətdə idarə etdiyi VAZ-21144 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh prospekti ilə Nərimanov küçəsi istiqamətində hərəkətdə olan zaman Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında “X9” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayət etməyərək Sumqayıt şəhəri 1-ci mikrorayon tərəfdən 30-cu məhəlləyə tərəf yəni yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ diz oynağının açısı və bükücü kontrakturası, sağ qamış sümüyünün yerdəyişən sınığı, sağ bud çanaq oynağının kontrakturası, sağ sirkə kasasının yerdəyişməyən xətti sınığı, təpə, sağ göz qapaqları, çənə, alın, sol diz, sağ dirsək nahiyyələrinin qançırları, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsini dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli habelə özünü zərərçəkmiş şəxsə təqdim etmək əvəzinə bunu etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri 21-ci məhəllədə dayanmış “Fuad” adlı şəxsin avtomobilinin yanından keçərkən avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs3 onu gördüyü üçün niyə avtomobildən düşüb onunla görüşmədiyini bəhanə edib iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs3 avtomobildən düşdükdə əlini onun çiyninə qoyaraq yaşayış binasının arxasına aparmış, Zərərçəkmiş şəxs3 boynundan vuraraq itələmiş, onların arxası ilə gələn və bunu görən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 ondan niyə qardaşını vurduğunu soruşduqda Təqsirləndirilən şəxs yumruqla onun dodaqlarından vuraraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs2 vuraraq ona mədənin ön divarının cismi nahiyyəsinin mədə boşluğuna sirayət edən döş qəfəsinin sol yarısının ön səthinin aşağı hissəsinin qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitenium, tarvmatik hemorağik şok 2-3-cü dərəcə ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs3 vuraraq ona ağır müştərək travma, döş qəfəsinin sağ yarısının boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sağ tərəfli açıq hemotoraks, mədə cisminin ön səthinin mədə boşluğuna sirayət edən zədəsi ilə müşaiyyət olunan qarnın sol yarısının boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitoneum, böyük piyliyin eventrasiyası, daxili qanaxma, travmatik-hemorağik şok İİ-İİİ dərəcə ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs AR CM- nin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(101)-426/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməllərinin AR CM-nin 126.2.1 və 126.2.4-cü maddələrindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi, CM-nin 264-cü maddəsi ilə verilmiş ittihamın ümumi ittihamdan xaric edilməsi və ona CM-nin 126.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan daha aşağı həddə azadlıqdan nəhrumetmə cəzasının təyin edilməsi, eləcə də Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən, yəni 1500 (min beş yüz) manat məbləğində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Ramiz və Zərərçəkmiş şəxs2 qardaşları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bıçaqla xəsarət yetirməməsini öz ifadalərində bildirsələr də məhkəmə onların bu ifadələrini deyil, ittiham aktında qeyd edilmiş ifadələrini əsas götürmüş, bu epizodla bağlı məhkəmədə dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs Ramiz və Zərərçəkmiş şəxs2 qardaşlarına bıçaqla xəsarət yetirməsini görmədiklərini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs taxta parçası ilə xəsarət yetirdiyini bildirmiş və bu epizodu təsdiq edən hər hansı mötəbər sübut olmamasına baxmayaraq məhkəmə əsassız olaraq bu epizodla bağlı hissəyə düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa ittihamın digər epizodu ilə bağlı şahidlərin məhkəmə iclasında dindirilməməsinə və Təqsirləndirilən şəxs hadisə yerindən qaçması öz təsdiqini tapmamasına baxmayaraq, məhkəmə yenə də həmin şahidlərin istintaqda olan ifadələrinə əsaslanaraq əsassız ittiham hökmü çıxarmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmədə qaldırılmış mülki iddiada qeyd edimiş tələb məbləği iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmır, belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzlərin əksəriyyətində zərərçəkmiş şəxsə göstərilmiş tibbi xidmətlərin adı əks edilməmişdir ki, bu hal da həmin tibbi xidmətlərin baş vermiş hadisə nəticəsində yetirilmiş xəsarətlə əlaqəli olub-olmamasını müəyyən etməyə imkan vermir, həmçinin həmin qəbzlərin bir qismi təkrar kopyalanaraq iddia ərizəsinə əlavə edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqlarını müdafiə etdiyi şəxs barəsində təyin etdiyi cəza çox ağırdır. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasının yuxarı həddində cəza təyin edilməsi və mülki iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olmasını, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilmədiyinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin etmiş və hökmdə bunun səbəblərini əsaslandırmamışdır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləğinə, həmin ziyanın təmamilə sübuta yetirilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə mülki iddia ərizəsinin qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, Təqsirləndirilən şəxs təqsiri üzündən o, sağlamlığını müvəqqəti də olsa itirmiş və mənəvi sarsıntı keçirmiş və 20000 manatdan artıq maddi ziyan çəkmişdir. Təqsirləndirilən şəxsin həmin ziyanı ödəməkdən yayınması, onun peşmançılıq hissi keçirməsini təmamilə təkzib edir. İş üzrə apellyasiya protesti verilməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Məhkum Təqsirləndirilən şəxs apellyasiya məhkəməsindəki çıxışında əməlindən səmimi peşman olduğunu qeyd edib, hökmlə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkumun müdafiəçisi Leyla Bədəlova apellyasiya məhkəməsindəki çıxışında Təqsirləndirilən şəxs əməlinin AR CM-126.1-ci maddəsinə tövsif edilməsi, ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 264-cü maddəsinin xaric edilməsi və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1 və 263.1-1-ci maddəsi ilə daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 apellyasiya məhkəməsindəki çıxışında təqsirləndirilən şəxs tərəfindən cinayət işinin istintaqı zamanı ona 20000 manat məbləğində maddi və mənəvi ziyan dəydiyini qeyd edib, təqsirləndirilən şəxsin həmin ziyanı ödəməyə cəhd göstərməməsini təqsirləndirilən şəxsin islah olunmaması və peşmançılıq keçirməməsi kimi qəbul edir, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyanın yuxarı həddində cəza təyin edilməsi və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı apellyasiya məhkəməsindəki çıxışında birinci instansiya məhkəməsi tərəfindən işin bütün halların araşdırıldığını, bütün sübutlara hüquqi qiymət verildiyini, törədilmiş cinayətə uyğun obyektiv cəza təyin edildiyini qeyd edib apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 126.2.1, 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və hökmdən AR CM-nin 264-cü maddəsinin xaric edilməklə, ona AR CM-nin 126.1, 263.1-1-ci maddələri ilə yüngül cəza təyin edilməsinə dair məhkumun və müdafiəçisinin, şikayətlərin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edildiyi müdafiə tərəfinin apelyasiya şikayətinin əsasını məhkum Təqsirləndirilən şəxs əməlinin nə istintaq, nə də birinci instansiya məhkəməsi tərəfindən sübuta yetirilməməsi, bu səbəbdən də onun əməlinin CM-nin 126.2.1, 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununa uyğun tövsüf edilməsində işin faktiki hallarının, yəni hadisənin baş verməsinin səbəb və şəraitinin, təqsirləndirilən şəxsin niyyətinin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Belə ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona elan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 23 fevral 2020-ci il tarixdə saat 11 radələrində dostu Şahid3 məxsus olan avtomobili Sumqayıt şəhər Sülh prospekti ilə üzü dəniz kənarı istiqamətinə doğru saatda 15-20 km sürətlə idarə edərkən soldan sağ tərəfə yolu keçmək istəyən piyadanı görüb sükanı sola tərəf çəkmiş, lakin, qadın piyada maşına tərəf gəldiyi üçün avtomaşını saxlamağa çatdırmamış, avtomaşının qabaq sağ tərəfi ilə həmin qızı vurmuşdur. Avtomobili qabaqda saxlamış, bir qədər keçdikdən sonra arxaya həmin qızı vurduğu yerə sürmüş, arxası ilə gələn digər 2 nəfər dostunun idarə etdiyi BMV markalı avtomobildən enən Tural və Rəşadla birlikdə həmin qızı onların avtomobilinə otuzdurub dal-qabaq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışlar. Rəşad idarə etdiyi avtomobili xəstəxananın həyətinə sürmüş, o, isə xəstəxananın giriş darvazasının yaxınlığında saxlamışdır. Piyada xəstəxanaya tərəf keçib xəsarət alan qızı xəstəxananın qəbul şöbəsinə aparıb yerləşdirmişlər. Daha sonra təhqiqatçı gəlmiş və o, təhqiqatçı ilə birlikdə hadisə yerinə getmişdir. Səhərisi günü xəstəxanaya vurduğu qıza baş çəkməyə gedəndə ona məlum olmuşdur ki, həmin qızın adı Zərərçəkmiş şəxs1dır və o prokurorluq işçisidir. Ramizlə mübahisəsi isə salam verməmək üstündə olub, Ramizlə mübahisə edən zaman, Valeh onlara yaxınlaşmış, sonra Valeh yerdən taxta parçası götürərək ona zərbə endirmişdir. Bundan sonra o da bıçağı götürüb, özünü müdafiə etmək məqsədilə Valehi vurmuşdur. O, Ramizi bıçaqla vurmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsindəki ifadələri arasında əməlin tövsüfü ilə əlaqədar heç bir ziddiyyətli məqam yoxdur və apelyasiya şikayətində bu ifadələr arasında əhəmiyyətli ziddiyyətlərin olmasına dair fərziyyələr əsassızdır. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı binanın yaxınlığında dostu Fuadın avtomobilində Fuad və qardaşı Ramizlə oturduğu vaxt, tanışı Tural, Vasif və tanımadığı 2 nəfər onların yanından keçərkən Tural avtomobildə əyləşən Fuad və Ramizə niyə avtomobildən düşüb onlarla görüşmədiyini deyərək iradını bildirmiş, həmin vaxt Vasif də niyə onlarla düşüb görüşmədiklərini deyərək avtomobildən düşmələrini tələb etmişdir. Bundan sonra qardaşı Ramiz avtomobildən düşmüş, Turalın Ramizi söhbət etməyə apardığını gördükdə onların arxası ilə getmişdir. Yaşadıqları binanın arxasında Tural əli ilə Ramizin boynundan vurmuş, Ramiz Turalı itələyərək niyə onu vurduğunu soruşmuş, həmin vaxt o, Turala yaxınlaşaraq ondan qardaşı Ramizi niyə vurduğunu soruşmuş, Tural cibindən çıxartdığı bıçağın düyməsini basaraq açmış və bıçaq olan əli ilə yumruqla onun dodağından vurmuşdur. Bundan sonra o da yumruqla Turalın sinəsindən vurmuşdur. Həmin vaxt Tural bıçaqla onun qarın nahiyyəsindən vuraraq xəsarət yetirmiş və aldığı xəsarətdən yerə yıxılmışdır. X12 üzərinə getmiş, Ramizin yıxıldığını Turalgil gördükdə oradan qaçıb uzaqlaşmışlar. Ramiz ona yaxınlaşaraq yerdən qaldırmış, Ramizə bıçaqla vurulduğunu dedikdə, Ramiz də özünün bıçaqla vurulduğunu ona bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında tanışı Fuada məxsus avtomobildə Fuad və qardaşı Valehlə oturduğu vaxt tanışı Tural, Vasif, Aqil və adını bilmədiyi başqa bir şəxs ilə onların yanından keçərkən Tural ona niyə avtomobildən düşmədiyinə görə iradını bildirmiş, buna görə avtomobildən düşmüş, Aqil də onları gördükdə avtomobildən düşmədiyinə görə irad bildirmişdir. Tural əlini onun çiyninə qoyaraq binanın arxasına aparmış, orada əli ilə boynundan vurub itələmişdir. Buna görə o, Turalı sinəsindən itələmişdir. Bir qədər sonra özünün və qardaşının bıçaqlandıqlarını bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hökmdə Təqsirləndirilən şəxs salam verməmək üstündə Zərərçəkmiş şəxs3la mübahisə edib, sonuncuya xuliqanlıq niyyəti ilə ağır bədən xəsarəti yetirməsi və həmin vaxt qardaşını onun hücumlarından müdafiə etməyə gələn Zərərçəkmiş şəxs2 da bıçaqla ağır bədən xəsarət yetirməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. İşdə məhkumun hadisə zamanı xuliqanlıq niyyəti ilə iki nəfər şəxsə ağır bədən xəsarəti yetirməsini təsdiq edən kifayət qədər sübutlar vardır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir evdə yaşadığı bibisi oğlu X2 idarə etdiyi “BMV 525” markalı ** RF *** dövlət nömrə nişanlı avtomobillə 26 fevral 2020-ci il tarixdə saat 00:10 radələrində dostu Təqsirləndirilən şəxs və Vasiflə çay içmək üçün Sumqayıt şəhəri 20-ci məhəlləyə getmiş və orada avtomobildən düşmüşlər. Binaların qarşısındakı Lada markalı avtomobildə olanları Tural tanıdığını deyib avtomobilə yaxınlaşmış, o isə Aqil və Vasiflə öz avtomobillərinin yanında qalıb Turalı gözləmişlər. Sonra Tural “Lada” markalı avtomobildən düşən Ramiz və Valehlə məhəllənin içərisinə tərəf getmiş, Ramiz və Valeh orada Turalın üstünə düşüb onu döymüş, Tural gedib onun avtomobilindən meyvə soymaq üçün olan bıçağı götürmüş, Ramiz və Valehə tərəf getmiş və onlara tərəf əl qol atmışdır. Onları ayırmış və Turalı avtomobilinə aparıb əyləşdirərək oradan uzaqlaşmışlar. Sonradan Turalın bıçaqla Ramiz və Valehi vurduğunu eşitmişdir. Hadisə vaxtı Vasif kənarda dayanmış Aqil isə avtomobildə əyləşmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Şahid2 vermiş olduğu ifadəyə tənqidi yanaşmış, həmin ifadənin qeyri-obyektiv olmaqla məhkum dostu Təqsirləndirilən şəxs müdafiəsinə yönəlməsi, onu ağır məsuliyyətdən qurtarmaq məqsədi daşıması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən əlavə, keçirilmiş məhkəmə ekspertizalarının rəylərini və s. sənədləri sübut növü kimi qəbul edib ittiham hökmü çıxarmış birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsi, Zərərçəkmiş şəxs3la isə yalnız əlbəyaxa olub vurması, sonuncuya bıçaqla xəsarət yetirməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bundan əlavə, apellyasiya şikayətinin Təqsirləndirilən şəxs yol nəqliyat hadisəsi töərtdikdən sonra hadisə yerində qaçmaması barədə dəlilini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunan xüsusatlar əsassız olmaqla iş materiallarına uyğun deyil. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin dispozisiyasında yol-nəqliyyat hadisəsinin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması nəzərdə tutulmuşdur. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs hadisədən dərhal sonra hadisə yerində qalaraq öz şəxsiyyəti barədə qarşı tərəfi (zərərçəkmiş şəxsləri) bu və ya digər vasitə ilə məlumatlandırmamış, hadisə haqqında müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyinə görə ittiham irəli sürmüşdür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.04.2012-ci il tarixli qərarında təsbit edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobili bir qədər qabaqda saxlamış, iki nəfər şəxsin zərərçəkmiş piyadanı avtomobilə mindirdiyini görüb onların arxasınca xəstəxanaya getmiş, lakin avtomobilini xəstəxananın giriş darvazasının yaxınlığında saxlamışdır. Piyadanı xəstəxananın qəbul şöbəsinə verilidiyini gördükdən sonra oranı tərk etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 fevral 2020-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri Sülh küçəsindən 30-cu məhəlləyə tərəf piyada hərəkətdə olan zaman, Sülh küçəsinin əks istiqaməti ilə 1-ci mikrorayon tərəfdən gəlib döngədən Nərimanov küçəsi istiqamətində piyada hərəkət edərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21144 markalı ağ rəngli avtomobilin qabaq hissəsi ilə onu vurmuş, o, zərbədən yerə yıxılmışdır. Sağ ayağından ciddi zədə aldığı üçün ayağa qalxa bilməmiş, lakin, huşu yerində olmuşdur. Yoldan keçən tanımadığı iki nəfər onu öz avtomobillərinə otuzdurub Sumqayıt Təcili Tibbi Yardım Xidmətinə aparmışlar. Həmin iki nəfərin danışığından onların onu vuran avtomobilin sürücüsü olmadığını bilmişdir. Həmin günü yanına gələn təhqiqatçı Nahid müəllimlə söhbət zamanı məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü müəyyən edilməmişdir. Həmin vaxt xəstəxanada olan atası onun yanına gəlmş və söhbət əsnasında onu xəstəxanaya gətirən şəxslərdən sürücünün kim olduğunu soruşduqda bilmədiklərini dediyini öyrənmişdir. Daha sonra ona məlum olmuşdur ki, sürücünü kamera vasitəsi ilə müəyyən etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə baş verən zaman xəsarət alan qadının başqa avtomobil ilə xəstəxanaya yola salındığını görsə də, hadisə haqqında polis əməkdaşlarına məlumat vermədən hadisə yerindən qaçmışdır. Hətta zərərçəkmiş şəxs xəstəxanaya yola salınarkən belə öz şəxsiyyəti barədə məlumat verməmiş, hadisənin onun tərəfindən törədilməsini gizlətməyə çalışmışdır. Hadisədən sonra təqsirləndirilən şəxsin zərərəçəkmiş şəxsə tibbi yardım göstərilməsi ilə bağlı olaraq şəxsiyyəti barədə məlumat vermək imkanının olmamasını təsdiq edən hər hansı sübut təqdim olunmamış, əksinə ifadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxs piyadanın başqa avtomobil lə xəstəxanaya çatdırıldığını və qəbul şöbəsinə təhvil verildiyini görüb, öz şəxsiyyətini gizlədərək, hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hadisə zamanı Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması, CM-nin 264-cü maddəsi ilə verilmiş ittihamın sübuta yetməməsi barədə müdafiəçinin apellyasiya şikayətinin dəlilləri hökmün ləğv olunmasına əsas vermir. Belə ki, hökmdə məhkumun ona ittiham olunan hərəkətləri törətməsi barədə kifayət qədər dəlillər gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək Təqsirləndirilən şəxs verilən ittiham üzrə təqsirli olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəblərdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamını sübut olunmuş hesab edir və iş üzrə çıxarılmış hökmün dəyişdirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası CM-nin 263-1.1, 264, 126.2.1, 126.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə kollegiyası məhkuma təyin olunmuş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə görə açıq-aydın yüngül olması barədə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının təqsirli bilindiyi maddənin sanksiyası daxilində artırılması üçün kifayət qədər əsaslar yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirlən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2la barışmasını, ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror da işin faktiki halları və eyni zamanda məhkuma təyin edilmiş cəza barədə məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmış, iş üzrə apellyasiya protesti verməmişdir. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın açıq-aydın yüngül olması səbəbindən ədalətsiz olması və Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərini ödəməməsi barədə tutarlı dəlillər gətirilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhuremtmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.2.1, 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və həmin maddənin sanksiyasında 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda birinci instansiya məhkəməsi cinayətin təhlükəli residivinə görə cəza təyininin ümumi prinsiplərini nəzərə alıb, ona 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiaytsızlıqdan törədilməklə az ağır cinayətlər, CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, maddənin sanksiyasında həbslə əlaqədar olmayan cəza nəzərdə tutulduğu halda, birinci instansiya məhkəməsi ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM 9-cu maddə). Humanizm prinsipi cinayətdən zərər çəkən barəsində qayğı və mərhəmməti nəzərdə tutmaqla yanaşı eyni zamanda cinayətkara mərhəmətli münasibət bəslənməsini müəyyən edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində qeyd olunur ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mülki iddianın tam təmin edilməsi barədə apelyasiya şikayətinin dəlilərinə gəldikdə isə, məhkəmə kollegiyası həmçinin, hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianın qismən təmin edilməsi barədə qərar qəbul edərkən cinayət qanunvericiliyinin tələblərinə əməl etməklə kifayət qədər əsaslı və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirlməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddanın rədd edilməsi, iddanın baxılmamış saxlanılması barədə qərar qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324,326, 330-cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 326-cı maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən verilmiş mülki iddianı həll etməlidir. Məhkəmə baxışını təxirə salmadan lazımi hesablamalar aparmaq mümkün olmadıqda, əgər bu cinayət əməlinin tövsifinə, müttəhimə cəza tədbirinin seçilməsinə və hökmün çıxarılması zamanı meydana çıxan digər məsələlərin həllinə təsir göstərməzsə, məhkəmə mülki iddianın miqdarı haqqındakı məsələni mülki-mühakimə icraatı qaydasında baxılmağa verə bilər. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddiaya əlavə olunmuş rəsmi ödəmə qəbzlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan yetirmiş olduğu xəsarət nəticəsində Zərərçəkmiş şəxs1 6056 manat məbləqində maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddiaçı X6 Əhmədov tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində itirilmiş sağlamlığının müalicəsi üçün xərclədiyi vəsaitin 6056 manat məbləğində olması və 20000 manat məbləğində maddi zərər çəkməsini sübuta yetirə bilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsinin tam təmin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri təmin edilməməlidir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 263.1-1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 426/21 saylı, 21 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətində təqsirləndirilən şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduğu üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 196, 197, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 426/21 saylı, 21 aprel 2021-ci il tarixli hökmüdəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı məhkum Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 5 iş saatı müəyyən edilərək, 30 (otuz) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 ödənilsin və qeyd olunan məbləğ Kapital Bank 1 saylı Sumqayıt filialına (hesab **********, VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar