Məhkəmə qərarları › İş №1(105)-456/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-456/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-456/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Hətəm oğlunun, tərcüməçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 745/2021 saylı 04 may 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim – İ.A.Mahmudov, M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə), Təqsirləndirilən şəxs (xx.xx.1978-ci ildə Şamaxı rayonunun Pirbəhli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Şamaxı rayonunun Pirbəhli kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu Qızmeydan kəndində yaşayan barəsində 29.09.2020-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərinə qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, 27 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində sərxoş vəziyyətdə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən kəndarası yolun kənarında şəxsi münasibətlər zəminində, yəni şərikli qaydada saxladıqları donuzlara və iribuynuzlu heyvana qulluq etməməsini ona irad bildirən həmkəndlisi Zərərçəkmiş şəxslə aralarında yaranmış münaqişə zamanı başı ilə sonuncunun sifət nahiyəsindən bir zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs məxsus, yaxınlıqda olan «QAZ-31029» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının cibindəki soyuq silah hesab edilməklə tiyə və dəstək hissədən ibarət olub ümumi uzunluğu 195 millimetr ölçüdə olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağını götürüb sonuncunun qarın boşluğundan vuraraq ona qarın divarının sol yarısının daxilə keçən, mədənin yaralanması ilə müşahidə olunan bir ədəd yara ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Apellyasiya protestinin dəlilləri: Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən Dövlət ittihamçısı1 apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxs barəsində Cinayət Məcəllənin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Protestdə qeyd edilir ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs barəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş zərəri ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə almışdır. Apellyant hesab edir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər 2 dəfə qəsdən törədilmiş cinayət əməllərinə görə məhkum olunmasını nəzərə almamış, yalnız yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş və bu halları hökmdə əsas tutaraq CM-nin 70-ci maddəsini tətbiq etməklə barəsində olan cəzanı şərti hesab etmişdir. Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir və məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasının nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Həmd Həmidovun əvvəllər dəfələrlə cinayət törədərək məhkum olunması onun müsbət xarakterizə olunmamasını ehtiva edir. Məhkəmə isə Təqsirləndirilən şəxs barəsində hazırkı cəzanı təyin edərkən onun şəxsiyyətini və onun real cəza çəkməyəcəyi halda yeni-yeni cinayətlər törətməsi üçün ona şərait yaradıldığını nəzərə almamışdır. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halların məcmusunu əsas götürüb onun cəza çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gələrək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona veriləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini daha məqsədə müvafiq hesab etmişdir. Müəllifin fikrincə, işə baxan məhkəmə hökmündə cəzanı yüngülləşdirən halları sadalasa da, CM-nin 70-ci maddəsinin tətbiqini kifayət qədər əsaslandırmamış, yüngülləşdirən halların nə üçün məhz şərti məhkum etmənin əsaslarını təşkil etdiyini qeyd etməmiş, təyin ediləcək cəza və yüngülləşdirən hallar arasında əlaqəni müəyyən etməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı apellyasiya protestində göstərilən xüsusatları təsdiq edərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də bir neçə dəfə qəsdən törədilmiş cinayətə görə məhkum olunmasını, cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-745/2021 saylı 04 may 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxs barəsində Cinayət Məcəllənin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkum Təqsirləndirilən şəxs apellyasiya məhkəməsindəki çıxışında törətdiyi əməldən səmimi peşmançılıq keçirdiyini, zərərçəkmiş şəxslə barışmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb, hökmün dəyişdirilmədən saxlanılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkumun müdafiəçisi Müdafiəçi Hətəm oğlu apellyasiya məhkəməsindəki çıxışında apellyasiya protestinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətçi olmadığını qeyd edib, apellyasiya protestinin təmin edlmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını əlaqəli şəkildə araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, protestin təmin olunmaması barədə məhkumun, müdafiəçisinin və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, hökm təyin edilmiş cəzanın real çəkilməsinə dair hissədə dəyişdirilməlidir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya protestində də mübahisələndirilmir. Apellyasiya protestinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya protestinin hökmdən təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməsi və ona təqsirli bilindiyi madddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi barədə dəlilləri ilə razılaşır. Apellyasiya protestinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsi üzrə Məcəllənin 70-ci maddəsini tətbiq edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tam əsaslandıra bilməmiş, məhkumun cəza çəkmədən islah edilməsinin mümkünlüyünün nədən ibarət olmasını hökmdə göstərməmiş və məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən isə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 126.1-ci maddəsi üzrə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərkən qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi nəzərə almış, iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını əsas götürərək hesab etmişdir ki, CM-nin 126.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cazasını Məcəllənin 70-ci maddəsini tətbiq edib, sınaq müddəti müəyyən etməklə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmənin bu mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına əsasən, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Bu qəbildən olan cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, belə cinayətlərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur və hətta belə əməl zərər çəkmiş şəxsin ölümünə səbəb ola bilir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları da nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 25.08.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.01.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, o, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 09.01.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11.09.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, əvvəllər 2 dəfə, özü də Cinayət Məcəlləsinin məhz “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslinə aid qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş bir şəxs tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı real cəzalar almasına baxmayaraq 3-cü dəfə də eyni qəbildən olan cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs birmənalı olaraq islah olunmadığından xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 3-cü məhkumluğu ilə bağlı təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə təmamilə qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə kollegiyasının fikrincə, məhkum Təqsirləndirilən şəxs dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, islah yoluna qədəm qoymamış, əvvəllər iki dəfə qəsdən törədilmiş cinayətə görə məhkum edilsə də, yenidən qəsdən ağır cinayət törətmişdir. Birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs barəsində hazırkı cəzanı təyin edərkən onun şəxsiyyətini və onun real cəza çəkməyəcəyi halda yeni-yeni cinayətlər törətməsi üçün ona şərait yaradıldığını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halların məcmusunu əsas götürüb onun cəza çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gələrək Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən ona veriləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini daha məqsədə müvafiq hesab edərək səhvə yol vermişdir. Məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması cəza təyininin ən vacib elementlərindəndir. Bu məqsədə nail olmaq üçün üsul və vasitələrin tətbiqi cinayət işinin konkret hallarından və təqsirləndirilən şəxsin şəxsiyyətindən asılı olaraq dəyişir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin motivi onun cəmiyyətə, dövlətə və qanunlara qarşı laqeyd mövqeyini təcəssüm etdirməklə islah yoluna qədəm qoymadığını göstərir. Bu qəbildən olan şəxslərin islah olunmasında isə inandırma metodundan (daha yüngül növdə və həddə cəza təyin etmə) deyil, məcburetmə metodundan (qanunda nəzərdə tutulmuş daha sərt cəzanın yuxarı həddə təyini) istifadə zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cəza təyin edərkən nəzərə almadığı xüsusatlardan biri də cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti hesab etməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Bu kimi cinayətlərin hədəfi isə insan həyatı və sağlamlığıdır. Bu hal isə təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Bütün bunlara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etsə də, nəticədə cinayət qanununun normasını düzgün tətbiq etməyərək ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayaraq şərti məhkum etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti tətbiq edərkən Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün yetərli olub-olmasını nəzərə almamaqla və cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə cinayət qanunu normasını düzgün tətbiq etməyərək, Təqsirləndirilən şəxs barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmiş və cəzanın təyin edilməsinin ümumi əsaslarına dair qanunun tələblərini pozmuş, həmçinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, təqsirləndirilən şəxsin islah edilməsi, habelə cəzanın digər məqsədlərinə nail olmaq üçün hökmdən məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəanın xaric edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdiyi halda dəyişdirir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısı Seyhun Azadədiyev tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real olaraq çəkilməsi üçün əsaslar müəyyən edir və ona görə də hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-745/2021 saylı 04 may 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 404, 405 və 407-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-745/2021 saylı 04 may 2021-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin və ona hökmə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar