Məhkəmə qərarları › İş №1(105)-50/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-50/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-50/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və X3 ibarət tərkibdə, Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi X10, zərərçəkmiş şəxs X12, nümayəndələri Qanuni nümayəndə və X5, tərcüməçi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.B.Sadıqov) xx xxxxxx 1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonunun Nabran kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 01:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşin halları: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində pulun X8 xeyrinə ödənilməsinə dair Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)-8499/2016 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, qətnamə üzrə 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini tələbkara ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkum apelyasiya şikayətində əməlində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan sözügedən qətnamənin onun tərəfindən məhz qərəzli olaraq icra edilməməsi qənaətinə gəlmişdir. Barəsində görülən məcburi icra tədbirlərinin nəticəsi qeyd edilən qətnamənin icrası üçün faktiki imkanlarının olmadığını göstərir. Qeyd edir ki, əməlində qərəz yoxdur və sübuta yetirilmir. İstər ibtidai istintaqda, istərsə də məhkəmədə maddi vəziyyətinin pis olduğunu bildirmişdir. Məlum qətnamənin icra olunmaması ilə bağlı qərəzli bir fikir söyləməmişdir. Zərərçəkənə xəsarət yetirməsilə bağlı sonuncunun çəkdiyi xərclərdən də qat-qat artıq xeyli məbləğdə pul, şəxsi avtomobilini və mülkiyyətində olan torpaq sahəsini zərərçəkmiş şəxsə vermişdir. Hazırda isə maddi imkanı olmadığından qətnaməni icra edə bilmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apelyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə məhkumun və müdafiəçisinin, apelyasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş tərəfin çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilməsə də, hökm cəzanın ağırlığına görə dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, işin faktiki halları barədə düzgün nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilməmişdir. Bununla belə onun əməli özünün mahiyyəti etibarı ilə etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, şahidlərin ifadələri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayır. Kollegiya birinci instansiya məhkəməsində dindirilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs X12 və onun nümayəndəsi X16, şahidlər Şahid1, Şahid2, X9, X19, X6 və X2 ifadələrinin doğruluğunda heç bir şübhəli məqam görmür və birinci instansiya məhkəməsi tərəfindən sübut növü kimi qəbul edilməsini qanunun tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirən kollegiya qeyd edir ki, həmin dəlillər əsassız olmaqla işin faktiki hallarına uyğun deyil. Belə ki, iş materiallarında olan Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)-/2016 №-li qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 6870 (altı min səkkiz yüz yetmiş) manat pulun tutularaq X11 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)- 8499/2016 №-li icra vərəqəsinin və Xaçmaz rayon İcra şöbəsinin xx xxxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(006)-8499/2016 №-li qətnaməsi xx xxxxxx 2016-cı il tarixdə qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin xx xxxxxx 2016-cı il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)-/2016 №-li icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, hüquqi vəzifəsi və məsuliyyəti barədə xəbərdar edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayon İcra şöbəsində verdiyi xx xxxxxx 2017-ci il tarixli izahatının təsdiqlənmiş surətindən görünür ki, o, tələbkar X11 məhkəmə qətnaməsi əsasında verməli olduğu 6870 manat pulu həmin qətnamə ilə razı olmadığı üçün icra vərəqəsini icra etməyəcəyini bildirmiş, həmçinin aylıq qazancının 100-150 manat arası olduğunu qeyd etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin inzibati xəta haqqında 29 avqust 2017-ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(067)-545/2017 №-li inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra şöbəsinə gəlməməsi, məhkəmənin qətnaməsi ilə razı olmaması və qərarı icra etməyəcəyini bildirməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli bildirişinin, xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarının təsdiqlənmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs icra sənədini icra etməsi üçün vaxt verilmiş və icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə təqdimat veriləcəyəyinə dair məlumatlandırılmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin inzibati xəta haqqında xx xxxxx 2019-cu il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(067)-228/2019 №-li inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə boyun qaçırdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayon İcra şöbəsində verdiyi xx xxxxx 2019-cu il tarixli izahatının təsdiqlənmiş surətindən görünür ki, o, tələbkar X11 məhkəmə qətnaməsi əsasında verməli olduğu 6870 manat pulu həmin qətnamə ilə razı olmadığı üçün icra vərəqəsini icra etmədiyini bildirmiş, rəsmi olaraq işləmədiyini və icra sənədinin hissə-hissə icra edilməsi üçün ona imkan verilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti vermədiyini, işləməklə bağlı məşğulluq mərkəzinə müraciət etmədiyini qeyd etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin icra məmurunun borclu Təqsirləndirilən şəxs ünvanladığı xx xxxxx 2019-cu il tarixli, 174455 №-li xəbərdarlıq məktubunun təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunduqdan sonra barəsində icra şöbəsi tərəfindən yeni icra müddəti müəyyən edilmiş və borcluya həmin müddət ərzində borcunu tələbkara ödəməsi barədə xəbərdarlıq edilmiş, icra sənədini təkrarən icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün ibtidai istintaq orqanına təqdimat göndəriləcəyi barədə bildirilmişdir. İş materiallarında olan tələbkar X8 Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx xxxxx 2019-cu il tarixli ərizəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da ona borclu olduğu məbləğdən heç bir ödəniş etməmiş, onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və Probasiya şöbəsində verdiyi xx xxxxx 2019-cu il tarixli izahatının surətindən görünür ki, təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədini icra etmədiyinə görə ona Xaçmaz rayon məhkəməsi tərəfindən inzibati həbs və inzibati cərimə növlərində tənbeh tətbiq edilməsinə baxmayaraq, hal-hazıradək tələbkara verməli olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Məhkəmənin qətnaməsini icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı ona bildirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində qərəz olmamasına dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, icra orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı yazılı şəkildə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə qətnaməsini qanunla müəyyən edilmiş müddət ərzində icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Toplanmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri iş üzrə toplanmış, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təkzib olunur. Azərbaycan Respublikası CPM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Apelyasiya şikayətinin dəlillərini yoxlayan məhkəmə kollegiyası eyni zamanda qanunun normalarına riayət edilməsini tam həcmdə araşdıraraq hesab edir ki, cinayət əməlinin tövsifi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandığından, apelyasiya şikayəti rədd edilməlidir. Bununla belə, kollegiyanın fikrincə, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, işin bir sıra xüsusatlarını, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almamışdır. Məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, ailəsinə yeganə qazanc aparan ailə üzvü olması, 63 yaşının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, yol-nəqliyyat hadisəsini törətdikdən sonra müxtəlif məbləğlərdə pul vəsaiti verməklə zərərçəkən şəxsə maddi yardım etməsi, məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmiş, həmçinin məhkumun əməlində cəzanı ağırlaşdıran halların olmadığı qeyd edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra müxtəlif məbləğlərdə pul vəsaiti verməklə zərərçəkən şəxsə maddi yardım göstərmişdir. Bu hal məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin qohumları Rüstəm Məmmədəliyev və Pərviz Məmmədəliyevin ifadələri ilə də təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, zərərçəkən şəxs Mayıl Məmmədov onun dayısı oğludur. xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı dayısı oğlu M.Məmmədov xasarət almışdır. Həmin hadisədən sonra bilmişdir ki, hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs olub. O, təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq görüşmüşdür. Təqsirləndirilən şəxs vəd vermişdir ki, dayısı oğlunun müalicəsi üçün hər bir maddi köməklik edəcəkdir. Təqsirləndirilən şəxs dayısı oğlu olan zərərçəkən şəxsin müalicəsi üçün ümumilikdə ona 8000 manat pul vermişdir. O, həmin pulu zərərçəkən şəxsin müalicəsinə xərcləmişdir, qalan məbləği isə dayısı Qanuni nümayəndə, yəni zərərçəkən şəxsin atasına vermişdir. Bundan başqa, təqsirləndirilən şəxsin avtomobili onun adına rəsmiləşdirilmiş və bundan sonra 3200 ABŞ dollarına, təxminən 2490 manata satılmış, həmin məbləğin 820 manatı xərclənmiş, qalan 1670 manat zərərçəkən şəxsin atası Xanəliyə verilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsə məxsus olmuş Xaçmaz rayonunun Nabran kəndində yerləşən 0,6 ha torpaq sahəsi zərərçəkən tərəfə, daha dəqiq, Qanuni nümayəndə alqı-satqı kimi deyil, zərərin əvəzi kimi verilmişdir. Belə ki, təqsirləndirilən şəxs həmin torpaq sahəsini sata bilmirdi, o da təqsirləndirilən şəxsə təklif etmişdir ki, həmin torpaq sahəsini Qanuni nümayəndə əvəzsiz olaraq zərərçəkən şəxsin müalicəsi üçün versin. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmamışdır, həmişə xəstəxanaya da gəlib-getmişdir. Torpaq sahəsini də vermişdir ki, satıb zərərçəkən şəxsin müalicəsinə xərclənsin və yenə əlavə yardım edəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, zərərçəkən şəxs Mayıl Məmmədov onun dayısı oğludur. Təqsirləndirilən şəxsla əvvəllər tanışlığı olmamışdır. xx.xx.2014-cü il tarixdə təqsirləndirilən şəxsin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı dayısı oğlu M.Məmmədov xasarət almışdır. Həmin hadisədən sonra dayısı Xanəlinin, yəni zərərçəkən şəxsin atasının xahişi əsasında onun avtomobili ilə notariat kontoruna getmişlər. Notariusda təqsirləndirilən şəxs zərərçəkən tərəfə vurduğu zərərin müqabilində torpaq sahəsini əvəzsiz olaraq vermişdir. Həmçinin o, onların yanında olduğu müddətdə Qanuni nümayəndə tərəfindən təqsirləndirilən şəxsə torpaq sahəsinə görə pul verilmədiyini, 2014-cü ildə, təqsirləndirilən şəxs tərəfindən ona 350 manat pulun zərərçəkən tərəfə çatdırılması üçün verildiyini və həmin pulu dayısı Xanəliyə verdiyini qeyd etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi onu gələcəkdə məlum qətnamənin icrasından azad etmir. Lakin birinci instansiya məhkəməsi bu halı kifayət qədər nəzərə almamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə qanunun tələblərinə uyğun cəza təyin etsə də, mahiyyətcə cəza sərt olmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü olmaqla bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, ailəsinə yeganə qazanc aparan ailə üzvü olması, 64 yaşının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, yol-nəqliyyat hadisəsini törətdikdən sonra müxtəlif məbləğlərdə pul vəsaiti verməklə zərərçəkən şəxsə maddi yardım etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 399.1, 399.1.5-ci maddələrinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1, 405.1.1-ci maddələrinə müvafiq olaraq, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü cəzanın ağırlığına görə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.5, 398.1.4, 399.1.5, 404, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına endirilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 01:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün qalan hissəsi dəyişdirilməsin. Apelyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Vidadi Cəfərov Hakimlər : Ruhiyyə Əsgərova Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar