Məhkəmə qərarları › İş №1(105)-65/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-65/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-65/2023 26.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ apellyasiya şikayətinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və X2 ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2022ci il tarixli, 1(124)-252/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında video konfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(124)-252/2022 saylı hökmü ilə (hakimlər H.S.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və A.T.Rzayeva) 31 avqust 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evdə yaşayan, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 5 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsi və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. İŞİN HALLARİ : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Baba» adlı şəxsdən 150 manat pul müqabilində 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan yerdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram, 0,398 qram, 0,405 qram, 0,429 qram, 0,413 qram, 0,431 qram, 0,438 qram, 0,389 qram, 0,408 qram, 0,426 qram, 0,398 qram, 0,422 qram, 0,401 qram, 0,432 qram, 0,431 qram; ümumi təmiz çəkiləri 6,234 qram olan, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı»na (Siyahı İ) daxil edilən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qram; 0,447 qram, 0,458, ümumi təmiz çəkiləri 1,348 qram olan ağ rəngli, kristalşəkilli, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilən psixotrop maddə metamfetamini əldə edib, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evə gətirərək orada saxlamaqla daşımış, 06 noyabr 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evinə keçirilmiş baxış zamanı evin qonaq otağındakı divanın yanında yerləşən stolun üzərindəki dəmir qutunun içərisində saxladığı həmin təmiz çəkisi 6,234 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 büküm təmiz çəkisi 1,348 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(124)-252/2022 saylı hökmünü ləğv edilməsini, törətdiyi əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iki qız anasıdır, övladları hal-hazırda himayəsiz qalmışdır. Özünü CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Özü narkotik vasitələrinin istifadəçisi olmuş və onda narkotik vasitələrdən asılılıq sindromu yaranmışdır. Eyni zamanda qeyd edir ki, onun ilk məhkumluğudur və narkotik vasitələrinin satışı ilə heç bir əlaqəsi yoxdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Adil oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(124)-252/2022 saylı hökmünün ləğv edilməklə Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPMnin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsi düzgün tövsif olunub-olunmamasına, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesаb edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrа, yəni təqsirləndirilən şəхsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işdə оlаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlərlə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi, onun narkotik vasitə satmaması və həmin əsaslarla da təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı araşdırılmış subutlarla və iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunmaqla apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirlən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, “Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarlarını da nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 234.1-ci maddəsinin deyil, CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olduğu üçün birinci instansiya məhkəməsi də haqlı olaraq təqsirləndirilən şəxsi həmin maddə ilə təqsirli bilmiş və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir. Qeyd edilməsi zəruridir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qramdır, metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qramdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs külli miqdarda ümumi təmiz çəkisi 6,234 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin (təxminən külli miqdarının (qramla) aşağı həddindən 3 dəfə çox) və ümumi təmiz çəkisi 1,348 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin (təxminən şəxsi istehlak miqdarından (qramla) 9 dəfə çox) aşkar olunması, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması onun satış məqsədini təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı cinayət hüquq nəzəriyyəsinə görə CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinəyət əməlinin törədilməsi anlayışına istinad etməyi də zəruri hesab edir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasından aydın olur ki, həmin maddədə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddədə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinayət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. Həmin Məcəllənin 234.4.3-cü maddəsinin dispozisiyası isə yuxarıda qeyd olunan davranışın külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsini özündə ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli Qərarının 14cü bəndində vurğulanır ki, “Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Aşkar edilmiş narkotik vasitənin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır”. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinin əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. X8 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə kollegiyası göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində irəli sürdüyü dəlillərin təkzib edilməsi ilə əlaqədar yuxarıda göstərilmiş xüsusatlar əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olduğunu sübut edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs təqslrli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59-cu maddəsinə əsasən qadın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə (həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza) azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1-ci, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirləndirilənin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində narkotiv vasitələrinin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə istifadəçi olduğunu qeyd etsə də, ümumilkdə 18 büküm olan narkotik və psixotrop tərkibli maddələrin hansı məqsədlə əldə edib saxlamasını əsaslandıra bilməmiş, eyni zamanda özü istifadə etməsini bildirmiş olsa da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqətə uyğun olmasına şübhə ilə yanaşır ona görə ki, məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli 29 saylı rəyinə əsasən sonuncuda psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu - narkamaniya xəstəliyindən əziyyət çəkən şəxsin narkotik vasitə olan heroini öz istifadəsi üçün tanımadığı şəxsdən onlayn vasitəsilə alaraq üzərində daşıyıb evinə aparmaqla saxlamaqda özü üçün istifadə edəcəyi inandırıcı görünmür və hesab edir ki, bu hal məhkum olunmuş şəxsin həmin narkotik maddə olan heroindən istifadə etməsi ekspert rəyilə təsdiq edilmədiyindən ondan aşkar edilmiş psixotrop və narkotik vasitəni başqa məqsədlər, o cümlədən satış üçün saxlamasına dəlalət edir. Eyni zamanda apellyasiya şikayətində göstərdiyi digər hallar cəza təyini məsələsi ilə əlaqədar ki, birinci instansiya məhkəməsi də təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin ən aşağı həddində cəza təyin etmiş, həmçinin Təqsirləndirilən şəxs övladları olan xx.xx.2004cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X5 azyaşlı olmamaqla (14 yaşından yuxarı) təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın təxirə salınması məsələsinin də müzakirə olunması üçün əsas deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunması, habelə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğluna iki cilddən ibarət olan cinayət işinin materialları ilə tanış olub, məhkəmə iclaslarında iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 197, 198, 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(124)-252/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət vəsaiti hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğluna 30 (otuz) manat məbləğində vəsaitin ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar