Məhkəmə qərarları › İş №1(105)-655/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-655/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-655/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-332/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-332/2024 nömrəli, 01 avqust 2024- cü il tarixli hökmü ilə (sədrlik edən N.N.Mirzəyev, hakimlər E.Q.Məmmədov və N.N.Hüseynli) xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240A, “Absheron City” yaşayış kompleksi, mənzil 178 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 23 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İ.İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Baba” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirməsi və bunun müqabilində istifadə etməsi üçün ona narkotik vasitə verilməsi barədə ümumi razılığa gəlmiş, 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşının Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığına qoyduğu 1536,362 qram (1 kq, 536,362 qram) çəkidə olan tərkibində bitki mənşəli narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240A, “ünvan 3 ünvanına daşıyıb hissələrə ayıraraq 1490,087 qramını həmin mənzildə, 46,275 qramını isə üzərində saxlamış, 23 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri “Abşeron City" yaşayış kompleksində “Bravo" adlı marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib saat 21:30-dan 21:41-dək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən həmin narkotik vasitə - 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 46,275 qram olan qurudulmuş marixuana, yaşadığı mənzilə həmin tarixdə saat 22:35-dən saat 22:51-dək baxış keçirilən zaman isə eyvanda olan taxta dolabın alt hissəsindən 1 (bir) ədəd mavi rəngli polietilen bağlamada təmiz çəkisi 1490,0 qram olan qurudulmuş marixuana və üzərində çəkisi 0,087 qram narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İİ.Apelyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına əməl edilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Uzun illər ərzində marixuana istifadə edib. Ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı Baba adlı İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqəsi olduğunu ona edilmiş təsirlər nəticəsində demişdir və həmin şəxslə hər hansı danışığı olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, ibtidai istintaq və məhkəmə istintaqında tam, obyektiv və hərtərəfli araşdırılma aparılmamışdır. Təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı4 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bilsə də, onun əməli toplanmış sübutlar, narkotik vasitənin miqdarı və s. hallarla sübuta yetirilir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin, müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-332/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmü aşağıda göstərilən əsaslara görə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu yaşadığı binanın qarşısında saxlayaraq polis bölməsinə aparacaqlarını və onda narkotik olduğunu söyləmişlər. O isə narkotikin olduğunu etiraf etmiş və onu təqdim edə biləcəyini söyləmişdir. Daha sonra yaşadığı mənzilə qalxmış və bacısı mənzildə olmuşdur. Polis əməkdaşları ilə birlikdə mənzilə keçib narkotik vasitəni təqdim etdikdən sonra “Bravo” adlı marketin yaxınlığına gəlmişlər və orada polis əməkdaşları ondan buraxılması üçün 50000 manat pul istəmişlər. O, polis əməkdaşlarına etiraz edərək o qədər pulu olmadığnı, bu barədə qanuni tədbir görmələrini bildirmişdir. Biraz saxladıqdan sonra onu yenidən yaşadığı mənzilə gətirmişlər və orada üzərinə narkotik vasitə qoymuşlar. O, etiraz edən zaman həyat yoldaşının boynuna narkotik vasitə qoyacaqları barədə onu hədə-qorxu gəlmişlər. O da məcbur qalaraq narkotiki boynuna almışdır. Həmçinin barəsində “həbs” qətimkan tədbiri seçilərkən qeyd etdiyi qanun pozuntuları barədə hakim Sevinc Quliyevaya həmin narkotik vasitənin ona məxsus olmaması, məcbur qalıb boynuna götürməsi barədə məlumat vermişdir. Ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, bir ilə yaxın olar ki, qurudulmuş marixuanadan istifadə edir. Onda olan narkotik vasitəni bariqalardan əldə etmiş, çox vaxt onun kartına pul ödəyərək dediyi yerdən narkotik vasitəni götürürmüş. “Baba” adlı İran İslam Respublikası vətəndaşını tanımamışdır. Onda şəkər xəstəliyi olduğu üçün marixuananı kibrit qutusuna doldurub onu 3 gün istifadə edirmiş. Sonuncu dəfə aldığı marixuanaya 80 manat pul vermişdir. Həmin marixuananın çəkisi 5 qram olmuşdur. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa müraciət etmiş, Baş prokurorluğun əməkdaşı onun ifadəsini almış, amma nəticəsiz qalmışdır. Onu saxladıqdan sonra mənzilə qaldırdıqda mənzildə bacısı, bacısının həyat yoldaşı, uşaqlar olmuşdur. Saxlanıldıqdan 1 saat sonra Abşeron Rayon Polis İdarəsində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onu 6 nəfər polis əməkdaşı saxlamışdır. Onun üzərinə şəxsi axtarış keçirildikdən 30-40 dəqiqə sonra onu yenidən yaşadığı mənzilə gətirmişlər. Həmin vaxt evdə həyat yoldaşı, bacısı, bacısının həyət yoldaşı və uşaqlar olmuş, həmçinin polis əməkdaşları 2 nəfər şəxsi şahid qismində gətirmişlər. 23 noyabr tarixdə, axşam saat 7 radələrində saxlanılmış, saxlanıldıqdan 3 saat sonra polis idarəsinə aparılmış, 40 dəqiqə sonra isə evə baxış keçirmək üçün gətirmişlər. Saxladıqdan sonra üzərində olan mobil telefonu ondan götürmüş və baxış keçirmişlər, heç bir məlumat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240A, “Absheron City” yaşayış kompleksi mənzil 178 ünvanında yaşamışdır. 23 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində həmin yaşayışm kompleksinin yaxınlığındakı “Bravo” adlı marketin qarşısında dayanan zaman mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim etmiş və onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Onu barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş verilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bağlama, sağ yan cibindən 30 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və yaşadığı mənzilin 3 ədəd açarını, qara rəngli idman şalvarının sol yan cibindən isə özünə məxsus 1 ədəd “Huawei” markalı mobil telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ona məxsus pul və açarlar özünə qaytarılsa da, mobil telefon götürülmüşdür. Təqdim etdiyi sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 51 qram olması müəyyən edilmişdir. Bundan başqa yaşadığı mənzildə də narkotik tərkibli maddələr olduğunu, həmin maddələri könüllü təqdim edə biləcəyini, bununla əlaqədar yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Mənzilə baxış keçirilən zaman eyvanda olan taxta dolabın aşağı hissəsindən 1 ədəd sellofan torbada saxladığı qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitə də elektrin tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1 kiloqram 510 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üzərindən və yaşadığı mənzildən aşkar edilən kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onları ona deyilən yerə qoymaq üçün üzərində və mənzilində saxladığını, uzun illərdir narkotik vasitə aludəçisi olduğunu, başqa heç yerdə narkotik vasitə saxlamadığını və qanunsuz olaraq narkotik vasitə saxlamasından başqa heç kimin məlumatı olmadığını bildirmişdir. Narkotik vasitələri saxlanılmazdan təxminən 4 gün öncə Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında ona deyilən yerə qoymaq üçün Baba adlı İran İslam Respublikası vətəndaşından götürmüş və bunun müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməli olmuşdur. Təxminən 4 ay əvvəl bu işlə məşğul olmağa başlamış, Baba adlı şəxsin mobil nömrəsini telefonunda qeyd etmişdir. Saxlanılan zaman, eləcə də polis idarəsinin inzibati binasında ona qarşı zor tətbiq edilməmiş, dodağındakı xəsarət izləri isə saxlanılmadan öncə yıxılması nəticəsində yaranmışdır (cild 01, iş vər. 76). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəni məcburiyyət qarşısında qalaraq verdiyini və həmin ifadəni təsdiq etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində şəxs Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Bravo” adlı marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış və polis idarəsinə dəvət olunmuşdur. Polis idarəsində üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Daha sonra şəxs yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmiş və şəxsin yaşadığı mənzilə baxış keçirilərək narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsdən marixuana aşkar olunmuş, evdən aşkar olunmuş narkotik vasitənin miqdarı təxminən 1 kiloqram olmuşdur. Həmin narkotik vasitəni Saray qəsəbəsi ərazisində iranlı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxsi Xırdalan şəhəri ərazisində saxlamışlar. Həmin şəxs barəsində əməliyyat məlumatı 23 noyabr tarixdə daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan 4-5 saat sonra şəxs piyada hərəkətdə olan zaman “Bravo” marketin yaxınlığında saxlanılmışdır. Şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsin olduğu yeri müəyyən etmək məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir. Şəxsi o və Şahid2 saxlamışlar. Üzərinə şəxsi axtarışda onlar, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Şəxs saxlanıldıqdan 2 saat sonra yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə heç kim olmamış və bütün otaqlara baxış keçirmişlər. Şəxsin avtomobilinə baxış keçirilməmişdir. Mənzilə baxış zamanı eyvandakı dolabın içindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitədən əlavə orada tərəzi də olmuşdur. Aşkar olunan narkotik vasitənin miqdarı təxmini 1 kiloqram olmuşdur. Mənzilə baxışda təhqiqatçı, vəkil və onlar iştirak etmişlər. Baxış zamanı mənzilə heç kim daxil olmamışdır. Şəxsin avtomobilinin olması barədə onlarda heç bir məlumat olmamışdır. Əvvəllər onlarda həmin şəxsin barəsində əməliyyat məlumatı olmamışdır. Şəxsin barəsində təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmiş, vaxt olmadığı üçün əməliyyat qeydiyyat işi açılmamışdır. Təqsirləndirilən şəxsə heç bir təsir və təzyiq olunmamışdır. Şəxs saxlanılan zaman onlara müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, şəxsi saxladıqdan sonra onu Abşeron Rayon Polis İdarəsinə aparmışlar və o da şübhəli şəxslə birlikdə polis idarəsinə getmiş, idarədə şəxsin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. O özü də həmin prosessual hərəkətin aparılmasında iştirak etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində uşağı məktəbdən götürməli olduqları üçün Anarla əlaqə saxlamaq istəmiş amma ona zəng çatmamış və mesajlarına geri dönüş etməmişdir. O, yaşadığı mənzildən çıxıb Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan uşağını evə gətirməyə getmişdir. Həmin vaxt evdə baldızı, baldızının əri, baldızının uşaqları və onun uşaqları olmuşdur. O, məktəbdə olarkən baldızı mobil telefonuna zəng edərək ona qapının döyüldüyünü, gözlükdən baxıb qapının qarşısında Anarı gördüyü üçün qapını açdığını, bu zaman Anarla birlikdə 4 nəfər şəxsin mənzilə daxil olduqlarını demişdir. Həmin şəxslər Anarın qollarını tutub saxlamış, Laləyə və ərinə uşaqlarını da götürüb başqa otağa keçmələrini söyləmişlər. Onlar başqa otağa keçmək istəməsələr də, polis əməkdaşları Anara təsir göstərmiş, Anarın onlara başqa otağa keçmələrini deməsindən sonra bunu etmişlər. Daha sonra Anarı özləri ilə apardıqlarını bildirmişdir. O, evə gəldikdən sonra da Anardan heç bir məlumat ala bilməmişlər. Həmin gün saat 20:50 radələrində 2 nəfər mülki geyimli şəxs tərəfindən qapı döyülmüş, gözlükdən baxaraq kim olduqlarını soruşmuş, onlar polis əməkdaşları olduqlarını, Anarın işi ilə bağlı gəldiklərini bildirmişdir. O isə Anarın evdə olmadığını, onların nə üçün gəldiyini soruşduqda ona hədə-qorxu gələrək onu da cinayətə alət edəcəklərini bildirmişlər. Məcbur qalaraq qapını açmışdır. Qapını açdıqdan sonra polis əməkdaşları mənzilə daxil olaraq üst geyimlərini çıxararaq mətbəxə asmış və ondan çay istəmişlər. Onlardan özlərini təqdim etmələrini istədikdə Şahin adlı polis əməkdaşı vəsiqəsini ona uzatmışdır. Şahin adlı şəxs onları tanımadıqlarını, evinə gedən zaman ona zəng edərək filan ünvana getmələrini və orada oturaraq evə nəzarət etmələrini söyləmişdir. Anarın harada olduğunu soruşduqda Anarın rəisin yanında olduğunu, onunla pul söhbəti etdiklərini bildirmişlər. Həmin şəxslər mənzilə daxil olan zaman onların telefonlarını almışlar. Biraz oturduqdan sonra kiminləsə telefonla danışıb yenə də onlardan başqa otağa keçmələrini tələb etmişlər. Onlar mənzilin yataq otağına keçdikdə həmin şəxslər otaqda sakit dayanmalarını, Anarın rəisləri ilə danışıb razılaşdığını, Anarı mənzilə gətirib videoçəkiliş aparacaqlarını, evdə kimsənin olmasının bilinməməsi üçün səslərini çıxarmamalarını bildirmişlər. Biraz keçdikdən sonra otaqdan Anarın səsi gəlmiş, Anar polis əkdaşlarının dediklərini təkrar etmişdir. Baldızının əri qapıya yaxın dayandığı üçün Anarın dediklərini daha rahat eşitmiş, Anara narkotiki iranlı şəxsdən aldığını söylətdirdiklərini bildirmişdir. Polis əməkdaşı isə çəkilişi ehtiyat üçün etdiklərini bildirmişdir. Daha sonra bir polis əməkdaşı otağa daxil olaraq işığı yandırmış və onu digər otağa çağırmışdır. O, otağa daxil olan zaman Anarın kənarda dayandığını və əməliyyatdan təzə çıxdığı üçün halının yaxşı olmadığını görmüşdür. Anarın yanına yaxınlaşmaq istədikdə polis əməkdaşları onu itələyərək icazə verməmişdir. Məsələnin nə olduğunu soruşduqda Anar ona hədə-qorxu gəldiklərini bildirmişdir. Daha sonra bir polis əməkdaşı onu kənara çəkərək nə qədər pul verə biləcəyini, pul verdikdən sonra Anarı buraxacaqlarını, pul üçün gəldiklərini bildirmiş, o isə etiraz etmişdir. Daha sonra Anarı Badamdar qəsəbəsində yerləşən idarəyə aparacaqlarını, rəislə danışdıqdan sonra 2-3 saat ərzində onlara zəng edəcəklərini, Anarın ona olanları danışacağını bildirmişlər. Daha sonra Anarı da götürüb çıxıb getmişlər Ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, polis əməkdaşlarından biri ondan pul istəmiş, o, bu barədə Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa şikayət etmişdir. Anar sonradan narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Şahin adlı polis əməkdaşı onların evinə gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşları evə gələn zaman baldızının əri evdə olmuşdur. Polis əməkdaşları ilk dəfə evə gəldikdə qapını baldızı açmış, qapını Anar döydüyü üçün onun gəldiyini bilərək qapını açmış, 4 nəfər şəxsin gəldiyini görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, tez-tez qardaşının evinə gəlib-getmiş, heç vaxt qardaşının səhv bir hərəkətini görməmişdir. Hadisə günü günorta saatları bir yerdə yemək yedikdən sonra qardaşı evdən çıxmış, üstündən bir neçə saat keçdikdən sonra Fatimə uşağı məktəbdən götürmək məqsədi ilə evdən çıxmış, evdə o, yoldaşı və uşaqlardan başqa heç kim olmamışdır. Qapı döyülmüş və o, qapıya yaxınlaşaraq qardaşını və ətrafında bir neçə kənar şəxs görmüşdür. Həmin şəxslərin kim olduğunu soruşduqda onu təkidlə başqa otağa keçirmişlər. Həmin şəxslər içəri daxil olduqdan sonra Anar onu çağırana qədər nə baş verdiyindən xəbəri olmamışdır. Qardaşı onu çağıraraq Fatimənin harada olduğunu soruşmuş, o isə məktəbə getdiyini bildirmiş və qardaşının əlində qandal olduğunu görmüşdür. Qardaşı ona narahat olmamasını, onunla bağlı bir problemin olmadığını bildirmiş və həmin şəxlər qardaşını da götürərək çıxıb getmişlər. Onlar getdikdən sonra Fatiməyə zəng edərək olanları məlumat vermişdir. Fatimə evə gəldikdən sonra axşam saat 9 radələrində qapı döyülmüş və Fatimə qapıya yaxınlaşdıqdan sonra qapının arxasındakı şəxsləri tanımadığı üçün kim olduqlarını soruşmuş, qapının arxasındakı şəxs təkidlə əgər biabırçılıq olsun istəmirsə qapını açmasını bildirmişdir. Qapını açdıqdan sonra Fatimə onların evə girməsinə icazə verməyən zaman onlar polis əməkdaşı olduqlarını bildirmişlər. Fatimə onlardan vəsiqə tələb etmiş və vəsiqəni ucadan oxuyan zaman Şahin adlı şəxs olduğunu bilmişlər. Polis əməkdaşları içəri girən zaman Fatiməyə kobud davranmış və bir polis əməkdaşı “bizə çay verməkdən hələ kim olduğumuzu soruşursan. Sənin də bizə işin düşəcək. Onda da sən bizə yalvaracaqsan. Bir çay qoyun, gəlmişik söhbət etməyə” söyləmişdir. Şahin adlı şəxsin yanında bir nəfər bəstə boy polis əməkdaşı olmuşdur. Onun yoldaşı polis əməkdaşlarından Anarla nə problemləri olduğunu soruşmuş və polis əməkdaşı Anarı tanımadığını, evə gedən zaman tapşırığa əsasən bura gəldiyini bildirmişdir. Fatimə ilə polis əməkdaşları arasında söz mübahisəsi olmuş və polis əməkdaşı Fatiməyə “Allah sənin üzünə baxıb ki, səni də yoldaşınla aparmayıblar, yoxsa sizin verdiyiniz pulla sən belə qurtula bilməzdin” söyləmişdir. Həmin vaxt polis əməkdaşı heç kimlə əlaqə saxlamasınlar deyə onların telefonlarını əllərindən almışlar. Həmin vaxt evdə onun 2 uşağı və qardaşının 3 uşağı olmuş, uşaqları digər otağa keçirmişlər. Daha sonra Şahin adlı polis əməkdaşı onlarla söhbət etməyə başlamış, yanındakı digər şəxs isə telefonla məşğul olmuşdur. Vaxt qazanmaq məqsədi ilə Şahin onlarla boş-boş söhbət etmiş və arada zəng gələn zaman əsəbləşmişdir. Digər şəxs Anarın rəisin yanında olduğunu, pul məsələsi həll olunduğu təqdirdə Anarı onlara təhvil verəcəklərini və narahat olmamalarını bildirmişdir. Axşam saat 11 radələrində yenidən qapı döyülmüş və onları başqa otağa keçirmişlər. Polis əməkdaşlarından biri Anar evdə tək yaşayırmış kimi şərait yaratmalarını tələb etmiş və ışığı söndürərək qapının ağzında dayanmışdır ki, onlar digər otağa keçə bilməsinlər. Polis əməkdaşları əşyaların yerini dəyişərək çəkiliş zamanı Anarın evdə tək yaşaması barədə təsəvvür yaratmağa çalışmışlar. Çəkiliş zamanı onlar danışılanları eşitmişlər. Polis əməkdaşı Anardan çəkiliş zamanı narkotik vasitələri iranlı şəxsdən aldığını bildirməsini tələb etdikdə həyat yoldaşı müdaxilə edərək Anarın boynuna narkotik vasitə qoyacaqlarını bildirmişdir. Polis əməkdaşları isə əllərində sübut olması məqsədi ilə çəkiliş etdiklərini bildirmişdir. Daha sonra qapı açılmış və polis əməkdaşlarından biri Anarın yoldaşının kim olduğunu soruşmuş və Fatimədən onlara nə verə biləcəyini soruşmuş, Fatimə isə nə vərməli olduğunu soruşmuş, daha sonra qapı bağlanmışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşlarının getdiyini və Anarı da özləri ilə apardıqlarını, daha sonra Anarı onlara təhvil verəcəklərini bilmişdir. Ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, polis əməkdaşlarının nə qədər pul istədiyini və nə üçün istədiklərini bilməmiş, polis əməkdaşları qonaq otağında uşaqların oyuncaqlarını, qab-qacağı yığışdıran zaman səsküyü onlar eşitmişlər, mənzilin balkonu var, amma balkonda axtarış olmasından məlumatı olmamış, Anarın maşını olmuş və maşını da yoxa çıxmış, qardaşının əvvəlki məhkumluğu barədə məlumatı olmamış, Fatimə qanunsuzluq barədə bütün orqanlara məlumat vermiş, Anar ilk dəfə evə 7-8 radələrində gəlib getdikdən sonra iki nəfər polis əməkdaşı axşam saat 9 radələrində gəlmişlər, polis əməkdaşları onları otağa keçirdikdən sonra otaqdan çıxmalarına mane olmuşlar, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan: xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 23 noyabr 2022-ci il tarixdə, saat 20:00 dəqiqədə Abşeron rayonu ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Absheron City" yaşayış kompleksinin yanında, Bravo marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240A, “Absheron City" yaşayış kompleksində yerləşən 178 nömrəli mənzilə baxış keçirilmiş, baxış zamanı eyvanda olan taxta dolabın alt hissəsindəki 1 ədəd mavi rəngli polietilen bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuana hissəsikləri olan 01 ədəd elektron tərəzi aşkar edilmiş, həmin bağlama və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. məhkəmə-bioloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 7/1342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ..." yazısı və imzalar olan 01 (bir) ədəd mavi rəngli polietilen bağlamadakı təmiz çəkisi 1490 qram və üzərində “Təqsirləndirilən şəxs üzərindən ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 46,275 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1536,275 qramdır (1 kiloqram 536,275 qram). Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ...1 ədəd tərəzi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində təmiz çəkisi 0,087 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Təqdim edilmiş bir ədəd mavi rəngli polietilen bağlamada, bir ədəd sellofan bağlamada və bir ədəd elektron tərəzinin üzərində olan marixuanalar tərkiblərinə görə eynidirlər. məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023- cü il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs Polis İdarəsində fiziki təsirə məruz qalması barədə dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izlərinin olub-olmamasının, aşkar edilmiş xəsarətlərin xarakterini, əmələ gəlmə mexanizmini və vaxtının aydınlaşdırılmasından ötrü ekspertiza təyin edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 noyabr 2022- ci il tarixli 2786 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və xəsarətin izi aşkar olunmamışdır (cild 01, iş vər. 209). Kollegiya belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmır. Onun fiziki təsirə məruz qalması barədə bildirdiyi xüsusatlar inandırıcı olmamaqla özünü müdafiə xarakterlidir. Eyni zamanda Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmaması, evdən aşkar olunan narkotik vasitənin çəkisinin az olması, həmçinin məhkəmə istintaqı zamanı dindirilən şahidlər Şahid3 və Şahid4 ifadələrinə tənqidi yanaşması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Bundan başqa Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamış və aşağıda göstərilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq olunmuş hər bir sübutu ayrıayrılıqda və bir-biri ilə müqayisəli şəkildə yoxlayaraq onların biri-birinə tam uyğun gələn və cinayət prosessual qanunvericiliyinə uyğun olan üsulla mötəbər mənbədən əldə edilən sübutlar olmasını nəzərə alaraq həmin sübutları mümkün və mötəbər sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, məhkəmə isə işin həmin hallarına əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanmış və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinmiş, istintaq qeyd olunan maddə ilə davam etmiş, sonda heç bir əsas olmadan “Baba” adlı şəxs və yaxud digər şəxs müəyyən edilmədən şəxsin əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddəsilərinə tövsif edilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “Baba” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında mobil telefona baxış keçirilməsi haqqında 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefonun sms, MMS mesajlarının göndərildiyi və daxil olduğu “mesajlar” bölməsinə, “telefon” bölməsinə, şəkil və videofaylların saxlanıldığı “qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “kontaktlar” menyusuna və digər bölmələrə baxış keçirilməsi məqsədi ilə telefon yandırıldı, lakin texniki nasazlıq aşkar edildiyi üçün baxış keçirilməsi mümkün olmadı. Bu səbəbdən cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən hər hansı məlumat və qeydiyyat aşkar edilmədi. Məhkəmə Kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Baba” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsədə, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs “Baba” adlı şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa danışığın olub-olmaması, ümumiyyətlə “Baba” adlı şəxsin olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə müvafiq olaraq şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinə kifayət qədər uyğun gələn, mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissə ona verilmiş ittiham və hökmdən xaric edilməlidir. Bundan başqa Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, onun bu əməli törətməsi özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona aid olmaması, narkotik vasitənin çəkisinin az olması ilə bağlı bildirdiyi xüsusatlar öz təsdiqini tapmır. Narkotik vasitənin miqdarı yəni 1536,362 qram (1 kq, 536,362 qram) çəkidə olan tərkibində bitki mənşəli narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı o şəxsi istifadə üçün deyil, satış məqsədilə qanunsuz əldə edərək yaşadığı evə daşımışdır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə müəyyən edilmiş həddə müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onu islah etmək və cəzanın digər məqsədlərinə nail olmaq mümkündür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, birinci dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2003cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2003- cü il tarixli “Amnistiya” Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuş, ikinci dəfə Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli hökmünə əsasən CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-in 70-ci maddəsi tətbiq edilməklə 03 il sınaq müddəti müəyyən edilərək hökmlə təyin edilmiş cəza şərti hesab olunmuş, 14 dekabr 2015-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 143-145). İş materiallarına əlavə edilmiş “X9” PHŞ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü qızı X1 penvmotoraks dəqiqləşdirilməmiş pnevmaniya, ağciyər ürək damar çatışmazlığı diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə kollegyası Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızının ölümünü isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, onun islah olunmasını və sosial ədalətin bərpa edilməsini təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.3 və 399.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-332/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs ittihamından və hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi cəmi 08(səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.3 və 407-410-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-332/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 08(səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Sumqayıt Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar