Məhkəmə qərarları › İş №1(105)-688/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-688/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-688/2024 12.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya şikayətinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər İsmayıl oğlunu katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Quba rayonu Zərdabi Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(027)-130/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(027)-130/2024 nömrəli hökmü ilə (hakim A.V.Babayev) xx xxxxxx 1987-ci il tarixdə Quba rayonu Girdah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Quba rayonu, Zərdabi qəsəbəsi, “Şıxamirov adına orta məktəb”də xadimə işləyən, məhkum olunmamış, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun üzərinə Quba rayonu, Qusar rayonu, Xaçmaz rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası onun yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İŞİN HALLARİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinib bilinib məhkum olunmuşdur ona görə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2023-cü ilin oktyabr ayının sonlarında Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********28-05101-093001 reyestr nömrəli, ********** qediyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla ona məxsus mənzilə bitişik Quba rayonu, Zərdabi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yaşayış sahəsinin genişləndirilməsi məqsədilə mişar daşları ilə hörüb özbaşına tikinti işləri aparmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Təqsirləndirilən şəxs tərəfindən birinci instansiya məhkəməsinin hökmündən ayrı-ayrı vaxtlarda iki apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs ilk əvvəl verdiyi xx.xx.2024-cü il tarixli apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması cəzasından daha yüngül cəza təyin edilməsini xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun sosial vəziyyətini nəzərə almadan ona sərt cəza təyin etmişdir. Məhkəmə hökmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə istinad edərək göstərir ki, həmin maddənin müddəasına görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 41.2-ci maddəsinə istinad edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə ona cəza təyin edərkən Qanunun bu humanist müddəalarını nəzərə almamışdır. Nəzərə alsa idi, ona azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilməzdi. Belə ki, onun həyat yoldaşı 2009-cu ildə vəfat edib. Himayəsində iki yetkinlik yaşma çatmayan məktəbli qızı var. O, Zərdabi qəsəbəsində məktəbdə xadimədir. 300 manata yaxın maaş alır. Bu o deməkdir ki, o, cəmiyyətin ən aşağı təbəqəsindəndir. Onun ölkədə Quba, Qusar, Xaçmaz rayonları ərazisindən kənara çıxa bilməməyi onun çörək dalınca hərəkət etməyinə qadağa qoyur. Əgər ona belə cəza verməklə məhkəmə hesab edirsə ki, Zərdabi qəsəbəsinin bütün sakinləri bələdiyyə sədri Nümayəndə pul verərək zəbt etdikləri torpaqları dərhal dövlətə qaytaracaqlarsa o, bu cəzanı məmnuniyyətlə çəkməyə hazırdır. Amma bu halların heç biri baş vermədiyi halda ona belə sərt cəza verilməsini ədalətsiz hesab edir. Ona bu cəzanı təyin edən Quba Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli hökmü ilə Nümayəndə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə şərti cəza təyin edib. Quba Rayon Məhkəməsi 27 may 2021-ci il tarixli hökmü ilə Nümayəndə Azərbaycan Respublikası CM-nin 139.1.1-ci maddəsi ilə təqsirli bilib, yenə də şərti cəza verib. Bu gün də Quba Rayon Məhkəməsində Nümayəndə barəsində ona və daha 3 nəfər zərərçəkənə dələduzluğa görə cinayət işinə baxılır. Məhkəmə baxışı 2024-cü ilin mart ayında başlasa da hələ hökm çıxmayıb. Nəhayət, məhkəmə kollegiyasına bildirir ki, ona Quba Rayon Məhkəməsi tərəfindən sərt cəza təyin edilib. Ədalətsizlik olub, vətəndaş olaraq ona qarşı ayrı-seçkilik edilib. Ona görə də hesab edir ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması cəzasından daha yüngül cəza təyin edə bilərdi. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, ona bəraət verilməsi, barəsindəki cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunsuz və ədalətsizdir, ləğv olunmalıdır və işi bu həddə çatdıran maraqlı şəxslər barədə qanuna müvafiq tədbirlər görülməlidir. Belə ki, o, orta məktəbdə xadimə işləyir. Həyat yoldaşı Maksim 2009-cu ildə vəfat edib. İki qızını tək böyütmək məcburiyyətindədir. Onların biri 2009, digəri 2013-cü il təvəllüdlüdür. Anası Şamama da onlarla yaşayır.Yəni, bir evdə ikisi azyaşlı olmaqla dörd qadın yaşayırlar. O, tikinti əlavə edilmiş ünvan 1 ünvandakı 7 saylı, iki otaqlı mənzili 14 iyun 2019-cu ildə almışdır. Mənzil şəraitləri çox pisdir. Mənzil ikimərtəbəli evin birinci mərtəbəsdində yerləşməklə, ümumi sahəsi 40,9 m2-dir. Mənzilin çıxarışı da vardır. Darısqallıq olduğundan evə bitişik köhnə balkonu söküb evi bir qədər genişləndirmək istəmiş və balkon köhnə taxtalardan olduğundan sökük olmaqla oradan evə soyuq hava gəldiyindən 2023-cü ilin oktyabr ayında təxminən 1,5 metr evdən qabağa çıxarmaqla oranı hasarlatmışdır. Tikinti işləri gedən zaman İcra Hakimiyyətindən Şahin müəllim, Murad, Zərdabi qəsəbə bələdiyyəsinin sədri Nümayəndə, İcra Nümayəndəsi Elxan müəllim və polis sahə rəisi Şahid4 gələrək tikinti işləri ilə maraqlanmış, tikintini dayandırıb müvafiq sənədləşmə üçün İcra Hakimiyyətinə yaxınlaşmağı bildirmişlər. Onlar əlbəttə ki, tikintini dayandırdılar və o, dəfələrlə İcra Hakimiyyətinə getdi. Şahin müəllim və qeyriləri onu qəbul etmədilər. Oktyabr ayı idi, arxasınca da qış gəlirdi. Divar sökülü, ev açıq idi. Soyuqda qalmaq mümkün deyildi. Belə olan halda o, tikinti işlərini tamamlamağa məcbur oldu. Hökmdə qeyd olunur ki, o, özünü təqsirli bilir. Onların həyətinin o baş, bu başında, qonşu həyətlərdə hamı eyni tipli, ancaq bəziləri daha böyük artırmalar etmişlər. Hamı da onun kimi, heç yerdən, heç bir icazə almamışdır. O da, sənədləşmə üçün dəfələrlə getmiş, lakin, onu qəbul edən, hər hansı yol göstərən olmamışdır. Halbuki, ailə başçısını itirdiyi, öhdəsində anası və iki azyaşlı övladı olduğu üçün aztəminatlı ailə sayılır. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamında xüsusi qeyd olunur ki, dövlət aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayırır, yardım göstərir və köməklik göstərir. Onun azadlığının məhdudlaşdırılması cəzası ilə cəzalandırılmağı onun ailəsinə böyük zərbədir. Belə ki, o, məktəbdə xadimə işləyir. Onun iş saatı erkən saatlarda başlayır. Tezliklə məktəb açılır və o saat 5-də evdən çıxmalı olur. Ancaq, ona qoyulan məhdudiyyətlə o bunu edə bilməz. Ümumiyyətlə, bu hökmün onda yaratdığı mənəvi travma çox ağırdır. Belə ki, o, azyaşlı qızlarının yanında, cinayətkar kimi qəbul edilib nəzarətdə saxlanmalı, tez-tez hesabat verməli olacaqdır. Həmin hökmü qanunsuz, qərəzli və ədalətsiz hesab edir və hökmün ləğv edilməsini, ona bəraət verilməsini tələb edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ : Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş ikinci apellyasiya şikayətini müdafiə etməklə ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 təqsirləndirilən şəxsin müdafiə etdiyi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxs Quba rayonu Zərdabi Bələdiyyəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və Quba Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(027)-130/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin izahatlarında Təqsirləndirilən şəxs CM-nin 188.2ci maddəsi ilə əsassız ittiham verilməsinə dair məsələ mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(027)-130/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mütəxəssis rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətindən və müdafiə tərəfinin çıxışlarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə əsassız ittiham verilməsi mübahisələndirilir və həmin əsasla da birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Belə ki, cinayət işinin apellyasiya baxışı zamanı, Təqsirləndirilən şəxs barəsində bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmiş hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onun barəsində cinayət təqibini istisna etmir. Əvvəla, cinayət işinin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********28-05101-093001 reyestr nömrəli, ********** qediyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda qeyd edilmişdir ki, ünvan 1, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 40,9 kvadratmetr mənzil Təqsirləndirilən şəxs məxsus xüsusi mülkiyyətdir. İkincisi, iş materialında olan və birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş Azərbaycan Respublikası Quba rayonu, Zərdabi bələdiyyəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli, 109 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1, mənzil 7 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs evinə bitişik, tikinti işləri apardığı ərazi onun mülkiyyətində deyildir. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuşdur. Bundan başqa, iş materialında olan və birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyə əsasən baxış keçirilmiş mənzil reyestr nömrəsi **********28-05101-093001 olan çıxarışla Təqsirləndirilən şəxs mülkiyyətindədir. Lakin Təqsirləndirilən şəxs tərəfindən mənzilə bitişik aparılmış tikinti yerləşən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi istifadədə olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin, eləcə də məhkəmə iclasında səsləndirdiyi digər xüsusatların hazırkı ittihamın əsassız olmasına dair arqumentlərini mülahizə xarakterli dəlillər kimi qiymətləndirərək onların qəbul edilməsi üçün qanuni əsaslar müəyyən etmir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi baş vermiş cinayət hadisəsilə əlaqədar hökmündə istinad etdiyi hüquqi dəyərləndirmə əsaslı və düzgün olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasının və əməlini etiraf etməklə səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edildiyini, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş cəzanı cinayət əməlinə adekvat hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 188.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, həmçinin sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. İş materiallarında Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin aşağı salınmaqla yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və CPM-nin 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(027)-130/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar